Çoxdan, lap çoxdan Aqşin Yenisey haqda düşünürdüm. Düşünürdüm ki, onun şeirləri nəsr qırıntılarıdır, nə vaxtsa bu şeirlərin nəsrə çevrildiyi şəkli görəcəyik. Məncə, Aqşin yaza bilmədiyi, daha doğrusu, hələ yazmağa özündə güc tapmaqda çətinlik çəkdiyi nəsr əsərlərini şeir yazmaqla ovundurur.
Aqşinin o vaxtlar “Küçə” adlı yarımçıq və ardı gəlməyən romanını (“Alatoran” jurnalında yayımlanmışdı) oxuyanda da onun nəsrə israrla keçmək istədiyini hiss etmişdim. O roman hələ roman olmaq üçün çaba sərf edirdi, sanki hələ də uşaqlığını üstündə daşıyan adam müdrikləşməyə, öz qəlibindən çıxmağa çalışırdı.
Və çıxdı da!
Günlərin birində biz Aqşinin “Göləqarğısancan” romanı ilə qarşılaşdıq. Leş Əli obrazı ilə Azərbaycanın, günümüzün reallığını, ictimai-siyasi həyatımızın xaotikliyini verməyə çalışan Aqşin istedadlı bədii lövhələri ilə diqqət çəkmişdi.
Bu roman nə qədər roman adlandırılmasa da (romandakı xaotiklik, nizamsızlıq və s.) hər halda ədəbi mühitdə ciddi rezonans doğurmuş və Aqşinin gələcəkdə daha yaxşı roman nümunəsi ortaya qoyacağı haqda fikirlər formalaşmışdı.
Zaman-zaman şeirdən qopan, son şeirlərində də poeziyayla vidalaşan və müsahibəsində də şair kimi tükəndiyini etiraf edən Aqşin təzədən nəsrlə səhnəyə qayıdırdı.
Hətta şeirdən qopmasını, illər əvvəl onun haqqında düşündüyümü də müsahibələrinin birində təsdiq etmişdi: “Mənim şeirlərim, əslində, yazmaq istədiyim nəsr əsərləri idi, sadəcə, onları misraya yerləşdirməyə gücüm çatırdı.”
Nəhayət, Aqşin tamam-kamal şeirdən uzaq düşüb “Tarix və Tale” romanını önümüzə qoydu və dedi ki, mən gəldim!
Yalan olmasın, adının bu qədər iddialı səsləndiyi romanın Aqşinin sadəcə istedadının növbəti nümayişi olacağı qənaətində idim. Hətta oxumadan belə Aqşinin nə yazacağını təxminən hiss edirdim.
Aqşin isə sözün həqiqi mənasında məni şaşırtdı. Şaşırtdı ifadəsi də hisslərimi ifadə etməkdə acizdi. Düzünü deyim: Aqşindən bu cür bütöv və zəngin roman gözləmirdim!
Bilirsiniz ki, Pasternakdan qalan və hələ də işlədilən bir “şair nəsri” anlayışı var. O anlayışın bir çox örnəkləri ilə zaman-zaman tanış olmuşuq. Bizim Ramiz Rövşən kimi istedadlı bir şairimiz nəsr səhnəsində o qədər də diqqəti çəkə bilmədi. Hərçənd onun nəsr əsərləri də, mənə görə, çox maraqlıdır.
Aqşinin “Tarix və Tale” romanında da həmin bu “şair nəsri” anlayışından qopa bilməməsini və yalnız fraqmental istedad nümayişi sərgilədiyini düşünürdüm.
Yanılmışdım.
Bəlkə də nə vaxtsa, Aqşinin bu romanına ayrı gözlə baxacağıq; onu zaman-zaman daha çox irdələyəcək, içində nələrsə axtaracağıq. Çünki bu roman sözün həqiqi mənasında Azərbaycan reallığının, Azərbaycan həqiqətlərinin bədii süzgəcindən keçib.
Aqşinin romanı bəlkə də aşağıdakı abzasda özü-özünə bir izah verir:
“Atamın otağında tarix, anamın otağında tale özünə yuva qurub. Anamın tarixdən, atamın taledən zəndeyi-zəhləsi gedir. Atam saralmış kitablarla dolu otağına çəkilib tarixin, anam isə gülümsəyən şəkillərlə bəzədiyi otağında oturub taleyin dəyişəcəyi günü gözləyir. Tarixin və taleyin göndərəcəyi xilaskarlar onları gec-tez bir-birilərinin qaşqabağından qurtaracaq. Məncə, bu bizim evdə uzun illərdir ki, yeganə ümiddir”.
Romanda iki paralel süjet gedir: ata və ananın artıq bitməkdə olan sevgisi, can verən evlilik tabloları, digər yanda Azərbaycanın azadlığı uğurunda döyüşən və 13 nəfərin ölüm hökmü ilə cəzalandırıldığı səhnə. Ölüm hökmü ilə cəzalandırılanları iki qardaşın (İsa və Musa) simasında görə bilirik.
Aqşinin bu romanı bizə məlum olan nəsr ənənələrindən uzaqdır. Tamamilə yeni və işlənməmiş bir metodla qarşımıza çıxır. Bəzən bu yeniliyinə görə Aqşini qınayanlar, onun yazdıqlarını nəsrə aid etməyənlər var. Mübahisəlidir. Düzü, mən də bu məsələdə Aqşin tərəfdə deyildim. Ta ki onun romanını oxuyana qədər. Romanı oxuyandan sonra hər səhifəsində böyük bir xalça toxuya-toxuya möhtəşəm bir istedad sehirbazlığı ilə qarşımıza çıxan Aqşin sanki nəsrdə yeni bir cığır açdığını təsdiq edir.
“Mən nəsrdə bizim Şərqə xas olan “min bir xırdavat”çılıq ənənəsindən yararlanmağı sevirəm. Milan Kundera buna “çoxsəsli nəsr” deyir. Nəsrdə hadisəçiliyi, hədisçiliyi rədd edirəm. Hitlerin qorxusundan “avtoritet” anlayışını bütün sahələrdə aşağılayan və ədəbiyyatda da “müəllif öldü” deyən Avropa düşüncəsini rədd edirəm. Mətn müəllifin özüdür! Mətn müəllifdə parazit həyatı yaşayan bir varlıqdır. Mən öləndə o məndən ayrılıb başqalarının canına yapışacaq. Müəllif mətndə üslubun başqa adıdır. Üslubu olmayan, özünü ənənə qarovulçusu kimi aparan ədəbiyyatı rədd edirəm”.
Aqşinin bu mübahisəli fikirləri romanın sənətkarlığı ilə üst-üstə düşür. Bir var, ağzını göyə tutub eləcə fikir yürütmək, bir də var, onu göstərmək.
Əslində, başqa bir mövzu olsa da qısaca deyim: bəlkə də yeganə ədəbi mühitik ki, yazmaqdan çox danışırıq. Maşallah, ölkədə hamı romanın necə yazılmasını, hardan başlayıb harda bitirəcəyini çox gözəl bilir. Mikrofon uzadan kimi romançılıq sənətindən dəm vuran o qədər ədəbiyyat bilicisiylə rastlaşacağıq ki. Ancaq necə deyərlər, “bu meydan, bu şeytan” deyilən kimi o romançılıqdan danışanlar ortada görünmür. Bizdə roman yazanlar var və bir də qıraqda durub mız qoyanlar. Hər halda mız qoymaqdansa, pis-yaxşı roman yazmağın tərəfindəyəm. Və sizə deyim ki, Aqşinin bu romanına yaxşı demək ən pis halda insafsızlıq olar.
Mən bütün nəzəriyyələrdən daha çox, bütün deyilən fikirlərdən daha əsas olan mətnə inanıram. Mətn varsa, qalan hər şey boşdur. Aqşinin bu romanı bütövlükdə öz ideyası və mövzusu ilə birlikdə şahanə bir mətn hadisəsidir. Bu mətn hadisəsi sözünü elə-belə işlətmədim. Yəqin, romanı oxuyanlar sözlərimə haqq verəcəklər. Mən Azərbaycan dilini bir daha Aqşinin bu romanını oxuyarkən sevdim. Hər cümlədə az qala Sizif əməyi çəkən və bu əməyin nəticəsində bizə heyrət ediləcək səhifələr bəxş edən Aqşin nəsr haqda dediklərinin haqqını verir. Necə deyərlər, dili də var, dilçəyi də.
Az qala hər abzasda bədii tapıntılar diqqəti çəkir. Elektrik ustası atanın “Bığlı Edison” adlandırılması və şəhərin “qaranlıqlar”ı ilə pul qazanması səhnəsi. Yaxud həbsxanadakı “kərtənkələ səssizliyi” təsviri.
“Onun qaxac ət kimi bərkimiş arxasında tər tökəndə özümü çəlimsiz, bivec kentavr kimi hiss edirdim”.
“...söhbət Vatikansayağı, bağlı qapılar arxasında uzandıqca uzandı”.
“Mən indi onların hörümçək ömrü yaşadıqları, bir-birindən 40-45 dəqiqəlik taksi yolu məsafəsində yerləşən, səssizliyi ilə evdən çox modern türbəni xatırladan iki evin arasında, karqo işçisi kimi yollarda yaşayırdım”.
“...məşuqəsi ilə sevişən oynaşdan çox, diz çöküb nəsə qaynaq edən və tez-tez eynəkli kaskasını yuxarı qaldırıb aşağı, gördüyü işin alınıb-alınmadığına baxan qaynaqçıya oxşayırdım”.
“Atam anamın bişirdiyi və yalnız özünə çəkdiyi, taxta çömçəni “sən də yeyə bilərsən” anlamına gələn heroqlif kimi həmişə qazanın içində hazır saxladığı başdansovdu yeməkləri də bir gün sonra yeyir: sanki boyat yeməklər anamı evin içində ondan bir az da soyudub uzaqlaşdırır”.
“Kamera işıq düşməyən dəniz dibi kimi mayeləşmiş qaranlığa qərq oldu”.
“Elə bil ağlamaq üçün gücənirdi, ancaq gözləri qəbz olmuşdu”.
“O, artıq ədəbi-fəlsəfi təxəyyüllərdə düşdüyü kütləvi-psixoloji nokaut bayğınlığı içində səntirləyə-səntirləyə uğuldayan başını, sanki, kiməsə vermək üçün vurnuxan, iradəsi dövlət dəftərxanalarında arxivləşdirilmiş, düşünmək və qərar qəbul etmək bacarığı əlindən alınmış, qarşılıqlı münasibətlərdə özünü arzuolunmaz şəxs kimi hiss edən, zehnini zamanın və hadisələrin ixtiyarına buraxmaqdan başqa çıxış yolu qalmayan, yaşadığı, daha doğrusu, məhkum edildiyi xaotik sistemdə yararsız olduğunu anladığı və qəbul etdiyi üçün çarəsizlik və köməksizlik mühitində çırpınan, kütləvi səhnələrdə belə epizodik rol oynadığına baxmayaraq, gələcəyi fəth etməyə şığıyan tarixin ayağının altında qalaraq mənəvi kontuziya almış iyirminci əsrin absurd teatr personajlarına bənzəyirdi”.
Bu cümlələr hələ mənim işarələdiklərimin bir qismiydi, kitab başdan-ayağa bu cür “tryuklar”la doludur. Ən çox uzun, “beşmərtəbəli cümlələr”ə görə tənqid olunan Aqşin hətta nəfəsimiz yetməyən cümlələrdə belə bir az da olsun axsamır, elə bil, çayın axışı kimi cümlə öz sözləri ilə bütünləşərək sakit-sakit çuxuruna axır.
Hə, bir də fəlsəfə. Aqşinin son vaxtlar baş vurduğu və başqa bir qiyafədə qarşımıza çıxdığı fəlsəfə roman boyu bizi təqib etməkdə. Lakin bu fəlsəfə elə-belə, boşuna atılan güllələr kimi arxasınca tüstü buraxmır; əksinə nümunə çəkdiyim cümlələr kimi yaddaşımızda iz buraxır.
Aqşinin esse kimi yazdığı və din, siyasət, tarix, insanın yaradılışı haqda verdiyi bədiiliyə bulaşmış fəlsəfi tezislər romanın ümumi ahəngindən kənara sapmır və istər-istəməz səni də hədəf göstərdiyi məsələlər haqda düşünməyə vadar edir.
Ata və ana kultu, dağılmış ailə, müstəqillik uğrunda vuruşub həbs olunan, ölüm hökmü oxunan, sonra isə ömürlük cəza ilə əvəzlənən iki qardaşın hekayəsi və ata-anasının sevgisizliyindən əziyyət çəkib yazıçılığa baş qoşmuş oğulun yazmaq sevdası – bu iki xətti özü ilə məharətlə dartıb aparan müəllif bəhs etdiyi mövzuların üzərinə essevari yozumlarını da əlavə etməklə əsərinə bəşəri bir lad qatır. Tarixini və taleyini bir-birindən ayırmayan, bu ikisi arasında fərq qoymayan, daha çox taleyə boyun əyən xalqların aqibəti heç də yaxşı olmur.
Hesab edirəm ki, Aqşin Yeniseyin bu romanı bizim nəsr, romançılıq (düzü, o qədər də böyük zaman deyil) tarixində yeni bir mərhələdir. Ən düzünü isə bu yaxınlarda oxuduğum bir fikirlə deyim: hər roman özlüyündə yeni roman icad edir. Burdakı “hər roman” hissəciyinə “Tarix və tale”ni yazın və mən də yazımı bitirim.