Tanrının yaratdığı "Qadın" adlı nəğmədən - Sara Selcanın yeni şeirləri

Tanrının yaratdığı "Qadın" adlı nəğmədən - Sara Selcanın yeni şeirləri
14 may 2025
# 11:30

Kulis.az Sara Selcanın yeni şeirlərini təqdim edir.

İydə çiçəkləyib May
Küləklər hardansa gətirir
Nisgil qoxusu..
Qadın tarlasını
Şumlayır kişilər,
Tanrı körpələr hazırlayır
Dünyaya naxış toxusun.
İydə çiçəkləyib May
torpaqlarda güllə yarası.
Qıpqırmızıdr
Çəmənlərin yaxası
Lalə-lalə.
Iydə çiçəkləyib may
Bu axşamın havası
Biz də sıradan biriyik;
Gerçək dünyanın
Gerçək olmayan
Tablosu.
Bilmirsən ölüm gözəldi,
Ya hansı?

***

Küləklərin Ana dediyi çöllər
Özünü gizlədib yovşan qoxusunda,
Atlar nəfəsinə çırpınan sular
Bir axşam çin olar körpə yuxusunda.

Düzənlik azadlığı bitdiyi yerdə
Qoca dağların hökmü ucadır.
Lal çayların düşdüyü dərdə
Gurlayıb axanlar iki hecadır.

Düzənlik yolsuzdur, hər yer yoldu,
Hayana getsən, özün olursan.
Bir topa yovşana açılan sinə,
Şairsənsə sözün olursan.

***


Yazıb "əlvida" sözün
Ağ kağıza, ağlayıb.
Yağışlar da özünü
Elə payıza saxlayıb.

Gəlməyincə o payız
Dəli olub küləklər,
O küləyin önündə
Söz tapmayıb mələklər.

Saralıbdı o kağız,
Solub əlvida sözü,
Payızın öz rənginə
Dolub əlvida sözü.

***

Uzaqların adamıyam,
Mürgümdə çöllər yuxusu,
alnımda şehlər dən-dən,
Ruhumda yovşan qoxusu.
Sözdü, çöldü, bir də mən,
Min ağrıya bir bədən.
Tanrının yaratdığı
"Qadın" adlı nəğmədən
Yoxluqlar
Kəlmə-kəlmə
Axmada, axmada...
Atlar ruhlu küləyin dırnağında
çapmada
Bu ömür.
Kimindir bilmirəm bu əl,
Bu səs, bu nəfəs.
Zamanın harasıdır?
Əvvəlmi, sonramı?
Qəfəsi qırmağa
Ölüm adlı dörd hərf bəs.
Min illərdir
Uzaqların adamı.


***

Hər şey ötəridir
Zamanın axarında.
Gözlərinlə sus
Adımı darıxanda.

Hansı hərf çatmır
Alnındakı yazında?
Olacaq, inan,
Əlçarmaz arzuna da.

Gün kimi parla
Üfüqlərin danında.
Al boyanmısan
Ürəyimin qanında.

***

Qızılgüldə qan izi
Yerin təkindən gəlir.
Dilimdəki misralar
Ağır yükümdən gəlir.

Ömür boşuna getdi
Lal sulara qarışdı
Adamlar daşa döndü
Daş adamla danışdı.

Cavanlığın saf üzü
Daşın tozunda qaldı.
Yolların daş-kəsəyi
Alın yazımda qaldı.

Sara Selcan

# 3418 dəfə oxunub

Oxşar xəbərlər

Tutmuş gözü məni, elə bil çöldə ov tutur - Qəzəllər

Tutmuş gözü məni, elə bil çöldə ov tutur - Qəzəllər

13:47 12 noyabr 2026
"Dostların üzlərini su pərdəsi arxasından görmək..." - Tadeuş Borovskidən "Çayın adları"

"Dostların üzlərini su pərdəsi arxasından görmək..." - Tadeuş Borovskidən "Çayın adları"

12:32 12 noyabr 2026
"Təkcə hissələrinin cəmindən ibarət deyilmiş var olan..." -  Əli Şirin Şükürlünün metamodern şeirləri

"Təkcə hissələrinin cəmindən ibarət deyilmiş var olan..." - Əli Şirin Şükürlünün metamodern şeirləri

15:00 11 noyabr 2026
"Qoy, mən də gəlim səninlə..."  - Yannis Ritsosdan şeirlər

"Qoy, mən də gəlim səninlə..." - Yannis Ritsosdan şeirlər

13:00 11 noyabr 2026
İki qonşunun partiya sevdası - Rafiq Ələkbərin sərbəst esse-poeması

İki qonşunun partiya sevdası - Rafiq Ələkbərin sərbəst esse-poeması

12:45 10 noyabr 2026
“Şuşada sən qonduğun daşa pir deyəcəyəm" - Bayraq haqqında ən gözəl şeirlər

“Şuşada sən qonduğun daşa pir deyəcəyəm" - Bayraq haqqında ən gözəl şeirlər

10:00 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər