Bakıda palçıq can alır – Təcili yardım bu küçələrə girə bilmir!

Bakıda palçıq can alır – Təcili yardım bu küçələrə girə bilmir!
14 may 2025
# 12:30

Kulis.az Səbinə Əvəzqızının yazısını təqdim edir.

Bakıda hələ də elə yollar var ki, təcili yardım, yanğınsöndürən və hətta polis avtomobilləri bərbad infrastruktur səbəbindən hadisə yerinə çata bilmir. Son bir neçə gündür ki, yenidən gündəmə gələn bu sosial problemləri oxuduqca “mat” qalırıq. Axı bu necə ola bilir, hansı çağdayıq ki, belə sadə məsələlərin əlində girinc qalmışıq?

Yol pisdirsə, düzəldin də. Məsələnin çox sadə həlli yolu var. Buna məsuliyyətli olan vəzifəli şəxs hara baxır? Küçələr işıqsızdır, insanlar avtobusların belə girmədiyi yollarla palçıq tapdayaraq məktəbə uşaq göndərir. Həmin yolları əzabla keçən uşağa məktəbdə haqq-ədalətdən, qayda-qanundan nə öyrədə bilərik ki? Soruşmaz ki, indi nə olsun mən Əmircanda, Hövsanda, Zabratda və ya hansısa yolları bərbad bir qəsəbədə yaşayıram, niyə, Bakının mərkəzindəki uşaqlar “şüşə” kimi asfaltın üzərindən “süzərək” getdikləri yolu mən zülm ayaqlayaraq keçməliyəm? O uşağın günahı nədir ki, mərkəzdə yox, hansısa qəsəbədə doğulub?

Qəsəbə dediyimiz də, əslində mərkəzlə çiyin-çiyinə dayanıb. Burda möhkəm öskürsən orda eşidiləcək. Bəs bu məsələlərin qayğısına qalacaq insanlar niyə qulaqlarını belə bərk-bərk tutublar? Bəlkə qulaqlıqlarla gəzirlər bütün günü, dinlədikləri musiqi ətrafı onlara daha gözəl göstərir?

Demək jurnalistlərin hazırladıqları materiallardan, sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, Bakının bir çox qəsəbəsində – o cümlədən Əmircan, Binə, Hövsan, Sabunçu, Maştağa, Ramana, Balaxanı kimi yerlərdə əsas yollar yaxşıdır. Buna sözümüz yox. Amma elə ki, bu əsas yoldan döndün içəri, məhəllə arası küçələrə... Necə deyərlər “Kərəmi burda ağlamaq tutur”.

Gördüyümüz mənzərə, palçıq, dərin çalalar, dağılan asfalt, yağışda çökən yollardı. Hələ səki kimi problemin adını çəkmirik, çünki bu mənzərənin yanında o məsələ “lüks”ə daxil olur. Bizim isə bu sadə insanlar üçün istədiyimiz “lüks” həyat deyil. Sadəcə xahiş edirik, yollarını elə düzəldin ki, uşaqlar ordan keçəndə ayaqlarının palçığa batma dərdini çəkməsinlər, düşüncələri yalnız ölkəmizin gələcəyinin daha gözəl olması üçün hansısa ideyalar barəsində olsun. Palçıq ayaqlayan bir uşaqdan indi necə tələb edək ki, sən get atom parçala? Deməz ki, hələ gəlib bura yamaqlı da olsa bir yol çəkin, sonra bizdən nəsə istəyin?

Hələ bu uşaqları, onların gələcək ideya, planlarını qoyuram bir kənara. Deyəsən bu da artıq “lüks”ə daxil olur. Ay bu vəziyyətlərə görə məsuliyyət daşıyan məmur qardaşım və ya bacım, siz fərqindəsinizmi ki, əsas məsələ odur ki, təcili yardım, yanğınsöndürən və polis avtomobilləri belə bu yollarla vaxtında hadisə yerinə çata bilmir? Adını çəkdiyim qəsəbələrin sakinləri avtobus sürücüsünə yalvarırlar ki, bizi öz dayanacağımızda endir. Marşrut xətt oradan keçsə də, sürücü getmir ki, maşının palçığını kim təmizləyəcək? Bunu özümdən demirəm, arada açın APA TV-nin Zabratdan, digər qəsəbələrdən hazırladığı reportajlara baxın. Şəxsən mən onlara baxıb sadəcə deməyə söz tapmıram.

Tutaq ki, medianı oxumursunuz, TV-ləri izləmirsiniz. Amma əminəm ki, gününüzün bir hissəsi Facebook, X (Twitter), TikTok və Instagram platformalarında keçir. Bu problemlə bağlı yüzlərlə paylaşım, video və şərh var. Onları da görmürsünüz? Təsəvvür edin ki, bir istifadəçi yazıb ki, hətta ərzaq maşınları belə bu yollara girmir, təcili yardım maşınları palçığa batdığı və ya çuxurlardan keçə bilmədiyi üçün xəstəyə vaxtında çata bilmir. Belə də dərd olar?

Jurnalist zəng edir məsul şəxslərə. Hazır bir-neçə cavabları var. Elə bil hamısı bu cavabları masalarının üstünə yazıb qoyublar ki, yadlarından çıxmasın. Cavablar bunlardan ibarətdir - “təmir planına salınıb”, “layihə hazırlanır”.

Deməli belə, mən də əminəm ki, hər şey kağız üzərində yaxşı görünür. Ümid edirik ki, bir gün həmin layihələr kağız-kuğuz içindən çıxıb azadlığa çıxa biləcək. Azərbaycan diplomatik zəfərlər qazandığı bir zamanda imkan verin ayağımız palçıqda qalmasın.

# 617 dəfə oxunub

Oxşar xəbərlər

Efiopiyada ilk insanlarla birlikdə yaşayan yeni  növ kəşf edildi

Efiopiyada ilk insanlarla birlikdə yaşayan yeni növ kəşf edildi

10:09 15 avqust 2025
2500 il buzda saxlanan  xalı -  Maral türk mədəniyyətində nəyin simvolu idi?

2500 il buzda saxlanan xalı - Maral türk mədəniyyətində nəyin simvolu idi?

09:00 15 avqust 2025
Yazıçı Vüqar Tapdıqlı vəfat etdi

Yazıçı Vüqar Tapdıqlı vəfat etdi

18:34 14 avqust 2025
Musa Cəlilin 120 illiyi münasibətilə sənədli film çəkilir

Musa Cəlilin 120 illiyi münasibətilə sənədli film çəkilir

16:00 14 avqust 2025
Azərbaycanın ilk qadın gəmi kapitanına həsr edilən filmin çəkilişləri yekunlaşıb

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr edilən filmin çəkilişləri yekunlaşıb

15:30 14 avqust 2025
Rokinin döyülməsi – <span style="color:red;">Nahid Hacıyevin hekayəsi

Rokinin döyülməsi – Nahid Hacıyevin hekayəsi

15:00 14 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər