İçərişəhər bütün müsəlman şəhərlərinin sufisi və dərvişidir - Aydın Talıbzadə

İçərişəhər bütün müsəlman şəhərlərinin sufisi və dərvişidir - Aydın Talıbzadə
7 yanvar 2024
# 17:00

Kulis.az Aydın Talıbzadənin "Postmodern dəvələr İçərişəhərin metaforası kimi və ya Vüqar Əlinin formalar fəlsəfəsi" adlı yeni yazısını təqdim edir.

İçərişəhər Azərbaycan mədəniyyətinin genetik kodlarından biridir.

İçərişəhər Bakının Orta əsrlərdən qalmış köhnə pasportudur.

İçərişəhər azərbaycanlının düşüncə və davranışının plastikada obrazlaşmış modelidir.

İçərişəhər bütün müsəlman şəhərlərinin sufisi və dərvişidir.

Bir şəhər var yer üzündə, şəhərlərdən içəri...

Yazıçı Anarın nəsrində İçərişəhər abidədir, qoruqdur, keçmişin məkanda tarixiləşmiş unikal naxışıdır.

Şair Vaqif Səmədoğlunun poeziyasında İçərişəhər kövrək yaşantıları doğma bir nəvazişlə “qucaqlayıb” onları Bakı xəzrisindən, payız yağışından qoruyan çopur üzlü, gözləri qumlu qoca divarlardır.

Pianoçu Vaqif Mustafazadənin musiqisində caz dənizdir, muğam – səhra: ikisi bir-birinə qovuşanda sən İçərişəhərin nəfəsini eşidirsən: eşidirsən və duyursan ki, İçərişəhər həmişə kölgədə “əyləşib” Günəşin melodiyasını zümzümə edir.

Üzeyirbəy Hacıbəylinin əmisi nəvəsi Soltan öz “Karvan” bəstəsini janr etibarı ilə “simfonik lövhələr” adlandırmışdı. Sən bu simfonik lövhələri təkcə dinləmirsən, sən orada səhranı, dəvələri, üfüqü, günəşi, qaranlığı və tonqalları xəyalən görürsən, təsəvvür edirsən; görürsən ki, Bakı ilə birgə bütün Şərq dəvə belində yırğalana-yırğalana kainat səyahətinə çıxıb yol gedir muğam ahəngində gecə-gündüz...

Qəribədir, İçərişəhər dənizə baxır, amma səhranı yansıdır; “səhra” kodu ilə deşifrə olunur və məhz torpaq, qum stixiyası kontekstində daha çox semantikləşir.

Rəssam Vüqar Əlinin tablolarında da İçərişəhər karvan fakturasında şəkillənir, dəvələrin postmodern siluetlərilə görüntülənir, “portretləşdirilir”. Əslində, bu, İçərişəhərin özünün yox, onun hekayətlərinin, tarixi nağıllarının portretidir, şəhər sevgisinin, şəhər fəlsəfəsinin, şəhərin sufi ovqatının və islam imicinin portretidir.

Vüqar Əlinin “Qədim şəhər” (2015) və “Karvan” (2018) tabloları bir ideya-süjet ətrafında birləşib kamil bir bütövcə əmələ gətirir, yəni diptix olur. Burada ideya süjetdir, süjet – ideya: qəhrəmansa İçərişəhərdir, torpağın sevgisini və duasını səmaya ötürür. Hər iki tablo rəngli formalarla “bəstələnmiş” fəlsəfi essedir. Hərçənd onları sufi pritçasının abstraksiyası kimi də yozmaq mümkün.

Təsvirlər kətan üzərində rəngli boya ilə canlandırılıb. Halbuki Vüqar Əlinin bu iki tablosunda miniatür sənətilə qrafika haradasa lap qonşulaşır. Odur ki, sənətşünaslıq qaydalarını pozub ənənəvi təsnifat dışında onun işlərini “kətan üzərində rəngli qrafika” da adlandırmaq olar. Mən yanılmaram desəm ki, Vüqar Əlinin “Qədim şəhər” və “Karvan” tabloları bir tərəfdən Azərbaycan miniatürlərilə, digər tərəfdən “Karvan” simfonik lövhələrilə, üçüncü bir tərəfdən isə əfsanəvi rəssam Rasim Babayevin qrafikası, linoqravürlərilə baxışır: hərçənd Vüqarın tabloları postmodernizm parametrlərində dünya ilə “danışır”. Bu da o anlama gəlir ki, şəkillərdə ifadə sərbəstliyi hüdudsuzdur, formalar mənaların sərhədləşdiyi nöqtələrdə eleqantcasına oluşub çoxsaylı kommentlərin mümkünlüyünü aktuallaşdırır, qutsal olanla urvatsızın semantik tutumunu tez-tez dəyişdirir. Burada təsvir sanki kətan səthinə boya ilə çəkilmir, rəng “qırıntılarından”, rəng damcılarından mozaika kimi yığılır.

Hər iki tablonun rəng fonu səhra qumunu yansıdır. Məhz bu fonda “Qədim şəhər” tablosunun makrofiqurları qabaq-qənşər dayanaraq elə bil ki iç-içə keçmiş abstakt dəvələrdir. Şəhər onların bədəninə, içinə proyeksiya edilib. Vüqar Əlinin postmodern dəvə siluetləri qara ilə qum rənginin dialoqu kimi təqdim olunur. Dəvələrin postmodernliyi ondadır ki, dəvəkimilikdən uzaqdırlar və fantaziya onları daha başqa nələrəsə bənzədə bilir. Rəssam tablo müstəvisinə qrafik üslubda işlənmiş minarələrin, gümbəzlərin, tağlı məscid, xanəgah, saray qapılarının xırda miniatür fraqmentlərini müxtəlif ölçülü üçbucaqlar, ovallar, düzbucaqlar şəklində bol-bol yerləşdirir, dəvələri bu mikrofiqurlarla naxışlayır və Qobustanın qayaüstü rəsmlərini xatırladan simvolları şəhərin üzərinə səpələyir. Bapbalaca “əhəngli” gümbəzlər isə təsvirlərə xüsusi bir aura, ovqat gətirir. Elə bunun nəticəsidir ki, tablonun ağ, boz, qəhvəyi rənglərinin qammasında İçərişəhər müqəddəs nurla işıqlanan pir təəssüratı oyadır.

Rənglərin fişəng kimi sayrışması, formalar dinamizmi seyrçinin assosiativ təfəkkürünü etkiləyir, təsviri cərgənin polisemantikliyindən xəbər verir. Tabloya baxan kimi yaraşıqlı, yumurtavari postmodern dəvə siluetləri İçərişəhərin metaforası kimi oxunur, “karvansara” konseptini ortaya atır. Rəsmin səthinə dağıdılmış işarələr İçərişəhərlə Qobustanı xəyalən bir-birinə qohumlaşdırır. Günəş, kainat, sonsuzluq simvolları isə İçərişəhərin kosmosla əlaqəsini aktuallaşdırır.

Bunlardan əlavə bəzəkli dəvə karvanının bir fraqmenti soldan tabloya daxil olur, digər fraqmenti təsvir məkanını sağdan tərk edib gedir. Bu, yetərincə ciddi mesaj qismində oxunsa da, postmodernizmin ironiyası və oyunbazlığı həməncə öz prioritetlərini bərpa eləyir, mənaları domino daşları kimi bir-birinə qarışdırır: dəvələr karusel effektini yansıtmağa başlayır və İçərişəhər oyuncaqlaşır, xatirələrin əziz kuklasına çevrilir. Belə olan surətdə mən bu tabloların fenomenal Tərlan Qorçunun marionet teatrının tamaşalarının atmosferilə həmahəngliyini vurğulamaq istəyirəm. Özgür paralel hadisələr və oxşar bədii paradiqmalar... Təbii ki, müasir düşüncə tərzi, müasir estetika təfəkkürü İçərişəhəri öz parametrlərinə məhz bu cür uyğunlaşdırıb mənimsəməli idi.

Şəkillərdə təsvir edilmiş formalarda elə bir plastika var ki, bir də görürsən dəvə siluetləri gah bayram xonçaları, gah qara royalın qapağı, gah da səhəri müjdələyən xoruz profililə allyuziya yaratdı. Bu, tablonun sanki “səs partiturası”dır və orada müəzzinlərin azan səsləri, Kosa ilə Keçəlin deyişməsi, Vaqif Mustafazadənin caz-muğam sədaları kodlaşdırılıb: sən təsvir hüdudlarında azançıları, Kosa və Keçəli, Vaqif Mustafazadəni görmürsən, di gəl ki, onların İçərişəhər panoramında ruhən mövcud olduğuna şübhələnmirsən. Bu, Vüqar Əlinin İçərişəhərə, İçərişəhərin ruhlarına XXI əsrdən ünvanlanan salamıdır, rəssamın qədim şəhərlə dostyana zarafatıdır və onun keçmiş Bakının yaşam tərzilə bağlı nəcib təbəssümüdür.

“Karvan” tablosu birinciyə nisbətən daha kompaktdır və elə bil ki mənim “Əbuhübb” romanımdakı “Gəzərgi şəhər” konseptini təcəssüm etdirir. Təəccüblüsü budur ki, Vüqar Əlinin hər iki tablosu Mədəniyyət və İncəsənət Universitetində mənim rəhbərlik etdiyim kafedranın divarından asılıb. Bu adi təsadüfdür, mistikadır yoxsa energetik dalğaların dövriyyəsidir?

İkinci tabloda gördüyümüz karvan faktura etibarı ilə “Qədim şəhər” tablosunu tərk edən elə həmin karvandır ki var. Karvan gedib, gedərkən şəhəri özüylə aparıb, haradasa karvanın özü şəhərləşib, şəhər olub. Bu təsvir biraz da qüssəli köç havasına bürünüb sanki.

Açıq qəhvəyi rəngli postmodern dəvə karvanı bir kut halında konpozisiyanın mərkəzinə yerləşdirilib: daha doğrusu, kompozisiya bütövlükdə elə dəvə karvanının özüdür. Səhərdir. Təsvirdə dəvə siluetləri yerə çökmüş vəziyyətdə görüntülənir; amma elə bil ki, onlar səma içrə mas-mavi buludlarda əyləşiblər. Kiçik ölçülü həndəsi fiqurlar dəvələrin əlvan xurcunlu hürgüclərinə göz-göz çəkilib. Bu xurcunlu hürgüclər qala divarlarına da bənzəyir, insan əlinin barmaqlarına da. Hərdən elə təəssürat yaranır ki, xurcunlar lap adam kimi baxırlar seyrçinin üzünə.

Əsərin sağ küncündə dəvələrin önündə əyninə qaramtıl tünd qəhvəyi əba geyinmiş, nazik çomağını torpağa dirəmiş, başı əmmaməli, üzü görünməyən ağsaqqal molla-dərviş tipli bir sarban dayanıb. Onun əmmaməsinin üstü sonsuzluq işarəsi kimi təsvir edilib. Bu kontekstdə şəhər dünya-karvansara kodundan açılır: şəhər zaman-zaman dolur, zaman-zaman boşalır...

Hər yan sakitlik və harmoniya içindədir... və sən həmişə burdasan, bu şəhərdəsən... nə yerdəsən, nə göydə... bir qərib səfərdəsən...

Əgər köç varsa, karvan varsa, passionarlıq varsa, deməli, şəhər daim yenilənir: hər bir təzə nəsil şəhəri öz yaşam konseptlərinə uyğun görür, şəhərə fərqli ritmika, fərqli dinamika gətirir, onu fərqli şəkildə semantikləşdirir. Təsadüfi deyil ki, rəssam Vüqar Əlinin tabloları da köhnə İçərişəhərin Orta çağ müsəlman mədəniyyəti kontekstində yeni modifikasiyası, yeni bədii həlli kimi qavranılır.

# 1775 dəfə oxunub

Müəllifin son yazıları

# # #