Bu gün dahi şair Hüseyn Cavidin doğum günüdür. Kulis.az bu münasibətlə sənətşünas alim Aydın Talıbzadənin “Üsyan və cəza: fikir “kəndirbazi”nin aqibəti” yazısını təqdim edir.
Esxatoloji ovqat
"İnsan uçurum üzərindən çəkilmiş burazdır.”
Fridrix Nitşe
Uçurum: qaranlıq, çıxılmaz yolum,
Uçurum: uçurum həp sağım, solum.
Uçurum: duyduğum həgigət, xəyal,
Uçurum: uçurum yıldızlı amal.
Uçurum: çağlayanlar, kəhkəşanlar,
Uçurum: dənizlər, dağlar, ormanlar.
Uçurum: üfüqlər, əngin fəzalar.
Uçurum: uçurum çılğın dəhalar,
Uçurum: sürəkli, coşğun alqışlar,
Uçurum: uçurum süzgün baxışlar,
Uçurum: bu çirkin, bu alçaq həyat,
Uçurum: uçurum bütün kainat...
Hüseyn Cavid
Qəribədir, uzun müddətdir ki, Azərbaycan mədəniyyətində kulturoloji mifin, filoloji əfsanənin "Cavid əfəndi” kimi tanıtdırdığı bir yazar, onun dramaturgiyası, bu dramaturgiyanın bədii məkanında müəllifin məskunlaşdırdığı personajlar, qurduğu ünsiyyət şəbəkəsi məndən ötrü bir sirr, müəmma olaraq qalır. Bu sirr də, bu müəmma da, valllah, "calibi-heyrət”. Çünki Cavid mətnlərini oxuyan, ya da ki dinləyən insan həməncə "ovsunlanır”: belə deyək də, sözün mənasına, səslənməsinə, pafosuna, cümlənin təlqin enerjisinə "uyur”. Əgər mənim Azərbaycan ədəbiyyatı tarixindən Cavid əfəndinin şəxsiyyətilə ilişkili məlumatım olmasaydı, bəlkə də şübhələnərdim ki, bu mətnləri hansısa bir dərviş yazıb. Son dərəcə maraqlı bir rakurs. Hərçənd güman eləmirəm ki, mənim bu məqaləm Cavid yaradıcılığının "qapıları”ndan məxfilik örtüyünü, müəmmalar pərdəsini birdəfəlik götürəcək. Buna heç iddiam da yoxdur.
Amma və lakin... Görəsən, Hüseyn Cavidin bədii söz aləminin energetik cövhərini nə kimi ideyalar, duyğular müəyyələşdirir? Bu ideyaların, duyğuların, yaşantıların kökü harada? Öncə məqalənin fikir "xəritə”sini cızacaq bir neçə TEZİS və ya DÜŞÜNCƏLƏR ÜÇÜN MANİFEST. Onlar mənə uçurumlardan adlamağa imkan verəcək burazlara bənzərlər.
Tezis nömrə 1. Hüseyn Cavid Azərbaycan maarifçiliyinin ekzistensional fəlsəfəsinin müəllifidir. Onun əsərlərindən maarifçiliyin intellektual üsyanı və faciəsi boylanır.
Tezis nömrə 2. Ümumtürk mədəniyyətinin və olsun ki, bütün müsəlman Şərqinin Nitşesi Cavid əfəndidir. Dramaturqun pyesləri Nitşe fəlsəfəsinin davranış, rəftar, münasibət güzgüsündə aşkarlanan modelidir. Maarifçiliyin axırıncı söykənəcəyi ÜSTİNSANDIR. Üstinsan İblisdən Allaha doğru uçurumlu bir yoldur. XIX yüzildə Bodenştedt Azərbaycanı Almaniyaya apardı, XX əsrdə isə Almaniyanı Cavid Azərbaycana gətirdi və Doğunun ədəbi üfüqlərində tarixən birinci "İBLİSNAMƏ” müəllifi oldu, Faustun şərqli variantını yaratdı: üstinsanı tanrı və mələk arasında çabalayan bir məxluq kimi görükdürdü.
Tezis nömrə 3. Uçurum yaşantıları Cavid dramaturgiyasının əsasıdır. Esxatoloji ovqat onu heç vədə rahat buraxmayıb: bəşər axirətinin uçurumu elə bil ki, həmişə Rasizadə cənablarının bir addımlığında olub. Və nəiki bir addımlığında... Bu insanın içində əcayib bir uçurum mürgüləyib.
Tezis nömrə 4. Hüseyn Cavidin bədii dünyasının zaman və məkan ÇƏRÇİVƏLƏRİ uçurum HÜDUDSUZLUĞU parametrlərində konkretləşdiyindən bu ifadə tamam bir şərtilik. Nədən ki, onun personajları rəqs edə-edə talelərini boşluq içrə yırğalanan UÇURUM burazlarına tapşırmış faciə kəndirbazlarıdır.
Tezis nömrə 5. Cavid yaradıcılığında Şərq və Qərbin mədəni, mənəvi-əxlaqi dəyərləri türkün düşüncə müstəvisində gəlişib, sintezə uğrayıb təhlilə çəkilir, tədqiq edilir. Tədqiqat obyekti türk təfəkkürünün XX əsr gerçəkliyinə inteqrasiyasının törətdiyi problemlərdir ki, onlar da Avropa uyqarlığının astanasında türkün öz milli varlığını, qutsal ruhunu, ziddiyyətlər dumanına bürüyür.
Tezis nömrə 6. Mən Cavidin özünüifadə tərzində, onun misralarında, monoloq və dialoqlarında Orta çağ sufi zikrlərinin modifikasiyasını görürəm. Suggestiv təkrirlər, təlqinlər onun şerlərini, pyeslərini vird konstruksiyasının effektinə yaxınlaşdırır.
Tezis nömrə 7. Hüseyn Cavidin olumu da, ölümü də və hətta yazıları da başdan-başa mistika içindədir. Onun hər pyesinə öz şəxsi həyatının sürgün faciəsi latent şəkildə gömdürülüb.
Allahın tezisi: YARADIM.
İblisin tezisi: UÇURUM.
İnsanın tezisi: YA İBADƏT, YA ÜSYAN.
Bəzən mən bir kitabı bir məqaləyə sığışdırmaq əzmində bulunuram. Odur ki, elə indi də sürətli bir şahmat partiyası: əlbəttə, xiridarlar üçün, Cavidə XXI yüzilin virtuallığından baxmaq üçün.
Mən Cavid əfəndiyə, onun yaradıcılığına pillə-pillə yaxınlaşıram və hələ də bu yolu yarı eləməmişəm. Nədən ki, hər pillədə Cavid yenidir, başqadır, təzədən kəşf olunası dünyadır. Bu dünyanın bir üzündə İBADƏTƏ düzülmüş möminlər səf bağlayır, o biri üzündə isə ÜSYANA qalxmış insanlar qaynaşır. Yəni Allah və İblis "atəşlə suyun öpüşdüyü” məkan içrə əbədi çarpışmada... Cavid pyeslərində mən qəribə bir sonsuzluq, intəhasızlıqla qarşılaşıram və bu intəhasızlığı bir simvol kimi qavrayıram, bir mistika əlaməti kimi yozuram. Müəllifin faciələrinin arxitektonik quruluşunu çözdükcə mən bu qənaətə gəlirəm ki, Cavid sürgün edilməmişdən qat-qat öncə ruhən Sibir torpaqlarına getmişdi, Sibir "uçurum”undan keçən burazın üzərilə gəzişmişdi.
SİBİR EYHAMDIR, BƏŞƏR TARİXİNİN ƏN MÜDHİŞ UÇURUMUDUR.
Bütün uçurumların təbiətində isə bir virtuallıq gizlənib. Və əksinə: virtual dünyanın özü uçurum kimi bir şey. Hüseyn Cavidin bədii məkanı da virtual səciyyəli uçurumlar zonası. Bu virtuallığın sahibi canlı insanlar yox, ideyalardır, simvollardır, ruhlar və kölgələrdir. Odur ki, mən bica və təsadüfi saymıram professor Timuçin Əfəndiyevin öz tədqiqatını "Hüseyn Cavidin ideyalar aləmi” adlandırmasını. Cavid əfəndi dramaturq olmamışdan əvvəl Azərbaycanın filosofu idi, fikir adamı idi və onun pyeslərində qurduğu bədii-intellektual sistem müəllifin ideyalarını estetik formalarda şəkilləndirirdi. Mən bu pyesləri Platonun ideyalar dünyasınin dramaturji təzahürü qismində görürəm. Platon elə hesab edirdi ki, hər nəsnənin ideyası var və onlar fəza boşluğundakı ulduzlar kimi sayrışıb gerçəkliyi virtualcasına güzgüləndirirlər. Düşüncə tarixində virtual dünya obrazını yaratmış əvvəlinci filosof məhz Platondur. Pyesləri də Cavidin virtuallığa proyeksiya edilmiş, sanki fotoneqativlərdə zühura gəlmiş fikir oyunlarıdır. Fotoneqativ səni həmişə uçurumda göstərir. O, insanın ruhunun, predmetin ideyasının "mistik” surətidir. Cavidin fikir oyunlarının sonu isə UÇURUM. Onun qəhrəmanları da müəyyən ideyaların qiyafəsi olub uçurum ruhlarına, uçurum kabuslarına bənzərlər, varlıqla heçliyin, işıgla kölgənin sərhəd zolağında qərarlaşarlar.
"Ah, aman, ya rəbbim! hər iki tərəfim təhlükəli uçurum...” Maral söylər bunu, ölümündən bir az öncə.
Şeyx Sənan donuz otarıb, Quranı odda yandırıb, boynundan xaç asıb axırda demədimi ki, "uçurumdur pənahgah ancaq”.
Cavid əsərlərinin hamısında bir UÇURUM mənzərəsi.
Və bu azmış kimi onun şerlərinə də, "Azər” poemasına da gizli bir "uçurum” leytmotivi hakim.
Elə isə istərdim diqqətinizi müəllifin "Bu gecə” adlı bir şerinə yönəldim:
"Dərin-dərin uçurumlar, vərəmli fırtınalar,
Bütün-bütün sıxıb əzməkdə ruhumu bu gecə”.
İndi də ayrı bir şerə fikir verəlim:
"Uçar, uçar, yenə ruhum diyari-hüznə qoşar;
Uzaq, uzaq, çox uzaq bir mühit içində yaşar.
Soyuq, soyuq!.. Gecə keçmiş, bütün cahan susmuş,
Uzaqda inləyir ancaq zavallı bir bayquş”.
Cavid əfəndinin hər misrasından bir UÇURUM hayqırır:
"Önümdə dalğalanır teyflər, qızıl qanlar,
Başımda patlayır atəşli, sisli vulkanlar” ("Hərb və fəlakət”).
"Azər” poemasının ovqatı da bir uyqarlıq şəhərinin uçurumunu göz önündə canlandırar:
"Onlar qoşacaq, çarpışacaqlar,
Bir çox uçurumlar aşacaqlar”.
Hüseyn Cavidin bədii dünyasına sakin personajların monoloqları, dialoqları, nidaları, mahnı və zümzümələri, əsəbi gülüşləri, hıçqırtıları sanki uçurumlardan səslənir: onların replikaları eləsən işıq ili qədər məsafə qət edib kosmik fəzaya göndərilmiş siqnallar qismində bir-birinə çatır. Bu qəhrəmanlar qədim yunan tanrıları kimi səmada uçuşub danışar, söhbətləşər, sonradan isə uçurumlarda məhv olarlar. Cavid əfəndinin obrazları mənə nədənsə bizim qalaktikada hərlənən planetləri xatırladır. Hər bir səyyarənin isə öz uçurum parametrləri mövcuddur. PLANETLƏR UÇURUMDAN ASILMIŞ YOLKA OYUNCAQLARIDIR: bir ritmə köklənib uçduqca uçarlar.
Hüseyn Cavid əsərlərində zühura gələn virtuallığın qayəsi də elə bu. Uçmaq onun personajlarının ruhsal təbiətinin nişanəsi:
"Uçarız həqqə doğru bərgasa”... Və ya: "Uçalım, haqqa doğru, gəl uçalım”... Şeyx Sənanın ucuruma atılmamışdan öncəki bəyanatı. Haqqa doğru "getmirlər”, yalnız müqəddəsləşib uçurlar. Bu, cəmi peyğəmbərlərdən və Allahın sonuncu elçisi Muhamməddən qalma bir ənənə deyilmi? Qüds şəhərinin əl-Əqsa məscidindən merac zamanı göylərə yüksəldiyi bir məqamda Muhamməd rəsulullahın mindiyi mifik at "BURAQ” adlanırdı ki, bunun da kökü "BƏRQ” sözündəndir. Bərqasa, yəni işıq qığılcımı ilə ani olaraq. Öz poetik duyğuları müstəvisində Cavid əfəndi Şeyx Sənanı peyğəmbər dərəcəsinə qədər ucaldar. Nəinki mistik sevgilər Şeyxi, bu ədibin bütün qəhrəmanları uçmağa meylli, uçmaqdan ötrü dəli-divanə. Yahu, bəlkə də elə bu həvəsdəndir ki, onların leksikonunda "MƏLƏK” kəlməsi yamanca bol işlənər? Cavid dünyası mələk dolu bir dünya. "Şeyda” pyesində Rauf yatıb yuxusunda ganadlı mələklər görər; görər ki, dostu Şeyda da göylərin ənginliklərində uçduqca uçur. Yenə həmin faciədə Anjel söylər:
"Mən öncə bir mələkdim,
Yüksəklərdə uçardım”.
Mələklər, yıldızlar, kəbələklər, gövərçinlər... Ruhlar aləminin simvolları. Hüseyn Cavidin bədii şərtilik sisteminin əsas eyhamları. İnsanın uçmaq həsrəti. Fransız rəssamı Mark Şaqalın
tablolarını bir xəyalınızda canlandırın. Onun personajları da uçmaqda bir rahatlıq, bir asudəlik, bir azadlıq taparlar, bir həzz bularlar. Bu, eyni bir dövrə, zəmanəyə, mühitə oxşar psixosof reaksiya kimi çözülməyə də qabil. Gerçəkliyə nifrət: oradan qaçmaq, uzaqlaşmaq, uçmaq, yaxud uçurumlarda yox olmaq!
Cavid virtuallığında "şəkillənən” insan obrazlarında, onların qafalarında, batinlərində kinli, qurnaz, çılğın dərəbəklərlə zərif mələklər birgə yaşarlar. Ona görə də bu insanlar bir gün belə olarlar, o biri gün elə; gah mələyə dönərlər, gah şeytana: bir dəm Allahı çağırarlar, başqa bir dəm İblisi. Bu adamlardan ötrü İBADƏT və ÜSYAN daim qoşa. Yəni ekzistensional problem tamam öz barizliyində: "Olum xislətdən öncədir”. Robert Anton Uillson bu fikrin mümkün yozumları ilə "oynayaraq” insanın məğzini, onun "mən”ini düşüncənin, mənəviyyatın, əxlagın, deməli, TƏRBİYƏNİN, ələlxüsus da TƏLİMİN, nəhayətdə isə TOPLUMUN, ətrarafımızın faktı, emblemi sayır: "...bizim anadangəlmə metafizik xislətimiz də yoxdur, "ego”muz da. Hərçənd fəlsəfələrin çoxusu bunu bizim adımıza çıxır. Hər şeydən əvvəl biz yaşayırıq və məcburuq ki, nəyisə nədənsə ayıraq, fərqləndirək, seçək. Bu eqzistensional seçimi başa düşmək, ya da ona təsir göstərmək niyyətində olan insanlar hər hansı bir xisləti bizə damğa kimi yapışdırmaq istəyirlər. Amma bu xislət sözdən və yarlıqdan savayı digər bir nəsnə ola bilməz”.
Cavid personajlari da hər an seçim qarşısında, ekzistensional problemlə üzbəüz: Allah, yoxsa İblis; ibadət, yainki üsyan; zöhd yoxsa kef? Biri uçuş vəd edir, o biri uçurum. Onların xislətini müəyyənləşdirən mühitdir, cəmiyyətdir, secdikləri yoldur.
"UÇURUM” və "UÇMAQ” sözləri arasındakı rabitənin mövcudluğunu xüsusi vurğulama-ğına heç dəyməz: onların hər ikisinin kökündə "UÇ” imperativi dayanır; biri sökülmək, dağılmaq, digərisə göyə qalxıb pərvaz eləmək əmri kimi qavranılır. Uçmaq torpaqdan səmaya yüksəlməkdir, aşağıdan yuxarı doğru müsbət işarəli hərəkətdir, mahiyyətinə görə qutludur, urvatlıdır, sakral mənası var. Uçurum isə yuxarıdan aşağıya aşmaqdır, kainatın dibinə yumbalanıb kosmosun ən qorxunc, qaranlıq nöqtəsində əbədi olaraq izsiz-tozsuz itməkdir. "Talmud”dini kitabəsində yəhudilər İom-Kippurim bayramının adətlərini təsvirləyərək yazırlar ki, İsrəhil övladları bu məgamda iki keçini qurban gətirməlidirlər: keçilərdən biri tanrı Yahvedən ötrü kəsilməlidir; digərisə şərin, qara enerjinin təmsilçisi, nifrinlənmiş mələk, odun, atəşin sahibi Azazel (İblisin ilkin variantı) üçün UÇURUMA atılmalıdır İsrəhil övladlarının ilboyu işlətdikləri günahların rəmzi kimi. Bu mənada uçurum Yerin azon örtüyünün gara dəliyinə bənzər bir məkan gismində obrazlaşdırıla bilər. Mənfi işarəli urvatsız hərəkəti özündə ehtiva edən UÇURUM aşağıya qayıdışsız "uçuş”dur, "uçub” yenidən yüksəlməyin mümkünsüzlüyünü eyhamlaşdıran yıxılmaqdır. Oradan geri dönmürlər. Uçmağın sıfır koordinatından sonra başlanır uçurum. Əbəs deyil ki, azəri türkcəsində "uç burdan!” kinayəli ifadəsi "uçmaq” felinin neqativ mənalarını aşkarlayır: yəni "yox ol”, "gözdən it”. SIFIR koordinatını insanlar "torpaq” adlandırıblar: torpaqsa iki boşluğu bir-birindən ayıran sərhəddir. Yuxarıda Allahdır, aşağıda İblis. Ol səbəbdən insan tanrı sorağında üzünü göylərə tutur, Allahı səmanın gizlinlərində ax- tarır; İblislə bağlıysa təsəvvürünə həməncə uçurumu gətirir.
"HEÇDƏN GƏLƏRƏK HEÇLİYƏ OLMAQDAYIM AZİM”.
Hər iki "qütb” heçlikdir: yəni uçurumdur. İnsanın nəsibi "Allah” və "İblis” nişanəli boş- luqlar arasında bulunub özünü seçim azadlığında qerçəkləşdirməkdir. Uçurumsa ÜSYAN təhrikçisi. ÜSYANLAR UÇURUMLARDAN PÜSKÜRƏR. İlk etirazın, ilk qiyamın müəllifidir İblis: yeri-yurdu, məskəni UÇURUM. Bu mələk üsyankar bir mələk: oddan yarandığına güvənib, öz od şəcərəsilə öyünüb insana səcdə etməkdən vaz keçər, Allah əmrindən cıxar, kinli bir qiyama qalxar. Və hətta insanların düşüncə müstəvisində özünə bəraət qazandırmağa çalışar:
"Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhası
Həp atəşə tapdırmaq idi zümreyi-nası.
Yalnız bunu dərk etdi o əllameyi-məşhur,
Yalnız o böyük baş, bu böyük kəşflə məğrur”.
Müsəlman mədəniyyətində OD İblisin simvolu. Allah da deyir ki, mənim oddan, odun fəsadlarından xəbərim yox: yəni onunla bacarmaram, ondan qorumağa zəmanət verə bilmərəm. Beləliklə, tanrı zəifliyini və nisbi məğlubiyyətini boynuna alır və cıxış yolunu alovun xislətini iblisanəlik ayağına yozmaqda görür. Bu, onun "bicliyidir”, intellektual fəndgirliyidir, bütpərəstliyə qarşı gizli qiyamı, mübarizəsidir: Allah sadə bir üsulla, odun xislətini ləkələməklə onu insanların gözündən "salır”. Halbuki veda ədəbiyyatında dünyanın, insanın odla təmizləndiyi, odla dirçəldiyi, əhya elədiyi söylənilir. Və ya, heç uzağa getmə, Zərdüştü düşün! Günəş enerjisi də alovdur, oddur, atəşdir; yandırıb-yaxır. Ancaq insan onu tanrıdan bilib "NUR” adlandırır. Niyə Allah alovu sevmir? Çünki aşağıdan yuxarıya "dil” çıxardır, şölələnib "kəkələnir”, qiyamçıya dönür, göylərə "meydan oxuyur”. Yəqin ki, kimsə nə vaxtsa "İblis” ideyasını məhz alova baxıb fikirləşib. Odda, alovda, atəşdə qiyamçını, bəlkə də İblisi, görüb tanımaqdan ötrü xüsusi bir istedad da gərəkməz. Cavid personajlarının hamisı bir üsyan təşnəsi. Onların fikri-zikri sanki öz bədənlərindən, öz qafalarından, öz mühitlərindən qopub göylərə sıçramaqdır. Bu insanların heç biri yaşadığı gerçəkliklə barışmaz: hərəsi özünəməxsus bir üslubda, bir tərzdə "ÜSYAN” deyib hayqirar. "Azər” poeması isə cəmi dünya üsyanları üçün bir paradiqma. Onun məğzini, anatomiyasını Cavid beləcə konkretləşdirər:
"Üsyan!..
Üsyan deyə hər gözdən, ağızdan bir nifrət uçardı.
Üsyan!..
Keçmişlərə, keçmişdəki adətlərə üsyan!
Hər üzdə təhəkküm izi vardı.
Üsyan!..
Həp əski hürufata da üsyan!..
Üsyan!...
Həp köhnə xürufata da üsyan!..”
Bütün qiyamlara, inqilablara bir "uçurum”, "söküm”, "dağıdım” ideyası pərçim. Üsyan bir tərəfdən Cavid əfəndiyə sonsuz bir həzz bağışlayır; digər yöndən isə onu qorxudur, vahiləndirir, qəribə bir coşqu içində saxlayır. Tanrı və İblis, inam və küfr, ibadət və üsyan, sevgi vənifrət, yaradım və uçurum Hüseyn Cavidin bir şəxsiyyət kimi düşüncə dramını şərtləndirən seçim əzabı. Bu əzabın virtual gerçəkliyi onun şerləri, pyesləri. Cavid öz fikirlərindən də, duyğularından da eymənir. Neyçün ki, qadağalar, yasaqlar fövqündə düşünür, varlığın, olumun mənasını, dəyərini, cövhərini dönə-dönə təftiş eləyir və konkret bir qərar verməyə çəkinir. Gəldi- yi ötəri nəticələrsə onu üzgünləşdirir, ruhunu ağradır, bu adamı anbaan axirət ideyasına doğru aparır, esxatoloji ovqat burulğanında batırmağa çalışır, içində bir UÇURUM oyub açır. Aydın məsələdir ki, belə bir qnoseoloji və ruhi vəziyyət Cavid əfəndini çaşdırır: o özünü, ruhi yaşantılarını, qavrayışında əks olunmuş dünyanı tanıya bilmir və ya tanımaqdan imtina edir. Şayəd elə isə Cavid müəmmasını çözmək, Cavidi tanımaq mümkün olan şeymi, yahu? Əsla, mümkünsüz. Sadəcə, bu bizim özümüzü, "İNSAN” deyilən bir bəndəni, məxluqu, yəni xəlq edilmişi anlamaq cəhdimizdir. Nədən ki, Hüseyn Cavidin bədii məkanı virtual sınaq modelidir, dünyanın virtual uçurumudur.
Bu modeldə Yaxın Şərq poeziyasının təmtəraqlı ahəngi, musigili pafosu, müdrükanə sözü, müsəlman düşüncəsinin bərbəzəkli, şəbəkəvari labirintləri, Qərb əxlaqının qurnaz şakərləri, avropalının yaşam tərzinin ayətləri, köçəri türkün mərdanə sadəliyi, qaba çılğınlığı Orxon-Yenisey abidələrinin estetik hüsnünə köklənib uçurum tüstüləri kimi bir-birinə calanır. Pyeslərində Cavid əfəndi öz təlqinlərilə bir ŞAMAN SEANSI, bir DƏRVİŞ ZİKRİ qurur. Qulaq kəsilmək kifayətdir ki, sən də onlara qoşulub vird eləyəsən və ya uçurum rəqqasına dönəsən, uçuruma atılmaq qəhrəmanlığının, etirazın zirvəsinə yüksəlmək qürurunun həzzini yaşayasan. Əgər Cəfər Cabbarlı dramları öz dinamikası, iştirakçıların bir-birinə münasibəti, davranışı, rəftarı baxımından, reaksiya, mimika və jestlərin ritmi sarıdan, teatral gərginlik, emosionallıq yönündən qaynayan maqmaya bənzəyirsə, Cavid pyesləri düppədüz sakit dənizi xatırladır. Əsl təlatüm, həyəcan suyun dibindədir: yuxarıda isə təkcə amiranə tərzdə "avar çəkən” sözlərdir. Hüseyn Cavid dramaturgiyasında səhnələr və konfliktlər ildırım kimidir: birdən çaxıb birdən də yox olar, ucurumlarda gözdən itər. Və biz "avar çəkən” sözlərin teatral poetik pıçıltısını yenidən eşidərik. Həqiqətən, heyrətamiz bir məqamdır: fəlsəfədə Fridrix Nitşe haralara gedib çıxmışdısa, Hüseyn Cavid də öz bədii əsərlərində həmin düşüncə hücrələrinə varır. Nədirsə, səbəblərini dəqiq bilmirəm, amma məndə belə bir duyğu var ki, Cavid qəhrəmanlarının yaşı Adəm və Həvva əhvalatı qədərdir, Nitşenin Zərdüştü qədərdir. Halbuki onun personajlarının əksəriyyəti müəllifin müasirləridir. Bu adamların sırasında nə bir fəhlə, nə bir kəndli: Cavid maarifçiliyin eqzistensional fəlsəfəsini düzüb-qoşarkən ziyalıların, əqidə sahiblərinin müxtəlif vəziyyətlərdə və situasiyonlarda necə qərar qəbul edəcəklərini ön plana çəkir. Onu bir düşü- nər, bir ədib kimi maraqlandiran maariflənmiş azəri türkünün, bu qövmə mənsub mühərrir, rəssam, zabit, şair və filosofun eqzistensional problemləridir. Hərçənd bəşər övladının daimi ruhsal durumu bu. Düşüncə labirintlərinin hamısı "olum, ya ölüm” sualının konkretliyində modelləşdirilir. Odur ki, permanent olaraq dilemma qarşısında dayanmış Cavid qəhrəmanla- rının xislətini yalnız onların seçdikləri yol müəyyənləşdirir. Lakin bu insanlar həmişə bir şübhə içində: fikirlərini TƏLƏSİK dəyişməyə hazır. Çünki ƏBƏDİ heç nə yox; hər şey HƏLƏLİK. Cavidin batinində püskürən mənəvi-intellektual, dini-kulturoloji üsyanın miqyası kosmik, enerjisi virtual. Di gəl ki, cəzası gerçək. Sibir uçurumu ona düşüncələrinə və şübhələrinə görə göndərilmiş bir CƏZA, bir AQİBƏT. İblis yaxin, tanrı uzaq: aldanış və həqiqət bir-birinin içinə gömülmüş. Cavid əfəndinin özü isə İBADƏT və ÜSYAN arasındakı uçurumda çaşıbqalmış bir filosof: bir addımlığında intihar kabusu sürünər.
Bununla belə məsələnin başqa bir tərəfi də mövcud. Hüseyn Cavid öz bədii dünyasının diktatoru. Gərçi Şekspir ƏSƏRLƏRİNDƏ yaratdığı obrazların köləsidirsə və bu qəhrəmanların buyurduğu, tələb etdiyi kimi davranırsa, hökmlərinə müntəzirdirsə, Cavid əfəndi öz personajlarının tanrısıdır, sultanıdır və onları ipli kuklalar kimi hərəkətə gətirir: Ona görə ki, ideal sahmana, ideal harmoniya və ideal gözəlliyə can atır. Əgər Şekspiri ilgiləndirən yalxı ehtiras- dırsa, bu ehtirasın törətdiyi intelektual gəzişmələr və müxtəlif qayəli çarpışmalardırsa, Cavidi daha çox intellektin duyğuya uyaraq aldanıb cızdığı, dəyişdiyi karmanın, taleyin, aqibətin dini-kulturoloji yozumu, insanın daxilinə gömülmüş mübarizənin mistik təzahür gözəlliyi düşündürür. Bu gözəlliyin, bu idealın, bu harmoniyanınsa Cavid dramaturgiyasında yalnız bir dağıdıcı qarşıdurumu var: UÇURUM; yəni XAOS.
Maral, Şeyda Rəmzi, Şeyx Sənan, Səyavuş, Knyaz, Cəlal, Afət, Arif bilmərrə UÇURUM sakinləridir: onlar bu virtual məkanda yaşayib elə oradaca qeyb olarlar, İBADƏT və ÜSYAN qovğasının alovuna yanıb-yaxılarlar.
Fridrix Nitşein "Zərdüşt”ündən tanınan fəci taleli TƏLXƏK-KƏNDİRBAZ Cavidin bədii dünyasında müxtəlif görkəmlərdə zühura gəlir. Bu obrazların hər birinin içində bir Nitşe uyuduğunu sübut etməyə heç bir hacət yox.
HÜSEYN CAVİD DRAMATURGİYASINDA UÇURUM EYHAMDIR.
SƏYAVUŞ İRAN VƏ TURAN UÇURUMUNUN QƏHRƏMAN KUKLASIDIR.
KNYAZ MEHVƏRİNDƏN ÇIXMIŞ ZAMANIN DƏLİ TƏLXƏYİDİR.
UÇURUM ÜZƏRİNDƏ QANAD ÇALMIŞ BİR FIRTINA QUŞUDUR AZƏR, "ÜSYAN”
DEYİB BAĞIRAR.
CƏLAL MİSKİN UÇURUM RƏQQASIDIR.
AFƏT UÇURUM TÜSTÜLƏRİNDƏ BOĞULAN TÜRK YAVRUSUDUR.
Mifik təfəkkür uçuruma atılmağı ölüm tanrısına, şər mələyinə qurban kimi qavrayır.
UÇURUM ŞEYX SƏNAN ADLI SEVGİ DƏRVİŞİNİN SON DAYANACAĞIDIR: "FƏ-
NA” NƏDİRSƏ, ELƏ BUDUR.
İBLİS UÇURUM BƏLƏDÇİSİDİR.
SİBİR SÜRGÜN UÇURUMUDUR.
Və bütün bunların hamısı bir cürə mənalanır: YER KÜRƏSİNİN YERİ UÇURUM.
CAVİD XX ƏSR AZƏRAYCAN MƏDƏNİYYƏTİNİN FİKİR KƏNDİRBAZIDIR.
SONUCDA İSƏ "İŞTƏ BİR DİVANƏDƏN BİR XATİRƏ: BİR OYUNCAQDIR CAHAN BAŞDAN-BAŞA...”
Çünki İNSAN İBADƏTLƏ ÜSYAN ARASINDA BİR DİVANƏ!