İran xəzinəsindən oğurlanan 14.5 ton qızıl və ya“Fətəli xan” filminin taleyi

İran xəzinəsindən oğurlanan 14.5 ton qızıl və ya“Fətəli xan” filminin taleyi
18 avqust 2016
# 09:00

Kulis.az Aydın Dadaşovun "Başı bəlalı Fətəli xan" yazısını təqdim edir.

Məlumdur ki, 1768-ci ildə Şəkili Hüseynəli xanın hazırladığı sui-qəsddən can qurtarmaqla Şamaxı, Cavad xanlıqlarının ərazilərini tutaraq Dərbənd, Quba, Şirvan və Muğana hakim olan, Qubalı Fətəli xan Azərbaycanın şimali-şərqində möhkəmlənsə də, Rusiyadan gələn təhlükəni dəf etmək üçün mərkəzləşmiş dövlətə tələbatı dərindən dərk edirdi.

Bir il sonra Şəki xanlığını da özünə tabe etdirərək Dağıstan feodalları ilə uğurlu müharibələr aparan Fətəli xan hələ 1726-cı ildə atası Hüseynəli bəyin Rus çarının iradəsiylə yaranan Quba xanlığına rəhbər təyin olunması faktına güvənməklə şimaldan gözlənilən güclü ordu ilə üzləşməmək məqsədi güdürdü. Müharibənin qızğın çağında-1942-ci ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin qərarı ilə hələ XVIII əsrdə müstəqil Azərbaycan dövlətinin yaranması uğrunda mübarizə aparan Quba xanına həsr olunmuş, yazıçı Ə.Məmmədxanlının yazdığı «Fətəli xan» ssenarisi rejissorlardan A.İsgəndərov və M.Mikayılova həvalə olunsa da, filmin istehsala buraxılması ləngidi.

Əslində, 1941-ci ilin avqustunda SSRİ və Böyük Britaniya­nın birləşmiş qoşunlarının İrana müdaxiləsi müharibənin ilk ayların­dan Almaniyanın nüfuz dairəsində olan Rza şah hakimiy­yətinin irtica rejiminin iflasına səbəb oldu. Cənubi Afrika İttifaqında ingilislərin nəzarətində olan Rza şahı İran körfəzi ilə Qafqazı birləşdirən yollara hərbi nəzarət edən SSRİ və Böyük Britaniyanın razılığı ilə onun oğlu Məhəmməd Rza şah (1919-1980) əvəz etsə də, əsas hakimiyyət sərbəstlik qazanmış müxtəlif siyasi qüvvələri təmsil edən məclisin əlində idi. Ölkənin dövlət xəzinəsindəki 14,5 ton qızılı mənimsəmiş sovet ordusunun dəstəyi ilə söz sahibinə çevrilən İran Kommunist Partiyasının varisi Xalq Partiyası (Tudə) monarxiyanın daha da məhdudlaşdırılması, demok­ratik və sosial islahatların keçirilməsi yolunda əhali arasın­da geniş təbliğat işi aparırdı. Belə bir şərait siyasi fəaliyyətinə görə on il həbsxanada yatmış peşəkar jurnalist Seyid Cəfər Pişə­vərinin rəhbərliyi ilə yaradılan Azərbaycan Demokratik Partiya­sının qurduğu milli hakimiyyətin ilkin mərhələsinin formalaş­masına səbəb oldu. Əsl niyyəti marksist ideyaları Şərqə yeritmək olsa da, Qafqazda bütöv Azərbaycan görmək istəməyən Stalinin bu məsələdə gözləmə mövqeyi tutması milli hakimiyyətin gələcək taleyini həll etdi.

1 dekabr 1943-ci ildə SSRİ, ABŞ, Böyük Britaniya dövlət­lərinin Tehran konfransında Stalin Türkiyənin müharibəyə cəlb olunmasını kobud şəkildə israr etsə də dövlət xəzinəsindən 14,5 ton qızıl mənimsədiyi İrana qarşı yumşaq mövqe seçdi. Stalin, Ruzvelt və Çörçillin Tehran konfransında imzaladıqları «İran haqqında deklarasiya» bu ölkənin müstəqilliyi naminə ərazi bütövlüyünün qorunmasına təminat versə də, hələ ki, qərardan xəbərsiz olub Sovet qoşunlarının bölgədə yaratdığı imkandan istifadə edən Seyid Cəfər Pişəvərinin hakimiyyəti Milli Məclisdə təsdiqlənən qanunla Azərbaycan dilinə dövlət statusu versə də, əslində marksizmin ixracı siyasəti ilə üst-üstə düşən bütöv Azər­bay­can ideyasını reallaşdıracaq «Fətəli xan» filminin bağlanması təbii idi.

1945-ci ilin sonlarında arxasında Kremldə söz sahibi olan A.Mi­ko­yanın, faşizm üzərində qələbənin simvoluna çevrilən mar­şal­lardan İ.Baqramyanın, A.Babacanyanın, akademik V.Am­bar­sum­yanın, sovet salnaməsini yaradan tarixçilərdən L.Şaumyanın, M.Şa­qinyanın qurduğu Ermənistan KPMK-nın birinci katibi G.Arytyu­nov Dağlıq Qarabağın ermənilərə verilməsi məsələsini qaldırdıqda L.P.Beriyanın və G.M.Malenkovun da dəstəyi ilə Mir Cəfər Bağırov Qafqazda azərbaycanlıların sıx yaşadığı ərazilərin, o cümlədən qədim Dərbəndin də geriyə qaytarılmasını sərt və prinsipial şəkildə qabartmaqla problemi qapadır. 1946-cı ildə Mir Cəfər Bağırovun iradəsilə yenidən istehsalata buraxılan, kinorejis­sor Yefim Dziqanın quruluş verdiyi, «Fətəli xan» (ssenari müəllif­ləri M.Hüseyn və Ə.Məmmədxanlı. 1947) filmində artıq guya İran və Türkiyə təcavüzünə məruz qalan Azərbaycanın Rusiyaya bir­ləş­dirilməsi məsələsi önə çəkildi. XVIII əsr xanlıq dövrünün problemlərindən; daxili çəkişmələrdən, işğal niyyət­lərindən bəhs edən diktor mətninin altındakı portret – panorama­nın sonundakı dəbilqəli, əli qılınclı Fətəli xanın (Ələskər Ələk­bərov) «Niyə susursuz!» sualının cavabsız qalmasının günahsız­ların dilinin kəsilməsi ilə bağlı olması dövrün ziddiyyətlərini qabar­dır.

Kütləvi səhnələrdə ölmüş qocanın, sevgililərin, qızının üzərin­də ağlayan qarının fonundakıların hərəkəti kadr daxili dinamika­nı artırmaqla yanaşı, arxasından tüstü dumanın, önündən vətənini, yurdunu tərk etmək zorunda olanların kölgəsi keçən Fətəli xanın xalqına müraciəti, bütöv Azərbaycan ideyasını bəyan et­məsi audiovizual həllini tapmaqla informasiyanı gerçəkləşdirir. Hər­bi düşərgəsindən qasidlər göndərməklə özünün toy mə­ra­siminə digər xanları da dəvət etmələrini tapşıran Fətəli xanın iri planı arxasında köç edən əli yabalı, inək-buzovun buynuzlarından dartan piyada, atlı-arabalı kəndlilərin, uşaqların görünməsi pavil­yon çəkilişlərində ikili təsvir yaratmaqla, kadrı zəngin­ləş­dirərək kine­ma­toq­rafikliyi artırır. Əslən rus olan nəbatatçı səyyaha baba­larının da Ru­siyaya rəğbətini bildirən, Yekatirinanın Türkiyə ilə müharibəsinin nəti­cəsini öyrənən Fətəli xanın onun davacatından imtina etməsi ilə diplomatik gedişin üzə çıxması, şimal ölkəsinə meylin məc­bu­ril­i­yi­ni əsaslandırır. Bəzi xanların toya yığıldığı şəraitdə Şamaxı hakimi Ağa­sı xanın (Rza Təhmasib) yanından gələn yaraqlı qasidin sara­ya çatsa da, canını tapşırması tarixi ziddiyyəti dramaturji struktura qoşur. İdeyası naminə Fətəli xanın öz qaynı-Avar hakimi Əmir Həmzəyə (İsmayıl Əfəndiyev) vuru­lan bacısı Xədicə Bikəni (Nəcibə Məlikova) Bakı xanı Məlik­məm­­mədə (Möhsün Sənani) ərə vermək niyyəti ziddiyyəti ailə müstəvisinə gətirir. Qadın rəqsi uzansa da, rəqqasələrin arasındakı Xədicə Bikənin hüznü plastikasında yaranan daxilin­dəki təlatüm karnaval estetikasında təqdim oluna bilir. Şamaxı hakimi Ağası xanın hücum xəbərindən dərhal sonra yürüş başlansa da, vahid Azərbaycan bayrağına and içən Fətəli xanın ideyası uğrunda ölümə getməyə hazır olması xarakteri doğruldur. Sevgilisinin əlindən alındığına görə xəncərə əl atan Əmir Həmzənin öz bacısı-Fətəli xanın xanımı Tuti Bikə (Leyla Bədirbəyli) tərəfindən sakitləşdirilməsi ailə daxili müvazinətin sarsıldığını təsdiqləyir. Toy günü gəlini qoyub döyüşə gedən Fətəli xanın Tuti Bikəyə də, bəd ayaqda qılınca əl atmağı tövsiyyə etməsi xarakteri gücləndirir. Zurnada çalınan «Cəngi»nin sədaları altındakı döyüş səhnəsində qardaş qırğınının təqdimatı audio­vizual həllini tapır. Uzun panoramada at belində çapan məğlub əsgərlərin iki əlli tutaraq diz üstə təzim etdikləri bayraq döyüş uduzulsa da, qələbənin irəlidə olduğunu səciyyələndirir. İranlı Sərdari Əzəmin yoldan çıxardığı qolu bağlı Ağası xanın gözlərinin Şəki hakimi Hüseyn xan (Ə.Məlikov) tərəfindən çıxarılmasına Fətəli xanın təəssüfü tarixi fakta əsaslanır. Şamaxıya qılıncıyla yol açdığını deyən Hüseyn xanın torpaq iddiası Fətəli xanın qəzəbinə səbəb olmaqla filmin ideyasını yenidən qabardır. «Doğma torpağı bölüşdürmək yox, Hüseyn xan, birləşdirmək lazımdır. Bunun üçün də, biz qılınca əl atmışıq!» deyən Fətəli xanın vəziyyətinin çıxılmazlığı onu daha qlobal vasitələrə əl atmağa məcbur edir. Gözləri çıxarılmış Ağası xanın əl havasına sarayda gəzə-gəzə intiqam üçün pərvərdigardan qılınc istədiyi məqamda zalımı Hüseyn xanla üz–üzə gəlməsi dolaşıq ziddiyyət yaratsa da personajların obrazlaşdırılmasına şərait yara­dır. Verilən qılıncın tiyəsində barmaqlarını gəzdirib dodaq­larına yaxınlaşdıran Ağası xanın intiqama and içməsi dramatizmi artırır. Bakıda olan Fətəli xana əks olan xanların tövsiyyəsi ilə Əmir Həmzənin bacısının idarə etdiyi Dərbəndə girməsinin qərara alınması xəyanətin konturlarını cızır.

Rusiya tacirlərinə Bakı limanında metal məmulatlarına gömrüyün iki dəfə azaldılması şimal ölkəsi ilə iqtisadi əlaqələri möhkəmləndirir. Bacısı Tuti Bikənin yanına gələrək ərinin döyüşdə həlak olduğunu deyən Əmir Həmzənin qoşunlarının sarayı zəbt etməsi ilə Fətəli xanın gəmilərlə Bakıdan Dərbəndə gəlişinin paralel montajı dinamizmi artırır. Fətəli xanın: «Bəd ayaqda qılınca əl atmaq» tövsiyəsinin Əmir Həmzənin dilindən səslənən «Göz yaş­ları Tuti Bikənin təsəllisi olsun!» cümləsinə uyğun gəl­mə­di­yin­dən şübhələnən xanımın intiqama çağırışı, xəyanəti duyan gö­zət­çinin qətlə yetirilməsi, əhalinin döyüşə qaldırılması gözönü hadisələri qızışdırır. Saraya qayıdan Fətəli xanın artıq böyümüş oğlunu bağrına basması zaman həllini tələsdirsə də, diktor mətnində illərin keçməsinin, vahid dövlətin, parlamenti əvəz edən divanın yaranmasını bildirməsi səbəb nəticə əlaqəsini nizamlayan süjeti tənzimləyir. İrandan gələn Sərdari Əzəmin elçisinin (Ağasadıq Gəraybəyli) tabeçilik tələb edən məktubunun divan tərəfindən müzakirəsi ilkin demokratizmin tə­za­hürünə çevrilir. Rusiya ilə dostluq münasibəti əsasında müstəqil dövlət yaratmaq fikrinin divanda–parlamentdə səslən­məsi, İranın təklifinin rədd edilməsi ilə yeni döyüşlərin yaxınlaşması tarixi məqamları əks etdirir.

Müdafiə, istehkam qalasının tikilməsinə daş əldə etmək üçün məsciddən başqa binaların, evlərin sökülməsi yeni bədii ifadə vasitələrinin üzə çıxmasına şərait yaradır. Qocanın lingi vurması ilə qarının əllərini uçurulan evin divarına sürtərək ağı deməsi, damı külünglə dağıdanların toz–dumana bürünməsi ilə bir planda həlli, uçurulan evlərin arasında Fətəli xanın hüzünlü yerişi ifadəliliyi artırır. Dərbənd qalasının hazır olması fikrinin diktor mətnində səslənməsi tarixi həqiqətə kölgə salsa da, filmin bədii çərçivə həllində məqbul sayılır. 1774–cü ildə İranın təhriki ilə Gavduşan çölündəki üsyanın Fətəli xanın məğlubiyyətinə səbəb olması, dövlət bayrağının ayaq altına sərilməsi yeni kütləvi səhnəni ekrana gətirir. Döyüş meydanında nə ölüsü, nə də dirisi tapılmayan Fətəli xanın yaralı halda çay kənarında bayrağı köksünə basmaqla özündə qüvvə tapıb Dərbəndə qayıtması, artıq formalaşmış dövlətçiliyin həyata davamlılığını təsdiqləyir. Məhz bundan sonra Yekatirinaya məktubun göndərilməsi, rus qoşunlarının çağrılması məntiqi görünmədiyindən mexaniki həllini tapır. Əmir Həmzənin: Atəş!» deyib atdırdığı top mərmisinin Xədicə Bikəni məhv etməsi ilə şəxsi motivi ictimaiyə qurban verdirir. Ağ bayraqların cırılıb atılmasını əmr edən Fətəli xanın sona qədər gözlədiyi rus hərbi gəmilərinin gəlişi tarixi həqiqəti bərpa etməklə filmi tamalayır. Bu dəfə rus ordusu qarşısında iki əli ilə qılınc tutub diz çökən əsgərlərin yanından keçən gəlmə komandanı «Salam!» deyib qarşılayan Fətəli xanın at belindəki qalibə çevrilməsi tarixin çətin çözüləcək səhifəsini açsa da, «Gəlin hamımız and içək ki, günəş vahid Azərbaycanı işıqlandıran günə kimi xalqımız öz mübarizəsini davam etdirəcək!» cümləsi həqiqətin timsalına çevrilir. «Fətəli xan» filmi uzun illər qəbul edilməyib on iki ilə yaxın rəflərdə qalsa da, nəhayət, üç hissəsi kəsilib atılmaq şərtilə tamaşaçıların ixtiya­rına verildi. Aradan uzun illər keçsə də, Mehdi Hüseynlə Ənvər Məmmədxanlının qurduqları dramaturji modelin, Yefim Dziqanın yaratdığı obrazlılığın, Əlisəttar Atakişiyevin zəngin təsvir həllinin, başda Ələskər Ələkbərov olmaqla aktyorların mükəmməl oyun tərzinin təravəti ekranda yaşayır.

# 2723 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #