Tonqalda yandırılan qız necə müqəddəs oldu?

Tonqalda yandırılan qız necə müqəddəs oldu?
24 avqust 2015
# 13:45

Kulis “Dünya kinosu-120” layihəsində professor Aydın Dadaşovun “İri planların dialoji montajı” məqaləsini təqdim edir.

“Əsrlərin ənginliklərindən yaz günəşi kimi boylanan Janna d.Arkın dəyəri yalnız ariflər üçündür”

Mark Tven

Fransızlarla ingilislər arasındakı 100 illik müharibədə 13 yaşından ölkəsinin azadlığı uğrunda vuruşan əfsanəvi xalq qəhrəmanı, ölümündən 22 il sonra d.Ark soyadını qazanacaq Orlean qızı Jannanın işğalçı ordunun təzyiqi, reqressiv din xadimlərinin fitvası ilə Ruanda keçirilən məhkəmənin (yanvar-may 1931) qərarına əsasən 19 yaşında tonqalda yandırılması, 15 il sonra keçirilən əks prosesdə reqressiv əməlin haqsız sayılmasına (1455-1456) əsasən katolik kilsənin qərarı ilə müqəddəslər siyahısına salınması haqq-ədalətin təntənəsinə çevrildi. Tarixi personaj yepiskop Pyer Koşonun Ruan məhkəməsinin sənədlərini, protokollarını qismən saxtalaşdırdığını bildirən E.B. Çernyakın “Təkcə Karl Vll və onun sələflərinin yüz illik hakimiyyəti dövründə Janna d.Arkın tarixçəsini 22 fransız, 8 burqund, 14 xarici salnaməçilər əks etdirmişdir” (Черняк Е.Б. Таинственные обстаятельства жизни и смерти Жанны д.Арк. М. 2004. с.127) cümləsi subyektiv müdaxilənin qaçılmazlığını təsdiqləyir. Bədii təxəyyülün məhsulu sayılan ədəbiyyata Şillerin, Mark Tvenin, Bernard Şounun, Jan Anuyun, Pol Klodelin, musiqiyə Cüzeppe Verdinin, Pyotr Çaykovskinin, Şarl Qunonun rəssamlığa Rubensin, Jan Pol Qogenin, Jan Enqrin gətirdikləri Janna d.Arkın ekran həyatı bədii-oyun kinosunun ilk eksperimentlərini aparan rejissor Jorj Meliesin 500 nəfərin iştirakı ilə kütləvi səhnəsini reallaşdırdığı 15 dəqiqəlik “Janna d. Ark” filmi (1898) ilə başlanır.

18 yaşında klassik gimnaziyanı əla qiymətlərlə bitirdikdən sonra məşğul olduğu jurnalistika ilə yanaşı pianoçuluğun da peşəkarı sayılan danimarkalı rejissor Karl Teodor Dreyerin öz ssenarisi əsasında quruluş verdiyi “Janna d.Arkın ehtirasları” filminin (1928) Ruan məhkəməsinin materiallarını əks etdirən əlyazmalarla başlanması sənədlilik faktorunu önə çəkir.

Və ayaqları, sinəsi zəncirli, donuq sifətli işğalçı ingilis zabitlərinin əli nizəli əsgərlərinin əhatəsindəki qandallı Jannanın həbsxanaya gətirilməsi sənədliliyi xətti süjetdə davam etdirir. İnsanlığa qarşı yönələn orta əsr amansızlığı ilə ölkəsinin müstəqilliyi naminə canından keçən Janna d.Arkın günahsızlığını əks etdirən məhkəmə materiallarının mövcud mətni filmin mövzu həllini yaradır. İlk kadrlarda qısa saçı üz cizgilərinin dəyişkənliyini qabardan Jannanın işıqlı simasının, bəlkə də Allahı unutduğundan alnını, yanağını ziyillər bürümüş yepiskop Pyer Koşonu (Ejen Silven) əhatələndirənlərin dazbaş, tosqun, buxaqlı, bürüşmüş sifətlərlə qarşılaşdırılması fonunda səslənən haqsız ittihamlara verilən məntiqli cavabların subtitrlərdə görünməsi şərin ifşasını uğurla göstərə bilir.

Nəticədə fikrin səfərbərliyinə imkan yaradan psixoloji portretlərin ekrana gəlişi mələklə şeytanların üz-üzə gəlməsini gözönü təsvir həllində göstərə bilir. Və ümumi planların yoxluğu, hətta ittihamları səsləndirən qara ağızların boynuburuq Jannanın bəyaz qulağına yaxınlaşması detalların psixoloji qarşıdurmasını göstərərək illüstrativliyi aradan qaldırmaqla tamaşaçını ekranla daha möhkəm bağlarla birləşdirir. Dövrün geyimlərinin, əlbəsələrin deyil, hadisəli portretlərlə subtitrlərin - yazılı mətnin qovşağında təzahürü strukturun semantik dramatizmini artırır.

Ruan məhkəmə binasının qarşısındakı meydanı da əks etdirən dekor divarlarının hər an aradan qaldırıla bilməsi iri planlar qalareyasının müxtəlif rakurslardan, dəyişməz işıqla lentə alınmasına şərait yaradır. Ekranda əsasən fraqmentləri görünən dəhlizlərin kameraların divarlarının bəyazlığı, dəmir barmaqlıqların yaratdığı məhdudiyyəti işıq – kölgə konturlarının qabardılmasında göstərir. Barmağından üzüyünün çıxarılıb ovcuna qoyulmasına reaksiyasında, qalın dodaqları arasında yaranan təbəssümünü qoruyan Jannanın hələ ki, dünyadan ümidini üzmədiyi nəzərdən qaçmır.

Jannanın zərif kətan kəndirdən hazırlanmış tacının ingilis əsgərinin qılıncına keçirilməsi müstəqilliyə təcavüzün obrazını yaradır. İttihamnaməni imzalamağa vadar edildiyi məqamda cəza alətlərini; ucu qarmaqlı zənciri, iri dişli mişarı, dəmir çıxıntılı toppuzu, fırlanan təkərə düzülmüş oxları görməklə bayılan Jannanın qolundan neştərlə qan alınmaqla özünə gətirilməsi şərin amansızlığını tamaşaçını şoka salan ekspressiv metodla göstərir.

Məhz bu məqama qədər 19 yaşlı Janna d. Arkın ilkinliyini qoruyan 39 yaşlı Rene Falkonettininin alnının qırışlarının ekrana gəlişi gözönü hadisələrdə çəkilən əzabların mənzərəsini yaradır. Jannanın dilindən səslənən “Şeytan özü sizləri mənə əzab vermək üçün göndərmişdir!” xitabının subtitrlərdə yazılması baş verənləri, onun Allahın sınağı kimi qəbul etdiyini təsdiqləyir.

İngilis əsgərlərinin müqaviməti sındırılan Jannanı məzlum insanların tədricən yığıldığı meydana xərəkdə gətirmələri işğalçıların məhv etdikləri azadlıq hərəkatının simvolunu təcəssüm etdirir. Müttəhim üçün qazılan məzardan çıxan, göz oyuqlarında tırtıllar gəzişən kəllədən üzünü çevirən Jannanın çəmənlikdəki otları, çiçəkləri belə yaxından görməsi ölümə qarşı yönələn həyat eşqi iri planda, rejissorun peşəkar üslub göstəricisinə çevrilən metodla göstərilir. Adamların yığılması ilə kilsənin hündür divarlarından meydana açılan xırda pəncərələrdən cəza alətlərinin atılması işğalçılarla üzdəniraq dindarların xalq hərəkatına qarşı birliyini təcəssüm etdirir. Meydanda foksçuların iştirakı ilə göstərilən kütləvi tamaşa fonunda ittihamnaməsini imzalamağa məcbur qalan Jannanın simasına yaraşıq verən saçının kobud şəkildə qayçılanması, bərbərin yerə tökülən tüklərlə birgə kətan ipdən hörülən tacı da süpürməsi müstəqilliyin itirilməsi ilə dünyanın eybəcərləşdirilməsini təcəssüm etdirir.

Edam kürsüsünə - tonqala yaxınlaşdırıldığı məqamda qarının əlindəki kasadan su içirtdiyi, anasının iri giləli döşündən süd əmən körpənin dönüb baxdığı Jannanın kilsənin günbəzinə qonan göyərçinləri görməsi zülmün müvəqqətiliyini haqqın əbədiliyi ilə qarşılaşdırır.

Tonqalın yandırılması ilə əlləri bağlanan Jannanın günbəzdən qalxan göyərçinləri tüstü arxasından izləməsi ilə paralel subtitrdəki: “Mən tək olacağam, Allahla birgə!” mətninin görünməsi vətən uğrunda canından keçənlərin müqəddəsliyini səciyyələndirir. İngilis əsgərlərinin tonqalla birgə alovlanan üsyanı yatırtmaq cəhdində Jannaya su verən qarının ölümü fonunda atılan daşların dəmir barmaqlıqlarını dəlib keçdiyi kilsənin zəncirli körpülərin qalxması ilə əhalidən ayrılması satqınlığın simvolunu yaradır. Paralel olaraq özü məhv olsa da ideyası qalib gələn faciə qəhrəmanına çevrilən Janna d. Arkın ekran personajı dünya miqyasında tamaşaçı rəğbəti qazanan bədii örnəyə çevrilir.

İri planlardan ibarət portretlərin dialoji montajını kino tarixində ilk dəfə tətbiq edən Karl Teodor Dreyerin həvəskar teatrdan tapdığı (1926) sağlam qadın ehtirası günahsız göz yaşlarında belə ilə üzə çıxan Rene Falkonettinin oyunun psixologizmi filmin uğurunda müstəsna rol oynadı. Digər aktyorlarla birgə qrimsiz çəkilən bulaq kimi qaynayan gözlərindən dünyanın kədəri yağan, mimikalardan, jestlərdən yerli-yerində istifadə edən xüsusən əl hərəkətləri ilə hadisəli pauzalarını mənalandıran Rene Falkonettininin təcrübəsinin yoxluğuna baxmayaraq faciəvi rolda personajını dəyişkən təklif olunan vəziyyətlərdə göstərə bilməsi şübhəsiz ki, quruluşçu rejissorun peşəkar üslubu hesabına bədii həllini tapır...

Hiyləgər yepiskop Pyer Koşonun qul təfəkkürlü kahinlərindən fərqlənməklə Jannanın tərəfini saxlayan Jan Massye rolunda dekorlara, geyimlərə, əlbəsələrə deyil aktyorun sifətinin, bədəninin nümayişinə üstünlük verən “Kasıb teatr” prinsipinin banisi Antonen Artonun oynaması çəkiliş meydançasına məhz bu metodun hakim kəsilməsini məntiqi cəhətdən əsaslandırır... Quruluşçu rejissorun bədii yozumunu təsvirdə reallaşdıran filmin operatoru, yaradıcılığı boyu dörd dəfə “Oskar”a təqdim olunan Rudolf Matyenin də peşəkar üslub cəbbəxanasının imkanları Janna d.Arkın müqəddəs amallar uğrunda canından keçənlərin şər üzərində qələbə çalan xeyrin simvoluna çevrilməsində müstəsna rol oynayır...

Janna d.Arkın faciəvi sonluğunun sarsıntılarını yaşantı prinsipi ilə ekrana gətirərkən dəfələrlə kamera qarşısında “ölüb-dirilən”, bayılmalar keçirməklə özündən gedən, hətta rejissorun peşəkar üslubundan gələn gərginliyə dözməyib çəkilişlərdən uzaqlaşmaq istəyən aktrisa Rene Falkonettiinin baş rolda oynadığı bu yeganə filmindən sonra həyatını ruhi xəstəxanada keçirməsi faktı da məlumdur.

6 dekabr ­1928-ci ildə UFA kino şirkətinin Berlindəki studiyasında baş verən yanğında premyerası Danimarkada (21.04.1928), Fransada (25.10.1928) keçirilsə də, Jannanı ələ salan ingilis əsgərlərinin zalımlıqlarının qabardılmasına görə Böyük Britaniyada nümayişinə qadağa qoyulan “Janna d.Arkın ehtirasları” filminin neqativlərinin məhv olması Karl Teodor Dreyeri vaxtilə montajda imtina etdiyi dubllardan filmini yenidən yığmağa vadar edir. Laboratoriyada1baş verən yanğın nəticəsində (1929) bu nüsxənin də məhvindən sonra Vivaldinin, Albinoninin və barokko dövrünün digər bəstəkarlarının musiqisi ilə, subtitrlərlə yenidən bərpasını fransız kinoşünası Jozef Mari Lo Dyukun öz üzərinə götürməsi (1951) yalnız filmin nümayişində yaranan boşluğu doldurdu. “Janna d. Arkın ehtirasları” filminin danimarka dilindəki subtitrlərlə ilkin nüsxələrindən birinin məhz vaxtilə Rene Falkonettinin ömrünü başa vurduğu, Oslo şəhərindəki ruhi xəstəxananın anbarından tapılaraq (1981) Norveç kino institutuna göndərilməsi ilə bu ilkin nüsxənin fransızca subtitrlərlə bərpası (1985) isə sənətin əbədiliyinin təsdiqinə çevrilir... Ole Şmidtlə Rixard Aynxornun məxsusi bəstələri hazırlansa da, səsin təsvirin qavrayışına maneçilik törədəcəyini düşünən Karl Teodor Dreyerin iradəsi ilə ilkin premyeraları musiqisiz keçirilən “Janna d. Arkın ehtirasları” filmi müasir tamaşaçıya Riçard Eynxornun yazdığı (1994) “Aləmin görüntüsü” (Voices of Light) oratoriyası ilə çatdırılır.

Hollivudda “Küləklə sovrulanlar”, “Oz ölkəsinin sehrkarı” ekran əsərləri ilə məşhurlaşan rejissor Viktor Fleminqin Maksvell Andersonun “Janna d. Ark” pyesi əsasında quruluş verdiyi, 32 yaşlı İnqrid Berqmanın baş rolda oynadığı eyniadlı film (1948) mövzunun lal kino variantının kölgəsindən çıxa bilmədi. Avropaya köçməklə ərə getdiyi kinorejissor Roberto Rosselinin çəkdiyi “Janna d. Ark tonqalda” filmində (1954) də yenidən baş rolu oynayan İnqrid Berqman sələfi Rene Falkonettinin ekran uğurunu təkrarlaya bilmədi. Bernard Şounun “Müqəddəs Janna” pyesini amerikalı kinorejissor Otto Premincerin ekranlaşdırması (1956), Rober Bressonun“Janna d. Ark prosesi” filmi, “yeni dalğa” cərəyanının parlaq simalarından Jak Rivettin “Bakirə Janna: Döyüş”, “Bakirə Janna: Həbsxana” diologiyası (1992-1993) və nəhayət Lyuk Bessonun quruluş verdiyi, Mila Yovoviçin baş rolda oynadığı “Elçi: “ Janna d. Arkın tarixçəsi” filmi (1999) ötən əsrin ikinci yarısında da mövzunu gündəmdə saxlasa da, Karl Teodor Dreyerin ekran uğuru əlçatmaz qaldı. Rejissor Kristian Dyuqenin televiziya üçün çəkdiyi “Janna d. Ark” filmində baş rolu 17 yaşlı Lili Sobeskinin ifa etməsi belə Karl Teodor Dreyerin filmində 39 yaşlı Rene Falkonettinin göstərdiyi 19 yaşlı Janna d. Arkın həyəcanlarının ilkinliyini təkrarlaya bilmədi. Yeri gəlmişkən, sovet kinosunun ustadlarından Sergey Eyzenşteynin yüksək dəyərləndirdiyi bu ekran əsərinin bir epizoduna Qleb Panfilovun quruluş verdiyi “Başlanğıc” adlı sovet filmində (1970) yer verilir.

Ekranda çəkilişi üçün aktyor axtaran kinorejissorun kənd klubunda Cadugəri oynayan zahiri gözəlliyi ilə deyil, hissiyyat zənginliyi ilə seçilən Paşa Stroqanovaya Janna d.Ark rolunu tapşırması filmi remeykə çevirir. Kinorejissor Qleb Panfilovun ekran yaradıcılığına Paşa Stroqanova rolu ilə başlayan arvadı, aktrisa İnna Çurikovanın bu personajı canlandırmaqla məhşurlaşması da yaddaşlardadır.

# 1636 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #