Hüqo Notr-Damı necə xilas etdi?

Hüqo Notr-Damı necə xilas etdi?
19 aprel 2019
# 16:39

Əgər Viktor Hüqo adlı fransız yazıçısı olmasaydı, üç gün əvvəl Qiyamət çarəsizliyi ilə yanıb kül olan Notr-Dam Kilsəsinin halına yananların çoxu nə vaxtsa Parisdə belə bir kilsənin tikildiyindən xəbərsiz olacaqdılar.

Ona görə yox ki, məşhur Hüqonun “Paris Notr-Dam kilsəsi” adlı əsəri var, ona görə ki, hələ XIX əsrin əvvəllərində Paris Şəhərsalma İdarəsinin məmurları uçub-dağılmış viranə görünüşü ilə “Parisin gözəlliyi”nə xələl gətirdiyi üçün bu kilsəni sökməyə qərar vermişdilər. Xəbəri qəzetdən oxuyan Hüqo bu müqəddəs abidəni qorumaqdan ötrü altı ay ərzində məşhur “Paris Notr-Dam kilsəsi” romanını yazdı və romanda baş verən hadisələr; biri bakir öləcəyinə tanrı qarşısında söz versə də, qadın gözəlliyi qarşısında şəhvət hissinə əsir olan keşiş Klod Frollo, digəri, bəlkə də, dünyanın ən eybəcər adamı, qozbel kilsə zəngçisi olan Kvazimodo ilə kilsəyə sığınmış qaraçı qızı Esmeralda arasında yaranan “məhəbbət üçbucağı” parisliləri elə heyran qoydu ki, romanın nəşrindən sonra kilsənin qədim şöhrəti, “uçub-dağılmış” müqəddəsliyi sanki bir anda yenidən özünə qayıtdı.

Xalqın kilsəyə “yenidən doğulan” sevgisini görən Paris Şəhərsalma İdarəsinin məmurları tarixi binanı sökməyə cəsarət etmədilər; çünki Hüqo Kvazimodonun Esmeraldaya olan sevgisi ilə İsanın “itkin düşmüş” ruhunu yenidən kilsəyə qaytarmışdı.

Bu əsərlə inşası VII Lüdoviq dönəmində, daha doğrusu, 1163-cü ildə başlamış və 182 il davam etmiş Notr-Dam kilsəsini ilk dəfə Viktor Hüqo fəlakətdən xilas etdi.

Bəs bu romanda Notr-Damı (Azərbaycan dilində bu sözün mənası “bizim xanımımız” deməkdir) fransızlara sevdirən nələr vardı? Və ölüm ayağında “Tanrıya inanıram, axirətə inanıram; ancaq başımın üstündə heç bir kilsə keşişini görmək istəmirəm” deyən Hüqonu dini abidə olan Notr-Dam kilsəsinə nə bağlayırdı?

Bu kitaba aid yazdığı qeydlərdə Hüqo “Paris Notr-Dam kilsəsi” romanını Paris memarlığına yazılmış “mərsiyə” adlandırır və romanın bir fəslində Notr-Dam kilsəsinin qülləsindən Parisə baxaraq, 1480-ci ildən üzü bəri, özünün yaşadığı dövrə qədər məhv edilmiş memarlıq incilərini xəyali təsvir edərək, sanki “ölü Parisi” xatırlayır.

Romanın yazılmasından cəmi bir il əvvəl - 1830-cu ilin iyulunda Fransada növbəti inqilab baş vermişdi, Fransanı konstitusiyalı monarxiyadan respublikaya çevirəcək 1848-ci il inqilabına gedən yol açılmışdı. Bütün həyatını Fransanı respublika görmək arzusu ilə yaşayan Hüqo 1848-ci il inqilabından sonra Fransa prezidentliyinə namizədliyini irəli sürsə də, Luis Napoleona uduzdu. Napoleon imperatorluğunu elan etdikdə isə respublikaçı yazıçı Fransadan üz çevirib özünü Şanel adalarında könüllü sürgünə məhkum etdi. Məşhur “Səfillər” əsərini də burada yazdı.

Oxu: İki əsrə tikilmişdi, bir gecəyə külə döndü - Notr-Damın şahidlik etdiyi tarix

Hüqo “Paris Notr-Dam kilsəsi” romanında da “Səfillər”də olduğu kimi, monarxik rejimlərin sadə fransızların həyatını necə alt-üst etdiyini göstərən ədəbi mövqeyinə sadiq idi. Romandakı hadisələr üçün qəsdən XI Lüdoviqin dövrünü seçmişdi. O zamanlarda Notr-Dam kilsəsinin yerləşdiyi Qreve meydanı və ətrafı qaraçıların, dilənçilərin, evsiz-eşiksiz fransızların məskəni idi.

Təsadüfi deyil ki, Hüqo bu əsərinə qaraçıların doğub Notr-Dam kilsəsinə atdığı uşağı – sonradan rəqibinə çevrildiyi keşiş Klodun himayəsində böyüyüb qozbel bir kilsə zəngçisi olan Kvazimodonu baş qəhrəman seçmişdi. Çünki həmin dövrdə bu kilsə Kvazimodo kimi kimsəsiz fransızların sığınacaq yeri idi. Əsərdə əsas qəhrəmanlardan biri olan baş rahib Klod nəfsinə hakim ola bilməyən, istəklərinin qarşılığını görmədikdə qaraçı gözəli Esmeraldanı yox etməyi belə gözə alan dini fransız burjuasının obrazı idi. Qozbel və eybəcər olmasına baxmayaraq, Kvazimodo obrazı ilə Hüqo mənəvi gözəlliyin yoxsulluqla heç bir əlaqəsinin olmadığını göstərmişdi.

Esmeralda isə öz gözəlliyi və köməksizliyi ilə bir növ fransız xalqının özünü rəmzləşdirirdi; burjuanın öz nəfsinin qurbanı kimi gördüyü, yoxsulların uğrunda mübarizə apardığı fransız xalqını. Hüqo özü bu cür səfil, çarəsiz insanlar haqqında italyan tərcüməçisi Daelliyə yazırdı: “İçində yaşadığımız mədəniyyətin bu çox qaranlıq anında səfilin adı insandır; o, hər yerdə can çəkişməkdə, hər dildə inləməkdədir”.

“Paris Notr-Dam Kilsəsi” romanı haqqında uzun-uzadı danışmaq istəmirəm, çünki aramızda çox az adam tapmaq olar ki, bu kitabı oxumamış olsun.

Bu yanğın hər il 13 milyon turistin ziyarət etdiyi Notr-Damın başına gələn ilk fəlakət deyil. Belə ki, Böyük Fransız İnqilabından sonra kilsənin bir zəngi saxlanılmaqla qalan bütün zəngləri top düzəltmək üçün əridilmişdi.

Bundan başqa, Böyük İnqilab zamanı kilsələri uçurub-dağıdan, keşişləri linç edən, ikonaları, müqəddəs təsvirləri küçələrə atıb od vuran inqilabçı kütlə Notr-Dama girdikdə Krallar qalereyası bölümündə Yahuda və İsrail krallarına aid olan 24 heykəlin Fransız krallarına məxsus olduğunu zənn edib hamısının başlarını qopardılar. Sonralar bu “baş”lar Fransanın ayrı-ayrı bölgələrindən tapılaraq Kluni muzeyinə gətirildi.

Onu da deyim ki, 1334-cü ildə inşası başa çatan Notr-Dam Kilsəsinin şöhrəti təkcə Viktor Hüqonun romanı ilə ölçülmür. Qotik üslubun ən gözəl örnəklərindən biri hesab olunan bu binada vaxtilə Janna Dark cadugərlikdə ittiham olunaraq tonqalda yandırılmışdı. Napoleon imperator tacını başına bu binada qoymuşdu. İkinci Dünya Müharibəsi illərində Bakıya səfər etmiş Fransa Müqavimət Hərəkatının lideri Şarl de Qollun cənazəsi bu kilsədən qaldırılmışdı.

Üç gün əvvəl təkcə Notr-Dam kilsəsi yanmırdı, başda Viktor Hüqonun ruhu olmaqla, Fransa tarixinin böyük bir hissəsi yanırdı…/oxu.az/

# 4955 dəfə oxunub

Müəllifin son yazıları

# # #