Düşmənləri onun kabinetinə göz dikiblər

Aqşin Yenisey, şair

Aqşin Yenisey, şair

14 aprel 2022
# 12:40

Kulis.az Aqşin Yeniseyin ““Nəsli kəsilməkdə olan” sovet insanı” yazısını təqdim edir.

Milli şüurun inqilabi yolla, həm də bir anda dəyişə biləcəyinə inanan və məsələn, 1789-cu il, Böyük Fransız İnqilabının arxasındakı Volteri, Didronu, Russonu görməzdən gələn, yalnız yazıb-oxumağı bacarmayan, hətta yazıb-oxumağa nifrət edən filistin ruhlu (elm, sənət düşməni olan yarımcahil. – red.) adamların gücünə bel bağlayan radikal mövqeli siyasi düşüncənin tez-tez ətrafdakılar üçün təkrarladığı bir söz var: niyə siyasətə qarışmırsınız?

Bu sualın daha genişləndirilmiş forması bu gün sosiologiyada müzakirə olunur, cavablar kitablar şəklində tirajlanır. Günümüzün insanı nəinki siyasətə, həyatın özünə belə biganələşib. Bu biganəliyi özünün "İctimai insanın çöküşü” kitabında izah etməyə çalışan Harvard professoru, sosioloq Riçard Sennet öz araşdırmasında çoxumuzun cavab axtardığı bu sualları sıralayır: Necə oldu ki, insanların səssiz qalaraq hadisələrin seyricisi olması ictimai həyatın yeganə davranış tərzinə çevrildi? Təklik insani haqq olaraq necə formalaşdı? Şəxsi həyat daha çox maraq kəsb etməyə necə başladı? Nə üçün siyasətçiləri əməllərinə, proqramlarına görə deyil, şəxsi özəlliklərinə görə dəyərləndiririk? Evlərimizə diqqət göstərdiyimiz halda küçələrimiz niyə pis gündədir? Və s.

Sennetə görə, axırıncı dəfə ictimai həyat XVIII əsrdə Avropa şəhərlərində şəxsi həyatdan üstün olub, daha sonra şərtlər və şərhlər modernləşdikcə ictimailik get-gedə ağırlığını itirərək yerini "şəxsi həyat”a verib. Sennet bu gün, tanımadığımız amma eyni şəhərdə yaşadığımız insanlarla qurulacaq çox ölçülü ünsiyyət və həzlərdən məhrum olduğumuzu deyir. Çoxmilyonluq şəhərlər özünə qapanmış təklərlə doludur. Ünsiyyət vasitələri, formaları artdıqca susan, ünsiyyətdən qaçan insanların sayı çoxalıb.

Bu gün dünyanın hər yerində ictimai insan çöküb, tükənib. Onu sosial şəbəkələrdə beş min dostu olsa da, yalqız qalan psixoloji bir tip əvəz edib. O, bu gün həyatın özünü yox, illüziyasını yaşayır. Onu yalnız narkotik tərkibli "xoşbəxtlik həbləri” xoşbəxt edə bilir.

Sennet 1680-ci və 1730-cu illərdə İngiltərədə, Fransada ortaya çıxan ilk kafelərin bu ölkələrin aristokratları ilə burjua intellektuallarının öz dəyərlərini yaratdığı məkanlar olduğunu yazır. Bu kafelər öncə ədəbi müzakirələrlə başlayıb sonra siyasi çəki qazanan tənqidin mərkəzləri idilər. Alman sosioloq Habermas da ictimai mühitin ilk dəfə, bizim lağa qoyduğumuz çayxana və kafelərdə təşkilatlandığını qeyd edir.

Bu günün insanını ictimailikdən uzaqlaşdıran, özünə qapanıq bir hala salan canlı ünsiyyət çatışmazlığıdır. Necə deyərlər, üzünü görmədiyin, səsini eşitmədiyin beş min virtual dostdansa, yarım ədəd üzünü görüb, səsini eşitdiyin qulaq yoldaşı yaxşıdır.

Sennetə görə, insanların Avropa tarixində ilk dəfə canlı ünsiyyətə möhtac olduğu dövr Avqustinin imperatorluq çağında olub ki, bu da xristianlığın imperiya ərazisində sürətlə yayılması, Roma mədəniyyətinin çökməsi ilə nəticələndi. Çünki xristianlıq nəinki insanlar arasında canlı ünsiyyətə şərait yaradırdı, üstəgəl, bu ünsiyyəti ilahi pafosla zənginləşdirirdi. Romalı öz emosional enerjisini boşaldacaq yeni və mistik bir ünsiyyət vasitəsi tapmışdı xristianlıqda və get-gedə Yaxın Şərqin dini dəyərlərinə doğru yönəlirdi. Bunun nəticəsi o oldu ki, xristianlıq gizli mənəvi hərakat olmaqdan çıxıb dünyaya yayıldı və yayıldığı hər yerdə ictimai insanın və ictimai mühitin əsasını təşkil etdi. Kilsələr tanrının yerdəki ofisləri kimi ictimai münasibətləri tənzimləyən mərkəzlərə çevrildilər.

Gələk özümüzə. Bizim ictimai insan tipimiz bu gün "nəsli kəsilməkdə olan” sovet insanıdır. Totalitar münasibətlərin yaratdığı, ümumi nəzarətdə saxlanılmaq və bir-birilərinə nəzarət etmək üçün müxtəlif təşkilatlarda canlı ünsiyyətə zorlanan kütləvi insan tipi. SSRİ dağılandan sonra yaranan nəsillər bu zorakı kütləvilikdən, süni ictimailikdən fərdiliyə qaçmağa başladı. Ancaq onu qaçdığı fərdilikdə də köhnə dünya gözləyirdi; sosrealizmin yaratdığı totalitar düşüncəni yaradan və formalaşdıran mədəni mühit və metafizik kommunizm deyə biləcəyimiz din. Bu gün də bizim insan ya heyranı olduğu sosrealizmdən, ya da ümidlərini ölməyə qoymayan dindən danışanda ictimailəşir.

İctimai insan bizdə keçmişin qalığıdır. O, gələcəyin yaradıcısı yox, keçmişin keşikçisidir. İctimai insan bizdə dinin və sosrealizmin tör-töküntüsü ilə qidalanır. Onun gələcəyə aid heç bir ümidi, xəyalı yoxdur. O yaratmır, amma yararsızı dağıtmağa da qoymur. Gələcək onu vahimələndirir. O, ictimai fiqur olsa da, qalada yaşamağı sevir, məsələn, bizim Yazıçılar, Bəstəkarlar, Rəssamlar İttifaqlarının iş prinsipi bu qalamərkəzli düşüncəyə söykənir. Bu ittifaqlardakı hər kəs sovetdənqalma kabinetini, imtiyazlarını, nüfuzunu ancaq özünün sosial, psixoloji müdafiəsinə xərcləyir. Çünki o bilir ki, bunlardan başqa ona aid olan fərdi heç bir dəyəri yoxdur. Onun şəxsi düşmənləri belə onun özünə deyil, kabinetinə, imtiyazlarına göz tikiblər. Onu öz qalasından qovsan, heç kim onunla maraqlanmayacaq, çünki qiymətli olan o deyil, gizləndiyi qalasıdır. O, dövrünün hakim ideologiyasının tələb və təklifinə uyğunlaşdırılmış insandır, indiki yeni bazarda ona tələb yoxdur, özəl keyfiyyətlərinin olmaması isə onu antikvar olmaqdan da məhrim edib. O, kütlənin ideologiya çəkici altında preslənmiş halıdır, ona görə hər bir fərdiləşməni özündən qopma kimi başa düşür. Buna görə də fərdin, fərdiliyin düşməndir. Halbuki onun özü bu gün dünyadan qopuq halda yaşayır. O, artıq ictimai təkamül zəncirinin qırılmaqda olan halqasıdır.

Amma qorxulu olan onun "icimai nəslinin kəsilməsi” deyil, bu "nəsil kəsildikdən sonra” yerinə hansı nəsilin gəlməsidir. Yetişirmi bu gün ictimai boşluğu dolduracaq bir nəsil? Mən pessimistəm!

# 1442 dəfə oxunub

Müəllifin son yazıları

# # #