Kulis.az hər dördüncü gün “Bir sual, bir cavab” adlı layihədən şair, yazıçı, publisist Aqşin Yeniseyin yazılarnı təqdim edir.
Növbəti yazı: Vətənpərvərlik, yoxsa dünyəvilik?
Vətənpərvərlik əclafların son sığınacaq yeridirsə, bəs dünyəviliyin arxasında gizlənənlər kimlərdi?
Vətənpərvərlik, yoxsa dünyəvilik?Sənət adamı bunların hansını dəstəkləməlidir?
Makendoniya ellinizmindən tutmuş Avropa orientalizminə, rus sosializmindən başlayaraq, ABŞ qlobalizminə qədər dünyanı vahid məkan və vahid insan maketi üzərində inşa etmək düşüncəsi özünü heç bir dövrdə doğrultmadı. Dünyəvilik ideyası bir utopiya! Dünyada “Dünya” adlı bir vətən yox. Çünki adı “vətəndaş” olan, adı “insan” olandan daha dəyərli.Şərqin allahı başqa, Qərbin allahı başqa.
Vətənpərvərlik anlayışı ideoloji olaraq,, təxminən, XVIII əsrin ortalarından başlayaraq, almanların “müstəsna xidmətləri” sayəsində Avropa millətçiliyinin, az qala, sinonimi kimi siyasi leksikona daxil olsa da, təbii instinkt adlandıra biləcəyimiz qədər qədim bir duyğunun təkamülünün nəticəsi.
Aşağıda mədəniyyət tarixindən verəcəyimiz nümunələrdə də görəcəyimiz kimi, ciddi zəka və nəcib ruh təmsilçiləri tarixin bütün dövrlərində vətənpərvər və dünyəvi deyə bir-birilərinə xor baxan, daha çox şəxsi mənafeyə, qrup, kollektiv mənfəətlərinə hesablanmış düşüncələrin deyil, vətənpərvər və dünyəvi olmasından asılı olmayaraq haqqı, ədaləti təmsil edən düşüncənin yanında olublar. Bəzən ədalətsiz vətənpərvərlikdənsə ədalətli dünyəviliyi, bəzən də haqsız dünyəvilikdənsə haqlı vətənpərvərliyi müdafiə ediblər.
XVI əsrdə bütün Avropa yeni kəşf olunmuş Amerika qitəsində yağmalamalar, qətliamlar törədib, skalp zənginliyi ilə öyünəndə ispan teoloqları Bartolome de las Kasas, Vittorio kimi dövrünün aydınları öz ölkələrini bu vəhşiliklərdə yaxından iştirak etdiyi üçün lənətləyirdilər. Onlar “köhnə qitə”nin deyil, “yeni torpaqların” təəssübünü çəkirdilər. Halbuki bu aydınlar, ümumiyyətlə, “yeni torpaqlarda” yaşayan və təcavüzə məruz qalan insanların kim olduqlarından belə xəbərsiz idilər. Onlar çörəyini yedikləri vətənləri İspaniyanın deyil, üzünü belə görmədikləri Amerikanın yanında idilər.Ədalət belə tələb edirdi.
Da Vinçinin, Mikelancelonun yaradıcılıqla məşğul olduğu zamanlarda Florensiya indiki Vatikan kimi İtaliya ərazisində müstəqil respublika idi. Qeyd edim ki, çağdaş Avropa bu balaca və varlı respublikanın "şinelindən" çıxdı.
Renessans illərində Florensiya ilə papa Roması arasında hakimiyyət uğrunda gərgin mübarizələr gedirdi. Cirolamo Savonarola kimi qatı dini rəhbərlər ev-ev gəzərək küfr bildikləri bütün sənət əsərlərini yığıb yandırırdılar. Nəhayət, 1512-ci ildə İtaliya (o vaxtkı Papa dövləti) ordusu Florensiyanı işğal etdi və Florensiya müstəqilliyini itirdi.
Həmin günlərdə bu balaca respublikada elit Medici ailəsinin pulları ilə Renessansı yaradan və təmsil edən aydınlar iki qismə bölünmüşdülər; Florensiyanın başına gələnlərə laqeyd olanlar və Florensiyanın fəlakətlərinə biganə qala bilməyənlər.Laqeydlərin başında Da Vinçi gəlirdi, narahat olanların lideri isə Mikelancelo idi. Bic doğulan Da Vinçi bəşəri perspektivi seçirdi. Aristokrat ailədən gələn Mikelancelo isə onu Florensiyaya xəyanət etdiyi üçün söyürdü. Bir-birilərinə yaradıcı paxıllıq hissi ilə də nifrət edən bu yaşlı “Mono Liza” ilə gənc “David” həm də vətənpərvərlik və dünyəvilik seçimlərinə görə düşmən idilər. Bu davada Mikelancelo gəncliyi və azadlığı təmsil edirdi, Da Vinçi isə qocalığı və rahatlığı.
Bu dəfə ədalət vətənpərvər Mikelancelonun tərəfində idi; çünki Florensiya müstəqilliyini itirsəydi qatı katolik Romanın hegemonluğu dünyanı Renessans deyə bir dövrdən məhrum edə bilərdi, ya da bu iş çox yubanardı.
1870-ci il Fransa-Almaniya müharibəsinə döyüşçü kimi qoşulsa da, gözlərinin zəifliyi ucbatından bu müharibədə şairanə təxəyyülü ilə iştirak edən, gerçək vəzifəsi isə yaralı xəstələrə “tibb bacısı” kimi baxmaq olan, Uill Dürant demiş, “qız ruhlu” Nitsşe Almaniyanın müharibə çağırışına səs verəndə bir vətənpərvər idi. Bu müharibədə minlərlə almanın, fransızın öldürülməsinə haqq qazandıran çağırışların müəllifi idi. Hətta Nitsşe Vaqnerə nifrətinin səbəbini də özünün vətənpərvərliyi ilə izah edirdi: “Mənim Vaqnerə nifrət etməyimin səbəbi Almaniyanı aşağılamasıdır”.
Ancaq biz onu bu müharibədən 20 il sonra İtaliyanın Turin şəhərində bir kəndlinin qamçıladığı yabısının halına necə ağladığını görəcəkdik. Yaxud “Zərdüşt belə deyirdi” əsərinin sonunda onun İsa humanizmini belə kölgədə qoyan dünyəvi qardaşlıq mesajlarını oxuyacaqdıq. Almaniya uğrunda öldürülən minlərlə doğma insan və beş-altı qamçıya “qonaq” edilən yad bir yabı. Və birindən qürur, o birindən kədər duyan nəhəng Nitsşe. Öldürülən Fransız əsgərinə alman vətənpərvəri, qamçılanan yabıya dünyəvi şəxsiyyətin gözü ilə baxan Nitsşe.
1870-ci il müharibəsində ölkəsinin Fransaya qarşı başladığı müharibəsinə qaçan Nitsşe ədalətin yanında idi, çünki həmin dövrdə Fransa özünü Avropanın ağası kimi aparırdı və Prusiyaya da müharibəni Fransa elan etmişdi. Qamçılanan yabını qucaqlayanda da Nitsşe yenə haqqın, ədalətin yanında idi. Çünki o arabaya qoşulmuş dilsiz-ağızsız heyvanın haqqını həmin anda yer üzündə, elə göy üzündə də müdafiə edəcək Nitsşedən başqa heç bir tanrı yox idi.
Əlbəttə, bu mövzuya aid mədəniyyət tarixindən yüzlərlə misallar sadalamaq olar. Ancaq özünü mədəniyyət tarixinə qarşı qoyan insanlar üçün bunun bir mənası varmı?
Bu da növbəti sual-cavabımızın mövzusu olsun.