Sonra gec olacaq

Sonra gec olacaq
27 sentyabr 2021
# 11:49

Dil elə bir məsələdir ki, ona şəxsi, ailəvi, ideoloji maraqlardan yanaşmağın çox ağır nəticələri ola bilər. 1777-ci ildə adının qabağına filologiya professoru yazan alman filoloqu Fridrix Volfdan üzü bu yana elm dünya tarixini, coğrafiyasını dil, filologiya üzərindən öyrənir.

Məsələn, özünü filoloq adlandıran Nitsşe Yunan və Roma mədəniyyətini aşardıran alimləri söyürdü ki, bu mədəniyyətlərin dil və filologiyasından xəbərsizdirlər. Yaxud məşhur şərqşünas Bernard Luis Orta Şərq tarixini öyrənməyə Şərq dillərini öyrənməklə başlamışdı. Nəsə.

Baxıram ki, mənim və mənim kimi rus dilinin artıq arxaikləşdiyini, arxivləşdiyini yazanlara özlərinin şəxsi, ailəvi, ideoloji maraqları darısqallığından cavab verənlər var.

Ərəblər Hindistandan başlayaraq Aralıq dənizinə qədər uzanan bir dünyaya sahibləndikləri X-XI əsrlərdə ərəb dilinin "əl-Muhkem vel-Muhitiul-Azam” lüğəti 26 cild idi. Halbuki həmin dövrdə türk dilində on minə, fars dilində iki yüz otuz minə yaxın söz var idi. İndi hanı o ərəb dili? Əmlik kəlçəni bütöv halda qızardıb plovun üstünə aş-qara kimi qoyan və çırmalanıb yeyən ərəb milyonerlərindən başqa kimə lazımdır bu dil? Hə, birdə yola saldığımız ölülərə qəbiristanlıqda yolüstü 5-10 dəqiqəlik oxuduğumuz “Vağzalı”dan başqa harda kara gəlir bu dil?

Bu gün real dünya virtual dünyadan idarə olunur. “Dil Müşahidə Laboratoriyası”nın müdir Prof. Yoşiki Mikaminin heyəti, yaxud “Global Reach” və ya “Internet World Stats” şirkətlərinin məlumatlarına görə bu gün internet məkanında 15 milyarddan artıq internet saytı var.

“Google” 05.01.2006 tarixində internetdə ən çox hansı dildə web saytların olduğu siyahısını açıqladı. Siyahını aşağıda sizə təqdim edirəm:

.uk(İngiltere) 1,970,000,000
.de (Almanya) 561,000,000
.fr (Fransa ) 333,000,000
.jp (Japonya) 259,000,000
.cn(Çin) 59,100,000 +3,250,000
.es(İspanya) 182,000,000
.ca(Kanada-İngilizce) 1,330,000,000
.ca(Kanada-Fransızca) 100,000,000
.tr (Türkiye) 15,800,000

Hanı texnoloji dünyasında, internet dünyasında rus dilli?

1951-ci ildən bəri yayımlanan və hər dörd ildən bir yeni hesabat hazırlayan "Ethnologue, Languages of the World”ün son hesabatına görə bu gün dünyada 7099 dil var (www.ethnologue.com), ancaq bir çox dil alimi hesab edir ki, təxminən, 2500 dil gələn əsrə keçə bilməyəcək. İngilis filoloq Devid Kristalın proqnozları daha vahiməlidir: Kristala görə, önümüzdəki əsrdə bu gün dünyada var olan dillərin yarısı öləcək, bu da orta hesabla hər iki həftədə bir dilin ölməsi deməkdir.

Atom əsrində dili fəlsəfənin mövzusuna çevirən alman filosofu Vitgenşteyn yazırdı ki, düşüncənin sərhədlərini dilin sərhədləri təyin edir. Yəni bir insanın, bir millətin mənəvi-intellektual imkanları dilinin imkanları qədərdir. Ona görə də ta Babil əfsanəsindən üzübəri bütün müstəmləkəçilik siyasətindən geriyə lal xalqlar miras qalıb. Gərək ki, elə Vitgenşteyn deyirdi ki, dil də insan kimidir, doğulur, yaşayır və ölür.

Rus dilinin can üstə olduğunu ruslar özləri də etiraf edirlər. Bu yaxınlarda Putinin köməkçisi Peskov belə bir açıqlama verdi ki, post-sovet ölkələrində rus dili əhəmiyyətini itirir. Hətta post-sovet məkanında belə.

Xaricdə oxuyan övladlarınız varsa, ərinməyin, bir dəfə bozbaşın üstündən onlardan soruşun; oxuduqları universitetlərdə mənbə olaraq hansı rus alimlərinə və nə qədər istinad olunur? Yaxud dilimizə və türkcəyə tərcümə olunan dünya elm adamlarının, intellektuallarının əsərlələrinin sonunda verilən ədəbiyyat siyahılarına baxın, bircə nəfər rus elm adamının, intellektualının adı varmı o ədəbiyyat siyahılarında?

Niyə yoxdur?

Çünki Avropanın Avropa alimlərinin əsərlərindən əkişdirilib ruslaşdırılmış rus elminə ehtiyacı yoxdur. O elmin orijinalı zatən özlərində var. SSRİ kimi bir imperiyanın bütün texnologiyası müharibə qəniməti idi. Rus nə bilirdi sualtı qayıq düzəltməyi?

Başının içi sovet, çölü post-sovet dövrünü yaşayanlara demək istəyirəm ki, rus dili yaxın gələcəyin ərəb dilidir. Sonra gec olacaq, bir əlli ilimiz də ingilis, alman, fransız dili öyrənməyə gedəcək. Bu gün bütün dünya istər elmi, istər ədəbi, istər tarixi məlumatları bu dillərdə axtarır, özünü bu dillərə tərcümə edir.

Amma yenə də özünüz bilərsiniz...

# 4861 dəfə oxunub

Müəllifin son yazıları

# # #