Buna cəhd edənləri nə dövlət dəstəkləyir, nə xalq - Aqşin Yenisey yazır...

Buna cəhd edənləri nə dövlət dəstəkləyir, nə xalq - Aqşin Yenisey yazır...
1 may 2023
# 15:30

Kulis.az Aqşin Yeniseyin "Akademik kortəbiiliyin ölüvaylığı" adlı yazısını təqdim edir.


Allah kimi, elm də biz müsəlmanların yadında, adətən, xəstələnəndə, ölüm qorxusu ilə üzləşəndə düşür. Yoxsa hər ikisinə münasibət bu cür bərbad olmazdı.

Bu yazımızda ölkəmizdə elmlə kortəbii, korafəhm, allahumuduna məşğul olmağın bəzi səbəblərindən danışacağıq.

Əhliləşdirmə prosesi sonu olmayan prosesdir. Əhliləşdirilmiş itin balası da əhliləşdirilməlidir, əks halda, o vəhşi əcdadına, canavara qayıdacaq. Mədəniləşdirmə insanın, xalqın əhliləşdirilməsinə qoyulan addır və o da sonsuz prosesdir. Bir nöqtədə artıq mədəniləşdiyinə inanıb, daha mədəniləşməyə ehtiyac duymayan insanlar və xalqlar da sürətlə ibtidailəşib vəhşiləşirlər.


Mədəniləşməyə ehtiyac duymamaq necə baş verir? Əgər bir xalq və onun özünü ərdəmli hesab edən kəsimi düşünürsə ki, mövcud vəziyyətə qədər yaradılmış dəyərlər ən kamilləridir və yenilərini yaratmağa ehtiyac yoxdur, o xalq mədəniləşmənin mövcud vəziyyətində ilişib qalır. Onu gələcəyə aparacaq yeni mədəni imkanlardan məhrum olur.

Və ilişib qaldığı "mövcud vəziyyəti” ilə gələcəyin xalqı ola bilənlərlə müqayisədə vəhşi bir toplumu xatırladır. Məsələn, siz bir gün Yaponiyada, növbəti gün, tutalım, Yəməndə gəzib-dolaşsanız və gördüklərinizə eqonuzun gözü ilə baxmasanız, nə dediyimi çox yaxşı anlayacaqsınız.

Artıq beş yüz ildir ki, dünya mədəniləşmənin yolunu elmiləşməkdə görür. Hansı xalq ki, elmiləşmənin də sonsuz bir proses olduğunu qəbul edir, inkişafdadır. Hansı xalq ki, özünün mövcud elmi vəziyyəti ilə kifayətlənib, elmə gətirilən yenilikləri rədd edir, yerində sayır.

Mövcud elmi vəziyyətlə kifayətlənmək isə akademiki kahinə, akademiyanı məbədə çevirir. Elm dini məzmun qazanır; öz tabularını, şeytanlarını, günahkarlarını və qurbanlarını yaradır.

Bu gün Azərbaycan elmi elmin inkar etməli olduğu bütün dəyərlərin heyranıdır.

İngilis realist yazıçı Çarlz Snou yaşadığımız dünyada iki tip kültür növü ayırd edir: Bəşəri kültür və elmi kültür. Bəşəri kültür dedikdə modern çağa qədərki ədəbi, fəlsəfi irs, elmi kültür dedikdə modern çağın elmi irsi əsas götürülür.

Bu gün bizim Milli Elmlər Akademiyasının şahlıq taxtında modern çağa qədərki bəşəri kültür oturub və əlindəki bütün inzibati gücdən yararlanır ki, Elmlər Akademiyasından elmi kültür yaranmasın. Gözlər deyil, sadəcə, eynəklər yenilənsin.

Snou iddia edir ki, XIX əsrə qədər Qərbdə milli burjuanı bəşəri kültür formalaşdırırdı, XIX əsrdən sonra isə elmi kültür öz burjuasını formalaşdırmağa başladı. Bu gün Üçüncü Dünya Ölkələri dediyimiz ölkələr XIX əsr ölkələridir, yəni elmi elitası, elmi kültürü olmayan ölkələr.

Umberto Eko dini təriqətlərin kriminal münasibətlərindən bəhs edən "Qızılgülün adı" romanında ilahi hikmətin qaynağı kimi təbiəti göstərir. Romanın girişində keşiş Vilhelm köməkçisi Melkli Adso ilə təbiəti oxuya-oxuya monastra keçir. Ömürünü mədəniyyəti yaradan şifrələri açmağa həsr etmiş alim bu keçidlə, ən azı, özünün yarısı qədər intellektual olan oxucusuna demək istəyir ki, möcüzə monastıra təbiətdən gəlir. Və bu keçidlə özünü xurafat dəllalı olmaqdan xilas edir, həm də dinin eyni zamanda kriminal təcürbə olduğuna açıq bir işarə vurur. Necə ki, Nitsşe deyirdi, insanları əxlaqa dəvət edən bütün təlimlər qeyri-əxlaqi idilər.

Ekonun niyə belə etdiyinin səbəbi onun "Gündəlik həyatdan sənətə" kitabında açıq yazılıb. Xristianlıq tarixinə yeni eynəklərlə deyil, yeni gözlərlə baxmağı təklif edən alim-yazıçı bu kitabında yazır: “Orta əsrlərin alimləri belə düşünürdülər ki, onlar özlərindən heç nə yarada bilməzlər. Hər şeyi Avqustin, Aristotel kimi nəhənglər deyiblər. Onların işi sələflərinin yaratdıqlarını təqdir və təbliğ etməkdir. Bu düşüncə Dekarta, Koppernikə, Qalileyə və s. qədər davam etdi.

Ekonun Ortaçağ düşüncəsi dediyi bu köhnəpərəstlik bu gün bizim həm elmin, həm mədəniyyətin geriyə dartan lokomativdir. Yazıb-oxumağı bacaran hər kəs yeni olanın qənimi kimi yetişdirilir universitet auditoriyalarında. Hakim fikir budur ki, kimsə özündən Amerika icad edə bilməz, hər şey bizə qədər deyilib, biz, sadəcə, yazılanları təkrar etməli, şair demiş, "tozunu almalıyıq". Toz alanlar başımızın tacıdır!

Yenə həmin kitabda sənəti "təbiətin meymunu” adlandıran Umberto Eko "Pafosun poetikası" essesində modernizm və post modernizmin (Xalq yazıçılarımız gəncləri öz əsərlərindəki ideoloji pafosa uyğun olaraq "ost modernistlər” adlandırırlar) çoxhəqiqətli dünya prizmasından yanaşaraq Viktor Hüqonu quru yuyub yaş sərir ki, Hüqonun gücü əsərlərindəki birhəqiqətli pafosdadır. Hüqo dünyaya tanrının gözü ilə baxır ki, bu da onu oxucularını öz həqiqətinə inandırmaq üçün tanrının özü kimi pafosa meyillənməyə məcbur edir. Necə ki, tanrı insanları özündən asılı vəziyyətə salmaq üçün cənnət-cəhənnəm pafosundan yararlanır.

İstər ədəbi-fəlsəfi, istər elmi klassiklər təkhəqiqətli dünyada yaşayırdılar və bu, onların əsərlərində də əks olunurdu. Modernizm həqiqət anlayışını parçaladı, sənəti, ədəbiyyatı birhəqiqətlilikdən uzaqlaşdırdı. Post modernizm sənətdə baş verən bu inqilabı dəyişikliyi, yəni çoxhəqiqətliliyi kütləviləşdirdi.

Bu mədəni, elmi inqilab nə bizim ədəbiyyatda baş verdi, nə elmdə. Fəlsəfəmiz zatən din xırdavatçısıdır. (Bu yazıda istisnalardan danışmırıq.)

Biz hələ də təkhəqiqətli klassik dünyada yaşayırıq. Təkhəqiqətli romanlar sevilir, oxunur, kütlə təkhəqiqətli insanlara sitayiş edir, onlara sərmayə yatırır. Çoxhəqiqətlilik təhqirə layiq görülür cəmiyyətimizin bütün təbəqələrində. Üzü keçmişə dayandığımız üçün gələcəyə daldalı gedirik, yolu görmədən.

Bəs yenilənmə necə baş verir? Həm ədəbi, həm fəlsəfi, həm də elmi məktəbləri təmsil etdiyi, həm də yeni post-modern çağın ikonası kimi qəbul edildiyi üçün bu yazıda ümumiləşmiş obraz olaraq Umberto Ekoya istinad etdiyimizdən, yenə onun düşüncələrindən yaralanaq. Qədim xristian mətnlərini araşdıran və doktorluq işinə bir balaca bədii elementlər əlavə edib "Qızılgülün adı" romanı şəklində çap etdirən Eko, Nitsşe kimi bu fikrə gəldi ki, dünyada fakt yoxdur, şərh var. Yəni bəşəri kültürün qədim mətnlərindən fakt kimi qəbul edib inandığımız hər şey, əslində, özləri də şərhə açıq olan varlıq, əxlaq, yaradılış və s. haqqında ilkin şərhlər, yorumlardır.

Sekulyar dəyər sayılan söz və fikir azadlığı da məhz şərhin azadlığıdır.

Bizim kimi ənənəvi toplumlar şərhin azadlığını şərin azadlığı kimi anlayır, çünki şərhin özünü də fakt kimi qəbul edir. Şərh olunmayan şərh get-gedə sabit həqiqətə, doqmaya çevrilir, toxunulmazlıq statusu qazanır. Şüuru sabit həqiqətlər öldürür.

Şərh fikri sabitləşməyə qoymayan zəncirvari zehni prosesdir, onu yeniləyir, yenilənmiş fikir dünyanın, həyatın yenilənməsinə səbəb olur. Bizim kimi bəşəri kültür düşkünü olan toplumlar şərhə qarşı əlişallaqlı olduğundan bu yenilənmə, dəyərlərin yenidən mənalandırması prosesi baş vermir.

Bizi və oxşamışlarımızı dünya mədəniyyətinin ucqarına məhkum edən də bu yenilənmələrin daxili mühitdə daşa və fitə basılmasıdır.

Həm elmimizin, həm mədəniyyətimizin keçilməz olan "Biləcəri səddi” də bu köhnəpərəstliklə bağlıdır. Bu gün milli və dünya mədəniyyətləri arasındakı Sirat körpüsü Qərb mədəniyyətidir. Hər kəs əsərinin Qərbdə təsdiqinə can atır. Mədəni ölçü bir milyard yarımlıq Hindistan yox, altmış milyonluq İngiltərədir. İndi sual yaranır, niyə Qərb beş yüz il əvvəl imtina etdiyi dəyərləri daha kortəbii bir eqoizmlə tərənnüm edən əsəri oxumağa həvəsli olmalıdır?

Hətta avropalılar özləri də qədim yunan-Roma mədəniyyətinə qayıdanda yunan mədəniyyətinin özündən əvvəliki mifologiya ilə mübarizədən qələbə ilə ayrılıb, miflərin cəsədi üzərində insanın zəfərini elan edən yeniliyə can atırdılar. Xristianlığın Herakllarını yaradıb beyinlərini bu dinin əcinnələrindən təmizləmək istəyirdilər.

Avropalılar elmi kültür yoluna beyinlərini xristianlığın miflərindən, əsatirlərindən təmizləyərək çıxdılar. Yunan mədəniyyətindən filtr kimi istifadə etdilər.

Ağıllı avropalılar keçmişlərinə baxaraq beyni miflərin, cinlərin, ifritələrin ixtiyarında olan insanın azadlığının xaos, özbaşınalıq, vəhşilik olacağını anlamışdılar. ABŞ demokratiyasının uğuru da, Doukinzə görə, bu idi; yeni qitəyə köçənlər özləri ilə Avropadan tanrıdan başqa heç bir dini-mifik ayın-oyun aparmamışdılar.

Bu gün isə texnoloji kültür dövrünün astanasındayıq. Bu gün geri qalmış xalqlar vaxtilə elmi kültür çağına keçə bilməyən xalqlardır, yəni elmi elitasını yarada bilməyən xalqlar. Elmi kültürə sahib olmadıqları üçün texnoloji çağa da keçə bilməyəcəklər.

Biz də o xalqlardan biriyik. Nə elmi kültürə sahibik, nə də texnoloji kültür haqqında düşünürük. Çünki bunun üçün heç bir əxlaqi, intellektual potensialımız yoxdur. Ona görə bəşəri kültürün quyruğundan bərk-bərk yapışmışıq. Çünki biz kostyum geyinmiş Orta əsr xalqıyıq, düşüncəmiz Orta əsr düşüncəsi olduğuna görə dilimiz də, mədəniyyətimiz də, elmimiz bu düşüncəni ifadə etməyə məhkumdur.

Bəşəri kültürün quyruğu əlimizdən çıxsa, yerdə heç nə qalmayacaq. Biz bir xalq olaraq məhv olacağıq. Ona görə yeniliyə nifrət edirik. Hətta dilimizi yeniləsək belə bu, kosmetik dəyişiklik olacaq. Biz mədəniyyətimizin, dilimizin geyimini, zahirini yox, məzmununu, batinini dəyişməyə cəhd etməliyik. Buna cəhd edənləri isə hələ ki, nə dövlət dəstəkləyir, nə xalq.

Səhih hədislərin birində deyilir ki, insanlara allahın dilindən "oxu" deyən adam özü yazıb-oxumaq bacaramırdı, ona görə sözü əks effekt verdi. Bu gün Azərbaycanda elmə, ədəbiyyata marağın olmamasının səbəbini isə oxucular şərh etsinlər…

# 1526 dəfə oxunub

Müəllifin son yazıları

# # #