Cəhrənin dövranı
Unutmayın ki,
İnsanları tək-tək sevmək lazımdır
Kimisinə köhnə ürək
Kimisinə köhnə pencək lazımdır
Yaşaya bilən hər şeyə bir gün ölmək lazımdır
Bəzən Tanrının özünə də
Ölüm küləyi ilə üşüyən insanların soyuğundan qorunmaq üçün
Peyğəmbər yox, peyğəmbərcək lazımdır
Bəzən sevdiklərimizə biz yox,
Bir dəstə çiçək lazımdır...
Lal və kar
kar qulaqla lal dil kimiyik
birimiz eşidə bilmədiyi üçün
o birimiz də danışa bilmir.
taleyimizin yalqız bir küncünə çəkilirik,
orda nə səs var, nə söz
səsi unutmuş qulaqlarıq biz
sözü unutmuş ağızıq biz.
amma sevinirik,
Şükür sənə, İlahi, nə yaxşı
ikimiz bir yerdə yalqızıq biz.
Üzüntü
.
ümid gerçəyə çevrilə bilməyən arzudu.
Tanrıdan bizə qalan xatirə, yalnız alnımızdakı yazıdır.
insanın elə bir günü gəlir ki,
bu, onun ömrünün payızıdır.
hamıyla vidalaşmaq vaxtıdı artıq
dərd odur ki, hamı bu vidaya razıdır.
Heykəlin dərdi
Söylədilər:
kimin dərdi varsa, əlini qaldırsın
qalxdı yer üzündən milyardlarca əl.
yalnız südəmər körpələr
analarının qalxmış əllərinə baxıb məsumca gülümsədilər.
sonra bütün əllərdən yuxarı qalxmış
donuq, nəhəng bir əl gördülər.
halına acıdılar.
soruşdular:
nədir bu bədbəxtin dərdi?
kimindir bu əl?
kimdir bu əlin sahibi?
hamı diz çöküb çığırdı: - Allah olmaq istəyən,
amma ola bilməyən daş heykəl!!!
Başqaları
sevdiyimiz adamlar ona görə bizim olmur ki,
onların da sevdikləri var.
biz də öz sevgililərimizin başqalarıyıq.
Adımız da dəyişib:
İndi belədir: "hardasınız?", "kiminləsiniz?,
"saat neçədəsiniz?", “yoxsa yenə təksiniz”,
"nə vaxt öləcəksiniz?"
Biz isə qocalırıq,
ürəyimizi hisslərimizdən gizləməyin vaxtıdır.
mənim başqam, gözlərimin sayı azdı sənə baxmaq üçün.
biri kordu, o biri də heç kimi görmək istəmir.
Arı
İnsanlardan Tanrı qədər uzaq qalmaq istəyirəm.
pəncərəni açıb evə girmiş arını da buraxıram.
arxasınca baxıram,
və onun nə vaxtsa qayıdacağı gün üçün indidən darıxıram.
uşaqlıqda geyindiyim çəkmələri hələ də saxlayan anam
deyir, oğul:
o çəkmələr mənə sənin yerişinin yadigarıdır.
Ayrılıq
Gecə...
Boş küçə...
Bir-birimizi axtarırıq gizlicə...
Sevdik
Və nəticə
Heç - heçə...
Heç kim
ümid - yaşamaq üçün insana qurulmuş ilahi tələ.
arzu - həyatda heç vaxt olmayanların yolunu gözləmək hələ
sevgi - bərabərdi bütün ümidlərlə arzuların cəminə.
Yuxuda gördüyün adamlar, həyatda gördüklərindən daha doğmadı
inanın, heç olmasa. bu dəfə mənə.
Bağırqan şair
Pıçıldadığım sözlər
bağırdıqlarımdan daha doğmadır mənə.
sözləri bağıran şair
övladını evdən qovan ataya bənzəyir.
ayrılırıqsa, deməli, sevginin yuxusu gəlir.
əsl həqiqət şübhədə gizlənir
Sübh çağı
elə itkin düşmüşəm sənin yalqızlığında,
qollarımı qucaqlayıb yatıram,
göylər də cansıxıcıdı, Tanrının tənhalığında.
Bilmirəm harada mühakimə olunacağam;
göydə, yoxsa kənd qəbiristanlığında.
Bilmirəm harda basdırılacağam
Nə vaxt, hansı mərhumun yanında
əsirmi düşəcək, öldürüləcəkmi bədənim
ruhumun üsyanında?
Hələ ki, gizlənmişəm Tanrının vicdanında.
Yaddaşın böhranı
unudulmaq! Nə gözəl bir duyğu!
olmayanların, gəlməyənlərin aləmindəsən,
elə bir aləmdə ki, burda heç kim yoxdu, heç özün də.
yaddaşın bir dövrü gəlir,
yaddaşsızlığa çevrilir.
və insan zamanı unutmamaq üçün saatı kəşf edir.
şəxsən mən, hərdən
saatımı yox, sol qolumu axtarıram evdə
sevgi də, bir növ yaddaşsızlıqdı.
insan özünü yaddan çıxarır sevəndə.
hamımız beləyik:
o da, mən də, sən də!
Unudulmuş əlyazma
bu qədər yalqız olma!
küləklər də üşüyür sənin yalqızlığından
qarlar tir-tir titrəyir
küçələrdə soyuqdan.
bu qədər yalqız olma!
darıxsan, eybi yoxdu
yenə məni yada sal
yenə növbəti dəfə
unutmaqçün xatırla!
bu qədər yalqız olma!