Bu yas yerində göyçəli qadını ağlamağa qoymadılar – Alpay Azərdən hekayə

Bu yas yerində göyçəli qadını ağlamağa qoymadılar – <span style="color:red;">Alpay Azərdən hekayə
13 fevral 2018
# 17:30

Kulis.az yazıçı Alpay Azərin “Yaddaş eskizləri” silsiləsindən “Örtüksüz mafə” hekayəsini təqdim edir

Evdən çıxanda gördüm, qonşu blokun ağzına mafə qoyublar. “Görən kimdi?” Həm təəccübləndim, həm də çaşdım, - ilk dəfəydi mafənin üstünə nə qara (qoca), nə yaşıl (orta yaşlı), nə də qırmızı (cavan adamın öldüyünü bildirən) parça örtük salmışdılar. “Görən yadlarından çıxıb, yoxsa evdə parça tapılmıyıb?”

Mafəyə paradoksal, bir az da obrazlı yanaşıram. Mənə görə, mafə Əzrayılın zənbilidir. Məktəb vaxtı, əsas da, aşağı siniflərdə boyum balaca olduğundan, mafə mənə böyük və vahiməli görünürdü, yanından qorxa-qorxa keçirdim, sanki kimsə məni zorla onun içinə soxacaqdı, ya da ona tərəf itələyəcəkdi. İndi otuz altı yaşım var, boyum artıb deyə, mafəyə üstdən aşağı baxıram, amma yenə azca da olsa qorxuram (nə qədər də olmasa, Əzrayılın zənbilidir), hərçənd, sonra öz-özümə fikirləşirəm ki, ay axmaq, onsuz da səni də tez, ya gec... Nəysə, qayıdaq məhəlləmizdəki mafəyə.

Blokun ağzında gördüyüm mənzərədən çaşmışdım. Bir az mafənin ətrafında hərləndim, bilmək istəyirdim, qonşulardan rəhmətə gedən kimdir. On dəqiqə içində nə bloka girən, nə də ordan çıxan oldu. “Yaxşı, kişilər deyək ki, işdədi, bəs arvadlar hara yoxa çıxıb?”

Bloka girib qulaqlarımı şəklədim, yuxarıdan ağlaşma səsi gəlmirdi. Az sonra deyəsən, üçüncü mərtəbədə qapı açıldı, elə o dəqiqə də pişikdən miyoltu qopdu, eyni zamanda zəhrimarsifət təqaüdçü Oqtayın boğuq səsi gəldi: “Paşla tı atsyuda! (Rədd ol burdan!)”. Çölə çıxıb yuxarı baxdım, həmin mərtəbədəki blokun pəncərəsindən çölə tüstü çıxırdı. Anladım ki, Oqtay pişiyə təpik vurandan sonra siqaret yandırıb. Ağlımdan keçdi, üçüncü mərtəbəyə qalxıb elə ondan ölənin kim olduğunu soruşum, o dəqiqə daima sifətlərindən zəhrimar yağan adamlardan adi suala cavab almağın adamın ovqatını korlaması yadıma düşdü, fikrimdən vaz keçdim.

Az sonra təhqir olunmuş pişik məğrur-məğrur blokdan çıxdı, yəni heç vecimə də deyil, mənə baxmadan mafəyə tərəf getdi. Bir müddət baxdı, sanki duyuq düşdü ki, yaxşı şey deyil, tənbəl yerişiylə ordan uzaqlaşdı.

“Bəlkə kimsə zarafat eliyir?... Belə də zarafat olar?” İş dalınca getməliydim, qol saatıma baxdım, on ikiyə on dəqiqə qalırdı, birdə, ya ikidə, uzağı, üçdə dəfn edə bilərdilər. Mənimsə işim çox çəksəydi, saat dördə gəlib çıxardım evə. Amma çox heyif. Axı bilmək istəyirdim, bu mafədə son mənzilə gedən kim olacaq. Həmin blokda yaşayanların ən azı beş-altısını tanıyırdım, salam-əleykümüm vardı, axırda bu sualların narahatçılığından qurtulmaqçün fərz elədim ki, ölən qoca adamdır.

Bu vaxt bizim blokdan üzbəüz mənzildə yaşayan qonşumuz Ərkinaz xala çıxdı, mafəni görüb həyəcanla soruşdu:

- Ay Əli, kim rəhmətə edif?

- Vallah bilmirəm, - çiyinlərimi çəkdim. - On dəyqədi burdayam, hələ bir adam o blokdan çıxmıyıb ki, soruşam görəm, rəhmətə gedən kimdi.

- Üstünə, parça da sərmiyiflər, bilək ölən cavandı yoxsa qoja, - həyəcanla mafəyə baxıb dedi.

- Hə, mən də bayaqdan onu fikirləşirəm...

Ərkinaz xala Göyçə mahalının Zod kəndindəndir. Üç uşaq anasıdır, əri Becan bütün göyçəlilər kimi yeyib-içməyi xoşlayan, çox qonaqpərvər kişidir. “Bizim evə şəhərdən on adam qonaq gələydi, hamısına yorğan-döşək salıb on gün evimdə saxlamasam kor Hümbətin oğlu deyildim. Qabaqlarında inək, qoyun kəsdirirdim. Amba siz şəhərlilər bir gün məni evinizdə qonaq saxlamazsız,” - mənə bir dəfə belə demişdi. Düzü, bilməmişdim, deyilənə necə reaksiya verim.

Ərkinaz xala sağ əlini üzünə qoyub təəccüblə gah mafəyə, gah da mənə baxırdı.

- Allah, sən saxla. Çörəy alım, qayıdanda, mamana da deəjəm, gedək görək kim rəhmətəedif.

Ərkinaz xala mağazaya tərəf götürüldü, dalınca baxıb pıçıldadım: “Yavaş, yıxılarsan... Off, adamdakı həvəsə bax”. Sonra öz işimin dalınca getdim.

Axşamüstü saat beşdə evə qayıtdım. Mafə yerində yox idi, əgər bu, oyun deyildisə, naməlum “səbəbkarı” son mənzilə aparmışdılar. Üstəlik, yas mağarını qurmamışdılar. Belə baxanda, saat beşdən sonra mağar qurmağın mənası da yox idi. Həndəvərdə yenə adamlar gözə dəymirdi. Çıxdım evə, məsələni anama danışdım. Sən demə, mən iş dalınca gedəndə, çörək almaqdan qayıdan Ərkinaz xala təngnəfəs bizə dəyib anama deyibmiş ki, a bajı, qonşuda kimsə rəhmətə gedib, hazırlaş, getmək lazımdır, sonra qorxa-qorxa örtüksüz mafə, həyətdə mağar olmadığını da əlavə edibmiş. Anam da qayıdıb ki, ay qız, bəlkə özləri istəmir, kimsə bunlara gəlsin, öləni aparıb basdırsınlar, axşamüstü gedərik, üstəlik, özün deyirsən, mağar qurmuyublar, bu binadakı evlər onsuz da balacadır, gedib bir az da darısqal edərik yerlərini. Qonşumuz əl çəkməyib ki, nə danışırsan, elə indi getmək lazımdı, yaxın qonşudu, getməsək ömürlük bizdən inciyərlər, həyətdə üzümüzə baxmazlar. Qısası, Ərkinaz xala çörəyi evə qoyandan sonra, qara paltar geyib, qara yaylıq bağlayıb anamla bir yerdə qonşu blokdakı mərtəbələri qalxa-qalxa, bir-bir mənzillərin qapılarına baxıblar.

Beşinci mərtəbəyə çatanda, Ərkinaz təəccüblə “Allah sən saxla,” - pıçıldayıb. Bütün qapılar bağlıymış, birdən anam deyib ki, ay Ərkinaz, fikir verdin, dördüncü mərtəbədə sol qapının qabağında ayaqqabılar varıydı, düşək bir qapını döyək, yas orda olsa, girərik içəri, olmasa, soruşarıq ölən kimdir, harda yas verirlər? Aşağı düşüb qapını döyüblər, qapını həmin mərtəbədə Xarici Dillər Univerisitetinin ingilis dili filologiyasının dördüncü kursunda oxuyan, ata-anasıyla tək yaşayan Natəvan açıb. Ərkinaz deyib ki, a qızım, biz qonşuyuq, bilmək istəyirik, kim rəhmətə gedib. Sakitcə “Keçin içəri” deyən qızın dalınca düşüb, dar dəhlizdən keçib böyük otağa giriblər.

Otaqda xalçanın üzərində kəfənə, üstündən də yaşıl parçaya bükülmüş arıq bir meyit, meyitin ətrafında beş qadın oturubmuş, üçü xısın-xısın ağlayırmış, ikisi isə kədərlə cənazəyə baxırmışlar. Ağlayan qadınlardan biri musiqi məktəbində pianodan dərs deyən Ofelya xala mərhumun anası, qapını açıb anamgili içəri buraxan Natəvansa bacısıymış, qalanları da çox güman, xalaları, bibiləriymiş.

Məşhur fransız aktyoru Jan-Pyer Leonun cavanlığına oxşayan incəsifət, arıq oğlanın qara lentli çərçivədəki şəkli isə qıraqda jurnal masasının üstündəymiş. Əlli beş yaşlı anam qırx iliydi Bakıda yaşayırdı, az-çox Avropa filmlərinə baxmışdı, yazıçılarını oxumuşdu deyə, məclisdə təəccübünü gizlədə bilibmış. Öz kəndlərində ömrü boyu doxsan-yüz yaşında ölənlərin yasında ağı deyib, ağı eşidən, üz-göz cırmaqda, dəri qopartmaqda təcrübə qazanmış Ərkinazınca gördüyü mənzərədən gözləri bərəlibmiş.

Xülasə, anamla Ərkinaz xala mərhumun anasına, o biri arvadlara “Allah rəhmət eləsin” deyirlər. Az sonra pıçıltılı söhbətlərdən məlum olur ki, adı Nazim olan bu gənc iki gün əvvəl Moskvada ürəktutmasından vəfat edibmiş, ertəsi gün gecə təyyarəylə Bakıya gətiriblərmiş.

Sonra Natəvan armudu stəkanda anamgilə çay gətirir. Qabaqlarında isə qənd, karamel konfet, sarı halva, nazik kəsilmiş limon dilimləri... Bu ingilisfason mini-yas yerini halvadan başqa bir az milli edən kişilərin olduğu o biri otaqda arada Fatihəylə İxlas surələrini oxuyan buxara papaqlı molla olur.

Saat ikidə mərhumun atası içəri keçib arvadını dəhlizə çağırır, iki dəqiqə pıçıldaşırlar, arvad toxtaqlıqla “Ya ponyala, Malik, tı tolko ne bespokoysa” (Başa düşdüm, Malik, sən bircə narahat olma.) deyir. On dəqiqə sonra kişilər meyit olan otağa girirlər. Molla Yasin oxumamış, Ofelya xanım sanki Ərkinaz xalanın bu dəqiqə qiyyə çəkəcəyini hiss edirmiş kimi, şəhadət barmağını qaldırıb yavaşca deyir: “Tss, burda ağlamaq olmaz”. Arvadların hıçqırtıları altında mərhumu taxta tabutda götürüb aşağı düşürlər...

Blokdan çıxıb evə qayıdana qədər Ərkinaz xala dayanmadan deyinirmiş. “Aaz, bu başıbatmışlar hardan gəliflər? Nemes uşağı, nemes. Gördün arvad nə dedi? Cavan, göyçək oğlu ölüb, özü ağlamaq əvəzinə, maa deyir ağlamaq olmaz”.

Yay tətillərini kənddə keçirən, kəndi sevən anam da onun havasına düşür, nədisə, qonşunun sözünə qüvvət verir: “Elədikləri qulluğu gördün də. Bacısı bir stəkan çay gətirdi, sonra ağlı kəsmədi ki, bir stəkan da gətirə, ya heç olmasa soruşa ki, yenə çay gətirimmi. Onların çayına qalmamışıq e, adamda mədəniyyət olmalıdı”.

Bundan ruhlanan Ərkinaz xala davam edir: “Fikir verdin qabağımıza qoyduqları kanfetə? O vaxt kətdə yas düşəndə, gedib Vardenisdən, qırılmış ermənilərdən kilolarla şakalad alırdıq, qoyurduq gələnlərin qabağına. Bunnar da guya şəhərlidi.”

Anam yenə deyilənə qüvvət verir: “Nə şakalad, heç qoğal da yoxuydu.”

“Ay qız, həyətdə mağar qurmuyuflarsa, tay nə gözləmək olar bunnardan. Biabırçılıqdı,” - sonda göyçəli qonşumuz sevinə-sevinə deyir.

Cavan oğlanın üçündə Ərkinaz xalagil iki kilo doğranmış kəllə qənd, kilo yarım çay alıb gedir həmin yerə. Zəngi basırlar, qapını açan Natəvan donuq nəzərlərlə gələnlərə baxır, sonra mədəni şəkildə rus ləhcəsiylə soruşur ki, sizə nə lazımdır? Başsağlığı verməyə gələnlər özlərini itirir, Ərkinaz xala birtəhər özünü ələ alıb soruşur, a qızım, bə üş vermirsiz.

“Necə? - sualı anlamadığından çaşan, az sonra “üş”ün nə olduğunu başa düşən Natəvan cavab verir: “Mama evdə yoxdur, kajetsya, xalamgilə gedib. Papa da işdədi”.

Axırda lap çaş-baş qalan Ərkinaz xala aldıqları şeyləri qıza uzadıb deyir ki, götür, qızım, ehsanlıqdı. Natəvan zənbili açıb içindəkiləri görəndə: “A yox, çox sağ olun, bizdə saxar da var, çay da. Lazım deyil, sağ olun,” - deyir, gülə-gülə, bir az da zorla zənbili göyçəlilərə qaytarır.

Lap axırda “Vı şto, mamagil düz başa düşməz,” - deyib qonşularımızın heyrətli baxışlarına məhəl qoymadan qapını örtür.

# 2849 dəfə oxunub

Müəllifin son yazıları

# # #