Bakı qəbiristanlıqlarını gəzən alman

Bakı qəbiristanlıqlarını gəzən alman
16 aprel 2014
# 11:06

Kulis.Az Alpay Azərin “Otelin qəribə sakini” hekayəsini təqdim edir.

Belində çanta, balaca, təkərli çamadanla otelə girdi. Xəzər Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirəndən üç ay sonra sənətimə uyğun iş tapammadığımdan dostumun köməkliyi ilə Park İnn otelində, – təbii ki, pul dərdindən, – risepşinda işə düzəlmişdim...

- Buyurun, cənab, - o gün, səhv etmirəmsə, yeddinci dəfə təbəssüm maskamı üzümə taxıb təkərli çamadanla mənə yaxınlaşan dizdən yuxarı şort geyinmiş, sarı saçları pırtlaşıq avropalıya ingiliscə dedim.

O, gülümsəyib bel çantasının cibindən çıxardığı pasportu mənə uzatdı. “Heinz Stürmer, Bundesrepublik Deutschland”. Hans, Ştürmer, Almaniya vətəndaşıydı. Doğum tarixinə baxdım, tez də hesabladım, iyirmi yeddi yaşın içindəydi. Soruşdum ki, siz “Cənubi Qafqazda münaqişələr və xalq diplomatiyası” mövzusunda konfransa gəlmisiz, təbəssümlə “Yes” dedi. Kompüterdə yoxlayıb gördüm ki, “single room” otağı (təkadamllq otaq) birhəftəlik adına rezerv olunub. Düzü, əvvəlcə təəccübləndim, adətən konfransa gələnlərçün otaq üç, lap uzağı, dörd günlüyə rezerv olunurdu. Sonra fikirləşdim ki, çox güman Bakını, hələ ola bilsin, Azərbaycanı da yaxşı gəzmək istəyir, ona görə birhəftəlik otaq götürüb.

Əyilib məndən pıçıltıyla soruşanda ki, Bakıda neçə qəbiristanlıq var, əvvəlcə çaşsam da, az sonra fəhmlə başa düşdüm ki, qəribə tiplərdən olan bu adam tezliklə başlayacaq məndən qəbiristanlıqların ünvanını, oralara nə cür getməyin yollarını soruşmağa. Cavab verdim ki, Bakıda qəbiristanlıq çoxdu, amma dəqiq sayını bilmirəm. Soruşdu ki, qəbiristanlıqlardan otelə yaxın olanı var? Bildiyimi dedim, – yaxında olanı da var, uzaqda olanı da.

Risepşinə yaxınlaşan başqa müştərilərə görə Hans arada suallarını kəsməli olurdu. Müştərilər aralanan kimi yenə söhbətimizə davam edirdik. Məlum oldu ki, bu cavan oğlan Berlində postsovet ölkələrindəki etnik münaqişələr üzrə mütəxəssisdir. Dnestryanı münaqişəylə bağlı Almaniyada çıxan elmi jurnallarda bir-iki məqaləsi də çap olunub. Otağın açar-kartını götürüb sağollaşana yaxın bir-birimizə feysbuk ünvanlarımızı verdik. Təkərli çamadanını sürə-sürə liftə yaxınlaşdı.

Evə çatıb yeməyimi yeyəndən dərhal sonra cumdum notbukuma. Feysbuk profilimi açıb Hayns Ştürmeri tapdım, dostluq göndərdim, heç bir dəqiqə keçməmişdi ki, dostluğum qəbul olundu, profilinə girdim. Ənənəvi olaraq fotoalbomunu kliklədim. Stokholmun, Varşavanın, Parisin, Moskvanın müxtəlif qəbiristanlıqlarında qəbirlərin yanında poza verib şəkillər çəkdirmişdi. Çoxunda da gülümsəyirdi. “Köpəyoğlunun avropalısı, qəbiristanlıqda da dişlərini ağardır,” – ani fikirləşdim. Bu vaxt Hans inboxuma yazdı:

- Şəkillər xoşuna gəldi? J

- Çox xoşuma gəldi. Çox romantik şəkillərdi J – bir qədər fikirləşəndən sonra cavab yazdım.

- Bəs onda niyə layk eləmirsən? J

Yenə bir qədər fikirləşəndən sonra yazdım:

- Çünki sənin bu şəkillərin layk (like) yox, overlayka (overlike, yəni hədsiz bəyənilməyə) layiqdir. Feysbukda isə bildiyin kimi overlike yoxdur.

- Mənə elə gəldi ki, azərbaycansayağı yaltaqlıq etdim bu overlayk məsələsilə. Cavabında qəhqəhəli gülüş smayliki qoydu.

- Belə başa düşdüm ki, qəbiristanlıq sənin hobbindir.

- Düzdür...

Sağollaşıb feysbukdan çıxana yaxın yazdım ki, bizim qəbrisitanlıqlara qısa şalvarda getməyin məsləhət deyil. “Bilirəm”, – yazıb yanında smaylik qoydu. Öz-özümə fikirləşdim ki, bu, ya nekrofildir (ölümü, ölümlə bağlı olan bütün simvolları sevən), ya da əksinə ölümə qarşı fobiya, qorxu var bunda, – məzarlıqlara olan sevgisiylə özünü bir növ psixoloji cəhətdən ölümə, dəfn olunmağa hazırlayır.

***

Nəhayət, Hansın iştirak etdiyi konfrans bitdi. Gəlişinin dördüncü günü oteldə konfransa gələnlərdən demək olar, heç kim qalmayanda mənə yaxınlaşdı. Cins çalvardaydı. İki-üç kəlmə konfransla bağlı danışdıq, sonra Hans birbaşa suala keçdi:

- Eldar, Xırdalan qəbiristanlığına necə gedə bilərəm? Amma taksi demə, avtobusla getmək istəyirəm.

“Deyəsən, Bakıdakı bütün qəbiristanlıqların adını əzbərləyib,” - mexaniki fikirləşdim. – Görən, “nemes” xəsisliyinə görə taksiylə getmək istəmir, yoxsa avtobus bunun üçün maraqlıdır?”

Hansa başa saldım ki, filan nömrəli avtobusa minirsən, filan yerdə düşürsən, təzədən filan avtobusa minirsən. Hans mənə qulaq asa-asa gödəkcəsinin cibindən çıxardığı dəftərcəsində qeydlər edə-edə, dəyişməz təbəssümüylə elə “Yes, yes” deyirdi ki, sanki gedəcəyi yerin ünvanını əvvəlcədən bilirdi. Bir də, bu “nemes” balası elə bil adamların basdırıldığı yerə yox, rəqs edəcəyi yerə, – diskotekaya, ya da toya gedirdi.

Arxasınca baxa-baxa fikirləşməyə başladım: bu, avtobusda bizimkilərə yaxınlaşacaq, qəbiristanlığı rahat tapmaq üçün suallar verəcək, ən əsası, alman ləhcəsiylə deyəcək “Kığdalan qabğistanlığı”. Bizimki istər-istəməz təəccüblənəcək: a balam, bu “nemesin” nəyinə lazımdı “Kığdalan qabğistanlığı. Sössüz ki, başa salacaq, o da qabağına çıxan ingilis dilini bisə. Bir də, komediya qəbristanlıqda “Yasin”lə çörəkpulu qazanan mollalarla baş verəcək. Mollalar bunu görüb həvəslə qaçacaqlar yanına və...

***

Fəhmim aldatmadı məni, otelə girən kimi mənə məruzə edirmiş kimi qəbiristanlığı rahat tapmağını deməsi öz yerində, tezcə telefonunu çıxardıb əvvəlcə çəkdiyi şəkilləri göstərdi: Quliyev Şahmar Eldar oğlu (1951-2003), Naibov Sahib Tofiq oğlu (1948-2011) və bir neçə belə qəbir şəkilləri. Hamısının da yanında dayanıb gülür. Üstəlik, telefonda şəkilləri çevirdikcə az qala hər dəfə mənə gülümsəyərək: “Good?” (“Yaxşıdı?”) sualı verirdi, mən də hər dəfə gözümü “Samsunq 4”-ün ekranındakı şəkillərdən ayırıb onun üzünə baxa-baxa qəribə-ikimənalı bir təbəssümlə “Good” deyirdim. Eyni vaxtda Allaha yalvarırdım ki, kaş bircə dayımın qəbrinin yanında şəkil çəkdirməmiş olaydı. Üç il əvvəl avtoqəzada ölən dayımı orda dəfn eləmişdik. Elə bilirdim, dayımın fonunda çəkilmiş şəklə baxıb dodağım qaçsa belə ruhuna hörmətsizlik etmiş olacam.

Qabaqda isə məni əsl komediya gözləyirdi. Şəkillərdən sonra Hans telefonunun videoqalereya bölümünü açdı və düyməni basdı. Hansı çəkən molla yanındakı mollaya: “A kişi, indi biz bunu çəkirik, görən, axırda bu bizə görüm-baxım eliyəcək?”

- Tərcümə edə bilərsən? – alman pauza düyməsini basıb üzümə irişdi.

- Molla... Bu səni çəkən molladır, – bir şey uydurub demək üçün söhbəti uzatmaq istədim, həm də ümid edirdim ki, mollaların söhbətini tərcümə etmək xahişini unudar. – Molla bizdə...

- Bilirəm, molla kimdi və vəzifəsi nədir, – elə bil niyyətimi bildi, nəydisə, sözümü tez kəsdi, sifətimə baxdı, yəni tərcüməni tam gözləyirəm, tez ol, elə.

- Molla o biri molladan soruşur ki, səncə bu oğlan hardan gəlib. – Mollanın o birinə verdiyi “biz bunu çəkirik, görən, bu bizə görüm-baxım eliyəcəkmi?” sözlərini belə tərcümə etdim.

- Okey, – Hans telefonun “play” düyməsini basdı.

- Yaxşı, pul verməsə, neyniyəssən? – qıraqdakı molla almanı telefona çəkən molladan soruşdu. Hans isə gah o qəbrin yanında dayanırdı, gah bu qəbrin, buna uyğun molla telefonu əsdirə-əsdirə o yan-bu yana hərəkət etdirirdi.

- Neyniyəcəm, – molla cavab verdi, – yaxasından tutub deyəcəm ki, ay köpəyoğlu, “Yasin” oxutdurmursan, başa düşdük. Nə əzizini burda basdırıblar, nə də qohumuvu, heç ölsəydilər də burda basdırmazdılar, çünki xaçpərəstdirlər. Səni bayaqdan çəkirəm videoya, ona görə əlin cibində olsun, yekə oğlansan, bir az hörmət elə də.

- Ay tupoy, o nə bilir hörmət nə deməkdi.

- Bilər, bilər, – arxayıncasına dilləndi molla, – Bura gəlibsə bilər.

Alman arada “pauza”nı bassa da, mən güclə özümü gülməkdən saxlayırdım. O isə üzümə baxırdı ki, tez ol tərcümə elə, mən isə yalandan deyirdim ki, mənanı tam tutmaq üçün hələ bir az da qulaq asmalıyam.

Yeri gəlmişkən, Hans öz istədiyini əl-qol hərəkətləriylə, “Yes”, “No” ilə çatdırır, arada “Thank you” (Təşəkkür edirəm) deyir, onu telefona çəkən molla isə cavabında məktəb vaxtından yadında qaldığı həmin sözləri yeri gəldi-gəlmədi qaytarıb almanın özünə deyirdi.

Birdən alman məndən soruşdu ki, “hormat ele” nə deməkdir, bu sözü onlardan tez-tez eşitdiyini söylədi. Mənasını deyəsi olsaydım, gərək “Onlar səndən pul istəyirlər” kimi tərcümə edəydim. Amma bu, o mənanı vermirdi, üstəlik, “şirinlik”, rusların işlətdiyi “çayevıe” kimi sözlərin ingiliscə qarşılığını bilmirdim. Ona görə də mollanın dediyini elə hərfi tərcümə etdim:

- Onlar sənə hörmət edirlər.

- Mənə? – alman təəccübləndi. – Axı onlar məni tanımırlar, necə hörmət edə bilərlər mənə?

- Hans, başa düş, onlar bilib ki, sən qonaqsan, bizdə xaricdən gələn bütün insanlara hörmət edirlər.

- Qəbiristanlıqda? – deyib güldü.

- Sən niyə o dəqiqə yer məsələsini qabardırsan? Qəbiristanlıq, restoran, nə fərq edər ki.

- Alman diqqətlə mənə baxıb bic-bic gülümsəyib soruşdu:

- Yaxşı, onda bir sual verəcəm, amma çox xahiş edirəm ki, səmimi cavab verəsən suala, oldu?

- Buyur.

- Bax deyirsən ki, onlar mənə hörmət edir, ya sizdə xaricilərə hörmət edirlər. Bəs ermənilərə necə, onlara da hörmət edirlər?

- Hansı ermənilərə, Dağlıq Qarabağda yaşayan, yoxsa Ermənistan ermənilərinə? – tez cavab yerinə tapıb verdiyim bu suala özümün də gülməyim tutdu.

- Hər ikisinə, – deyib alman göz vurdu.

- Mən şəxsən ölkəmin ərazi bütövlüyünü tanıyan bütün ermənilərə hörmət edirəm. Dəxli yoxdur, Ermənistanda yaşayan erməni olsun, ya Fransada yaşayanı olsun.

- Bu diplomatik cavabdır, –şaqqanaq çəkib güldü. – Amma mən sənin yox, Azərbaycan xalqının mövqeyini soruruşam. Okey, anladım, çox güman ki, eyni şeyi deyəcəksən. Sən tərcüməyə davam elə, zəhmət olmasa.

Playi basdım, Hansı telefona çəkən molla sevincək o birisinə:

- Müşfiq, fikir verdin, bu, əlini cibinə saldı.

- Sənin o küt başın haqqı, o, elə-belə əlini cibinə saldı, ordan heç qara köpük də çıxarmayacaq.

Hans “pauza”-nı basıb üzümə baxdı.

- Səni telefona çəkən molla soruşur ki, bu oğlan niyə əlini cibinə saldı, o biri də cavab verir ki, bu avropalıların adətidir, qəbristanlıqda əllərini cibinə salırlar, ölülərə hörmət əlaməti olaraq, – “tərcümə” elədim.

Hans necə şaqqanaq çəkib güldüsə, ətrafdakılar, risepşndə yanımda oturan iş yoldaşlarım maraqla biz tərəfə çöndülər.

- Axı onlar... – dalısını gətirəmmirdi Hans, gülmək imkan vermirdi, – yenə eyni şeyi deməyə məcbur edirsən məni. Axı onlar məni yaxından tanımır, ilk dəfədir məni görürlər, hardan bilirlər onlara hörmət edirəm. Dostum, deyəsən, sən mənlə zarafat edirsən, bayaqdan öz bildiyin kimi tərcümə eliyirsən.

Sifətimə ciddilik maskası taxdım:

- Əziz Hans, qoy sənə başa salım.

- Buyur, – bic-bic mənə baxıb gülümsədi.

- Sən gözəl bilirsən ki, qəbiristanlıq hamının son dəfə getdiyi bir yerdir. Düzdür?

- Elədir.

- Yəni hardasa qəbristanlığa intim bir yer də demək olar. Belə bir məkanda istər molla olsun, istər keşiş, çox həssas olurlar. Və məntiqi olaraq həmin molla düşünə bilər ki, o sənə hörmət etdiyi kimi, sən də öz növbəndə onlara, yəni ölülərə dua oxuduqları üçün, necə deyərlər, öz vəzifələrini həyata keçirdikləri üçün bu mollalara hörmət edə bilərsən.

- Əlimi cibimə salmaqla? – təəccüblə soruşdu.

- Bəli, molla xarakter etibarilə həssas adam olduğu üçün istənilən jesti yaxşı şeyə yozur. Amma yenə deyirəm, sən əlini cibinə salanda molla deyir ki, deyəsən, o bizə hörmət edir, yəni “deyəsən” deməklə fərz edir, əmin olduğunu demir ki.

- Amma bir şey var ki, mən müsəlman deyiləm. Məgər sizin ölkədə fikirləşməzlər ki...

- Bildim nə soruşacaqsan. Əzizim Hans, Azərbaycan tolerant ölkə olduğu üçün burdakı əhalinin əksəriyyəti də düşünür ki, xaricilər onlara qarşı tolerandırlar.

- Həm də hörmət edirlər, – ciddi-ciddi mənə baxdı, və düzü, anlayammadım, bu cür baxışla məni dolayır, yoxsa dediklərimlə razılaşır.

Hans praqmatikcəsinə gülümsəsə də, baxışlarıyla mənə deyirdi: bəsdir mənlə məzələndin, olanı tərcümə elə, özündən uydurma, mənsə öz ciddiliyimi saxlamaqdaydım. Sonra mollaların söhbəti belə davam elədi: qıraqdakı molla Hansı telefona çəkən həmkarına dedi ki, bu nemeslərin hamsı krısadı, ölsələr də ciblərindən bir qəpik çıxmaz. Telefona çəkən isə elə hey deyirdi ki, bu, sən deyənlərdən deyil, baxarsan, əlini yenə cibinə salacaq və axırda üç-beş manat da olsa çıxardıb verəcək.

Sonra mollalar mərcə girdilər, uduzan həmin gün qəbiristanlığa “Yasin” oxutdurmağa gələn “müştərilərin” hamısını udanın xeyrinə güzəştə getməliydi. Mollalar mübahisə eləməyində, mənsə almana tərcümə elədim ki, mollalar öz aralarında onu müzakirə eləyirlər, deyirlər ki, çox mədəni oğlandır və həqiqətən hörmətə layiq oğlandı. Təxmin edirdim ki, alman onların ağzından çıxan “hörmət” sözünü tez-tez eşitdiyindən, elə bu sözün əsl mənasını da olduğu kimi ona tərcümə etməyim düzgün olar.

Və bunu fikirləşdiyim yerdə Hans əyilib pıçıltıyla məndən soruşdu ki, düzünü de, sizin dildə “hormat” sözünün mənası nədir. Dedim, inanmırsansa, google.translaterə (internet tərcümə proqramı) gir, yaz, mənasını tap. Sonra alman ekranda playi basdı. Gülərüzlü Hans əlində tutduğu beş manatlıq əskinazlardan birini əvvəlcə onu çəkən mollaya uzadıb: “Hormat for you” (Sənə çatacaq hörmət), sonra o biri beşliyi bayaqdan hər ikisinin arasında əldən-ayaqdan gedən mollaya verib “This hormat for you” (Bu isə sənə çatacaq hörmət) deyəndə məni gülmək tutdu. Hans barmağını dodağına apardı, yəni axıra qədər bax. Daha sonra mollalar dil-ağız eləməyə başladılar: “Ay sən nə yaxşı oğlanıymışsan”, – “Toyuva gələk”, – “Gördün, bayaqdan mənnən spor eliyirdin ki, krısadı nemeslərin hamısı”, – “Adə, yaxşı oğlan, prixodi eşo raz”...

Hamısını olduğu kimi tərcümə elədim, təbii ki, “krısadı nemeslərin hamısı” sözlərindən başqa. Hans bic-bic mənə baxıb soruşdu ki, niyə “krısa nemes” sözünü tərcümə eləmədin. Sifətimdəki çaşqın ifadəni görüb qəşş edib güldü və dedi: “Ne bespokpysa, Eldar, ya znayu çto oznaçayet krısa. İ znayu, poçemu nas nemtsev nazıvayut krısami. İ pover mne, ya vovse ne obijayus”. (Narahat olma, “krısa” sözünün mənasını bilirəm. Və başa düşürəm niyə biz almanlara siçovul deyirlər. Və inan mənə, qətiyyən incimirəm). Bunu deyəndən sonra hər ikimiz bir xeyli güldük.

27 oktyabr, 2013 – 9 aprel, 2014

Bakı - Genuya - Bakı

# 3623 dəfə oxunub

Müəllifin son yazıları

# # #