Xeyli zaman xüsusən kişi intellektuallar ölkədə azadlıqların məhdudluğundan yazarkən cəmiyyətdə vətəndaş nikahına həqarətli yanaşmanı dərd edir, xalqı belə nikaha açıq olmağa çağırır, bu təcrübənin vacibliyini haqlı olaraq qeyd edirdilər.
Əlbəttə yaxşıdır: iki şəxs ailə məsuliyyətinin altına girmədən, xüsusən bizdəki kimi “elçilik-nişan-üzük-həri üzüyü-bayramlıq-bizdə adət belədir-sizdən neçə adam olacaq toyda-cehiz-qaynana-quda-nə qədər pul yazdırdı-dəftərə bax-həftəhamamı – inşallah uşaq alarsız qucağa-ikincini düşünmürsüz...” kimi ucu-bucağı olmayan, sistem zəncirində boğulmadan birgə yaşamaq təcrübəsini yaşayır. Nə gözəl! Nə böyük xoşbəxtlik!
Amma bu xoşbəxtlik hələm-hələm ələ düşmür. Bu ittifaq yalnız o halda bədbəxtlikdən sığortalana bilər ki, hər iki şəxs tamamən azad olsun. Mən düşüncədə, nə bilim, açıqfikirlilikdə azadlıqdan yox, iqtisadi, sosial azadlıqdan danışıram. Vətəndaş nikahına girən adından göründüyü kimi yaşadığı ölkənin hədəf seçdiyi hüquq və azadlıqlarına layiq vətəndaş olmalıdır.
Yox əgər, qadın himayədə yaşamalı məxluqdursa onun qarşısında, gələcəyə qaranti verəcək, üzərinə məsuliyyət alacaq adam olmalıdır.
Vətəndaş nikahına girən qadın kişidən iqtisadi-psixoloji-sosial cəhətdən asılıdırsa, bunun adı azadlıq söhbətləri ilə qızı aldatmaqdır. Hər kəsin hər an çəkib gedəcəyi bir ilişki yox, bu vətəndaş nikahı yox, kiminsə kimisə qaydalardan kənar əsir götürməsidir.
Amma, ümumiyyətlə, baxanda vətəndaş nikahı həqiqətən faydalıdır. Birgəyaşayış, məişət ciddi məsələdir. Rahatlıq tapdığın məkanda kiminsə səni narahat etməsi, lap sevdiyin, gözünün işığı olsun, insanı insanlıqdan çıxarır. Məsələn, sən nəfəsliyin açıq qalmasını istəyirsən, partnyorun hər imkanda onu bağlayır. Xırda məsələ kimi görünür, amma bu nəfəsliklə nə vaxtsa nəfəsin kəsilə bilər.
Təməl prinsiplərə və hisslərə görə bu kimi xırdalıqlardan vaz keçmək də gözəldir. Yetər ki, həyatı plan doldururmuş kimi, əl-qolunu bağlayarcasına yox, rahatlıq və hüzur içində keçirəsən.
Bizim kimi cəmiyyətlərdə vətəndaş nikahı dərdinə qalanda isə, ümumiyyətlə, insan onsuz da istədiyi qədər azad olur. Yəni azadlıq istəyən, bir yolunu bulur. Hansı şərtlərlə mümkünsə, o qədər azad olur.
Bu günlərdə eşitdiyim əhvalat isə bütün qayda-baryerlərin, yaşam və əxlaq prinsiplərinin fövqündədir: evli bir kişi, başqa evli bir qadınla görüşür. Ahıl yaşda sevgisini tapan cütlük bu görüşmələrin psixoloji günah kompleksindən qurtulmaq üçün öz qanuni nikahlarında olmayan dini kəbin kəsdiriblər. Bu “halallıq”la şad xürrəm yaşayır, hətta övlad da dünyaya gətirməyə hazırlaşırlar. Bu ittifaqı hansı qrafaya qoymaq olar?
Heç deyəsən belə bir qrafa yoxdur axı...