Aliyə
Azərbaycan teatrının inkişaf ləngliyindən, küləyin gətirdiyi hava kimi sənət uğurlarından, durğunluq dövrlərindən asılı olmayaraq, özünəməxsus özəlliyi var; bizim teatr sənət nəzəriyyəsi, teatr forması, sənət hadisəsi, mövzu-məzmun paradiqmasından daha çox dövrün, mühitin, mikrodünyanın qəhrəmanlarını yetişdirir, səhnəyə çıxarır. Obraz kimi yox, məhz aktyor kimi. Bu aktyorlar milli teatrın əfsanəsi, hətta mifi olurlar. Və deyəsən ilk dəfə mif sözü milli teatr haqqında neqativ və pozitiv mənada işlənir. Milli teatr tarixi - mifdir. Milli teatr tarixi miflərdir...
Bu üzdən biz tamaşaları yox, aktyorları, onların yaratdıqları obrazları, tipajları, qəhrəmanları xatırlayırıq. Bəlkə indən belə başqa cür oldu. Amma hələ fakt odur ki, milli teatrın əfsanəsi ilə bir dövrdə, bir şəhərdə yaşayırıq.
Hətta bu gün onun ad günüdür. Pauzalar ustadının. Ustası da yaza bilərdim. Amma Fuad Poladov Akademik Dram teatrından sözsüz gedişi ilə teatr adamlarına susmaqla pauzanın fərqi haqda ustad dərsi keçdi. Səs tellərinin hesabına pauzasını qoruyan aktyor bu günün milli teatrının fenomenidir. Teatrımızın vəziyyəti haqda danışarkən ehtiyatlı olalım...
İnsan özü özü ilə tək qalanda nədirsə odur. Mənə həmişə elə gəlib ki, Fuad Poladov həmişə özü-özüylə təkdir. Yanında kimin olmasından asılı olmayaraq. O özüylə hesablaşır, özü qarşısında imtahan verir, hesabat verməli ən vacib adam da elə özüdür. Və hətta bir tamaşada, bir filmdə kənardan obrazına baxan, acıyan, gülən də özüdür. Və bu münasibət heç bir şəkildə tamaşaçıya təklif olunmur. Bir rəsm əsəri kimi bütövdür.
O üzdən aktyor Fuad Poladovun filmləri, tamaşaları tamaşaçının nailiyyətidir. Bir biletlə əldə edə biləcəyi nailiyyət. Hamınıza belə nailiyyətlər arzu edirəm.
Bir telefonun qeyd səhifəsinin işarə məhdudiyyəti belə, kiçik bir təbrik formatı yaratdı.
İşarə sayım azdır, yazını bitirməyə məcburam.
Yaşasın Azərbaycan teatrı!
Güllələnmə təxirə salınır...