Aliyə
Dünən bir tamaşada oldum. Sıradan bir tamaşa idi. O barədə yazmaq həftəyə haqsızlıqdır. Bildiyimiz şeylər...
Amma bəzən adam bilə-bilə, özünə, müsahibinə cavabını bildiyi sualları verir. Bundan axmaq situasiya yoxdur-vaxt itirməkdir – sualı elə verirsən guya bunun bir cümləlik cavabı var.
Məsələn, ən sadəsi, sual verirsən ki bizim kinonun əsas problemi nədir?
Bu yaxınlarda bir mühazirədə kinoşünas Aydın Dadaşova belə bir sual vermişdilər. Və elə bir tələbə inadla bir cümləlik cavab istəyirdi.
Bu sualların cavabı gəlib öz quyruğuna çatır necə deyərlər. Mirzə Cəlilin “Molla Nəsrəddin”də çap etdirdiyi felyetonunda olduğu kimi.
Felyetonda problemlərin həlli bir birindən asılı olaraq ardıcıl düzülür-amma ən sonuncu nə zaman həll olunsa yaxşı olar?
Dəvənin quyruğu yerə dəyəndə.
Bəs dəvənin quyruğu nə vaxt yerə dəyir?
Qum çiçək açanda.
Bu sual sanki bir qapalı dövrədir.
Lap elə öz sahəndən başlasan.
Desən ki, misal üçün niyə bizim kino və teatr inkişaf eləmir?
Məlum olacaq ki iki üç əsas səbəbi var: 1. müstəqil deyillər-dövlət teatrlarıdır, adı üstündə. Kino da eynən elə. Müstəqil prodüser mərkəzləri var amma.... 2. müstəqil olmaq üçün onun gərək iqtisadi dayaqları azad olsun. Ya da özü-özünü maliyyələşdirsin. Bunun üçün gərək tamaşaçı ona baxmaq istəsin.
Camaata maraqlı olmalıdır ki pul verib gəlsinlər. Camaata maraqlı olmaq üçün gərək tamaşaçı özünü orda görə bilsin. Bunun üçünsə gərək o rejissor filmini tamaşasını çəkəndə insanı düşünsün, vətən, millilik kimi mücərrəd fəlsəfi-əndəruni mətləbləri yox. Bunun üçünsə gərək o tamaşanı, filmi yaradanlar peşəkar olsun. 3. Onun üçün o gərək balı düşdüyü üçün yox istedadı olduğu üçün bu sahəni seçsin. Əsgərlikdən qorxub universitetdə daldalanmasın. Ordudan qorxmamaq üçün gərək ordu normal olsun. Onun üçün....Sonra gərək o....
Bunlar o qədər uzanır ki yaxşısı budur, qumun çiçək açmağını görək. Bəs qum nə vaxt çiçək açır? Dəvənin quyruğu yerə dəyəndə.