“SEVGİSİZLİK” – Aliyə Zvyaqintsevin yeni filmindən yazır

<b><span style="color:red;">“SEVGİSİZLİK”  – Aliyə Zvyaqintsevin yeni filmindən yazır</b>
30 avqust 2017
# 13:32

Kulis.az Aliyənin rus rejissoru Andrey Zvyaqintsevin “Sevgisizlik” filmi haqqında yazısını təqdim edir.

“Nelyubov” çəkisizlik kimi sevgisizlik vəziyyətidir, rejissor Andrey Zvyaqintsev bu halın təhlükəsini ötürməyə çalışır filmi ilə. Ona görə də ilk kadrlar istisna olmaqla filmdə gündüz yoxdur, film daim alatoranlığı göstərir – ya axşamçağıdır, ya sübh tezdən. Ya gündüzün işığına, ya da gecənin zülmətinə keçəcək həyəcanlı bir ərəfədir. Bu zaman seçimi filmin rəng həllini təyin edir. İnteryerlər belə zəif işıqlandırılıb. Tünd rənglərin kontrastında filmin qəhrəmanları özləri özlərinin kölgəsinə çevrilib.

“Sevgisizlik” rəsmi boşanmaq ərəfəsini yaşayan ailənin həyatını göstərir. Ana (Jenya), ata (Boris), uşaq (Alyoşa) artıq satılacaq olan evin sakinləridir. Qadın ərini, əri qadını təhqir edir. Hər ikisinin başqa həyatı var. Yalnız uşağın - Alyoşanın alternativi yoxdur, Alyoşanın sığınacağı yoxdur. Bu qədər nifrətin arasında biz Alyoşanı qaranlıqda ağlayan yerdə bir kölgə kimi sezirik.

Qadın tualetdən çıxır, qapını bağlayanda biz qapı arxasında səssiz ağlayan, əzab çəkən Alyoşanı görürük. Sosial mövzuda fotolayihəni xatırladan bu kadr bu başdan tamaşaçılara sevgisizliyin uşağı məhv edəcəyini xəbər verir.

Alyoşa bu iki insanı bir-birinə bağlayan sevgisizlik bağıdır. Ata ananın bir-birinə və oğullarına dəhşətli laqeydliyi üzündən oğulun itməsi haqda iki gün sonra xəbər tuturlar. Oğulun axtarışı bu iki insanın, onu əhatə edənlərin necə bir vakuumda yaşadıqlarını göstərmək üçündür.

Fiziki komfort da bu laqeydliyə şərait yaradır. Fiziki olaraq əziyyət çəkmədiyin nəsnə sənin üçün dəyərini itirir. Rəqəmsal cihazlar, həyatın qaçaqaç ritmi bir sevgisizlik mühitidir. Borisin hamilə məşuqəsi Maşa ilə, Jenyanın məşuqu Anton ilə sevişmə kadrları da bu çəkisizlik-sevgisizlik vakuumunda təskinlik çabaları kimi görünür. Naturalistik üslubda orta planda çəkilmiş bu kadrlar qəhrəmanların öz tənhalıqlarına başqa birilərini də bulaşdırmaq qarışdırmaq aktına oxşayır. Bu münasibət bir güvənsizlik qorxusu ötürür. Maşa Borisdən soruşur: “Sən bizi də atmazsan ki?” Jenya Antona israr edir: “Sən məni sevirsən?” Qəhrəmanlar bu günün əminliyi, xoşbəxtliyi yoxkən gələcəyə qarant axtarırlar.

Son kadrlarda biz artıq əvvəl məşuq həyatı yaşamış yeni cütlüklərin ilk tanıdığımız ailədən fərqlənməyən vakuum dünyasını görürük. Jenyanın Antonla, Borisin Maşa ilə “başqa cür” olmalı olan həyatı başqa cür deyil, əvvəlkinin eynisidir, ünsiyyətsizlikdir. Uşaqsa bu sevgisizlik dünyasında dustaqdır. (Son kadrda Boris onu tor divarlı manejə qoyur).

Bu açıq mesajlar, üzdə “gizlənən” yozumlar, birbaşa eyhamlar filmin qaranlıq rənglərinin içində tamaşaçının üzünə ağarır. Onu düşüncələrdən çox qara təəssüratla yükləyir.

Yeni əri ilə kəlmə kəsməyən Jenyanın qaçış trenajorunda qaçması həyata çata bilməməsi ilə paralellənir. Ukraynadakı hərbi vəziyyət xəbərinin ardından Rusiya yazılmış idman köynəyi geymiş Jenyanın yerində qaçması, məsafə qət edə bilməməsi simvolikləşdirilir.

Lakin açıq eyham konteksti bütövləşdirməkdənsə kiçildir.

Dərin mənəvi böhran keçirən insanlar cəmiyyətin kiçik modelidir. Sosiallaşmaq insanları yaxınlaşdırmır, uzaqlaşdırır deyir rejissor: sosial cəmiyyət qurmaq ideyası insanı xilas etmir. “Leviafan”da da “Sevgisizlik”də də bu təəssüf var.

“Sevgisizlik”də rasional-merkantil təfəkkür insanlar arasında heç bir bağ saxlamayıb. Donuq adamların arasında nəsə hiss etmək faciəvi haldır. Amma belə görünür ki, qapı dalında görünməz Alyoşadan başqa heç kim heç nə hiss etmir.

Borisin işlədiyi şirkətin pravoslav inanclı rəhbəri işə yalnız ailəliləri götürür, tətil boyu işçilərini monastırları gəzdirir, özü isə brend geyinən saqqalı bir adamdır. Bunun adı dəyərləri təbliğ etmək deyil, bu iş asılılığı olan adamlara əziyyət verməkdən zövq almaqdır. Başqa bir misalda biz rəhbərliyin xəstələnən işçiləri qovduğunu eşidirik. Anlayış, mərhəmət hislərindən vaz keçmiş, ümumiyyətlə, işçisinə insanca yanaşmağı axmaqlıq bir cəmiyyətin insanlara ziyan verdiyini diqqətə çatdırır. Əlbəttə iki rəfiqənin sıradan qeybətində.

Ümumiyyətlə, kamera özü də hadisələrə emosional vurğu etmək fikrindən uzaqdır, soyuqqanlıdır, sanki, hadisələri dəqiq rakurslarla gələcəyə ötürmək üçün qeydə alan texniki bir aparatdır. Yalnız filmin sonunda o bu soyuqqanlılıqdan sonra qəfil bir sarsıntı yaşayır: Alyoşadan qalan ağaca dolanmış lenti göstərəndə.

“Yelena”dan, “Qayıdışdan”, “Leviafan”dan tanıdığımız Zvyaqintsev öz mövzusuna sadiqdir. Ev-böyük anlamda, yuva, doğmalıq, sığınacaq anlamında ev dağılıb. Bu rejissor üçün dünyanın sonu kimi böyükmiqyaslı faciədir. Əsl buzlaşmanın buradan başladığını deyir. Filmin əvvəlində mayya təqviminin bitməsilə ehtimal olunan dünyanın sonu haqda radiodan deyilən xəbər filmin sonunda reallaşır; Dünya evimizdir. Evimiz artıq dağılır və Zvyaqintsev bu evin NECƏ dağılmasını göstərir. Missiyasını yerinə yetirən bir reportyor şahidliyi ilə.

İdeya problematikanın filmin ssenarisində mediaya xas açıqlıqla, üst qatda ortaya çıxması bu üzdəndir. Biz problemin çoxqatlılığını deyil, mənzərəsini detallarıyla görürük. Bu kino fəlsəfi qatlar aramır, qoyulan problem prizmasından baş verənləri fiksə edir.

Bu yeni nəsli tamaşaçı üçün yeni kino dilidir.

“Sevgisizlik” tamaşaçıları peşəkarlıqla baş verənlərə fokuslayır. Hərçənd ssenarinin sxematikliyi, məqsədli “quraşdırılma”sı gözdən yayınmır. TV-də, radioda, deyilənlərin, göstərilənlərin reallıqla üst-üstə düşməsi də ümumiyyətlə, aktyor oyununda, rejissor üslubundakı “Postdok” da (sənədlilik, reallıqla sərhədləri itirən kino) bunu gizləyə bilmir.

“Sevgisizlik”də “Leviafan”dakı kimi evi uçurmurlar, amma bir ev məcazi mənada dağılır. Bu ev cəmiyyətin, dünyanın modelidir. Bu mənada dünyanın sonu başlayıb. Kinonun son illərdə aktuallaşan APOKALİPSİS mövzusunu rejissor Zvyaqintsev belə davam etdirir...

Alimlərin proqnozlarına görə, dünyanın-həyatın sonu mayya təqviminin bitməsinə görə deyil, qlobal istiləşmə nəticəsində buzlaqların əriməsi və dünyanı su aparmasına görə baş verə bilər. O biri filmlər kimi “Sevgisizlik”də də dünyanı su aparmağa başlayıb: Alyoşanın timsalında.

Mayyalılar ən azı alimlər qədər haqlı imiş...

# 1638 dəfə oxunub

Müəllifin son yazıları

# # #