Təcrid olunmuş teatr: Bizi nə gözləyir?

Təcrid olunmuş teatr: Bizi nə gözləyir?
5 iyun 2021
# 16:30

Kulis.az teatrşünas Aliya Dadaşovanın "Teatr təcriddə - olanı xatirədir" adlı essesini təqdim edir.

“Hektomeron” Rumıniyanın məşhur “Marin Soresku” Krayova Milli Teatrının pandemiya dövündə gerçəkləşdirdiyi beynəlxalq teatr layihəsidir. “Hektomeron” kainata göndərilən ümid ismarıcıdır” – layihə üçün məxsusi olaraq yaradılan saytda belə yazılıb.

Məxsusilik nədədir? Layihənin həm məzmunu, həm də formatı bu günümüzə yaraşıb. “Hektomeron”çular Ciovanni Bokkaçonun 650 il əvvəl, Florensiyanı bürüyən vəbadan dərhal sonra yazdığı “Dekameron”dan 100 hekayəni səhnələşdiriblər (Xatırladaq ki, “Dekameron” vəba zamanından bəhs edir; 10 gənc bir adaya çəkilərək həftənin bəzi günləri istisna olmaqla, on gün ərzində, günə on əhvalat danışırlar).

Bu novellalara isə 100 ölkədən 100 rejissor, virtual formada səhnə quruluşu verib. Hektomeron adı da (hekta -100 deməkdir) burdandır.

100 rejissor necə virtual quruluş verib? Novellalar necə seçilib? Necə yayımlanıb? Bu haqda ölkəmizi bu layihədə təmsil edən rejissor Mikayıl Mikayılovla müsahibədə (https://teatro.az/az/post/mikayil-mikayilov-teatr-unsiyyet-olaraq-serhedsizdir-503) söhbət açmışdıq. Yenə də qeyd edim ki, tamaşaların hamısı Rumıniyanın “Marin Soresku” Krayova Milli Teatrında, teatrın aktyorlarının iştirakı ilə rumın dilində hazırlanıb. Rejissorlarsa virtual bağlantı ilə məşqlərdə iştirak edərək, tamaşalarına quruluş veriblər.

15 yanvar 2021-ci ildən start götürən teatr marafonu bir ay olar ki, başa çatıb, amma necə deyərlər, balığı nə vaxt tutsan təzədir; 100 tamaşanı elə indi də www.hektomeron.com veb saytından ingiliscə subtitrlərin köməyilə müftə-müsəlləm izləyə bilərsiz.

Tamaşa deyəndə bir saatlıq həngamə düşünüb də qorxmayasız; 10-15 dəqiqə çəkən tamaşalardır.

Bəs, “Hektomeron” teatr layihəsinin əhəmiyyəti nədir? Bu suala bir “bizim üçün” kəlməsini də əlavə etməliyik. Biz tənqidçilərin dilində bitən “dünya teatrı” və ona inteqrasiya dərdi var. Bu layihədə pis-yaxşı 100 ölkənin teatr işinə baxmış oluruq, məlumumuz olur ki, dünya teatrı tək proqressiv saylan Avropa teatrından ibarət yekcins bir substansiya deyil, Efiopiyadan İsveçrəyə kimi müxtəlif teatrlar var. “Hektomeron” bir layihə olaraq, pandemiyada teatr adlanan dili qorumaq, zənginləşdirmək üçün əla işdir: konsepsiyası ilə bu günün damarını tutur, hətta gələcəyin teatrına güzgüylə işıq salır.

Tamaşalar, təbii ki, müxtəlifdir, onları birləşdirən də yalnız "Dekameron" kitabı, karantin motivləri deyil, ekranın o üzündəki tamaşaçı ilə ünsiyyətə girmək dərdidir.

Bu yerdə məni şaşırdan bir kəşfimi sizlərə açıqlayım: Sən demə, ən canlı sənət sandığımız teatrın virtual ünsiyyət vərdişi varmış. O, xalqın içindən, meydanlardan yığışıb italyan qutusuna yerləşəndə, bizdən də qabaq qapanıbmış, hətta bizim bugünkü məşum inbox qutularımız həmin italyan qutusundan çıxıb. Vaqner ilk dəfə olaraq, tamaşa zamanı tamaşaçı zalında işığı söndürəndə, aktyorla seyrçi arasında göz təması qırılıb, öyündüyümüz o canlı ünsiyyət yerini virtual hənirtiyə verməyə başlayıb və biz özümüz də bilmədən virtual teatra hazırlaşmışıq. Olan olub, indi artıq canlı teatr deyləndə onlayn olaraq canlı yayımlanan teatrı anlayırıq.

Deməli, bayaqkı güzgünün işıq saldığı iki yol var: ya teatr tamaşaçıların arasına doğru daha bir addım atacaq, ünsiyyətin canllılığına daha əminliklə çalışacaq – ki, Qrotovskidən, Meyerholddan bəri buna cəhdlər edib - ya da, multimedia rəssamı və ya video rəssam teatrın üstün hüquqlu personası olaraq, teatra yeni sima, yeni dil qazandıracaq və hər imkanda çalışacaq ki, tamaşaçıya özüylə təkbətək qalmağa vaxt biçsin.

Bu arada, mövzuyla maraqlanan oxucular üçün üç il əvvəl Tiflisdə səhnə tərtibatı üzrə biennaledə teatr üzrə multimedia rəssamları Polina Baxtina və Yan Kalnberzinlə baş tutmuş müsahibənin linkini yerləşdirirəm. Teatr rəssamları üçün düzənlənən sözügedən beynəlxalq seminarlarda multimedia rəssamları müxtəlif işlər təqdim etmişdilər. Bu işlər rəssamları texniki yenilikləri ilə təəccübləndirəndə, mən virtual tərtibatın, dekorasiyanın “italyan qutusu” teatrındakı səhnə illüziyasına (italyan qutusunda aktyorlar sanki zalı görmür, səhnədəki gerçəkliyə fokuslanırlar) necə yaraşdığını, hətta fəlsəfə qatdığını (səhnə illüziyadır, ideyalar, qəhrəmanlar illüziyadır və deməli, həyat özü illüziyadır) düşünürdüm... Bir yerdə virtual dekorun gətirdiyi “üç ölçülü məkan” keyfiyyətinin fiziki yox, fəlsəfi məna kəsb etdiyini duyar kimi oldum.

Həqiqətsə budur ki, “Hektomeron”dan izlədiyim tamaşalarda məni tamaşaçı kimi duyğulandıran məqamların çoxu yenə də aktyorun üzünü ekrana tutduğu məqamlar idi. Yenə səhnənin dərin boşluğu cazibəlidir, yenə aktyor səhnəyə çox gəlmir, amma multimedia elementləri, vizual hoqqalar çox olan kimi yorulursan.

Tamaşaların əksəriyyəti “Dekameron”da olduğu kimi nəql üzərində qurulub. Bəziləri nəql yükünü paylamadan, sadəcə aktyorun çiyinlərinə qoyur (Yunanıstan, Yiannis Paraskevopoulos), bəziləri fonda rəqəmsal foto əvəzləmələr, video tətbiqetmələrlə (İran, Rusiya), bəziləri yalnız bir effektlə vəziyyətin xassəsini göstərməklə (Türkiyəni təmsil edən rejissor Sərxan Salihoğlu nəqlçi aktyor üçün arxa fon olaraq üstdən aşağı qan qırmızı rəng süzülən bir ekran seçmişdi. Səlib yürüşlərinə yollanan, əsir düşən şəxsin əhvalatının təsviri yalnız bir effektlə gücləndirilirdi) həll edir. Bir çoxları isə seçilən əhvalatın mövzusuna uyğun dramaturgiya və ideya həllinə fokuslanır. Məsələn, Almaniyanı təmsil edən rejissor Nora Mansmann tamaşa üçün seçilən əhvalatdan təkan alaraq qadına şiddət və maskulin cəmiyyət mövzusunda vurğular, çağırışlar edir və seçilən həll teatrı publisistikaya itələyir.

Gerçək sənətdə sərhədlər yoxdur, orda “bizim-sizin” ayrıcalığı da yoxdur. Azərbaycanı təmsil edən Mikayıl Mikayılovun tamaşası haqda da sırf rejissorun işi ilə yaxından maraqlandığım üçün ayrıca yazıram.

Mikayılın payına düşən ikinci günün ikinci əhvalatıdır. Əhvalat sadədir: Rikardo adlı tacir, özgə şəhərə gedəsi olur, yolda üç quldura rastlayır. Əlbəttə, quldurlar ilk başdan quldur olduqlarını deyib onu soymurlar, özlərini nəcib adam kimi təqdim edib, əlverişli vaxt gözləyirlər. Yol uzunu onlar tacir Rikardo ilə müxtəlif mövzuda söhbət edirlər, bir yerdə söhbət gəlib duaya çıxır. Bizim tacir deyir ki, o, müqəddəs Yuliyana dua edir, müqəddəs zat da onu eşidir, çünki indiyədək onu gecələmək üçün çarəsiz qoymayıb. Gecələməyə qalanda nə olur-olsun, müqəddəs Yulian onun köməyinə gəlib. Və Rikardo hər gün olduğu kimi bu gün də dua edib. Quldurlar ürəyində ona gülür, əlverişli yer tapan kimi isə onu soyub, çölün düzündə soyundurub paltarsız, ac-susuz buraxıb gedirlər və hətta gülə-gülə deyirlər ki, müqəddəs Yuliyanı indən belə öz duaçısını necə xilas edəcək, çox maraqlıdı. Yeyin bəxti, ya da himayəçisi Yuliyan Rikardoya nəinki yatmağa isti yer yetirir, hətta gözəl bir qadının isti qucağını da bəxşiş edir. Rikardo sonda mallarını da alıb şad-xürrəm evinə dönür.

Bayaq niyə payına düşən sözünü işlətdim, çünki Mikayıl buna payına düşən əhvalat kimi, danışmalı olduğu əhvalat kimi yanaşır, onun içində nələrsə axtarmır, əhvalatdan qopan tamaşaçını necəsə teatr adlanan ünsiyyətin sehrinə sala bilir. Bəs, bu sehr məsələsi necə olur?

Qeyd edim ki, əhvalatı bütün bədəni mumiyalanmış kimi sarıqlı aktyor – Klaudiu Mixail danışır. Cüzam bədəni çürüdür, belə başdan-başa sarıqlı bədən isə bir neçə məna ötürür:

-orta əsr xristian kilsəsinin günahkar saydığı bədən sanki lənət kuklasıdır,

-yaralı bədən yaşanan fiziki mənəvi ağrı-acıların simvoludur;

-bu halətdə nəqlçi bədənsizləşir, o başdan-başa xatirələr, xəyallar, fantaziyalardan ibarətdir, çünki bədən yoxdursa, "qalanı xatirədir".

-xəstəliyin tüğyan etdiyi vaxtda bədən öz məxfiliyini itirir, utanmadan öz sərgüzəştlərini danışır; xəstəlik üzündən bədən sarınmalı ikən, əksinə, sarıqlarını açır...

Beləliklə, Mikayıl orta əsr vəba-cüzam epidemiyasının Bokkaçolu dövrü ilə 21-ci əsr virtual internetlə ovunan Covid pandemiyasını qovuşdurur. Səhnənin çox da dərin olmayan eni-uzunu boyunca tullanmış iki-üç qutuyla olsa-olsa, inboks qutuları olduğumuzu xatırladır, tamaşanın sonunda epik ricətdə bunu sözlə də deyəcək ("biz iki qara qutuyuq"). Virtual ünsiyyətdə də insan bədənsizdi. İnboxlarda arzular, fantaziyalar, xəyallar, fikirlər, xatirələr toxunur, toqquşur, Bokkaçonun Dekameronundakı əhvalatlar da bədən haqda xatirələrdi. O möhtəşəm, sarıqsız, vəbasız, cüzamsız, ən əsası, qorxusuz, azad bədən haqda. Təbiətin parçası haqda.

Mikayılın tamaşasında aktyor sarıqlardan sonda qurtulur, qutunun içindən atlanıb məkana düşür və bizimlə sarıqsız, maskasız söhbət edir. Bu aktyor üçün ən çətinidir. Ekranların şüşə laqeydliyini qırıb bizə elə söz deməlidir ki, biz onun nəfəsini duya bilək. Bu sözlər hansıdı, soracaqsız? Bəlkə önəmli olan söz yox, səsin özüdür... O səs hər kəsin dərin, dayaz demədən öz tənhalığına çəkildiyi bu karantinli zamanda bizə səslənir, haraylayır, o, hansısa öhdəliklərimizi vurğulamır, nəyəsə çağırmır, reklam niyyətli, biznes məqsədli, başqa məramlı deyil, eləcə səsləyir, öz içimizdən gələn səs kimi çağırır. O, sevgili, şəfqətlidir. Bu səsdə yalançı pozitivlik yoxdur, bu səs ümidsizliyin də əlindən tutur. "Biz suda üzən və batmaqda olan iki qara qutuyuq. Gəl, birlikdə bataq" deyir. Həyati ümidlər aldadıcıdır, ama insanın ölməyən bir əbədiyyət ümidi xülyası var...

Mikayılovun rejissor kimi müəllifliyi budur: o, tamaşaçıya ideyalar oxutdurmağa tələsmir. Aktyoru tamaşaçıdan əvvəl özüylə təkbətək qoyur. Aktyor unutduğu, basdırdığı ağrını xatırlayır və danışır. “Aktyora maraqlı oldu ki, rejissor onun – aktyorun şəxsiyyətinin önə keçməsini istəyir. Mən çalışırdım ki, o özünü yaradıcı insan kimi hiss etsin, hətta rumınca öyrənib ona tez-tez deyirdim: “okaziya” yəni, bəhanədir – süjet bəhanədir, öz ağrını danıış. Sanki, bu söz Klaudiyə böyük təsir etdi, o, dediklərimi bədənindən elə keçirdi ki, sonda sizin dediyiniz manifestasiya yarandı. Əlbəttə, buna qədərki proses vardı: onunla onun kriptosu haqda söhbət etdim, mifoloji informativ bilgilər ötürdüm. Lap axırda o, dedi ki, indiyədək kimsə onunla belə dərindən işləməyib. Təəccüblənmədim, çünki, Avropada da kommersiya konyukturası var, Rusiyada da bunu görmüşəm, hərdən özün də belə konyuktura ilə işləməyə məcbur olursan…”

Vaxtilə rejissorluğu ilə Azərbaycan teatrına bir addım irəlini göstərmiş Vaqif İbrahimoğlu aktyorları ilə belə teatr təcrübələri aparırdı. Yunqun psixoanalizdə açdığı “arxetip”, “kriptomneziya”, “kollektiv şüur” kimi terminlərdən, aktyorla iş metodunda istifadə edirdi. Vaqif İbrahimoğlu köhnə hamam binasında yerləşən Yuğ teatrında italyan qutusundan imtina etmişdi, onun aktyorları tamaşaçılarla göz-gözə dayanırdılar. Yuğ teatrı əyləncəli meydan tamaşalarından gələn canlı ünsiyyəti saxlamaqla bərabər, italyan qutusunun “seyrçi-filosof” kürsüsünü də tamaşaçıya sarı çəkən unikal bir teatr üslubu idi.

Söhbəti bu günün ən yeni beynəlxalq teatr layihəsilə başlayıb, yaxın keçmişimiz olan teatr haqda bitirmək retrospektiv perspektiv ardıcıllığı pozur. Teatr: amma dünən, bu gün, sabah yox, Teatr: bu gün, sabah, dünən...

# 3134 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #