Kulis.az “Xanuma”, “Müfəttiş” (Akademik Milli Dram Teatrı), “Medeya” (Yuğ teatrı) kimi tamaşalara quruluş vermiş rejissor Mikayıl Mikayılovla müsahibəni təqdim edir.
- Mikayıl, Novosibirskdə müqavilə ilə işləyirsiz? Ümumiyyətlə rejissor üçün daimi iş nədir?
- Novosibirskin özündə müxtəlif layihələrim olub. Rejissorları əsasən müqavilə ilə dəvət edirlər. Daimi ştatda direktor və baş rejissor olur. Tək Novosibirskdə deyil, başqa şəhərlərdə də dəvətlə işləmişəm. Novosibirskin özündə də “Krasniy fakel” teatrında 3 böyük işim olub. Böyük layihələr idi. Biri Bokkaçonun “Dekameron”u idi. O tamaşanın plastik həll üzrə rejissoru idim. Bilirsiniz, mən daha əvvəl orada yaşamamışam deyə məni tanımırlar. Amma bu layihələrlə oranın teatr mühitini yavaş-yavaş tanıdım. “Dekameron” uğurlu iş oldu, məhz plastik həlli çox bəyənmişdilər. Daha iki işim oldu. İndi artıq mənə rejissor kimi layihə verdilər. “Krasniy fakel” də Mateo Vişnekin bir pyesini tamaşaya hazırlayacağam. Novosibirsk teatr mühiti necə yaşayır, mənə çox maraqlıdır...
- Buradakı ilə müqayisə edə bilirsiz?
- Müqayisə etmək çətindi. Rus Teatrı Avropa teatrı ilə necə müqayisə olunursa, rus teatrı da bizim teatrla belə müqayisə olunar. Mənə elə gəlir ki, bizdə teatr prosesi gedir harasa qədər, sonra yenə qayıdıb sıfırdan başlayır. Bəlkə də proses gedir burada da, amma çox asta gedir. Məsələn, orada xariclə müştərək layihə çox asanlıqla, sürətlə baş tutur. Buradasa xeyli çətinliklərlə gedir. Novosibirskin özündən və ya kənardan teatrlara rejissorlar çağırılır, hər truppa müxtəlif rejissor düşüncəsi ilə işləməyə öyrəşir. Bizdə məsələn belə şey olmur, olanda da az hallarda olur.
- Son zamanlar Rusiyada teatrla bağlı iri miqyaslı qalmaqallar yaşanır. Əvvəlcə elə sənin də işlədiyin teatrda kilsə teatr davası yarandı, insanlar, teatr ictimaiyyəti sənətin azadlığını müdafiəyə qalxdılar. İndi də eyni şəkildə teatr adamları Qoqol mərkəzin rəhbərini müdafiə edirlər. Bunu necə qiymətləndirirsən ümumiyyətlə? Cəmiyyətə toxunmaq deyə bilərik buna?
- Kirill Serebrennikovla (Qoqol teatr Mərkəzinin rəhbəri), Kulyabinlə (Timafoy Kulyabin Novosibirsk teatrının tamaşaya görə dindarlar tərəfindən ittiham olunan rejissoru) bağlı baş verənlər olduqca qorxulu hadisələrdir. Timofeylə görüşüb söhbət etdim. Onun məhkəmə ərəfəsində keçirdiyi sarsıntını xatırlayıram. Onu absurd bir məhkəməyə çağırırdılar, absurd ittihamla. Bütün bunlardan sonra Timofey Kafkanın “Proses” əsərindən tamaşa hazırladı. Çünki bütün bunları bir şəkildə özü yaşamışdı. “Proses”də də bilirsiniz, bir adamı aparırlar məhkəməyə, bəlli deyil nəyə görə... Çox maraqlı da bir tamaşa da alındı, o tamaşa ilə Avropaya da getdilər. Haqlısız, onların müdafiəsinə qalxdı teatr adamları, amma deyim sizə ki, orada da yaradıcı mühit bölünüb. Bir tərəf düşünür ki, qarışmayım, dinməyim... Çoxu belə düşünür. Amma müəyyən sayda insanlar da var ki, müdafiəyə qalxmaqdan qorxmurdu. Kiril də vaxtilə Kulyabini müdafiə edirdi. Baş verənlərə münasibətini bildirməkdən qorxmurdu. İndi onun özünü nələrdəsə ittiham edirlər. Onunla baş verənlər o vaxtlar Meyerxoldla baş verənlərə oxşayır. Əlbəttə, Rusiyada o vaxtkı repressiya mühiti yoxdur. Amma qorxu var.
Bizə gəlincə, bizdə sosial mühit fərqlidir. Etiraz yoxdur ona görə yox ki, hər şey yaxşıdır - yox. Pyesini tamaşaya hazırladığım bir yazıçı-rejissor var - Klim. Onun bir sözü var, deyir ki, sosial mühitdə çar və təlxək var. Yalnız təlxəyin hər şey deməyə icazəsi var idi, o da deyirdi. Teatr hardasa bu funksiyanı daşımalıdır. Klim deyir ki, təlxəyi danışmağa qoymurlarsa cəmiyyət məhvə doğru gedəcək. O deyir ki, teatr daim müxalif olmalıdır. Əgər cəmiyyətdə deyirsə Allah yoxdur, teatr deməlidir ki, var, deyirlərsə ki var, deməlidir yoxdur. Yəni, teatr loyal olmamalıdır.
- Heç tamaşa qoyanda tamaşaçını düşünürsənmi, yoxsa yalnız özünün keçdiyin proses kimi yanaşırsan?
- Mən özüm elə bu cəmiyyətin üzvüyəm, nə baş verirsə, o mənə toxunur, yəni biz ayrı-ayrı tərəf deyilik. Tamaşaçı haqda da elə düşünmək doğru deyil ki, guya o, heç nə anlamır, ya ki, gəlib sənin fantaziyana baxıb gedəcək, yox. Biz teatra ona görə yığışırıq ki, bizi narahat edən hadisənin müəyyən qatlarda görək. İnsan teatrda özünə həmdərdə həmfikir tapır, ya da tapmır çıxıb gedir. Yəni onun yalnız bir funksiyası yoxdur.
- “Azdrama”da dörd tamaşan oldu. Bəs niyə davamı gəlmədi? Ümumiyyətlə, burada qalıb işləməməyinə səbəb yalnız həyat yoldaşının Novosibirskdə işləməsi, orada yaşamanızdırmı, ya burada sizə şərait yaratmadılar?
- Məni burada heç kim qovub eləməyib. Mənim üçün bizim teatr mühitinin birləşməsini istəyən adamam. Gənclərin yığışıb teatr yaratmasını görəndə, eşidəndə çox sevinirəm. Və orada işləməyə hazıram. Təmənnasız, nə qonorar söhbəti, nə başqa bir şey.
Yəni, burada hansı layihə olsa, mən məmnuniyyətlə gəlirəm və oradan qazandığım təcrübəni burada bölüşməyə çalışıram. Hər mənada təcrübəni deyirəm–məşq prosesi, yaradıcı münasibətlər və s. Əlbəttə qonorar məsələsini mən tətbiq edə bilmərəm - bu mənim işim də deyil. Orada qonorarlar yüksəkdir, bizimki ilə müqayisə olunmaz.
“Azdrama”da “Müfəttiş”dən sonra təklif olmayıb. Təklif olsa yəqin ki, qəbul edərəm. Başqa teatrlardan da təklif olsa işləyərəm. Çünki bizim teatr mühitini hamısını tanıyıram. Mənə rahatdır işləmək. Yuğ teatrında işlərim var-yəni, iş yerim oradır.
- Mikayıl, bir yaradıcı adam kimi sənə əsas problem, maneə nədir?
- Mənə özünü ifadə etməyə imkan yaradılır. Yaradıcı prosesi yaradıcı insanlarla bölüşmək. Mənim üçün vacib olan budur. Əlbəttə, mövzu da vacibdir, amma mən həm də ona görə seçirəm ki, bu və ya digər kollektivlə ünsiyyətdə olum. Nə yazıçını, nə də pyesi təqdim etmirəm, mən aktyoru təqdim edirəm. Və mənə bir rejissor kimi ən vacibi aktyorla ünsiyyətdir. Bu ünsiyyətdə yaranan prosesdir.
- Mikayıl, ananız Sonaxanım Mikayılova ilə “Medeya. Sekvensiya 001.” tamaşasını hazırladınız. Ananızla işləməyin özəlliyi nə idi?
- Klimin “Medeya” əsəri ilk cümlədən məni tutdu və anamı düşündüm. Anam deyirdi ki, hələ “VQİK”-də (Rusiya Kinematoqrafiya İnstitutu) oxuyandan onun arzusu Medeyanı oynamaq olub. Hələ heç Medeya haqda bir fikrim olmamışdan mənə deyirdi ki, gəl bir tamaşa edək, birlikdə işləyək. Pyesin ilk cümləsini oxuyan kimi - cümlə də belə idi: “Bütün ömrüm boyu Medeyanı oynamağı arzulamışam” - anamı düşündüm.
Bu pyes təkcə “Medeya” mifindən ibarət deyil çoxqatlıdır və orada aktrisanın taleyi var. Medeya və Yason başqa bir qatda aktrisa və teatrdır. Yasonun xəyanəti və ya teatrın xəyanəti. Teatr da Yason kimi ona ömrünü həsr edən aktrisaya xəyanət edir və gənc qadını seçir. Mən əlbəttə, anamı xüsusiləşdirmirəm. Aktyorun taleyidir.
- Mikayıl, mən özüm də baxanda da, sonra baxanlarla danışanda da, hətta resenziyaları oxuyanda da ana-oğul münasibətlərinizin tamaşada bir maneə olduğunu hiss etdim.
- Çətin sualdır. Hardasa mane oldu. Bu mövzunu tam işləmiş hesab etmirəm. Ona görə bu tamaşanı da “Medeya. Sekvensiya 001.” adlandırdım. Çünki fikrimdə ikinci və üçüncü hissələr də var. Bunu proloq kimi nəzərdə tutmuşdum.
- Həkimlərdə belə qızıl qayda var: onlar yaxınlarını heç vaxt müalicə etmirlər, əgər başqa yolları varsa. Yəni rejissor üçün bu qayda keçərlidirmi?
- Gülzar xanım, bizim məşqlərimizə baxanda deyirdi ki, çəkən olsa sizin məşqləriniz ayrıca bir filmdir. Burada oğul-ana münasibəti yoxdur, rejissor-aktrisa münasibəti var idi.
- Rejissor kimi Sonaxanımın işindən razı qaldınız?
- Mən ona çətin forma təklif etmişdim, həm fiziki, həm verbal yükü çox idi. Bir aktrisa üçün çox çətinə salmışdım onu. Mənə elə gəlir ki, heç olmasa bir il işləsəydik nəticə daha başqa cür olacaqdı. Vaxt məni sıxdı, materialın genişliyindən istifadə etmədim. Paralel olaraq “Müfəttiş”i hazırlayırdım. Xırdalıqları işləyə bilmədim. Çalışdım ki, heç olmasa konsepsiya olsun. Amma bizə vaxt lazım idi.
- Mikayıl, aktrisa Sona xanım ana kimi necədir? Hər mövzuya açıqdırmı sizinlə yoxsa toxunulmaz bir ana obrazı var?
- Bizi birləşdirən nəsnələr çoxdur. Hər mövzuda danışa bilirik. Səmimiyik. Bəlkə nələrsə var danışa bilmərik. Hər bir insanın sirri var. Mənim də sirrim var təbii. Hər şeyi ona danışmayacağam ki. “Medeya”da baş verənlərlə dediyinizlə razıyam. O səmimiyyətə keçə bilmədik. Hər halda yenə aramızda obraz peyda oldu, pyes önə keçdi. Amma məşqlərdə bu məqamlar var idi. Amma bunu saxlaya və ötürə bilmədik. Bəlkə zaman çatmadı.
- Mikayıl, tamaşaların haqqında yazılanları oxuyursuz, bilirəm. Bəzən mən də tamaşalarınız barədə tənqidi yazılar yazmışam.
- Mən ümumiyyətlə tənqidə çox yaxşı yanaşıram. Əgər sağlam tənqid olduğunu görürəmsə bunu çox yaxşı qəbul edirəm.
- Aydın Talıbzadə sizin “Müfəttiş”iniz haqqında məqaləsində tamaşanı imitasiya olmasına işarə etmişdi...
- Əslində Aydın müəllim doğru deyir. Mən “Müfəttiş”i quranda öz-özümə dedim ki, niyə bunu etməyim? Orada baş verən üslubu, formanı, modeli başqa bir ideya ilə bura gətirməyim? Bir var sən “İlahi oyun”, “Medeya”da olduğu kimi postmodern sistemlə işləyirsən. Bir də var “Müfəttiş”də olduğu kimi. Mənim özümə maraqlı idi ki, burada rus teatr sistemilə tamaşa necə alınacaq? Mən bu tamaşaya təcrübə kimi yanaşdım. Mən istədim ki, sadəcə süjet olsun və aktyorlar üçün oyun sistemi olsun. O tamaşadan da razı qaldım. Aktyorlarda böyük bir transformasiya baş verdi. Özlərini başqa bir prosesdə hiss etdilər.
- Burada tamaşa hazırladığında kənardan işinə müdaxilələr olubmu: məsələn, bu aktyora bu rolu ver kimi göstərişlər. Müəllifdən, baş rejissordan, direktordan və s.
- Olur belə. Rusiyada da belə şeylər olur. Hansısa aktyorla işləməyi təklif edirlər. Amma tələb kimi yox. Yəni bunu müdaxilə saymaq düz deyil.
- Məncə siz kinorejissorluq oxumusuz. Filmlər də çəkmisiz. kinoyla bağlı planda nəsə varmı?
- Ötən il “Fenomen” adlı qısametrajlı film çəkdim.
- Deyəsən, mən baxmışam o filmə. Ekstrasens haqda çəkilən filmdir.
- Aha.
- Bu işə yanaşmanı bilmək istəyirəm...
- Əlbəttə bu konkret bir iş, sifariş idi. Amma buna reportaj kimi yanaşmamışdım. Heç reklam da alınmadı. Bu filmdə mən süjetlə kinematoqrafiya ilə bağlı çoxdan etmək istədiyim eksperimentləri etdim. Bəstəkarla işim başqa cür oldu. Bəstəkara filmi vermədim. Filmin keçidlərini hissələrini müddətini ona dedim və ümumi xassəni dedim. Sonra musiqi ilə təsviri montajda birləşdirdik. Robert Vilson tamaşalarını məhz belə işləyir. Audio-material ilə vizual materialı sonda üst-üstə qoyur.
- Bu işin peşəkarlıq tərəfidir. Tamaşaçını inandırmaq kimi bir məsələ var idimi?
- Mən bunu tamaşaçını inandırmaq üçün də çəkməmişdim. İstəyirdim bir vəziyyəti göstərəm. “Alisa möcüzələr adasında”kı fabulanı götürüb balaca bir qızın beynində baş verənləri, güzgünün o tərəfində baş verənləri göstərmək istədim. Güzgünün o üzündə başqa ölçü var. Bunun doğrudan baş verib-verməməsi tamam başqa məsələdir.
- Teatrla bağlı nə planların var qarşıda?
- Qazaxıstanda və Gürcüstanda tamaşalar olacaq. Bir də Novosibirskdə Mateo Vişnekin pyesini işləyəcəm. Hələ ki, Bakıda elə bir iş yoxdur.