İlk ağlayan kişi...

İlk ağlayan kişi...
19 sentyabr 2014
# 11:34

Kulis.az “90-lar” layihəsi çərçivəsində Aliyənin “İlk ağlayan kişi...” yazısını təqdim edir.

Layihənin digər yazıları:


Qan Turalı: Atalarımızın erməni sevgililəri

Şəhriyar del Gerani: Qvadalupenin şalvarındakı inqilab

Gülnarə İlham: Bacısıyla öpüşən qardaş...

Nuranə Abbasova: Qızlarımızın evdə qalmaq qorxusu

Kənan Hacı: Yataq otağımdakı Sibel Can

Vüsalə Məmmədova: Bütün qızların eyni adamı sevdiyi zamanlar

Şərif Ağayar: İlk qadının dadı...

Xalid Kazımlı: Təkər oğrusu

Ramilə Qurbanlı: Əzabları da şirin idi o sevginin, göz yaşları da

Bu yaxınlarda Yusif Şeyxovla müsahibə edirdik. Rayondakı kinoteatrların aqibətini soruşduq. Yusif müəllim dedi ki, onları təmir edib işə salmaqda perspektiv görmür. Təəssüflə kənd klubunda filmlərə baxmağımı xatırlatdım. Yusif müəllim də xatirələrinə yer verdi: Nizami kinoteatrında “Kleopatra”ya necə bilet tapmağından danışdı. Ardınca da dedi ki, “Nizami” düz evlərinin yanındadır və nə yaxşı ki, təmir olunub...

Əlbəttə, Yusif müəllim acıq vermirdi, (rayon mərkəzlərində belə kinoteatrlar viranə qalıbsa, hansısa kənd klubunun fəaliyyəti heç kimsəni maraqlandırmaz) amma mən kədərləndim. “Hansısa kənd klubu” bütöv bir tarixdir...

***

...Kluba filmləri üstünə “kinomexanik” yazılmış yük maşını ilə gətirirdilər. Bu maşınla kəndə xəbər də gəlirdi: “Təzə kino gəlib”. Bu “kino”ların əksəri hind filmləri idi. Bacılarını belə romantikaya qısqanan qeyrətli qardaşlar onları filmə baxmağa buraxmır, klubun qabağında ağladıb evə yollayırdılar. Evdən qızlar üçün ayrılan bilet pulunu tuma və qeyri xırdavata xərcləyib qayıdırdılar. Bəzən qızlar da bir yol tapıb, ya ata, ya analarını ora gətirib haqlarına qovuşurdular. Bəzənsə yox.

Filmlərə baxan qızar Bobbi, oğlanlar Cimi kimi olmaq istəyirdilər. Toylarda ağappaq kostyum geyən oğlanları qızlar Cimiyə oxşadırdı. Saçları uzun qızlar bu filmlərin təsiri ilə oğlana silə vurmağı gözəlliklərinin verdiyi ixtiyar hesab edirdilər. Bəzən belə ixtiyar sahibi olmaq onlara baha başa gəlirdi - “Ağ geyimli Cimi” bir anda onların abrını ətəyinə bükür, nəsillərinin qara-qara adamlarını, hind filmi romantikasına uyğun gəlməyən qohum-əqrəbalarını xatırladıb onu reallığa qaytarırdı.

...Klub öz ömrünün ən yaxşı, təyinata uyğun fəaliyyət dövrünü yaşayırdı. Az sonra o, ictimai hadisələrlə bağlı açılacaqdı. Bir az da sonra ora kişilər domino vurmağa, çay içməyə gələcəkdilər...

***

...Qəribə dövr idi. 20 yanvar faciəsindən sonra pioner andı da içmişdik. Amma az sonra qırmızı qalstukları açıb, keçirilən tədbirlərdə başımıza qara kəlağayılar bağladıq.

Müəllimələr bu obrazda bizə “Ağla qərənfil, ağla” şerini bənd-bənd oxutdururdu. Kəlağayıları adətən nənələrimizdən alırdıq. Onlardan qocalara xas qoxu gəlirdi. Ölüm və qocalıq bizi-yeniyetmə qızları əhatə etməyə çalışırdı...

Bu vurhavurun içində bir məsuliyyətimiz daha vardı: namuslu olduğumuzu ömrümüz boyu sübut etməli idik. Gəlin gedəndə mütləq ağlamalı (yoxsa “həyasızın biridir” deyərdilər), bizə eşq elan edən oğlanları söyməli, kişilərin yanından keçəndə gözümüzü yerə zilləməli, bədən tərbiyəsi dərslərində fiziki hərəkətləri etməkdən imtina etməli, toyda kiminlə oynadığımıza diqqət yetirməli idik. O dövrün dəbi olan uzun ətəkli, çiyinli-paqonlu löyünsüz geyimlər bizim kişilərlə bərabər olma iddiamızı (poqonlar) və vəziyyətimizi (İttifaq dövründən fərqli olaraq dizdən aşağı biçilən ətəklər) yaxşı ifadə edirdi. Yeniyetməlik kimi ən həssas vaxtımız belə bir vaxta düşmüşdü. Kinorejissor Əli İsa Cabbarovun patriarxal cəmiyyətin vəziyyətini, problem və fəsadlarını peşəkarlıqla əks etdirən, hələ də aktuallığını itirməmiş “Yeddi oğul istərəm, bircə dənə qız gəlin” filminə təkrar baxanda o zaman arvadların ağzından eşitdiyim, çürük diş qoxuyan xəbərdarlığı da xatırladım: İmtahan verməyə gedəndə kənd arvadları bizə təsəlli verirdilər: “Çox da özüvü öldürmə, nədi e, məktəbdi də... Əsas imtahan toydakı imtahandı” deyirdilər...

***

Həyəcanlanan tək biz deyildik. Musiqiçilərdən, tamadadan və operatorun özündən başqa hamı video çəkilişlərində həyəcanlanır, kamera yaxınlaşan anda guya şəkil çəkdirirmiş kimi statik poza alır-bu texniki yeniliyin qarşısında həyəcanla farağat dayanırdı...

...Bir dəfə məktəbə radiodan müxbir gəlmişdi. Sinfin iki yaxşı oxuyanını seçib müsahibə etmək istəyirdi. Soruşdu ki nə probleminiz var? Dedik ki, işıq yoxdur, istilik yoxdur, əziyyət çəkirik. Dedi ki, bu, problem deyil, bəzən Bakıda da işıq olmur. Dedi ki, özünüz olun, öz fikriniz olsun. Dedi ki, bizim uşaqlar sıxılırlar, türk uşaqları öz proqramlarında bülbül kimi cəh-cəh vururlar. Onun sözündən incidik. Biz özümüz də türklər kimi olmaq istəyirdik, amma türk uşaqlar kimi yox, türk qızlar kimi gözəl…

O vaxtlar idi ki, klubda hind filmləri yerini hərdənbir göstərilən, Əmrahın çəkildiyi “Mərhəmət” kimi filmlərə vermişdi. O filmlərdə kədərli, dəhşətli sevgilər olurdu. Xərçəngdən saçları tökülən gözəl qızlar, sevdiyi qız üçün ağlayan oğlanlar... Biz o vaxta qədər qız üçün ağlayan oğlan görməmişdik. Hind filmlərində gözləri dolan-zad olurdu, amma Əmraha qədər sevdiyi qıza görə kimsənin gözündən yaş axmamışdı. Amma sonra ilk dəfə filmdə yox, həyatda ağlayan kişi gördüm. Şəhid oğlu üçün ağlayan ata... Müharibə idi...

***

Artıq kəndin “dondurma”, “kinomexanik” maşınlarından sonra gözlədiyi bir maşın da vardı: ölü maşını. Qızlar şəhid olan yaraşıqlı oğlanlar üçün gizli-gizli göz yaşı tökürdülər. Bəzən şəhid anaları o qızlardan birini qucaqlayıb ağlayırdı. O göz yaşları ilə, o şəhid adları ilə millətin, torpağın, adamların dəyəri artmışdı. İndi bankomat növbəsini beş dəqiqə sonra gəlmiş birinə güzəştə getməyən, ya da növbədə dayananda bir-birinə etibar etməyib basabas yaradan adamlar, pulsuzlara nisyə mal satmayan satıcılar, telefonunun markasından utanan alıcılar - “Adəmi adəm eləyən paradır” həqiqətini əxz eləmiş insanlar o zaman çörək növbəsində dərdləşirdilər, nisyə dəftərlərində adlar artdıqca, adamlar daha da yaxınlaşırdı, ən böyük azuqəsi bir kisə un olan ailələr qaçqınlara yemək-içmək göndərirdilər, Ləl-cavahirat Fonduna üzüklərini bağışlayırdılar, əsgərlərə siqaret alır, yun corab əlcək toxuyub göndərirdilər, sosialist quruluşundan çıxıb vəhşi kapitalizmə atılan adamlar hələ saf idilər. Qlamur ideologiyası yox idi.

Bəlkə müharibə insanları birləşdirmişdi, bəlkə millətçilik havası idi? Müəllimlərin əlində “Türkün qızıl kitabı”nı görürdük. Hind filmlərinin plyonkaları klubun qabağına tökülmüşdü...

***

Klubda ədəbi-bədii gecələr keçirilirdi, dil, repressiya dövrü ədəbiyyatı, mühacirət ədəbiyyatı nümayəndələrinə həsr olunmuş gecələrdə cürbəcür səhnəciklər oynayırdıq, Məmməd Arazın, pafosla “Ayağa dur, Azərbaycan” misralarını hər deyəndə onun ayağa duracağını gözləyirdik.

Bu arada ə hərfini iki nöqtəli a kimi yazan uşaqlar - biz nənələrimizlə, babalarımızla dostlaşmışdıq. Bizim valideynlərin əlifbaya görə höccələyib oxuduğu dərs kitablarını onlar rahat oxuya bilirdilər. Dağılmış kolxoz-sovxoz birgə təsərrüfat sistemlərindən öz paylarını almaq qayğısında, “spisat” malları bölmək işində aktivlik göstərən, 41-45-i görmüş bu adamlar hər kəsin siyasəti danışdığı vaxtlarda söhbəti çox vaxt müdrikcə belə yekunlaşdırırdılar: “Bunlar hamısı oyundu”. Azı 5 qocadan bunu eşitmişdim. Sonra bu qocalar klubun qapısını domino oynamaq üçün açdırmağa çalışırdılar.

***

O klubda daha sonra 90-larda dəbə düşən son zəng şənlikləri keçirməyə başladıq. Kluba şəhidlərdən birinin adı verilmişdi. O şəkil lap kəllə divarda, səhnənin üstündə asılmışdı. Uşaqlar bu şəklin altında şənlik etməkdən utanırdılar deyə, şəkli tül pərdənin arxasına saldılar. Şənliyin başlanmasına az qalmış o şəhidin bacısı ağlaya-ağlaya gəlib şəkli tülün arxasından çıxardı.

Biz o şəklin baxışları altında son zəng keçirirdik. Bu, 90-ların son zənglərindən idi....

İndi klubun qapısı seçkidən-seçkiyə açılır. Həyətində məscid tikilib. Məscid qapısında paslı qıfıl olan kitabxananı və klubu qırağa sıxıb...

2000 - lərdi...

# 3095 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #