Səməni satan qadın: “Heç arpa çörəyi yemisən?” – Reportaj

<span style="color:red;">Səməni satan qadın:  “Heç arpa çörəyi yemisən?” –  <span style="color:red;">Reportaj
19 mart 2019
# 08:53

Kulis.az Bakı kinoteatrı yaxınlığında səməni satan qadınla reportajı təqdim edir.

- Budu burda, canlılardan götür. Üstü çiçəkli də var...

Xeyli yaşlı, xoşsima qadın taxta yeşiklərin üzərinə yığdığı səməniləri tarazlaya-tarazlaya barmağını arxa cərgədə daha sıx bitmiş səmənilərə uzadır.

- Qutuda yaxşıları da var, çöldəkilərə baxma...

- Neçəyədi?

- Bular iki manata, manat yarıma götürərsən. Aşağıdakılar 1 manat.

- Baha deyilmi?

- Nəyi bahadı ki, a qızım?

- Özünüz qoymusuz?

- Hə a qızım, özcə əlimnən. Hasını istiyirsən?

- Hamısı buğdadı?

- Başqa nə olor ki, buğda olur hamsı dana.

- Nə bilim, mərcidən, arpadan da əkirlər də...

- Yox, a qızım, olar hoqqa çıxarır. Buğda edərlər ki, ruzu bol olsun. Heç arpa çörəyi yemisənmi?

- Yox, amma bilirəm ki, arpa çörəyinə cadı deyirlər.

- Bilmirəm nə deyirlər, amma ən yaxşısı buğda çörəyidir.

- Hə...

Daha danışmağın yeri yoxdu. Ya gərək səməni alam, ya da çıxıb gedəm. Avtobusu da ötürmüşəm yəqin...

- Xala, olar bir az söhbət edək, mən bunu yazıb sayta qoyacam. Camaat da oxusun...

- Mən də deyirəm nə sorğu-sual başladıbsan... Nə saytıymış, Feyzbukamı? Yox, ayna elə...

- Yox e, xala, qəzetdə işləyirəm. Ora üçün yazı yazmalıyam. Gündə bir şeydən yazırıq da. İndi də deyiblər ki, bayram əhvallı bir şey yaz...

- Televiziya döyülmü?

-Yox, qəzetdi. Siz danışın, bu buğdanı hardan alırsız? Nə vaxtdan səməni qoyursunuz? Adətlər nədi? Mən də yazım.

- Buğdanı, dükan var, ordan alıram. Kilosu 50 qəpiyə. Özüm yaxşı buğda seçirəm ki, yaxşı cücərsin. Plastmas qablardan da alıram evdə qoyuram. Üst-üstə yığanda yaxşı əmələəlir. Elə ki cücərdi, ayrı-ayrı düzürəm.

- Tənzif də qoyursuz altından?

- Yox, tənzifi neynirəm, altını deşirəm, budu ha... (Telefonu ona tuşladığımı görür) Şəkildə mi çəkirsən?

- Olmazmı? Şəkilsiz olmaz axı yazı.

- Başım-gözüm, əynim yaman gündədi. Desən, yaxşı geyinib gələrdim. Qoy qalsın şəkli. Eləcə səmənilər çəksən olmazmı?

- Yaxşı, siz danışın.

- Üç ildi, dörd ildi səməni qoyuram. Göyərti də gətirirəm, səməni də, ayın-oyun. Belə. Həm də, a qızım, bunu mən özüm isladıram, tökürəm, bismillahla... Bilirsənmi, bu ruzudu, bunu alıb qoyursan ki, Novruzda evində ruzu-bərəkət olsun.

- Amma gərək ailənin qadını özü səmənini göyərtsin.

- Şəhər yeridi, a qızım. İndi hamı işdə-gücdə. Nətəri eləsin? Vallah deyirəm, özüm belə bismillahla, dua eliyə-eliyə göyərdirəm bunları. Verəndə də alqış eləyirəm. Ağbirçək alqışı kimi. Yanı, o da xeyir tapsın, bu ildən, bayramdan.

- Özünüz üçün də cücərdirsiz?

- Həlbət ki, evdə də var.

- Bəs əvvəllər uşaq olanda, gənc olanda necə yadınıza gəlir, Novruzda səməni göyərtməyiniz, xonça tutub dəsmal atmağınız?

- O bayramların dadı başqaydı a qızım. Səməni də qoyurduq, bişinti də bişirirdik, qapı da pusurduq, tonqaldan da adlayırdıq.

-İndi yoxdu?

- Niyə yoxdu, uşaqlar üçün gənə var.

- Nəvələriniz varmı, xonça tutursuzmu onlara?

- Nəvələrim evdədi. Qızımla qalıram. Qızımın yoldaşı irəhmətə gedibdi, mənnən qalırlar. Evdə çərşənbələrdə xonça düzəldirik süfrəyə qoyuruq. Heylə.

- Xalacan, bayramı necə keçirsəz ürəyinizcə olar?

-Elə balalarım yanımda olsun, bir qısmat çörək yeyib, könül xoşluğuyla bayramı qarşılayaq...

Nənəm deyərdi ki, evdə xoş söz danışın, eşidənin də könlü xoş olsun. Bəlkə biri gəlib qulaq asır? Onda uşaq idik, belə şeylər qulağımıza

girmirdi.

- Hansı rayondansız?

- Gürcüstandanam, a qızım.

- Sizin tərəfdən bazara gələnlər olur, burada yarmarka olanda. Kolbasa, sucuq zad satırlar.

- Olar alevrcidi. Hər şey də satıllar. Mənimki bu xırda-xuruşdu.

Götür bir səməni, xalan pay versin sana...

Bir ağız söhbətə belə dəyər verməsindən təsirlənirəm. Bəlkə də bununla söhbəti yekunlaşdırıb məni başdan edir.

- Yox, xalacan, işə gedirəm. Səhər burada olaram, səməni də götürərəm. Siz də qəşəng paltarlar geyərsiniz, şəklinizi də çəkərəm.

Gülür.Sidqi ürəklə səməni pay verir. Heç belə nurlu xala da adamı başdan edərmi?

- Tanıya biləcəm sabah sizi?

- (Zarafatı tutmur) Niyə tanımayasan? Həməşə burda oluram. Amma ki, yarmarka olanda burda olmuyacam.

- Harda olacaqsız?

-Nə bilim. Baxarıq. Dükanın qabağına gətirib qoyuram. (əliylə dükan dediyi təndirxananı göstərir).

- Yaxşı...

- Salamat, a qızım. Yaxşı yol sana...

Bir gün sonra bütün küçə Novruz yarmarkasına görə bağlanıb. Öz əlilə səməni cücərdən şirindil qadının özünü, ya da səmənisini tapmaq ümidilə yarmarkanı o baş-bu baş gəzirəm. 4-5 yerdə səməni satırlar. Heç kim danışmağa həvəsli deyil. Şirindil xalanın duayla ürəklə cücərtdiyi səmənilər burdadırsa da, üstü çiçəkli, kəpənəkli, bülbüllü, lentləri fərqli, modern dizaynlı səmənilərin arasında it-bat olub...

# 4173 dəfə oxunub

Müəllifin son yazıları

# # #