Psixoloq Vəfa Əkbər: “O qadınlar cinsi həzzin nə olduğunu bilmirlər” – Müsahibə

Psixoloq Vəfa Əkbər: “O qadınlar cinsi həzzin nə olduğunu bilmirlər” – Müsahibə
28 avqust 2019
# 09:00

Kulis.az psixoloq Vəfa Əkbərlə erkən nikah və ailədaxili problemlər mövzusunda söhbəti təqdim edir.

- Vəfa xanım, indi erkən nikahları bəraətləndirəcək bəzi amillər sadalanır. Tutalım ki coğrafiyadan asılı olaraq cinsi yetişkənlik. Amma psixoloji yetkinlik haqda düşünmürlər. Psixoloji yetkinlik hansı yaşda baş verir və hansı şərtləri tələb edir?

- Sağlam ailə dəyərləri, sağlam cəmiyyət... Hər kəsin ilkin təhsil aldığı ailə institutudur. Ana və atanın sağlam təfəkkürlü insan olması lazımdır. Ailə planlanması, ailənin prioritetləri olmalıdır. Valideynlər heç bir halda uşağı vasitəçi etməməlidirlər və ya uşağa gələcəkdə “sənə görə etdim, sənə görə dözdüm” deməməlidirlər. Bunun üçün isə, ailə qurmuş insanlar özlərinə “Buna hazırıqmı? Özümüz nə qədər doymuşuq həyatdan? Uşağın problemlərini aşmağa hazırıqmı?” deyə sual verməlidirlər.

Elə valideynlər tanıyıram ki, əminəm, onların uşaqları gələcəkdə erkən nikaha addım atacaq insanlardır. Niyə? Çünki o valideynlər sosial statuslarını artırmaq üçün, ata-analarını nənə-baba etmək üçün uşaq dünyaya gətiriblər. Və belə ailələrdə uşağın bioloji təməli qoyulur, mənəvi təməlsə olmur.

...Coğrafiya deyəndə, biz əvvəlcə erkən nikahı iki yerə bölməliyik: bir öz xoşu ilə erkən nikaha gedənlər, bir də məcburi erkən nikah. Birinci halda da yeniyetmənin evliliyə meylliliyi sağlam deyil - o, valideynlərindən qaçır. Əgər yeniyetmənin evində sağlam ab-hava, fundamental dəyərlər varsa, o, yetərincə sevgi görürsə yeniyetmə niyə evdən qaçmaq istəsin ki? Erkən nikaha addım atan yeniyetmələr özlərini dərk edə bilmirlər. Onlar ilkin fizioloji tələbatları hiss edən adrenalinlə yaşayan gənclərdir, daha düzü yeniyetmələrdir. Onlar necə doğru qərar verə bilərlər ki?

...Bir də məcburi erkən nikaha sövq edilənlər var. Burada fərqli mənzərə ordadır ki, övladdan birbaşa olaraq qurtulmaq istəyirlər. Ya maddi sıxıntıdan qurtulmaq üçün, ya hamının uşağı evlənir, mənimki də evlənsin deyənlərdir. Və ya başqa bir etnik psixologiya var adətən. Kəndlərdə olur axı: “Öz tanıdığımdı, qoy verim getsin”.

- Bir də cinsi tələbat məsələsi də var...

- Bəli, hələ o standartlar var; cinsi tələbat qızlarda yalnız evləndikdə ödənə bilər, amma oğlan uşaqlarına bu tələbatların ödənilməsinə icazə verilir. Qızlar üçünsə bu ayıblanır, qəza kimi qəbul olunur. Qızın tələbatını ödəmək üçün yeganə yolu erkən ərə getmək olur.

Erkən nikah, azyaşlı deyəndə pasport yaşı nəzərdə tutulmur, insanın psixoloji yaşı da vacibdir. Elə insan var ki, 20 yaşında həyatı dərk edir.

Yeniyetməsə çox hallarda tələbatlarını dərk etməmiş, öz cinsi yetişkənliyini anlamamış bir vəziyyətdə olur. Onların özlərini anlamağa ehtiyacı olur. Analarsa çox vaxt bu yaşda qızla söhbət etmir, deyirlər ki, qızımla aramda pərdə var. Bir gün o qız, o pərdənin arxasından evdən qaçıb gedir. Çünki ana ilə qız arasında olan bu pərdə filan deyil, baryerdir, bu baryer də qalxmalıdır. Tək bu baryer deyil, məsələn, “Biologiya” kitabındakı 47-ci, 49-cu paraqraflar da tədris olunmalıdır. Müəllim uşaqlara bunu danışmaqdan utanmamalı, “oğlanlar siz çıxın, mən qızlara izah edəcəm” deməməlidir. Yəni bu, məktəblərdən başlamalıdır. Ümumiyyətlə, ailə də deyilsə, gənclərin üz tuta biləcəyi güvənli məkanlar olmalıdır. Kimsə polisə qaça bilmir, çünki güvən yoxdur. Çünki polisdə oturan da bunun atası təfəkkürdə adamdır. O da deyəcək ki, ailən sənin yaxşılığını istəyir. İlk növbədə, o vacib qurumların təfəkkürü dəyişməlidir.

- Erkən nikah üçün xarakterik ailə tablosu necədir?

- Erkən ərə verilən qızlar öz şəxsi mövqelərini qoya bilmirlər, çünki dəyər sistemi formalaşmayıb, onlar daim idarə olunublar. İnanın ki, o cür evlənən cütləri 4-5 il sonra bir arada tək buraxsanız, onlar yaşaya bilməyəcəklər. Elçibəyin bir sözü var idi, deyirdi, azadlığa özü qaçan insan azaddır, amma qulu azad etsən də o, özünə yeni ağa axtaracaq. Baxın, belə ailələrdə də məhz bu baş verir: xəyanətlər başlayır. İstər qadın tərəfdən, istər kişi tərəfdən. Beləliklə, erkən nikahlar ailə institutunun dağılması deməkdir.

Deyə bilərsiniz ki, bəs keçmişdə necə olurdu, belə olmurdu? Çünki keçmişdə qadın-kişi bərabərliyi fərqli idi, cəmiyyətin baxışı fərqli idi, bu qədər inkişaf, maariflənmə olsa da, ayılmaq üçün vasitələr yox idi. Hamı, qonum-qonşu da sənin kimi idi və sən məcbur idin dözüb oturasan.

- Belə anladım ki, erkən nikahın görünən – boşanma, ailədaxili cinayət və s.-dən başqa görünməyən tərəfi də var. Kənardan normal görünən, içərisində ciddi problemlər olan ailələr...

- Eynən.

- Müşahidə olunan bir tendensiya var idi, yaşı 30 və hətta daha irəli olan kişilər azyaşlı qızlarla evləndirilirdi. Məntiq də bu idi: gözü açılmamış qızla evlənib onu daha rahat idarə, yəni manipulyasiya edəcək...

- 30 yaşına çatmış bir insan niyə azyaşlı bir insanla evlənmək istəsin? Çünki o, özündən əmin deyil, çünki təzəcə azadlığa qaçmış adamdır. O, idarə etmək istəyən ağa obrazındadır, daima kölə axtarır. “Mən danışım qadın sussun” istəyir. İnandırım ki, bizim cəmiyyətin üçdə bir hissəsi elə evlənir. Xüsusən, Rusiyada, Türkiyədə işləyənlər. Gəzib-tozub, sonra yenicə parta arxasından qalxmış qızla evlənirlər. Düşünürlər ki, uşaqdı, daha rahat idarə edəcək. Amma yaş faktorunu nəzərə almırlar, düşünmürlər ki, onun kaprizləri daha çoxdur. Belə evlənən həyatındakı ən böyük axmaqlığı edir: özünə gələcək düşmən yetişdirir. O qadın nə zamansa biləndə ki, bu kişinin ailəni quranda məqsədi qadını idarə etmək olub, o, frigid (soyuqluq, ehtirassızlıq – red) anaya çevrilir. Frigid ananın da qızı kişilərə inanmayan, kişilərə güvənməyən, feminist, hətta qəddar ruhlu olur, oğlu isə elə eyni frigid anaların böyütdüyü qızların qurbanı olur: qızlara daha çox inanan, onların nazı ilə oynayan və daha çox qırılmağa meylli olan. Beləliklə, belə ailədə potensial qurbanlar böyüyür.

- Bu daha çox kasıb ailələrdə baş verir?

- İmkanlı ailələr də var. Biz hələ də ibtidai icma təfəkküründəyik. O zaman çox yemək gətirən ovçu kişini tərcih edirdilərsə, indi də eynən elədir...

- Bizim toplum üçün keçərli olan ailə modeli hansıdır və bu modelin hansı çürük tərəfləri var?

- “Palaza bürün, elnən sürün” modeli. Hamı görsün ki, toy etdik. 200 nəfərlik o salon doldu. Toyda cütlük öyrəndiyi rəqsi göstərdi. Bir-iki aydan sona soruşacaqlar ki, bir şey-mi şey var? Qaynanan necədi? Bunun kimi olduqca şəxsi suallar. Özü də bu, savadla bağlı deyil. Mən akademik tanıyıram ki, yeni evlənmiş qızdan soruşur ki, qızım, qaynananla necədir vəziyyət? Problem zad var? Lap tutalım problemi var, sən özgə adam ona köməkmi edə biləcəksən? İlk növbədə böyüklərin böyüməsi lazımdır. Böyüsünlər ki, gənclərin şəxsi həyatına hörmət etsinlər, onları doldurulmasınlar, onları baş-başa qoysunlar. İntim həyata ciddi hörmətsizlik var. “Niyə evlənmirsən?” və ya “istəyənin var” kimi suallar. Bu gün ictimai qınaq budur.

- Amma bunlar da iqtisadi azadlıqla bağlıdır. Ailə iqtisadi cəhətdən müstəqil ola bilməyəndə hər baxımdan müstəqil ola bilmir...

- Bayaq dediyim kimi, bunlar tək kasıb ailələrə aid deyil axı... İmkanlı ailələrdə də belə rol oyunları gedir. Bilirsiniz, model nədir? İllər əvvəl ailə üçün yazılmış gözəl bir ssenari var idi və gözəl də oynanılırdı. İndisə o ssenari banallaşıb, amma hələ də ailə dəyər sistemində o ssenarini saxlayıb onu oynamağa məcbur edirlər. Bizim ailə dəyər sistemimizdə müsbətlər də vardı: ata və ananın yeri. Tutalım ki, ata evə gec gəlirsə, onu gözləmək. İqtisadi çətinlik olsa belə, atanın qazandığı ilə ana ailəni məmnun etməyə çalışır. Amma o analar çox dözüblər. Bu keçmiş bir dəyər imiş, ailənin sirrini faş etməmək. Amma o anaların qızları xırda məslələyə dözümsüzdülər. İndi xırda məsələyə görə, ər arvad bir-birinə olar-olmazı deyir.

- Yəni şiddət görərsə, qadınların ictimailəşdirməsi düz deyilmi?

- Məsələ düz deyil də deyil. Məsələ ondadır ki, keçmişdə qadınlar susublar. Çünki gedəcək yerləri olmayıb, ictimai qınaq da güclü idi, o getdikdə onun bacısıyla evlənmək istəməyəcəkdilər, qardaşı acıq edəcəkdi. Məcbur idi ki, bu şiddətə, sayğısızlığa dözüb otursun. O keçmiş modeldə ailələrdə şiddət var idi. 100-də doxsan ailədə qadınlar döyülürdü. Amma o qadınlar susurdu. Və indi narazı olduğumuz ailələr niyə belədir? Çünki onları həmin o susan, dözən analar yetişdirib. İndiki gənclər, gənc ailələr o susan, dözən anaların yetişdirdiyi nəsildir. İndi orta nəsil özündən çox razıdır. Amma bu gün narazı olduqları model onların öz əsərləridir. Ata indi unudub ki, vaxtilə həyat yoldaşına qarşı özü şiddət göstərib. İstər fiziki, istər psixoloji, istər iqtisadi. Qadına pul verməmək, qərarı arvadı ilə yox, anası ilə müzakirə etmək, büdcəni anasına tapşırmaq. Bax özü ilə öyünən orta nəslin bu ailə modeli indiki dözümsüz cütlükləri, ailələri yetişdirib. Onlar bu gənclərdən şikayət edəndə bir öz ailə modellərinə baxsınlar. Bu gənclər yerdən çıxmayıb ki? Onların əsəridir.

- Madam ki, biz daha çox ailə prinsiplərini müzakirə edirik. Maraqlıdır, Azərbaycan kinosunda heç bizə xas, sağlam ailə modeli deyə biləcəyimiz bir model xatırlayırsızmı? Varmı belə film?

- Düzü, bunu düşünməmişdim.

- Məsələn, “O olmasın bu olsun”, “Qaynana”, “Bizim Cəbiş müəllim”, “Böyük dayaq”, “Aygün”...

- Elə “Qaynana”da da hikkəli yaşlı ana obrazı və dözümlü gəlin var. “Bizim Cəbiş müəllim”ə gələndə... Hər ailədə qadın ərinə belə təzyiq etmir. “Böyük dayaq”da bir modelin sınması var: deyirlər qadın ictimai işlərdə işləməz, amma orada qadın çox aktivdir...

- Sizə daha çox hansı problemlə müraciət edirlər?

- Hər hansı məsələnin kökü ailə dəyərlərinə dayanır. Bir cütlük müraciət edib: ailədaxili konfliktlər. Baxırsan ki, problem ailə planlamasının olmamasıdır. Qadın dünyaya uşaq gətirəndən üç ay sonra bilir ki, yenidən hamilədir. Və bu uşağı da dünyaya gətirir. Soruşuram siz çoxmu hazır idiniz iki körpə uşaqla yaşamağa? Deyir, mənə dedilər, ikisi bir yerdə böyüyər. Amma ailə üçün yox, qadının özü üçün fiziki bir yana, nə qədər psixoloji gərginlik və yükdür bu. Bu da gətirib ailədə anlaşılmazlıq, gərginlik yaradır. Ər başını götürür qaçır, qadın depressiyaya girir, karyerası puç olur. Psixoloji böhrandır. Niyə? Ailə planlaması yoxdur, spontan yaşayırlar. Halbuki bu ər və arvad birgə düşünüb qərar versələr belə olmaz. Bizdəsə dinləmə qabiliyyəti yoxdur, tabeçilik var. Mən onları əyləşdirib suallar verirdim, məlum olurdu ki, onlar bir-biri haqda nə qədər az bilirlər. Çünki bir-birini dinləmirlər. Bu, bizdə cəmiyyət olaraq yoxdur. Biz öyrənmək istəmirik, öz ağlımızca izah edirik. Bu da bizə böyüklərdən gəlib: çox bilirsən, az danış, böyük olan yerdə sus, bilmədiyin şeyə baş qoşma və s.

Ailədaxili gərginlik olan ailələrdə nə baş verir? Ya sürətlə arıqlama baş verir. Ya da kökəlmə. Arıqlama o zaman gedir ki, arıqlayanın üzərində diktator var, ona nəsə əmr edir, o isə buxarlanmaq, yoxa çıxmaq istəyir. Kökələn insanlarsa o ailədədir ki, orada vecsizlik var, ona fikir vermir, onu saymırlar. O isə kökəlməklə sanki həcmini böyüdərək “mən də varam, məni də gör” deyir. Bu hələ ilkin mərhələdir. Məsələ intihara çatanda hamı soruşur niyə belə etdi ki?

Biz yarı ananın, yarı atanın əsəriyik. Əgər biz ya atamızı, ya da anamızı seçiriksə, deməli biz bədənimizin yarı hissəsini inkar etmiş oluruq. Bu da panik ataklara, nevrozlara, paraliçlərə... Yəni beyin bu inkarı istiqamətləndirir və hədəf orqanı sıradan çıxarır. Adam olur yarımçıq adam...

- Erkən nikah, məcburi nikah, sağlam qərar verməmə birbaşa hansı psixoloji xəstəliklərə əsas verir? Təcrübənizdə belə hallar varmı?

- Panik ataklar, nevrozlar, şəxsiyyət pozuntusu, depressiya, Paranoyal pozuntular... Erkən nikahda çox zaman qadın cinsəl zövqün nə olduğunu bilmir, elə bilir cinsi əlaqə kişi üçündür. Kişisə qadınına cinsi yetişdirməyə çalışmır, gedib daha yetkin qadınla münasibət qurur. Qadın cinsi həzz almadığı üçün xoşbəxtlik hormonu olmur, bədbin olur, psixoloji xəstəliklər baş qaldırır. Erkən nikahda vaginizmə rast gəlirik, frigid analar çox olur...

Adamlar başa düşməlidir ki, sağlam ailə üçün çıxış yolu erkən nikah deyil. Yetkin qərar verməkdir.

Bir dəfə yaşı 30-u keçmiş, iki uşaq anası olan bir qadın gəlmişdi. Dedi ki, panik atakdan əziyyət çəkir. Onu atası varlı bir kişiyə ərə vermişdi, ata özü də o adamın əlinin altında işləyirdi. Nəinki atası, əmisi, əmisi oğlanları da. Qızın vəziyyətisə yaxşı deyil, onun heç nəyə haqqı yoxdur, onunla bir qul kimi davranılır. Qadının harasa getmək, ərilə gəzmək, özünə geyim almaq kimi haqqı yoxdur. Əri onu döyürdü. Qadınsa sözünü çatdıra bilmirdi deyə panik atak yaranmışdı, öldürməyən ölüm qorxusu var idi. Deyirdi ki, boşanmaq istəyir, amma qorxur ki, əri onu öldürər. Dəhşətli də arıq qız idi. Qadının vəziyyətini nəzərə alıb qardaşı və atası ilə danışmaq istədim. Atası nəinki məni dinləmədi, hətta hədələməyə başladı: “Sizdən öyrənəcəyəm ailə nədir? Sizdən məsləhət alıb ailə qurmuşdum ki?” Məni böyük qurumlarla hədələməyə başladı: “Siz bilirsiz, mən kiməm?” Ona dedim ki, öz maddi rifahına görə qızını qurban verdiyi üçün sıravin insandan aşağı yerdə dayanır. Qızını düşünsün. Amma onlar o qızı daha yanıma gəlməyə qoymadılar. Qızın anası ilə əlaqə saxladım, anası mənə dedi ki, siz ərini ona pisləməyin, o nədir ki, mən nələr çəkmişəm. Bu əzgin ana istəyirdi ki, qızı ərinə dözsün, çünki hələ ondan daha az əzab çəkib.

Baxın, o ailə dağılmayıb. Toya gedəndə qəşəng geyinib ər-arvad şəkil çəkdirirlər. Halbuki ailə bədbəxtdir. Oğlu aqressivdir, böyüyüb polis olmaq, atasını döymək istəyir, qızısa kişilərə nifrət edir...

- Vəfa xanım, artıq bir çox neqativlər normativə keçib. Belə olan halda bu neqativlərdən nə zaman qurtula bilərik?

- İlk növbədə nəsil yenilənməlidir. Uşağa körpəlikdən hörmət etməyi öyrənməliyik. Başqasına görə yaşamağı tərgitməliyik...

Əlaqəli yazılar:

Həsən Turabovun öz qızına faciəvi münasibəti - Sevda qadın haqları və erkən nikahlardan yazır...

Erkən nikahı çıxış yolu görənlər

Mehriban Zeynalova erkən nikahlardan danışır: "Deyirlər, qadın adamın papağını yerə soxandır" - Müsahibə

Atasının bədbəxt elədiyi 15 yaşlı Bahar

# 17613 dəfə oxunub

Müəllifin son yazıları

# # #