Nişanı yadımdadır. Həyətdə böyük mağar qurulmuşdu. Mən də əlimə pambıq alıb, ilk dəfə xalçanın üzərinə "Xoş gəlmişsiniz" sözlərini yazdım. Əla süfrə açılmışdı. Hətta Faiq əmi Gəncədən operator da dəvət etmişdi. Kənd yeri üçün videoçəkənin gəlməsi böyük dəbdəbə sayılırdı.
Hazırlıq yüksək səviyyədə tamam idi. Bircə 15 yaşlı Bahardan başqa. Nə əyninə bəzəkli donunu geyinir, nə də üzünü kosmetika ilə bəzəməyə imkan verirdi. Yazıq qız gah anasına yalvarır, gah da qoca nənəsinin ətəyindən yapışıb "Deyin, gəlməsinlər. İstəmirəm. Mənə yazığınız gəlmir?", -deyib fəryad qoparırdı. Mahirə xala da balasına qoşulub ağlayır, amma övladına heç cür kömək edə bilmirdi.
Oğlan evinin gəlməyinə vaxt az qaldığı üçün axırda atasına şikayət etməli oldular. Kişi əsəbi halda otağı girib, Bahara bir şillə vurdu. Faiq əminin o an dediyi sözlər indi də qulağımdadır: "Nanəcib övladsan! Sənə bu cür nişan təşkil etmişəm, çıxartdığın hoqqaya bax! Məni el içində rüsvay edəcəksənsə, rədd ol evimdən! Sən adda övladım yoxdur!", - deyib, qızı sürüyə-sürüyə darvazadan çölə atdı. Sonra əlinə balta götürüb arvadının üstünə cumdu ki, günah səndədir, qızın ağlını gic-gic fikirlərlə doldurubsan, ikinizin də başını kəsəcəyəm.
Faiq əmi düz deyirdi, Baharın ürəyinə müəllimə olmaq arzusunu Mahirə xala salmışdı. Özünün ali təhsili yarımçıq qaldığı üçün övladının oxumağını çox istəyirdi. Digər analar kimi qızını mal-qara otarmağa göndərmir, Gəncəyə yolu düşəndə ərindən xəlvət kitab alırdı. Yadımdadır, Baharın çarpayısının altı dünya klassiklərinin əsərləri ilə dolu idi. Yaxşı danışıq qabiliyyəti, şeir deməyi də vardı. Ona görə məktəb tədbirlərində aparıcılıq işini Bahara tapşırardılar.
Mahirə xalanın qızını təhsilə yönəltməsi ərinin heç xoşuna gəlmirdi. Düşünürdü ki, anası Baharı ər üçün yaxşı yetişdirmir, ev işi gördürməməklə böyük xəta edir. Lakin nə atasının kobudluğu, nə də bibilərinin atmacalı sözləri qızı məktəbdən soyutmur, əksinə daha yaxşı oxumağa çalışırdı.
Bahar 9-cu sinfi də əla qiymətlərlə başa vurdu. Sonuncu imtahandan evə gələndə atası çantasını əlindən alıb həyətə tulladı ki, oxuduğun bəsdi, daha sənin üçün məktəb bitdi. Sən demə, evdə heç kimə xəbər vermədən qızın "hə"sini Kamran kişinin oğluna verib.
Faiq əmi məktəb qadağasının ardınca da elçi gələcəyini açıqlayır. Bu xəbər Bahar və Mahirə xala üçün əsl faciə olur. Nə qədər göz yaşı töksələr də, kişinin ürəyi yumşalmır. Fikrində qəti olduğunu göstərmək üçün qızının bütün kitab-dəftərini töküb yandırır. Nəticəsi olmayanda ana-balanı o ki var əzişdirir. Kötək də xeyir verməyəndə, əlinə bıçaq alır ki, söz vermişəm, məni rüsvay etsəniz, ikinizi də öldürəcəyəm.
Beləcə döyülə-söyülə Mahirə xala elçiləri şirinçayla yola salıb, xeyir işə hazırlaşır. Davamı da bildiyiniz kimidir. Nə illah etsələr də, Faiq əmi qərarından dönmür. Sonda da istədiyi olur, nişan baş tutur.
Toy tez oldu. Mən 11-ci sinifdə oxuyanda Bahar artıq ana idi, qızı doğulmuşdu. Yaşıd olduğumuz üçün söhbətimiz tuturdu. Onlara qonaq gedəndə həmişə məktəbdən danışardıq. Hansı mövzuları keçdiyimizi, dərsləri soruşar, mən danışdıqca da kövrəlib ağlayardı. Arzularını puç etdiyi üçün atasına, ərinə, ən üzücüsü isə balasına nifrət edirdi. Hətta öldürmək də istəmişdi. Qaynanası otağa girəndə görüb ki, bələyi üzüstə yatağa qoyub. Xoşbəxtlikdən uşaq boğulmamışdı. Bir dəfə də mənim yanımda körpə acından çatlayır, Bahar isə süd vermək istəmirdi. "O, canından bir parçadır. Başına gələnlərdə ən az sənin qədər günahsızdır. Yazıqdır, ac saxlama", - dedim. Bir az duruxandan sonra qızını qucağına basıb, hönkürtü ilə ağladı.
Baharın taleyi heç gətirmədi. Məcburi əri olan kişini nə sevdi, nə də isinə bildi. Hər toxunanda yoldaşına daha çox nifrət etdiyini söyləyirdi. Xəyal da həmişə arvadının ona qarşı laqeyd, soyuq olmağından şikayətlənirdi. Qəribə də olsa, zorla sahib olduğu qadından sevgi, şəfqət gözləyirdi.
Sonrakı illər daha ağır oldu. Xəyal Bahara xəyanət etməyə başladı, hətta bir dəfə ərini öz yatağında başqa qadınla tutmuşdu. Boşanmaq istəsə də Faiq əmi icazə vermədi. Eyni evdə yaşamağa davam etsələr də, əri ilə yatağını ayırmışdı. Xəyal da bunu əsas gətirərək, ailəli olduğu halda ikinci dəfə evləndi. Daha doğrusu, ata evinə cavan bir qız gətirdi. Elə onu da götürüb, Rusiyaya getdi. Sonra bir daha xəbər-ətər almadıq.
Bahar 21 yaşında dul qaldı. Faiq əmi kor-peşman qızını evinə qaytarmalı oldu. Övladının həyatını puç etdiyi üçün özünü bağışlaya bilmir, etdiklərini yada saldıqca, başına-gözünə döyürdü. Övladının bədbəxt olmasına dözə bilməyən Dilbər xala çərləyib tez öldü. Atası da vəfat edəndən sonra qız tək qaldı. Yenə pis-yaxşı Faiq əmi baxırdı. Valideynlərini itirən Bahar çox yoxsullaşdı. Nə təhsili vardı, nə də əlinin sənəti. Dolanmaq üçün qonşuların həyətində işləməyə başladı. Gah tövlə təmizlədi, gah odun daşıdı. Çox çətinliklə, bir qarın ac-bir qarın tox balasını böyütdü. Kasıbçılıq, səfalət Baharı çox erkən qocaltdı. 38 yaşı var, amma 60 yaşlı qarı kimi görünür: dərisi qırış-qırış, dişləri yox, beli bükük.
Bax belə, bir atanın inadı ucbatından bütün ailə bədbəxt oldu. Bilmirəm, erkən və məcburi nikahlardan indiyədək xeyir tapan olubmu? Bəlkə də var, kimsə bu şərtlərlə xoşbəxt ola bilib. Amma əksər hallarda belə ailələrin sonu faciə ilə nəticələnir. Ən pisi, Bahar və onunla eyni aqibəti yaşayanların taleyi dərs olmur. Çünki maariflənmə zəif, ictimai şüur qüsurludur. Düşüncə tərzi dəyişmədikcə eyni xəta və oxşar talelərin sayı gündən-günə artacaq.
Əlaqəli yazılar:
Həsən Turabovun öz qızına faciəvi münasibəti - Sevda qadın haqları və erkən nikahlardan yazır...
Erkən nikahı çıxış yolu görənlər
Mehriban Zeynalova erkən nikahlardan danışır: "Deyirlər, qadın adamın papağını yerə soxandır"