Xaqani Şirvaninin orta məktəb dərsliklərinə salınan “İraqa, İrana eyləsəm səfər, başıma yağıştək yağar simu-zər....” misraları ilə başlayan qitəsi haqda bəzi faktlar ortaya çıxıb. Belə ki, həmin qitənin əslində şərqşünas alim Məmməd Mübariz Əlizadəyə aid olduğu deyilir. Alimin oğlu siyasətçi Araz Əlizadə mətbuata açıqlamasında qitənin atası tərəfindən yazıldığını söyləyib: “Müharibədən sonra atam, saray şairi kimi Azərbaycanda qadağan olunmuş Əfzələddin Xaqani Şirvaninin xalqa qaytarılması üçün əmək sərf edib və bu zaman atamdan Mir Cəfər Bağırova “donos” yazıblar. Atamdan tələb olunub ki, Xaqaninin Azərbaycana, Vətənə həsr olunmuş heç olmasa bir əsərini göstərsin. M. Mübariz Əlizadə məcbur olub ki, ədəbi mistifikasiya ilə məşğul olsun. O, özü yazdığı qəzəli Mircəfər Bağırova təqdim etmişdi.”
Kulis.az bu fakt ətrafında kiçik bir araşdırmanı və həmin qitəni təqdim edir.
Şərqşünas alim Məmməd Mübariz Əlizadənin oğlu, siyasətçi Araz Əlizadənin söylədiyinə görə, bunu az adam bilirmiş: “İndi bunu Vasif Məmmədəliyev də bilər. Atam o zaman 30-cu illərdə Xaqani Şirvani haqda məqalələr yazırdı. Dünyadan köçdükləri üçün indi adlarını demək istəmədiyim bir neçə yazıçı Yazıçılar Birliyindən Mərkəzi Komitəyə danos yazıblar. Yazıblar ki, Mübariz Əlizadə saray şairini təqdir edir, onun haqqında yazır. Onda Mir Cəfər Bağırov atamı çağırıb deyir ki, bu adam haqqında yazırsan. Onun bir vətənpərvər şeirini göstərə bilərsənmi mənə?
Atam da gəlir və sözügedən şeiri onun adından yazır. O zaman Xaqani Şirvani yaradıcılığını atamdan başqa kimsə araşdırmırdı, atamda onun əlyazmaları vardı, ona görə də, inanırlar ki, şairin doğrudan belə qitəsi olub sonralar da bu qitə dərsliklərə salınıb. Bağırov da nəinki onun ədəbiyyata salınmasına razılıq verir, hətta Yazıçılar Birliyinin yerləşdiyi “9 Yanvar” adlanan küçəyə də onun adının verilməsinə göstəriş verir.”
Şərqşünas alim Vasif Məmmədəliyev Bu haqda dəqiq nəsə bilmədiyini deyir: “Ola bilərdi olsun. Mübariz müəllim qorxusuz adam idi. Yəni, çox ola bilər ki, deyilən kimi olsun.”
Alim Məmməd Mübariz Əlizadənin qızı şərqşünas Nüşabə Əlizadə ilk dəfə bu haqda elmi məqalə ilə çıxış edib: “Bu bizim ailəmizdə danışılan bir söhbət idi. Bunu atamın özündən eşitmişəm və 2001-ci ildə onun 90 illiyinə həsr olunmuş konfransdakı çıxışımda demişəm. Sonradan bu çıxış məqalələr toplusunda çap olundu. Məsələ belə olub ki, Xaqani Şirvaninin yubileyini keçirmək istəmirlərmiş, onda atam belə bir təəssübkeşlik edib və bu qitəni yazıb. Bu qitə çap olunandan sonra yubileyə icazə verilir. Amma qitə çap olunanda səhvən onun tərcüməçisi kimi Məmmədağa Sultanovun adı gedir. Onda atam Məmmədağa müəllimə zəng edib dedi ki, bu səhvən sizin adınızdan gedib. O qitənin orijinalı yoxdur, onu mən bu səbəbdən yazmışam.”
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri İmamverdi Həmidov həmin qitəni hansısa bir orijinal əsasında yazıldığını düşünür: “Bilirsiniz, o qitənin tam şəkildə orijinalını göstərə bilmərəm. Amma orijinalda oxşar şeirlər, oxşar deyimləri var. Mübariz Əlizadə yəqin ki, onlardan birini götürüb müdaxilələr edib, onu Şirvana Şamaxıya bağlayıb, vətənpərvərliyə aid hissələr əlavə edib.”
Ədəbiyyatşünas, tənqidçi Tehran Əlişanoğlu isə bu faktın təqdimində vacib nüansları görməyin tərəfdarıdır: “Mən o dövrün tədqiqatçısı deyiləm. Amma belə bir fakt olubsa da bu yəqin ki, xoşniyyətli addımdır. Biz dövrü nəzərə alanda və nəzərə alanda ki, klassik ədəbiyyata sinfi yanaşma var imiş, alimlərimizin belə addımlarını məqbul saya bilərik. Burada bədxah niyyət axtarmaq lazım deyil və gənc nəslə də bu faktı o dövrün siyasi mənzərəsinin fonunda, siyasi şəraiti nəzərə çatdırmaqla təqdim etmək lazımdır.”
Sonda diqqətinizə həmin qitəni təqdim edirik:
“İraqa, İrana eyləsəm səfər, başıma yağıştək yağar simu-zər,
Orada şairə qiymət verən var, xəzinəm ləl ilə gövhərlə dolar.
Şahlar məclisimdə diz çökər mənim, başıma tabaqla zər tökər mənim,
Bakir sözlərimin aşiqi olan ariflər əlimi öpər hər zaman
Neymətə, dövlətə qərq olaram mən, barınar el-oba mənim süfrəmdən,
Lakin üzüm gülməz, gözlərim ağlar... qəlbimdə dağ qədər ağır intizar.
Vətən həsrətilə töküb göz yaşı, “Ah Vətən!” deyərəm mən hər söz başı.
Şamaxı! Ey mənim sevimli yurdum, mən sənin qoynunda xaniman qurdum.
İndisə acığın tutmuşdur mana, sənin qucağından ayrılsam, ana,
Ümidim, pənahım Təbrizdir, Təbriz, o şəhər də mənə doğmadır, əziz.
Siz mənə həyatı etdiniz əta, sən mənə anasan, Təbrizdir ata.
Anasından küsən körpə bir uşaq, ata qucağında yer tapar ancaq!”