Nobelli şairin seçmə şeirləri

Nobelli şairin seçmə şeirləri
26 avqust 2014
# 12:13

Tomas Tranströmer 1931-ci ildə Stokholmda doğulub. 1956-cı ildə Stokholm Universitetini bitirəndən sonra 1960-66-ci illər arasında Roxtuna Uşaq Həbsxanasında psixoloq işləyib. 1967-ci ildən sonra Vasteras şəhərində iş qabiliyyəti olmayan insanlarla çalışıb, xəstələnib Stokholma qayıdana qədər orda yaşayıb.

İsveçin çağdaş dövrdəki ən önəmli şairlərindən biri sayılan Tranströmer 1981-ci ildə Qərbi Almanyada Petrarka mükafatını, 1983-cü ildə İsveçin ən prestijli mükafatlarından olan Bonnier Şeir ödülünü, 1990-cı ildə neustadt Beynəlxalq Ədəbiyyat mükafatını, 2007-ci ildə Griffin Fondu Ömür Boyu Uğur mükafatını, 2011-ci ildə isə Ədəbiyyat üzrə Nobel mükafatını qazanıb.

Şairin şeirlərini türkcəyə çevirən məşhur tərcüməçi Çevat Çapan yazır: “1994-cü ildə, İsveçdə, Qotland Adasının Visby şəhərində "Yazarlar və tərcüməçilər Evi"ndə Tranströmer üçün təşkil edilmiş şeir gecəsinə getmişdim. Tranströmer 1991-ci ildə keçirdiyi beyin qanaxmasından sonra danışmaq qabiliyyətini itirmiş, sağ tərəfi tamam iflic olmuşdu. Buna baxmayaraq şair hamıyla kontakt qurdu, dostluqlar yaratdı."

Bunu oxuyanda düşündüm ki, demək 2011-ci ildə Nobelə layiq görülən şair, 20 il əlil arabasında, bir tərəfi iflic vəziyyətdə yazıbmış, dili tutulsa da, susmayıbmış. Sükutun beləsi də olurmuş.

Saat üçdə İzmir

Qabaqda, demək olar ki, bomboş küçədə

iki dilənçi, biri tək ayaqlı –

o biri kürəyində daşıyır dostunu.

Eləcə dayandılar. Gecə yarısı yolda

faraların işığında donub qalan

heyvanlar kimi. Duruxdular əvvəl

yolu keçmək üçün, sonra sürətlə yollarına

davam etdilər, məktəb həyətində oynayan

uşaqlar kimi günorta bürküsündə, boşluqda

saatlar zəng çalarkən. Mavi parıldayaraq axıb sulardan

keçdi. Siyah sürünüb büzüldü daşlardan baxa-baxa.

Bəyaz əsib bir fırtına oldu gözlərin içində.

Saat üç çeynənərkən nalların altında

və qaranlıq döyərkən işığın divarını

şəhər uzanıb sürünürdü dənizin qapısında

parıldayaraq quzğunun kəskin baxışlarıyla.

Qatar yolu

Səhərə yaxın iki, ay işığı. Qatar dayanıb

düzənliyin ortasında. Uzaqda bir qəsəbənin

yanıb-sönən işıqları solğun-solğun göz vurur üfüqdə.

Eynən insanın xəyalında uzaqlara gedib

fikirdən ayılanda hara getdiyini

qəti xatırlayamacağı kimi.

Ya da insan xəstə yatarkən necə yanıb-sönən

qığılcımlara, qarışıqlığa çevrilərsə günlər

qeyri-müəyyən və solğun üfüqdə.

Qatar tərpənmədən dayanıb.

Saat iki: ay par-par yanır, bir neçə ulduz.

Do Major.

Görüşdülər, sonra küçəyə çıxanda,

qar dənələri uçuşurdu havada.

Qış gəlmişdi

onlar sevişərkən.

Ağappaq işıldayırdı gecə.

Yeriyəndə xoşbəxtlikdən uçurdu.

Bayır aşağıydı bütün şəhər.

Yanından keçən təbəssümlər –

hamı gülümsəyirdi dik yaxalıqların arxasından.

Havayı!

Və Tanrının varlığını çığırmağa başladı bütün

sual işarələri.

Ən azı ona belə gəldi.

Bir musiqi eşidildi birdən

və böyük addımlarla ilərlədi

uçuşan qarın içində.

Hər şey do səsinə tərəf istiqamətlənirdi.

Do səsini göstərirdi titrək kompas.

Bir saat ötəsində ağrıların.

Asan idi!

Hamı gülümsəyirdi dik yaxalıqların arxasından.

Noktrün

Maşınla bir kənddən keçirəm gecə vaxtı, faraların

işığında oyanır evlər – oyaqdılar, içmək istəyirlər.

Evlər, anbarlar, işarələr, tərk edilmiş maşınlar –

bax, o an Həyata bürünürlər – insanlar yatır:

Bəziləri rahatlıq içində yata bilirlər, digərlərinin

üzü-gözü gərgindi, elə bil əbədiyyətə hazırlanırlar.

Dərin yuxuda olsalar da, özlərini buraxmırlar.

Yaxınlaşıb yanlarından ötən sirr üçün endirilmiş

şlaqbaumlar kimi, eləcə dayanıblar.

Kənddən qıraqda yol, meşənin içindən

uzanıb gedir.

Və ağaclar bir-biriylə ahəng içində səssizliklərini

qoruyurlar.

Ocaq atəşi kimi teatral rəngləri var.

Hər yarpaq nə qədər aydındı! Evə qədər məni izləyirlər.

Yatmaq üçün uzanıram. Qəribə rəsmlərin, işarələrin

qaraldığını görürəm göz bəbəklərimin arxasındakı

qaranlığın divarında. Yuxuyla ayıqlıq arasındakı

yarıqdan böyük bir hərf özünü boş yerə

soxuşdurmağa çalışır.

Lissabon

Alfama məhəlləsində mahnı oxuyurdu sarı tramvaylar

yoxuşu çıxarkən. İki həbsxana vardı. Biri oğrular üçün.

Əl eləyirdilər dəmir barmaqlıqlı pəncərələrdən.

Fotoları çəkilsin deyə qışqırırdılar.

“Amma bu yer siyasi məhbuslar üçündü” – deyirdi biletçi

ikiyə bölünmüş bir adam kimi hırıldayaraq. Baxdım binanın

divarlarına, kimsə yuxarı mərtəbədə pəncərəyə söykənib

əlində durbin dənizi seyr edirdi.

Camaşırlar asılmışdı mavilikdə. Divarlar hirslənmişdi.

Mikroskopik məktubları oxuyurdu milçəklər.

Altı il sonra Lissabonlu bir qadından soruşdum:

“Gerçək idi gördüklərim, yoxsa xəyal?”

Tarix haqqında

I

Bir mart günü dənizə gedirəm və qulaq asıram.

Buzlar səma kimi mavi. Günəşdə parçalanırlar.

Günəş də mikrofondan fısıldayır buzun örtüyü

altında.

Çağlayır və köpüklənir. Və elə bil kimsə çarşaf

silkələyir uzaqda.

Hər şey tarix kimidi: bizim İndiki Zamanımız. Örtülüb,

qulas asırıq.

II

Parçalanmaq üzrə olan adalar kimidi iclaslar.

Sonra: sarsılan uzun bir uzlaşma körpüsü.

Bütün gediş-gəliş ordan olacaq, ulduzların altında,

doğulmamış solğun üzlərin altında,

boşluğa sürgün olunmuş, düyü dənələri kimi adsız.

III

Höte 26-da Jidin qifayəsinə bürünüb Afrikanı gəzib

və hər şeyi görüb.

Bəzi üzlər gördükləri hər şeydən daha aydın olurlar

ölümdən sonra.

Əlcəzairdən gündəlik xəbərlər oxunanda,

birindən başqa bütün pəncərələri örtülmüş böyük bir ev

göründü,

və biz Dreyfusun üzünü gördük orda.

IV

Fundamentalistlə konservator birgə yaşayırlar bədbəxt

bir evliliyi davam etdirircəsinə,

bir-birinin formasını alaraq, bir-birinə aludə.

Amma onların uşaqları olan bizlər qopmalıyıq onlardan.

Hər problem öz dilində çığırar.

Bir tazı kimi qaçar həqiqətin iz qoyduğu yerə.

V

Binalardan bir az o yandakı açıqlıqda

atılmış bir qəzet parçası aylarla yerdə qaldı,

hadisələrlə dolu.

İndi yıpranır gündən-günə yağışda, günəşdə,

bir bitkiyə, kələmə çevrilmək, torpağa qarışmaq üçün.

Eynən yaddaşın yavaş-yavaş özümüzə çevrilməsi kimi.

Schubertiana

I

Axşamın qaranlığında, Nyu-Yorkun kənarında, bir baxışda

səkkiz milyon insanın evini görə biləcəyin yerdə,

qoca şəhər yanıb-sönən işıq selidi, spiralvari ulduz

topasıdı yandan baxanda.

Bu ulduz topasının içində qəhvə fincanları itələnir

masaların üstünə, vitrinlər əl açır gəlib

gedənlərə: iz qoymadan yeriyən minlərlə ayaqqabı.

Güc-bəla dırmaşılan yanğın nərdivanları, sürüşərcəsinə

bağlanan lift qapıları, polis kilidli qapıların

arxasında, fasiləsiz yüksələn səslər.

Metro vaqonlarında, o sürətli yeraltı məzarlarında,

yorğun yarıyuxulu gövdələr.

Statistakaya baxmadan bilirəm ki, Şubert çalınır

bir otaqda və kiminçünsə səslər hər şeydən daha

həqiqidi bu an.

II

Bir yumruq qədər kiçilmiş insan beyninin ucsuz-

bucaqsız düzənlikləri.

Apreldə çəyirtkə qayıdıb gəlir eyni məhəllədəki eyni

ambarın altında olan keçən il tikdiyi yuvaya.

Trasnvaaldan havaya qalxıb ekvatoru keçir, altı həftə

uçub iki qitənin arasından, torpaq parçasının üstündə

itməkdə olan bir nöqtəyə yönəlir.

Və bir simli alətlər kvartetinin adi bir neçə notunda

bütün həyatın izlərini tapan

və bir iynə deşiyindən bir çayın axmağına kömək olan,

dostlarının “balaca göbələk” deyə çağırdığı

eynəyi ilə mürgüləyən və hər səhər düz vaxtında

qalxıb yazı masasının başına keçən Vyanalı kök

bir dəliqanlı.

Beləcə hərəkətə gəlir notların o fövqaladə

qırxayaqları.

III

Simli alətlər kvarteti çalınır. Və mən nəm ağacların

arasından keçərkən yoxa çıxır ayaqlarımın altındakı

torpaq,

doğmamış bir uşaq kimi büzülür,

mürgüləyirəm, tük kimi gələyəcə yuvarlanıram

və birdən başa düşürəm bitkilərin də düşündüklərini.

IV

Elə çox şeyə güvənmək lazım gəlir ki, gündəlik

həyatımızı yaşaya bilmək üçün torpağın altına

getməmiş.

Kəndin yanındakı dağın yamacına yığılmış qara güvən.

Susmaq üçün verilən vədlərə və mənalı təbəssümlərə

güvən, qəzanı xəbər verən teleqrafın bizimlə bağlı

olmamağına və içimizdən birinin bir balta zərbəsinə

tuş gəlməyəcəyinə güvən.

Əsas yolda üç yüz dəfə böyüdülmüş dəmirdən arı

topasının ortasında bizi daşıyan arababının yayına güvən.

Fəqət bunlardan heç biri həqiqətən dəyməz güvənimizə.

Başqa bir şeyə güvənə biləcəyimizi deyir simli alətlər

kvarteti. Başqa nəyə yaxşı? Başqa bir şeyə və bu dü-

şüncə yol boyu bizi bir müddət təqib edir.

Eynən pilləkəndə işıqlar sönəndə, əlin qaranlıqda

öz yolunu tapan kor sürahini – güvənlə - izləməsi kimi.

V

Pianonun başına keçib dörd əllə fa minoru çalırıq,

eyni maşında iki sürücü, bir az gülməli görüntüdü bu.

Əllərimiz dala-qabağa tullanan çəkiləri itələyir sanki,

sanki böyük bir cəhdlə pozmağa çalışırıq o yekə

tərəzinin qorxunc nizamını: xoşbəxtlik və kədər bərabər

ağırlıqda,

“Elə möhtəşəmdir ki, bu musiqi,” – deyir Annie. Haqlıdır.

Amma aktiv insanlara hiyləgər qısqanclıqla baxanlar,

qatil olmadıqları üçün özlərindən nifrət edənlər,

onlar özlərini tapa bilmirlər burda.

Və insan alıb-satan və hamının satın alına biləcəyinə

inanan neçələri, onlar da tapa bilmirlər özlərini

burda,

onların musiqisi deyil bu. Zaman-zaman həyəcanlı və

yumuşaq, bəzən sərt və güclü, ilbiz izi

və dəmir tel, özü başdan-başa dəyişkənlik olan

bu uzun melodiya.

Düz bu dəqiqə dərinliklərdən yuxarıda bizi izləyən

o inadçı küy.

# 2501 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #