Valideyninin ölümünə sevinən qəhrəman

Valideyninin ölümünə sevinən qəhrəman
4 avqust 2014
# 11:40

Kulis.az Qəmər Alxanovanın “Əlif Şəfəqin “Ata və bic” romanının görünməyən tərəfləri” yazısını təqdim edir.

Türkiyənin tanınmış gənc qadın yazıçı-publisistlərindən Əlif Şəfəq (Elif Şafak) əsərlərinin yeni ideya məzmunu və mündəricəsi, hadisə və əhvalatlara təzə baxış bucağı, süjet və kompozisiya qurma ustalığı, tip və xarakter yaratma məharəti, zəngin dili və özünəməxsus üslub xüsusiyyəti (yeri gəlmişkən, qeyd edək ki, yazıçı ikidillidir və əsərlərini ingiliscə də yazır) ilə seçilən nasirlərdən biridir.

1971-ci ildə Strasburqda doğulan yazıçı Ankaradakı Orta Doğu Texniki Universitetinin məzunudur. Uzun illər Avropa və Amerikada yaşamış, universitetlərdə işləyib. Siyasi elmlər sahəsində yazdığı doktorluq işi mükafata layiq görülüb. 1994-cü ildə ilk hekayələr kitabını nəşr etdirib. Sonrakı illərdə ona bir sıra mükafatlar qazandıran əsərlər yazıb. ABŞ və Avropanın ayrı-ayrı mətbuat orqanlarında yazıları dərc olunur. Kitabları müxtəlif dillərə tərcümə edilib. Onun son illərdə bir-birinin ardınca qələmə aldığı yeddi romanında Türkiyə sərhədlərindən kənarda cərəyan edən hadisə və əhvalatların, bir sıra xarici ölkə və şəhərlərin təsvir və təhkiyəsinin, personajlarının yerli və xarici ictimai-siyasi mühit və fərqli məişət müstəvisində təhlilinin bu dərəcədə təbii alınmasında, görünür, xarici ölkələrdə yaşama amilinin də rolu az deyildir.

Bunu xüsusi olaraq vurğulayaq ki, hal-hazırda “Zaman” qəzetinin köşə yazarı olaraq aktiv publisistik fəaliyyətini davam etdirən Əlif Şəfəqə çox az sənətkara nəsib olan ədəbi tale qismət olmuşdur. Onun işıq üzü görən ilk romanı “Pinhan”la tanınmış və geniş oxucu kütləsinin rəğbətini qazanmış, ədəbi ictimaiyyət tərəfindən qəbul edilmişdir. “Şəhərin aynaları”, "Bit Palas”, ”Əraf” və “Mədd-cəzir” romanları ilə də ədəbiyyatsevərləri xəyal qırıqlığına düçar etməyən istedadlı yazıçı ingilscə yazdığı və müəllifin iştirakı ilə türkcəyə çevrilən haqqında danışacağımız “Ata və bic” ( “Baba ve Piç”) romanından sonra daha da məşhurlaşmışdır. Yeri gəlmişkən, Türkiyənin televiziya kanallarından birinin ən sevilən seriallarından olan “Xəlil və Bənövşə” (“Halil və Menekşe”) filminin ssenari müəllifi də Əlif Şəfəqdir.

Romanın təhlilinə keçmədən əvvəl xatırladaq ki, yazıçının qələmə aldığı sonuncu əsəri onun yenicə çapdan çıxmış avtobioqrafik səciyyəli “Siyah süd” romanıdır (2008). Əsərdə yeni uşaq dünyaya gətirən qadınların keçirdiyi psixoloji böhranlar, şəxsi problemlərlə məişət qayğıları arasında çırpınan ananın depressiyaları əks etdirilməyə çalışılır.

Əlif Şəfəqin “Ata və bic” romanını Azərbaycan oxucusuna ilk dəfə təqdim edən və əsər haqqında son dərəcə maraqlı məqalə yazan tanınmış yazıçı-publisist Rəşad Məciddir (“Yazıçının bicliyi”, “525-ci qəzet”, 26 oktyabr 2006-cı il).

Romanının alt qatı dərin ictimai-siyasi və tarixi hadisələrdən hörülüdür. 1915-ci ildən başlayaraq (məlum 1915-ci il hadisələrinin əsərdə bəhs edilən iki ailənin taleyinə təsiri romanın bütün süjeti boyu müzakirə olunur) bu günlərə qədər uzanan zaman dilimini əhatə edən əsər tarixi ekskurslar şəklində nəql edilən hadisə və əhvalatlarla xeyli zəngindir və zəncir halqaları kimi iç-içədir. Təhkiyəçinin nəqli anında iki müxtəlif məkanda yaşayan iki müxtəlif ailənin tarixin eyni zaman kəsiyində cərəyan edən hadisələrlə münasibəti, o dönəmdə və hal-hazırda yollarının kəsişməsi romanda son dərəcə inandırıcı şəkildə və ustalıqla təsvir edilmişdir. Əsərdə San-Fransisko və İstanbulda yaşayan insanların həyat tərzinin, məişətinin, mənəvi-psixoloji dünyasının müqayisəli-qarşılaşdırmalı bədii təhlili, bu ölkələr, hətta qitələr arasında (Amerika – Avrasiya) yaşanan oxşar tarixi hadisələrin təsviri romanın əsas qayəsinin, yazıçı məramının açılmasına xidmət edən ədəbi fon, bədii kolliziya olaraq seçilmişdir.

Əlbəttə, bütün dünyada geniş rezonansa, zaman-zaman siyasi mübahisə, hətta münaqişələrə yol açan hadisələrin bədii ədəbiyyata gətirilməsi böyük cəsarət tələb edir. Geniş erudisiyalı, necə deyərlər, Şərqi də, Qərbi də sadəcə mütaliə ilə deyil, həm də şəxsən yaşayaraq təcrübədən keçirən Əlif Şəfəq bunun fərqindəydi və onun bütün “gözlənilən və gözlənilməyən” hücumlara hazırlıqlı olduğu əsər işıq üzü gördükdən sonrakı dönəm içərisində yaşadıqları (məşhur 301-ci maddə ilə məhkəməyə verilməsi qarşısında mətanətlə duruşu, demokratiya oyunları ilə ikili standartlardan əl çəkməyən “demokratların” hay-küyünə aldanmamağı, onu vətənə xəyanətdə, türklüyü aşağılamaqda ittiham edənlərə layiqli cavabları, fürsətdən istifadə edib onu öz qondarma “soyqırım” təbliğatına qoşmaq istəyən erməni diasporunu əlinin tərsi ilə kənarlaşdırması və s.) sübut elədi.

Türkiyə mətbuatının bir-birinə zidd, tamam fərqli qiymətləndirmələrinə baxmayaraq, sağçı, solçu, islamçı, yaxud millətçi mətbuatın nə deməsindən asılı olmayaraq, türk və dünya ədəbiyyatına yeni, çox istedadlı bir yazıçının gəldiyi artıq ədəbi fakt olaraq ortada idi. Roman əleyhdarlarının dediyi kimi, heç də "bəsit söz yığını" deyil. Bir tərəfdən həddən artıq canlı, diri söhbətlər, bir tərəfdən əsərin maraqlı, gözlənilməzliklərlə zəngin süjet xətti göstərir ki, Əlif Şəfəq ən yeni türk nəsrində öz sözü və çəkisi olan peşəkar bir nasir, istedadlı bir yazıçıdır. R.Məcidin yuxarıda adı çəkilən məqaləsində qeyd etdiyi kimi, “reklama, yoxsa antireklama xidmət etməsindən asılı olmayaraq, məhkəmə prosesi həqiqətən romanı diqqət mərkəzinə çəkmişdi... Çünki romanda ermənilərin dilindən səslənən, türklərin guya ermənilərə qarşı soyqırımı törətmələrilə bağlı cümlələrdən daha qəliz, daha mübahisəli məqamlar əsərin alt qatlarındadır və əslində həmin məqamlar qabardılmaq, müzakirəyə çıxarılmaq üçün "gəl-gəl" deyir”.

Həqiqətən də romanda qarışıq və eyhamlarla dolu alt qatlarda gizlənən xeyli məqamlar var ki, onlar yazıçının "erməni soyqırımı" barədə işlətdiyi cümlələrdən daha artıq dərəcədə "türklüyü aşağılayan fikirlər" şəklində yozula və yaxud da əksinə, ermənilərin bir millət halında təhqir olunması kimi qiymətləndirilə bilər. R.Məcidin aşağıdakı mülahizələri də dəqiq və sərrastdır: “Əsərdə bu iki xalqın bir-biriylə yanaşı yaşamasının yalnız fəlakət gətirəcəyi mənasında yozula biləcək məqamlar olduğu kimi, bu birgəyaşayışın qazandıracağı üstünlüklərə işarə vuran notlar da tapmaq mümkündür”.

“Ata və bic” romanı erməni əsilli Çakmakçıyanlarla türk əsilli Qazançıların ailə-məişət məsələlərinin, bu ailələrin bir-biri ilə olan şaquli və üfüqi əlaqələrinin bədii təhlilinə həsr edilmişdir. Əsərdə yer alan bu iki ailənin bir-birinə bənzər xüsusiyyətləri də olduqca çoxdur. Hər iki ailədə çoxsaylı ailə üzvləri təqdim edilmiş, hər iki ailədə öz keçmişini axtaran bu arayış içərisində olan müəyyən psixi böhranlar keçirən gənc qızlardan söhbət açılmışdır: Türk qızı Asya və atası erməni, anası amerikan olan, anasının Ami deyə çağırdığı Armanuş Çakmakçıyan.

Roman Qazançı ailəsinin ən kiçik qızı, on doqquz yaşlı Zəlihənın nikahdankənar qeyri-qanuni uşağından (kimliyi, əslində, kimliksizliyi yalnız özünə məlum olan bir atadan!) xilas olmaq üçün ginekoloq-doktora getməsinin təsviri ilə başlayır. İnsan psixologiyasına dərindən bələd olan Əlif Şəfəq xəstəxanaya yollanan Zəlihənın keçirdiyi həyəcanları, tərəddüdləri ifadə etmək üçün yolüstü bazara girib darçın və bərbəzəkli stəkan-nəlbəki alması təsvirindən istifadə etmişdir. Zamanı gecikdirməyə çalışan Zəlihə bu yolla özündən qaçmaq istəyir.

Qazançı ailəsi ancaq qadınlardan ibarətdir. Eyni zamanda Çakmakçıyanlarda da qadınlar olduqca çoxdur. Zəlihə çox gözəl, daima kişilərin marağına səbəb olan bir xanımdır. O, romanda 19 yaşından 40 yaşına qədər təsvir edilmişdir. Bu müddət içərisində o daima mini yubkada, ətrafın diqqətini özünə cəlb etməkdən xoşlanan qadın kimi təsvir edilmişdir. Qazançı ailəsində hər xarakterdə qadın mövcuddur. Ailənin anası olan, türk qadınına xas adət-ənənələrlə yaşayan Gülsüm nənə (Ciciannə), cinlərlə söhbət edib fala baxmaqla məşğul olan Banu, həmişə əsəbi gəzən Fəridə, tarix müəlliməsi, bu səbəblə də bütün hadisələrə tarixi nəzərlərlə baxan Cevriyyə, ailədə “qara qoyun” adlandırılan, ailənin üzqarası hesab edilən, atasız uşaq dünyaya gətirən, tatuirovka (döymə) işi ilə məşğul olan Zəlihə və ailənin ən kiçik yaşlı qadın nümayəndəsi atasının kimliyi bəlli olmadığı üçün bic hesab edilən Asyadır. Qazançı ailəsinin yeganə sağ qalan kişi fərdi Mustafadır. Bu ailədəki kişilər çox erkən yaşlarda vəfat edirlər. Ləvəndin atası Riza Səlim 60-a çatmamış dünyadan köçüb, Ləvənd özü 51 yaşında vəfat edib. Ailədəki başqa kişilər də müxtəlif səbəblərdən cavan yaşlarında dünyadan gediblər. Bu nəhs ənənə sonralar da davam edir. Qızların ərləri də eyni taleyi yaşayırlar. Mustafa Amerikaya getməklə bu qara qismətindən qaça biləcəyini düşünür. Bu, bir növ özü özündən qaçmaqdır. Əsərin sonuna qədər oxucu Musatafanı ancaq bu səbəblə Amerikaya getdiyini düşünür, halbuki əsas səbəb tamam başqadır.

Mustafa Amerikada Roza adlı bir erməni xanımla evlənir. Roza əvvəl Çakmakçıyanların yeganə oğlu Barsam ilə ailə həyatı qurmuşdu. Ondan ayrıldıqdan sonra içində daima intiqam hissi daşıyır. Çakmakçıyanlardan intiqam almaq üçün nə edə biləcəyini fikirləşir... Və, nəhayət, tapır: bir türk kişisinə ərə getməyin bir erməni ailəsinə vurula biləcək ən ağır zərbə olduğunu, onlara güclü mənəvi-psixoloji təsir edəcəyini düşünərək Mustafa ilə ailə həyatı qurur.

Armanuş nənəsi Şuşan Çakmakçıyanın (İstanbuliyanın!) uşaqlığının keçdiyi İstanbula getməyi qərarlaşdırır. Anasına atasının yanında San-Fransiskoda olduğunu, atasına isə anasının yanında Arizonada olduğunu söyləyərək İstanbula, ögey atasının ailəsinin yanına gəlir. O, burda Qazançı ailəsinin xanımları ilə tanış olur. Burda biz bir sıra maraqlı məqamlara rast gəlirik. Anasına da digər xalaları kim xala deyən Asya ilə Armanuşun yaşadıqları bənzər psixi dünyanın bir çox məqamlarının üst-üstə düşdüyünü görürük. Çakmakçıyanların da ailəsində mövcud olan fərdlər Şuşan, qızları Surpun, Zaruhi, Varsenig və Armanuşun atası, Rozanın intiqam almaq üçün bir türkdən istifadə etdiyi Barsam Çakmakşıyandır. Armanuş İstanbulda bir sıra yeni insanlarla tanış olur, o günə qədər ona bəlli olmayan yeni fikirlərə sahib olur. Bu insanları tanımasına kömək edən isə Asyadır.

İlk dəfə hamilə olduğunu anası və bacılarına bir yemək süfrəsində deyən on doqquz yaşlı Zəlihə heç vaxt dünyaya gətirdiyi uşağın atasının kim olduğu haqqında onlara məlumat vermir. Qızı ona heç vaxt ana demir. Asya ilə anası arasında dərin bir uçurum mövcuddur. Asya ilə Armanuşun arayış faktorları bir – birinə oxşasa da Asya hər şeyi bilməyə çox səy göstərmir. Ancaq ruhunda yaşadığı böhran – arayış onun insanlarla münasibətinə ciddi təsir göstərir. Çox saylı qadınların olduğu bu evdə Asya öz yolunu tapmaqda çətinlik çəkir. Onu fərqli məşğuliyyətlərə göndərən xala – anaları onun həyatında müəyyən rol oynayırlar. Əslində, valideynləri ilə münasibətin doğurduğu uçurum Asyanın həyatda atasız-bic olmasından irəli gəlmirdi. Onun anası Zəlihə da ata sevgisindən uzaq böyümüşdür. Zəlihənın uşaqlıq xatirələrindən onun ataları ilə yaşadıqları şüurlarında elə dərin bir iz qoymuşdur ki, atası ölərkən Zəlihə onun məzarına getmək istəmir. Hətta atalarına olan qəzəb Zəlihə ilə Mustafa arasında da uçurum yaradır. Əsərin əvvəllərində ginekoloqa gedən Zəlihənın küçədə ona söz atan taksi şoferindən sonra beynində oxuduğu bir kitabdan psixoloji bir məsləhəti xatırlaması oxucu üçün həm olduqca maraqlıdır, həm də İstanbul qadınının yaşadığı psixi vəziyyət haqqında məlumat verir:

“İstanbullu Kadınların Elkitabından Altın Feraset Kuralı: Sokakta sarkıntılığa uğradığında asla tepki verme, muhattap olma çünkü tacizcisine küfretmek şöyle dursun tepki veren kadın, tacizcisini daha da kışkırtmaktan öte bir şey yapmamış olur!”

“İstanbullu Kadınların Elkitabından Gümüş Feraset Kuralı: Sokakta sarkıntılığa uğradığında sakın sinirlenme. Paniklenme, çünkü sarkıntılık karşısında sinirlenen ve aşırı tepki veren bir kadın sadece kendi işini zorlaştırmakla kalır!” (1,s.28-29).

Qeyd edək ki, bu parçaları Zəlihə oxuduğu “Qadın fərasəti” adlı kitabdan xatırlayır. Bu parça ilə biz bir qadının ona göstərilən davranışa necə cavab verməsi haqqında düşündüyünü görürük. Bətnindəki uşaqdan xilas olmaq istəyən Zəlihə həkimdə sinir böhranı keçirir və qərarından vaz keçir. Əsəbləri daima oyaq olan Zəlihəya vurulan çoxsaylı keyidici iynələr ona qətiyyən təsir etmir: “HayıR, bi şey yapamadık,”dedi sekreter migreni azmış gibi başını tutarak. “Siz öyle avaz avaz bağıRıRken doktoRun bi şey yapması kabil olmadı tabi. Bi türlü bayılmadınız kuzum, ay o ne sayıklamalaR, bağRış çağRış, sonRa bi de küfRetmeye başladınız, teRbiyesiz, teRbiyesiz laflaR. Valla kaç senediR bu meslekteyim, böyle bi şey ne gördüm ne duydum.Onca moRfine ban mısın bile demediniz (1s.14-15).

Yuxarıda təqdim etdiyimiz parçada bir neçə psixoloji məqam nəzəri cəlb edir. Danışanda çətinlik çəkən və R hərfini çətinliklə tələffüz edən tibb bacısının megren xəstəliyinə düçardır. Tələffüz əziyyəti nevroloji xəstəlik də sayıla bilər. Bu parçadan ortaya çıxan digər fakt isə Zəlihənın sayıqlaması hadisəsinin özü yox, onun vaxtilə yaşadığı acı hadisənin təhtəlşüurda yer edib yuva qurması və uyğun məkan və şəraitdə (müalicəxana və həkim kreslosu!), münbit zəmində (morfin iynəsinin təsiri ilə üst şüurun yatması!) çölə vurmadır.

Qeyd edək ki, yazıçının təsvir etdiyi Zəlihə və Asya obrazları ilə yazıçının özünün arasında müəyyən bənzərlik mövcuddur. Əlif Şəfəq özü də uşaqlıq illərini nənəsinin himayəsində keçirmişdir. O, öz anasına uzun illər “abla” (böyük bacı) demişdir: “Anneler Gününde anneme hediye aldım elbette, alırım. Sadece ona değil, anneanneme de. Çünkü bana bebekken bakan anneannem Fahriye Hanım. Anneme “abla” demişim bir müddet, hep çalıştı ben çocukken. Beni ilk çocuklukta anneannem yetiştirdi aslında. Romanlarımda anlattığım tüm hurafeler, batıl inançlar ondan geçti bana” (3). Bütün bunlar yazıçının doğurdan da özünün əski etdirdiyi qəhrəmanların psixi vəziyyətlərini də daha real yaşayaraq qələmə almasına imkan vermişdir. Asya kimi ana və ata qayğısından uzaq, Zəlihə kimi ata sevgisindən məhrum böyüsə də (Qeyd edək ki, yazıçı uzun müddət atasını görmədən yaşamışdır) o öz övladına bütün ruhu ilə bağlı olmağı bacarmışdır. Bu baxımdan, Əlif Şəfəq Zəlihədan daha şanslıdır. Yazıçı xoşbəxtliyini və ana olmağı qərarlaşdırdığını aşiq olmasında və məhəbbət üzərində ailə qurması ilə bağlamışdır.

Əlif Şəfəqlə romanın digər obrazlardan biri olan Armanuş obrazı arasında da bənzərliklər mövcuddur.

Yazıçı Şərq insanının lazımi məqamlarda xəstəliyə biganə qaldığını, lazım olmayanda isə, əksinə, daha çox narahat olduğunu göstərmişdir. Əsərin sonrakı hissələrində biz Fəridənin keçirdiyi psixi xəstəliyin “Majör depresif bozukluk” adlanan insanın əhvalının həm yüksək, həm də pis olması ilə müşahidə olunan depressiya xəstəliyi olduğu ortaya çıxır. (6)

Romanda Qazançı ailəsinin timsalında dünyəvi və dini məqamlar sıx-sıx qarşılaşdırılır, müxtəlif dinə mənsub fərdlərin qurduğu ailələrin sosial-məişət problemlərinin, cəmiyyət arasında tutduqları mövqelərin fərqliliklərinə, onların psixoloji ovqatlarına, personajların xarakterlərinin formalaşmasında roluna işarə vurulur. Romanda “Qurani-Kərim”dən surələr, Məhəmməd peyğəmbərdən (ə.ə.s.) hədislər təqdim olunur, Cicianne və Banu obrazları vasitəsi ilə dini fikirlər ortaya sərilir, şərh və yozumlardan bəhs edilir. Əsərin müvafiq yerlərinə üzvi surətdə daxil edilən bu məqamlar, o cümlədən Banunun “xeyir və şər mələklərinin açıqlamaları”, falçılığı yazıçıya bir çox dərin mətləbləri açmaq işi də bədii priyom kimi lazım olmuşdur. Məsələn, tez-tez fal açan Banuya onun “cinləri” Ağulu və Şəkərşərbət Asyanın atasının kim olduğunu və Armanuşun nənəsi Şuşanın keçmişi, İstanbul həyatı ilə bağlı faktları söyləyirlər.

Romanda xeyli fəlsəfi məqamlar, müəllif təhkiyəsi vasitəsilə müxtəlif fəlsəfi konsepsiyalarla mübahisə və mülahizələr mövcuddur, xüsusilə, gerçək və fəlsəfi zaman məfhumu haqqında Berqsonla, Tanpınarın düşüncələrinə bildirilən münasibət xeyli maraqlıdır. (1, s.101)

Qazançı ailəsinin ən kiçik sakini Asyanın atasız böyüməsi onun həyata baxışında müəyyən fərqliliklər yaratmışdır. Özünə qapanan, ancaq öz doğruları ilə yaşayan bu qızın şəxsi manifesti – həyata baxış tərzi formalaşmışdır. Bu “manifestonun” maddələrini formalaşdıran faktorlar psixoloji cəhətdən düzgün işıqlandırılmış, yazıçı bic olaraq dünyaya gətirilən, anasına xala deyən Asyanın ruh halını, mənəvi-psixi portretini mükəmməl çəkmişdir:

“Birinci Madde: Yaşadığın hayatı sevmek için bir sebep bulamıyorsan yaşadığın hayatı seviyormuş gibi yapma.

....Yedinci Madde:Var olmak için yeteneğin ya da geçerli bir sebebin yoksa, sadece tahammül et hayata.”(1, s.133-134)

Əlbəttə, həyata öz baxış tərzi olan, atasının kim olduğunu bilməyən, yalnız atası haqqında xəyal qurmaqla bu boşluğu dolduran, öz doğma anasına nə üçün xala dediyini və evdəki bütün xalaların ona analıq etməsinin səbəblərini qavramayan gənc bir qızın ailədə münasibətlərinin normal olmaması, davranış və hərəkətlərində, kişilərlə qurduğu dostluq və intim yaxınlıqlarda sanki öz taleyindən qisas alma kin və küdurətinin yatması qədər təbii bir şey olmaz. İstedadlı yazıçı bütün bunların – insan beyninə uşaqlıqdan vurulmuş maddi-mənəvi travmanın onun şəxsiyyətinin formalaşması prosesində gec-tez neqativ rol oynayacağını dəqiq şəkildə əsaslandırmışdır. “Zamana güvənməyəcək qədər bədbin”, “həyata zərrə qədər etimadı olmayan” Asyanın anasına və öz taleyinə olan qəzəbi bir neçə cümləyə sığdırılır: “Bilmez miyim, dedi Asya gözlerinden ürkütücü bir bakışla. “Tam da bana hamile kalıp evlilik dışı dünyaya getirdiğin yaştayım”. (1, s.136)

Zəlihə özü də doğma atasına nifrət bəsləyir. Romanda bu kin və qəzəb hisslərinin psixoloji motivləri əsaslandırılır. Qız uşaqlarının əksər türk ailələrində qorxu və təzyiq altında, şəfqət və mərhəmətsiz böyüdüldükləri gerçəyi dilə gətirilir. Bu elə bir qorxudur ki, hətta ölümdən sonra da kabus kimi evdə dolaşır, hər yerdə onları izləyir. Bu hisslər atası ölərkən kədərlənməsi gərəkən uşaqlarda bir rahatlama, gizli bir sevinc, həzz duyğusu yaradır. Zəlihə sağlığında soruşa bilmədiklərini atasının ölümündən sonra soruşur, onu məzarında sorğulayır, ona və bacılarına verilən bu əzabların səbəblərini bilmək istəyir, cavab ala bilməyəcəyini bilsə də soruşur, beləliklə, ruhi bir boşalma hiss edir, illərcə içərisində daşıdıqlarını, gizlətdiklərini sərbəst şəkildə dilə gətirir:“... Tek gidip, mezartaşının yanı başında bağdaş kuracak ve babasına hayattayken cevapsız bıraktığı soruları soracaktı. Kendi evlatlarına karşı neden o kadar haşin ve sevgisiz davrandığını, onları neden disiplin tabir ettuği cendereye tabi tuttuğunu bilmek istiyordu. Hayaletinin nasıl hala herkese musallat olduğunu, hala günün olmadık saatlerinde mevsudiyetleriyle babalarını rahatsız etmekten korkarak nasıl sesini alçaltıklarını bilip bilmediğini sormak istiyordu.” (1, s.319)

Bəlkə də Zəlihənın Mustafa ilə yaşadığı çəkişməyə, bu çəkişmənin böyük bir faciə ilə nəticələnməsinə və ömürlük bic damğası vurulacaq olan uşağı dünyaya gətirməsinə səbəb də elə mühafizəkar və qəddar bir atadan aldığı tərbiyə nəticəsində onun özünə - doğma atasına bəslədiyi kin, nifrət hissi di. Burada məşhur psixiatr Ziqmund Freydin analizlərinin xatırlatmaqda yarar var (2).

Bənzər hisslər Mustafada da mövcud idi. O da daim mini yubka geyinən, dünyanı vecinə almayan özündən kiçik bacısını ailələrinin başını aşağı edə biləcək qüvvə kimi görür. Ona qarşı ürəyində kin və qəzəb hissləri olan Mustafanın Zəlihə ilə yaşadığı vəziyyəti təsvir edərkən yazıçı “Mustafa kız kardeşinden bu kadar nefret ettiğini bilmiyordu” ifadəsindən istifadə etmişdir. Yazıçı Mustafanın bacısına etdiyini Zəlihəya heç vaxt keçməyəcək yara vurmaq istəyi kimi izah edir. Aralarında az yaş fərqi olan bu iki bacı-qardaş arasında yaşanan dəhşətli hadisə Mustafanın Türkiyədən ömürlük uzaqlaşmasına səbəb olur. Arizonada yaşamağa başlayan və orda erməni Şuşanın oğlu Barsamın keçmiş arvadı Roza ilə evlənən Mustafa heç vaxt Rozanın baldızları, qaynanası və ərindən intiqam almaq üçün bir silah olduğunu bilmir. O bir dəfə anasından Zəlihənın uşağının atasının kim olduğunu telefonda soruşur. Anasından ayrıldığı keçmiş nişanlısı cavabını alır.

Mustafanın Türkiyəyə qayıtmaq istəməməyinə səbəblərdən biri də Qazançı ailəsindəki kişilərin 40 yaşından çox yaşamamağıdır. O, bununla alın yazısından qaçmaq, zamanın axışını dayandırmaq istəyir. Lakin ögey qızı Armanuşun İstanbulda olduğunu bildiyi zaman məcburən iyirmi il əvvəl çıxdığı İstanbula, ailəsinin yanına qayıtmaq məcburiyyətində qalır. Bacısı Banudan Asyanin atasının kim olduğunu soruşarkən Mustafa bacısına “sənin fallarında çıxmadımı” deyir. Ancaq Banu Ağulu bəyin (cinlərdən birinin adı!) ona Asyanın atası haqqında ona dediklərini qardaşına demir. Çünki bu reallığı Banu özü özünə belə təkrarlamaq istəmir. Ölənə qədər Mustafa Asyanın atasının kim olduğunu bilmir.

Mustafanın və Qazançı ailəsinin başçısı, uşaqlarının xəyalında acı xatirələrlə qalan Ləvənd (Levon) Qazançının uşaqlarına qarşı acımasız olmasına səbəb də, deyəsən, onun da anasız, yəni Şərminsiz – erməni qızı Şuşansız keçən günləri olmuşdur. Armanuşun nənəsi, uşaq yaşlarında ailəsindən uzaq düşən Şuşan körpələr evində böyüyür. Səlim Qazançı ilə ailə qurur və bu evlilikdən Ləvənd- Levon dünyaya gəlir. İslamı qəbul edən Şuşan - Şərmin bir gün vaxtilə Amerikaya köç edən qardaşının təkidiylə onun yanına - Amerikaya gedir. İki xatirə qoyaraq. Biri sonralar bütün reallıqları ortaya çıxaran nar formalı yaxa sancağı, ikincisi də oğlu Ləvəndi – Levonu! Körpə uşağını geridə qoyub gedən, müsəlmanlığı qəbul etmiş erməni qızı Şuşan atalarından qalan yolu davam etdirməyi fikirləşir. Bütün bunlar daha sonra Ləvənd Qazançının psixologiyasında özünün də bilmədiyi izlər qoyur. Bu izlər onu sevgisiz, şəfqət göstərməyi bacarmayan, mərhəmətsiz despot kimi formalaşdırır. Eyni sevgisizlik onun öz övladlarında təzahür edir və bununla da onun iki övladı bir-birinə şüuraltı bir qəzəblə yaşayır. Bu qəzəb bu iki bacı-qardaşın həyatında və vicdanında silinməsi mümkünsüz acı xatirəyə səbəb olur. Əsərin sonlarında Zəlihə ölmüş qardaşı, ailədə “qara qoyun” deyə səslənməsinə səbəbkar, dünyaya gətirdiyi bic uşağın atası, qardaşı Mustafanın qızı Asyaya atası olduğunu deməyin lazımlı olduğunu düşünür... Və acı həqiqəti qızına deyir. Uzun illər anasına xala deməklə özündən, həyatından və anasına bəslədiyi kindən xilas yolu kimi onu xala deyə səsləyən Asya ana-xala təzadı içərisində yaşarkən, dayı-ata təzadına da tutulur. Daha doğrusu, ana – xala təzadı içərisində çabalarkən, bu səfər ikinci bir təzadın (dayı – ata dilemmasının!) şokunu yaşayır.

Əsərin bədii toxumasında simvol və rəmzlərin yeri aydın şəkildə dərk edilir. Romanın fəsillərinə verilən adların rəmzi xarakter daşıması da əsərin sonunda məlum olur. Belə ki, on səkkiz fəsildən ibarət olan romanın fəsilləri “Darçın”, “Quru qayısı”, “Toz şəkər”, “Antep fıstığı”, “Badam”, “Buğda”, “Quru incir” və s. kimi simvolik adlar daşıyır. Bu başlıqlar Mustafa Qazançının ən çox sevdiyi yemək olan “aşurə”nin (şirin hədiyə bənzər yemək növü) hazırlanmasında (başqa sözlə, Mustafanın qətlində!) istifadə olunan quru yemiş və ədviyyələrin adlarıdır!

Ədəbiyyat:

1. Elif Şafak. Baba ve Piç. Metis Yayınları, İstanbul, 2006

2. Zigmund Freud. Çeviren: Muammer Sencer, İstanbul 2001

3.”Zaman” gazetesi, 10 Mayıs 2008

4. www.elifsafak.us

5. www.forumfor.biz/showthread

6. www.saglikbilgisi.com/makale/Depresyon

# 2450 dəfə oxunub

Oxşar xəbərlər

Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #