Əsir düşmüş qadınların namusu

Əsir düşmüş qadınların namusu
15 iyul 2014
# 12:13

Bosniyalı rejissor Yasmila Jbaniç “Qrbavitsa” (Sarayevoda rayon) filmində qadın və müharibə mövzusunu araşdırır.

Filmdə Yuqoslaviya müharibəsinin fəsadları, nəticələri münaqişənin qurbanı olmuş qadının timsalında təsvir olunur.

Baş qəhrəman Əsma qızı 12 yaşlı Sara ilə yaşayır. Müharibədən sonra Bosniyada həyat tədricən axarına düşür, insanların yaraları təzə-təzə qaysaq bağlayır.

Əsma pul qazanmaq və qızının ekskursiya xərclərini ödəmək üçün gecə klubunda işə düzəlir, dərzilik edir. Ana ilə qızın zaman-zaman konflikti yaranır, qız israrla atasının kim olduğunu bilmək istəyir.

Günlərin birində qızının təkidi ilə ana ona həqiqəti söyləməyə məcbur olur. Sara filmin əvvəlində, anasının dediyi kimi, şəhid qızı deyilmiş. Onun anasını hərbi düşərgədə dəfələrlə zorlayıblarmış. Və o, zorakılığın nəticəsində dünyaya göz açıbmış.

Filmdə nə güllə səsi, nə də qadının hərbi düşərgədəki işgəncələrini göstərən fleşbek səhnələri var.

Fəqət, biz müharibəni hər kadrda, hər planda, sirrini gizli saxlayan Əsmanın gözlərində, yaşadıqları sarsıntını adlamaq üçün psixoloji yardım mərkəzinə terapiyaya gələn qadınların duruşunda, qəmli nəğmələrində, fabrikdə işləyən qadınların susqunluğunda, hərəkətində görürük.

Rejissor təhkiyəni ənənəvi tərzdə, boyasız-flansız, realist nəql edir, yeni forma, üslub təklif eləmir.

Amma əhvalat o qədər sarsıdıcıdır ki, burda forma arxa plana keçir, onu düşünmürsən.

Üzlərində yaşadıqları dəhşətlərin izləri qalan adamlar, kədərli, soyuq küçələr kameranın azacıq ləng tempi ilə çulğaşır.

Əhvalatın sakit ritminin altında emosionallığın, gərginliyin gizləndiyini hiss edirsən. Və Əsmanın qızına tükürpədici həqiqəti dediyi anda emosional partlayış baş verir.

Qarabağ və Yuqoslaviya müharibələri yaxın keçmişin tarixidir. Ona görə də, bu film bizə daha çox yaxındır.

Berlin kinofestivalında “Qızıl ayı” alan və daha bir neçə mükafata layiq görülən film bir daha sübut elədi ki, müharibə həqiqətləri hansısa təbliğat, plakat filmləri ilə yox, ayrı-ayrı fərdlərin hekayətini göstərməklə effektivdir. “Qrbavitsa”nın mərkəzində pafos, vətənpərvərlik, vətən yox, məhz insan dayanır.

Yadıma gəlir, Bakıya səfərə gələn fransız prodüser söhbətimizdə dedi ki, o, bu filmə baxanda göz yaşlarını saxlaya bilməmişdi.

Amma biz, məsələn, bir zorlanmış qadının taleyini ekrana gətirəcək qədər cəsarətliyikmi?

Həmkarım Vüsalə Məmmədovanın erməni əsriliyində olan xanımla müsahibəsindən bəlli olur ki, yox.

Çünki azərbaycanlıların çoxu əsir düşmüş qadının taleyinə qeyri-müəyyən, mücərrəd “namus-qeyrət” prizmasından yanaşır.

V.Məmmədovanın qəhrəmanı deyir: Kişiyə nə var, qardaşım da əsir düşüb, amma mənim qədər əsəbi deyil. O, bu həyata daha tez alışdı. Çünki heç kim ondan “Əsirlikdə sənə neylədilər?” deyib soruşmurdu. Hətta, neçə dəfə özümə qəsd eləmək istəmişəm...”

Bu, əsirlikdə olub qayıtmış qadınların ümumiləşmiş obrazıdır.

Qohumları o qadınları əsir düşdüklərinə görə utandırırlar, susdururlar, hətta onlardan imtina edənlər də, bunu başına qaxınc edənlər də tapılır.

Çünki hələ də çox insanı şüur yox, ibtidai qeyrət, namus düşüncələri idarə edir. Və cahil düşüncə onlara adidən adi, bəsit həqiqəti dərk etməyə imkan vermir ki, o qadınlar vəziyyətin qurbanıdırlar, günahsızdılar.

Ağrını, tarvmanı susmaqla, gizləməklə yox, danışmaqla, göstərməklə adlaya bilərik. Necə ki, gənc rejissor Jbaniç danışdığı əhvalatla o ağrının üzərinə gedir, onu çəkinmədən böyük ekrana gətirir. Çünki bu, insani, ümumbəşəri əhvalatdır.

Əvvəldə yardım mərkəzində, öz sirrini gizlədən Əsma finalda nəhayət ki, öz travmalarını üzə çıxarır, danışır, ağlayır, yüngüllük tapır, xilas olur və bu, onun normal həyata dönməsinə, qızı ilə münasibətinin yaxşılaşmasına kömək edir.

Biz də özünə qapanıb qalan o qadınların dinləməyi və anlamağı bacarmalıyıq. Sənədli filmlərdə, əsərlərdə olmasa da, heç olmasa, bədii əsərlərdə...

# 5943 dəfə oxunub

Oxşar xəbərlər

# # #