Seksin nə olduğunu anasından öyrənən dahi

Seksin nə olduğunu anasından öyrənən dahi
11 iyul 2019
# 21:01

I.

Müxtəlif film tənqidçilərinin iddiasına görə o, saxtakardan başqa bir şey deyildi. Lars von Trier “nələrsə” çatdırmaq dərdiylə film çəkməyə çalışan və bütün bunların müqabilində mənasız filmlər çəkməyi bacaran yeniyetmə olaraq qalmışdı. Punk dahisi, Celine və Nitsşenin iynələyici sözləriylə orta sinifə məxsus olmağı arzulayırdı. İstədiklərini əldə etməməyin qarşılığında isə, ölkəni tərk etmək təhdidlərini çatdırmaqdan yorulmurdu. İroniyasını susdurmaq üçün ona verilən mükafatlar da vecinə deyildi. Sarsılmaz provokasiyalı hərəkətlərini davam etdirdikcə, özünü təkcə Carl Th. Dreyer və Bergmanla yox, hətta Edgar Allan Po ilə qiyaslayırdı. O, özünə aid olan postmodern üsullardan istifadə edərək, hisslərimizlə oynayır, başına silah dayasanız belə, özü kimi davranmayacaqdı. Trierə görə, özü kimi davranmaq axmaqların işidir və eyni xarakterlə qocalıb ölmək mənasız olardı. Danimarka film tənqidçiləri onun filmlərini yalan adlandırırdı: həyatı kimi!

II.

İkinci dünya müharibəsindən sonra yaranan travmalar, Trierlər ailəsindən yan keçməmişdi. Danimarka 40-ların ortalarında nə qədər isti müharibəyə tab gətirmək istəməsə də, sarsıntı skandinaviyalıların üstündəydi. Yəqin ki, tarixə keçəcək qədər güclü olan Danimarka dirənişini eşidib, görməmisiniz. Çünki elə bir dirəniş olmamışdı; Nasizmə qarşı kiçik dalğalar mübarizə aparırdı və Larsın anası özünü bu kiçik dirəniş dalğalarına başçılıq edəcək qədər Janna Dark hiss edirdi. İnger Host. Danimarka Kommunist partiyasının “illeqal” yayımlarını dünyaya çatdırmaq istəyən dirənişçi...

Yer kürəsində heç bir yəhudi ruhu, sifəti, əli, ayağı, adı və hissi görmək istəməyən almanlar Danimarka yəhudilərinə qarşı 1943-cü ildə daha şiddətli hücumlar başlatmışdılar. Artıq kiçik kommunist qrupların gücü tükənirdi. Yaşamaq instinktinin ağırlığı, ölkələri və ailələri üçün mübarizə aparmaq istəyənlərin hissləri üstündə qələbə qazanmışdı. Yəhudilərin xəritə üstündə gedə biləcəkləri ərazilər geniş deyildi və 1943-cü ilin payızı, onları İsveçi seçməyə məcbur etmişdi. Təsadüfdənmi, yoxsa yaşamaq üçünmü, bilinmir: İnger Host da onların içindəydi və yorğun görünürdü...

İnger Host, Avropanın mərkəzi və ara küçələrində davam edən bomba səsləri və insan ölümlərindən uzaqlaşmışdı. İsveçdə tanış olduğu Ulf Trier isə onun əks xasiyyətli insan idi. Ulf otuz yaşların yetkinliyində yəhudi əsilli Danimarka qaçqını idi. Uzun davam edən əlaqələrdən sonra İnger və Ulf evləndilər. 4 may 1945-ci ildə Danimarkaya iki qalib qaçqın kimi qayıtdılar.

On bir il sonra doğulan Trier isə, travmanın izlərini hiss edə bilməzdi. Keçən ağır on bir ildən sonra Trierlər ailəsi toparlanmış və modernizmin parçaları halına gəlmişdilər. Evin divarları Pikasso, Asger Jorn rəsmləriylə bəzədildiyi halda, evin digər hissəsini tarixi kitablar, siyasi jurnallar, dünənin və o vaxtın ədəbiyyatı işğal etmişdi. Modernizmin inandığı fəlsəfə kitabxana və mədəniyyət aşılanması sayılırsa, Lars von Trier bütün bunların içində böyüyürdü...

“ Anamla atam mənə şaxta babanın yalançı və uşaqları aldatmaq üçün var olduğunu öyrətmişdi. Hər şey bu qədər açıq və məntiqli olduğu vaxt, uşaq olmağa vaxtınız qalmır. Mən sadəcə yetişkinliyə çatdığım vaxt, şaxta babaya inanmağı özümə hədiyyə etdim. Varlığın dərinliyində, daha da dərin olan heç nə yoxdur frazası öyrədilmişdi mənə. Bir insan öldüyü vaxt sadəcə ölür, hamısı budur. İnsan molekul zibilliyindən ibarət idi. “

III.

Ümumiyyətlə, uşaq vaxtı sevdiyimiz halda qırmaqdan çəkinmədiyimiz oyuncaqlarımızın, bizlərdən intiqam aldığını fikirləşirəm. İlk və son qırılan oyuncaqlar, böyüyən uşaqların itirilmiş ilk məsumiyyətidir. Təbii ki, bəzi oyuncaqlarla bütünləşə bilir insan; onun yerinə fikirləşə bilir, özünü onun yerinə qoymağı bacarır. Əgər o oyuncaqlar qırılmayıblarsa, insanın materialı ilk sevgililəridir. Ki, Trierin ilk sevgilisi on yaşında, hələ də qırmadığı “Elmo” markalı kameradır. Yaşıdları velosiped və ya hər hansı oyuncaq silahın xəyalıyla yatmağa çalışdığı gecələrdə, Lars montaj masasını arzulayırdı. Əlindəki 8 mm kamerayla üç qısametrajlı film çəkmişdi və bu filmlərin uzunluğu bir dəqiqədən ibarət idi. Üstündə əsdiyi yeddi dəqiqəlik “En Blomst” (Bir çiçək, 1971) filmi isə inşaat binalarının arasında itən bir uşağın hekayəsidir: uşaq yerdən bir soğan tapır və onu əkməyə qərar verir. Soğan böyüyərək çiçəyə çevrilir. Bu an göy üzündə uçuşan qırıcı təyyarə inşaat binalarına – uşaqla çiçəyin arasına – bomba yağdırır. Uşaq qan içində, kökü qırılmış çiçəyin yanına uzanır. Kadrın üstündən kilsə xorunun ilahisi yüksəlir və film bitir. Əslində bu filmin ilk kimlərə göstərildiyini bilməsəm də, artıq o insanların Larsın kim olacağı sualı üzərində fikirləşdiklərini təxmin edirəm. On iki, on üç yaşlarında çəkdiyi yeddi dəqiqəlik dram, gələcəkdə çəkəcəyi tragediyalardan xəbər verirdi...

Danimarka Kommunist Partiyasına üzv keçməsi ilə, Kopenhagen Universitetinin kino fakültəsinə girməsi eyni vaxta təsadüf edirdi: 1976. Anlaşılmayan ruh halları, sahib olduğu məlumatlar, kamerayla necə davranmalı olduğu mövzusunda nə kimi planlarının olması, insanlara qarşı ironiya ilə yanaşma onu fərqli birinə çevirmişdi. Ona qarşı nə qədər müxalif olsalar da (əslində sizin də təxmin etdiyiniz kimi müxalif olan Trierin özü idi) onunla işləməkdən, onun avtoritar qərarları ilə razılaşmaqdan çəkinmirdilər. Professorlardan üst sinif tələbələrinə kimi, hamı onunla ehtiyatlı davranmağa çalışırdı. Fərqli film çəkəcəyini iddia edirdi və fikirləri buna şübhə yeri qoymamışdı...

Universitetin ikinci kursunda tələbələr, maraqları çərçivəsində olan bölmələrə getməliydilər. Bu bölmələr rejissorluq, ssenaristlik, operator, səs mühəndisliyi və s. olaraq sıralanırdı. Trierin seçimi kinorejissorluq olur və o, bu seçimlə ilk tələbə filmlərini çəkməyə başlayır. Qəbul edilmiş bir qayda kimi, rejissorluq bölməsində təhsil alan tələbələr, ssenari bölməsində oxuyan tələbələrin ssenari mətnlərinə film çəkməliydilər. Bu qaydanın məqsədi fərqli bölmələrdə təhsil alan iki tələbənin də inkişafına hesablanmışdı. İllərdir bu sistemlə davam edən qaydanı ilk pozanlardan biri Lars von Trier olur. Trier özünə aid olmayan hekayəyə, ssenariyə film çəkmək istəmir. Uzun mübarizədən sonra bəzi tələbə yoldaşlarıyla kiçik film komandası yaradaraq, öz ssenarilərinə film çəkərək, eqoizminin haqlı olduğunu isbatlayır...

Trierin o vaxtlar Carl Th. Dreyerdən ilhamlandığı hiss edilə bilər. Danimarkanın dünyaya “sata bildiyi” tək dahi o olsa belə, Trier onun qədər dahi olduğuna inanırdı. Alman ekspresionist kinosunun da təsiri Trierdən yan keçməmişdi. Dreyer və ekspresionist kinonun sintezi ortalığa fərqli filmlər çıxardırdı. Uzun bir vaxt keçdikdən sonra çəkdiyi “Medea” filminin ssenarisi Carl Th. Dreyerə aid idi və Trier verdiyi müsahibədə, Dreyerlə aralarında telepatik əlaqənin varlığına inandığını ifadə edirdi. Dreyer onun üçün müəllimdən ötə, ideal idi. Dreyer onun üçün mistikadan ibarət idi. Və Trier, eqoizminin Dreyerə uduzmasını etiraf etməkdən çəkinmirdi, hətta bundan zövq alırdı. Onun haqqında tələbə yoldaşının ifadə etdiyi kimi: “Bizlər nə çəkəcəyimizi az-çox təxmin edirdik. O isə artıq filmlərinin necə başlayıb bitəcəyini hesablamışdı. Utancaq, lakin provokatr idi. Seçdiyi peşəyə hörmətlə yanaşırdı, amma başqalarını alçaltmaqdan çəkinmirdi. Özünə hədsiz dərəcədə güvənirdi. Başa düşə bilmirdim. Filmlərini təhlil etmək onun üçün heç nə ifadə etmirdi. Sonsuz əminliyi hamımızı heyrətləndirmişdi”.

Lars von Trierin tələbəlik illərində çəkdiyi filmlər “Nokturn” (1980), “Den Sidste Detalje” (Axırıncı Detal, 1981), “Befrielsesbilleder” (Rahatlama Kadrları, 1982) idi.

IV.

Nietsşenin fövqəlinsanını xatırlayaq: fövqəlinsan heyvanla (yaradılış) insanın (ölüm) arasında gərginlikdən titrəyən ipdir. İndi isə, illər sonra Tarkovskynin də kinonu gərgin ipə oxşatdığını xatırlayın. Hər iki fikrinin dərdi dramadır; onlar yaşadıqları fərqli illər, ölkələr və cəmiyyətlərdə dramı fərqli vasitələrlə insanlara ötürürdülər. Baxın, burada məsələ onların insanları fikirləşib-fikirləşmədiyi polemikası deyil, daha da dərindir. İnsanların yüz illərdir gizlənməyə və qarşılaşmamağa çalışdığı dram, onların üzünə vurulurdu. Məsələ burasındadır ki, əxlaq polisliyinə bürünən dinlərdən tutmuş, üst insanı yaratmağa (eqoizmini tumarlamağa çalışmaq) çalışan Nietsşeyə qədər, oradan Tarkovski poetikasına qədər hər kəs, bütün yaradılış, heyvanlar və itməyən səslərə qədər hər şeyin çıxış nöqtəsi dramdır.

Trier və dram əlaqələri də buradan başlayır: film, ayaqqabının içində qalan daş kimi olmalıdır ifadəsinin çatdırmaq istədiyi başqa nə ola bilərdi? Ağırlaşdırılmış konfliktlər, filmin hər dəqiqəsini mənimsəyən gərginlik, yaraların şiddətli halda qaşınması, bir insanın alçala bildiyi qədər alçalması, təhqir edilməsi Trierin dramı idi. Bütün bunları fikirləşdiyi illərə baxın: Məzun olmuş tələbə portreti...

İzləyicilərinin də bildiyi kimi, daha sonralar dramın dozası Trier tərəfindən artırılmağa davam etdi. Cəmiyyətin, hətta cəmiyyətlərin ortaq toxunulmazlığını qoruyan hissələrini deşməyə başlaması, ona nifrət etməyinizə bəs edirdi. Lars von Trier üçün artıq maraqlı dövr başlayırdı: Onu ya sevəcəksiniz, ya da ondan nifrət edəcəksiniz.

V.

Lars von Trier-in Avropaya açdığı ilk müharibə 27 yaşına təsadüf edir. Film sənayesinə trilogiya ilə başlaması ona görə risk sayılmasa da, Danimarka tənqidçiləri üçün təhlükə idi. Trilogiyanın filmləri “Element Of Crime” (Cinayət səbəbi), “Epidemic” (Vəba) və “Europa” (Avropa) idi. Hər üç filmdə fərqli çəkiliş və kadr texnikalarıyla, sanki orkestri idarə edən dirijor təsiri bağışlayan Lars, hər üç filmdə müxtəlif gülməli problemlərlə üzləşir.

Danimarka Film Akademiyasının (DFA) təməl prinsiplərinə əsasən, filmlər Danimarka dilində və ərazilərində çəkilməliydi. Trier ərazi məsələsinə səs çıxartmasa da, filmin Danimarka dili üçün artıq olduğunu müdafiə edirdi. Uzun müddətli polemikaların nəticəsində DFA, filmin ingilis dilində çəkilməsinə razılaşır və 3,2 milyon kron ödəyərək, bir ilkə imza atır.

“Element Of Crime” filminin ssenarisi DFA tərəfindən inkişaf etdirilir. Bunun nəticəsində Trier 3,2 milyon kronun az olduğunu, büdcənin artırılmasını tələb edir. Kaprizli çıxışlarıyla DFA-nı ikinci dəfə məğlub etməyi bacarır və filmin büdcəsi 4,5 milyon krona qədər artırılır. Bu “Danimarkaya aid olmayan” film üçün rekord sayılır və problem axtarmaqdan başqa işləri olmayan tənqidçilərin ağzına saqqız kimi yapışır.

Hər nə qədər problem yaşanırsa yaşansın, filmin çəkilişləri başlayır. Çəkiliş meydanlarında Vaqnerin bəstələri eşidilir. Film didərgin salınmış Avropa izləri, palçığın içində ağnayan maşın və insanlardan, kanalizasiya çəkilişlərinə qədər, Tarkovski izləri görünür. Trierin bu filmlə bağlı iki istəyi mövcuddur.

İstəklər:

1. Filmi Tarkovski izləməlidir.

2. Film Kann festivalında “Qızıl Palma Budağı”nı qazanmalıdır.

Nəticələr:

1. Tarkovski filmi izləyir və bərbad təqliddən ibarət olduğunu bildirir.

2. İlk filmiylə “Qızıl Palma Budağı”nı qazana bilmir; bunun müqabilində ən yaxşı texniki film mükafatını alır.

Trierin nəticələrə münasibəti:

1. Təbii ki, filmi Tarkovskiyə izlətmək, Tarkovskinin film haqqında müsbət və ya mənfi fikirdə olmasından vacib idi. İstənilən halda Trier məmnun qalır.

2. Trier: “Ən yaxşı texniki film mükafatı, yazıqlara görə uğur sayıla bilər və “Element of Crime” ikinciliyə yox, birinciliyə layiq idi. Ən yaxşı texniki film mükafatı, “Qızıl Palma Budağı”nı ona verməyə (27 yaşında uşağa?) qorxan Kann festivalının münsifləri üçün “təsəlliydi”.

VI.

İllərdir yetkin uşaq kimi qalsa da, Trier üçün vacib sayılacaq bir etiraf onu böyütmüşdü. Otuz ilə yaxın bir vaxt ərzində atasının Ulf Trier olduğunu bilirdi və qara tarixlərini nə qədər pozmağa çalışırsa-çalışsın, yəhudi əslindən gəldiyini fikirləşirdi. Hər iki fikirdə yanıldığını 30 ildən sonra, bir vaxtların kommunist Jannası tərəfindən öyrənir. İnger Host ölüm yatağında Trierə, atasının yəhudi bir demokrat olan Ulf olmadığını, soylu sinfin nümayəndəsi Mixael Hartmann olduğunu etiraf edir. Tükləri biz-biz edən bu dramatik etirafın otuz il qabaqkı səbəbi: Larsın əsilzadə, sənətçi ruhlu genlərlə böyüməsi üçün idi. Lars ölüm döşəyində anasına zəif aktrisa desə belə, Janna (yoxsa İnger Host?) ən azı ondan istedad götürdüyünü görüb ölürəm – zarafatını etmişdi. Larsın dramatik intiqamı ağır olacaqdı.

Maraqlıdır, indi bərabər fikirləşək: uşaqlığını yaşaya bilməyən Lars von Trier var. Şaxta babanın yalançı olduğu öyrədilmiş Trier var. Seksin nə olduğunu anasından öyrənmiş Trier var. Dinin yalan olduğu öyrədilmiş Trier var. Və bütün bunların fonunda onun öyrənməsi lazım olan ən böyük reallıq ondan gizlədilir: Lars von Trier, atanız Ulf Trier deyil, aristokrat, ananızın müdiri, sənətçi sinifindən, alman Mixael Hartmanndır.

Trier anasının ölümündən sonra bioloji atasının yanına getməkdə gecikmir. Hartmannla görüşü soyuq keçir. Hartmann “Heç vaxt o uşağı istəməmişəm” - deyir. “O uşaq” Lars von Trier idi. İkinci dəfə Lars onunla görüşmək istəsə də Hartmann qəbul etmir. Və üçüncü dəfə belə bir cəhdi olsa vəkiliylə gəlməsini təklif edir.

Hər nə olursa olsun, anasının sənətçi genlərini daşıyan oğul proyekti uğurla nəticələnmişdi.

VII.

Final

Təyyarə fobiyası ilə məşhur olan Trierin həmçinin festival fobiyası da mövcud idi. Ümumiyyətlə, onun fobiyaları provokasiya üçün yaradılmış paranoyalar da hesab edilir. Dünyanın ən məsum üz quruluşuna sahib rejissorun içində yatanlar sifətinə yansısaydı, çirkinlikdən zövq almağı öyrənən insanların sayı artardı. Bu çirkinliklər əslində üzünü gözəlliklə örtdüklərimizdir. Günahlarımızdır. Oyuncaqlarımızdır. Ailələrimizdir. Cəmiyyətdir. Tanrılardır.

Trierin provokasiyası onlara qarşıdır və onları yox etmək fikrində deyil. Çünki dünya onları unudacaq qədər məsum olmasa da, üstünü örtəcək qədər əxlaqçıdır. O isə əxlaqa qarşıdır.

Ona görə, dünyanın yaşayan ən yaxşı rejissoru özüdür. Mənə görə də hələ ki, odur.

Çünki yaxşı film, ayaqqabının içində qalan daş qədər narahat etməlidir!

# 6386 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #