news-inner
clock09:00 calendar-gray 25 May 2014 view-gray2222 dəfə oxunub
view-gray2222 dəfə oxunub

80 yaşlı şair-jurnalist: “Xoşqədəm qeyrətli iş görür”

Kulis.az bu gün 80 yaşı tamam olan şair Məmməd Kazımla müsahibəni təqdim edir

- Özünüzü necə hiss edirsiniz? 80 illik ömrü necə yaşamısız? Təəssüfləndiyiniz məqamlar olubmu?

- Təbii ki, təəssüfləndiyim məqamlar var. Amma harda işləmişəmsə, çalışmışam kim olduğumu göstərim. İşləyirsənsə gərək bütün varlığınla orda olasan, özünü göstərəsən. Mən işlərimi necə lazımdı, necə mümkündü, görmüşəm. Bu fikirləri əminliklə bədii yaradıcılığıma da aid edirəm. Ömrün elə vaxtları da olur ki, istədiyini edə bilmirsən, çətinliklər olur.

- Və siz yəqin ki, ilk çətinliyi müharibə dövründə görmüsüz.

- Müharibə başlayanda birinci sinifdə oxuyurdum. Kəndimizdə məscidin binasından məktəb kimi istifadə edirdilər. Müharibə bizim ailəmizdə də özünü göstərdi. 6 uşaq idik: iki bacı, dörd qardaş. Vəziyyətimiz hamı kimi çox ağır idi. Atam yaxşı eşitmirdi, ona görə müharibəyə getmədi. Ancaq istəyirdilər göndərsinlər. Sovet sədrinin bizim nəsillə arası yox idi. Ona görə atam deyirdi ki, əvvəl-axır məni aparacaqlar. O, bizi kənddən götürüb çıxdı. Rayonun yaxınlığında yerləşən Məmmədxanlı kəndində gəldik. Əhəd Abiyevin babası atamla köhnədən dost idi. Dost olduqlarına görə deyib ki, köç bura. Orda dəmiryol stansiyası vardı. Atam burada nə gəldi işlədi. Sonra Əli-Bayramlıya köçdük, orda da dostu vardı. Müharibə qurtaranacan orda yaşadıq.

- Atanız axıracan getmədi mharibəyə?

- Yox, getmədi. Amma bizimkilərdən gedən çox oldu. Bir əmimin iki oğlunu, bir əmimin bir oğlunu və bir Əjdər əmimi aparmışdılar. Ona görə bu ailələr ehtiyac içində idilər. Onlara kömək etmək də lazım idi. Atam həm də buna görə getmədi.

- Acından ölən adam gördünüzmü heç?

- Mən görmədim, amma var idi. Camaat tərə, göy-göyərti yeyirdi.

Heç oxumağa da imkan olmadı, ailəyə kömək edir, işləyirdim.

- O vaxt şeir yazırdınız? Yəni orta məktəb vaxtı...

- Yox, o vaxt şeir yazmırdım. İlk dəfə şeiri Bakıda, Siyasi Maarif Məktəbində oxuyanda yazmışam. Əvvəllər mən rəssam olmaq istəyirdim. Şəkil çəkir, şəkil böyüdürdüm. Rəssamlığa imtahan verdim, amma imtahanların hamısından üç aldım. “Konkursa” düşüb, kəsildim və gəldim başqa məktəb axtarmağa. Fikirləşdik ki, hara gedim. Axır Siyasi Maarif Məktəbinə gedim. Mərhum yazıçı Bayram Bayramov mənim ədəbiyyat müəllimim idi və məni şeir yazmağa o həvəsləndirdi. Yaradıcılığa o vaxtdan başlamışam.

- Məktəbə qəbul zamanı pul istədilər sizdən?

- O vaxt insanlar saf idilər, indiki kimi çirklənməmişdilər.

- Bayram Bayramovun adını çəkdiniz. Başqa kimlərin sizə təsiri olub, kimlərdən təsirlənmisiniz?

- Şəhər mühitinin mənə sözsüz ki, ciddi təsiri olub. Bir gün Bayram müəllim dedi ki, görüş olacaq, sən də gəl orda çıxış elə. Mən də bir qaralama kimi yazdım. Orda oxudum. Süleyman Rəhimov o vaxt Mədəniyyət naziri idi, məni çağırdı yanında oturtdu, həvəsləndirmək üçün xoş sözlər dedi. Onun söylədikləri mənə böyük stimul verdi.

- Səməd Vurğunla görüşməmisiniz?

- Elmlər Akademiyasında Səməd Vurğunla görüş təşkil olunmuşdu. Biz də tələbə kimi getmişdik, amma kollektiv şəkildə yox, özümüz. Bu, Səməd Vurğunun “Zamanın bayraqdarı” poemasını yazdığı vaxtlar idi. O, həmin tədbirdə poemadan bir hissəni - “Partiyamızdır” şeirini oxudu. Amma əzbərdən yox. Dedi, şeirlərimi yadımda saxlaya bilmirəm, ona görə üzündən oxuyuram. Səməd Vurğunu belə görmüşəm, ancaq şəxsən tanış ola bilməmişəm.

- Bəs şairlərdən, yazıçılardan kimlərlə yaxın dost olmusunuz?

- Məmməd İsmayılla dost olmuşuq. Mirzəli Hüseynzadə var idi, onunla da dostluq edirdik. Məmməd İsmayıl da təbiətdən yazırdı, mən də. Görüşəndə də ancaq ədəbiyyatdan söhbət edirdik.

- İndi münasibətləriniz necədir?

- Bazar günü mənim yubiley tədbirim olacaq, onu axtarıb tapa bilmirəm ki, çağırım.

- Məmməd Arazla da dostluğunuz olub məncə...

- Məmməd Araz mənim şeir müdirim idi.

- Yəni müəlliminiz?

- Bəli, ilk uğurlu yolu o yazıb mənə. Yazıçılar Birliyinə üzv olanda zəmanətlərdən birini o verib.

- İndiyədək neçə kitabınız işıq üzü görüb?

- 3 cildliyim var. Birincisi şeirlər kitabıdır, ikincisi poemalar, üçüncüsü isə tarixi roman.

- Bəs ilk kitabınız nə vaxt çıxıb?

- 1964-cü ildə. 20 şairin kitabını buraxmışdılar, mən də onların içində idim. Özümün 80 illik yubileyimdir, ilk kitabımın çıxmasının isə 50 illiyi.

- O vaxt partiyadan, Lenindən, Stalindən çox yazırdılar, sizin də belə şeirləriniz varmı?

- Birini yazmaq istəyirdim, o da yarımçıq qaldı. Heç vaxt yazmamışam. O vaxt adamı məcbur eləmirdilər, ancaq kimlərsə çətinliklər qarşısında qalıb yazırdılar. İş-güc belə tələb edirdi.

- İndi necə hansısa deputata, vəzifəli adama şeir yazmırsınız?

- Bir nəfər Masallıda fironluq edirdi, ona həcv yazmışam, amma kimisə tərifləyən şeir yazmamışam. Mənim şeirlərim vətən, torpaq, insanlar, münasibətlər barədədir.

- İstərdik aparıcısı olduğunuz “Hünər” verilişindən də danışasınız...

- Televiziyaya 1969-cu ildə gəldim. Bayaq dedim ki, Məmməd İsmayılla qardaş kimi idik. Məni o dəvət etdi, televiziyada özümə yer tapdım və məşhur bir veriliş yaratdım. 16 il getdi bu veriliş. Mikayıl Ələkbərov Azərbaycanın ən cavan Sovet İttifaqı qəhrəmanıdır. Saray kəndindəndir. “Abşeron” qəzetində işləyən vaxtlarda onunla maraqlanırdım. Televiziyada işləyəndə ərizə yazdım ki, məni onun döyüşdüyü yerə - Dnepropetrovskə ezamiyyətə göndərin. Sağ olsunlar, göndərdilər. Onun qəbri də ordadır. Yaxşı çəkiliş də etdik.

- O lentlər indi dururmu?

- O vaxt arxiv yox idi. Heç təkrar göstərmirdilər verilişləri. Dişimlə-dırnağımla hazırladığım verilişlərin heç biri qalmayıb. Onların hər biri ayrıca film idi. Yaxşı ki, mən onları xatirə kimi yazmışam.

- 80 yaşınız olur və bu illərin 16-nı AzTV-yə həsr etmisiniz? 80 illik yubileyiniz ərəfəsində AzTV-dən sizi axtarıb-arayıblarmı?

- Yox, axtarmayıblar. Halbuki, AzTV-də hazırladığım verilişlərə görə mənə “Qızıl qələm” mükafatı verdilər. 8 mindən çox itkinin yerini tapıb veriliş vasitəsilə ailələrinə çatdırmışam. Sovet İttifaqı Qəhrəmanı İsmayıl Bayramov, “kontr-admiral” Həmid Qasımbəyov, Valeh Bərşadlı mənim tapıntılarımdır. Xüsusilə də İsmayıl Bayramovu bir adam tanımırdı. Onların qohum-əqrəbasının Rusiyada “xutor” salmışdılar. Getdim onları axtarıb tapdım. Onun özü Borçalıdan idi, aşıqlar ona şeirlər həsr etmişdilər. Mən o şeirləri Bakıya gətirdim, Mikayıl Azaflıdan xahiş etdim, verilişdə oxudu.

- Ümumiyyətlə, necə hissdir ömrü yazı-pozuya həsr etmək?

- Şərəfli ömürdür. Millətə bundan yaxşı necə xidmət etmək olar. Ən gözəl şeyləri duyur və övladlarına çatdırırsan. Mən özümü çox rahat və xoşbəxt hesab edirəm. İnsan kimi yaşamışam. İnsan başqa cür necə yaşamalıdır? Rüşvət almalıdır? O vaxtlar heç bunun adını çəkmək olmazdı. Mən öz işimdən, yazdıqlarımdan həmişə ləzzət almışam.

- Xoşqədəm Hidayətqızının verilişinə baxırsınızmı? O da haradasa sizin işi davam etdirir.

- Bəli, baxıram, bəyənirəm. Xoşqədəm çox qeyrətli iş görür.

- AYB-nin sizə münasibətindən razısınızmı?

- 1974-cü ildən Yazıçılar Birliyinin üzvüyəm. Adam bir qara siyahıda da yoxdur. Heç olmasa keçən qurultayda gözlədim ki, bəlkə hərbi-vətənpərvərlik sahəsində adım yaradıcılıq bölmələrindən birinə düşə, amma olmadı. Qaldı, televiziyaya, televiziya hərdən çəkir, amma gərək Yazıçılar Birliyindən məktub aparasan. Mən niyə AYB-dən məktub aparmalıyam ki? 16 il bu televiziyada çalışmışam. Mənin sənin veteranınam, sən məni axtarmalısan.

- Son olaraq gənc yazarlara nə tövsiyə edərdiniz?

- Gənclərə tövsiyəm budur ki, çox oxusunlar. Çox axtarış etsinlər. Yaxşı, istedadlı fikirlər əxz eləsinlər. Mən həmişə gənclərlə dost olmağa çalışmışam. Hamısını çox istəyirəm, təəssüf ki, son illər səhhətimlə əlaqədar onların yaradıcılığını izləyə bilmirəm.

Oxşar xəbərlər

Xəbər lenti

Yeni filmin nümayişi təşkil olunub
18:01 08 May 2021
Ədəbiyyat tariximizə qızıl hərflərlə yazılan misralar: 5 seçmə şeir
17:20 08 May 2021
Azərbaycanlı musiqiçi vəfat etdi
16:20 08 May 2021
Gənc yazardan yeni hekayə: Şlaqbaum
15:39 08 May 2021
Aktyor kitabxananın qonağı oldu
15:01 08 May 2021
Musa Yaquba sevgi və iztirabla - Kamal Abdulla yazır...
14:20 08 May 2021
Çingiz Hüseynovun ən çox sevdiyi 10 roman - Siyahı
13:36 08 May 2021
Xalq şairi Musa Yaqub dəfn olunub - Fotolar
12:37 08 May 2021
Şeir yazmağa Stalinə görə başladı, evli ola-ola bir qadına vuruldu, arvadı sevgilisinə yazdığı şeirləri gizli oxudu – Musa Yaqubun nağıl kimi həyatı
12:30 08 May 2021
Xalq artisti koronavirusdan dünyasını dəyişdi
11:38 08 May 2021
Şuşanın Mədəniyyət paytaxtı elan olunmasının 10 tarixi dərsi
11:10 08 May 2021
Ölən adamdan şair olar? - Gənc şair Fikrət Qocaya şeir həsr etdi
10:35 08 May 2021
Qətlə yetirilmək istərdim: Gecənin qaranlığında... Bıçaqla...
10:05 08 May 2021
2021-ci ilin “Oskar” saxtakarlığı – Sevda Sultanovadan sərt tənqid
09:00 08 May 2021
Jurnalist Fulya haqqında film çəkiləcək
18:56 07 May 2021
Sabir Rüstəmxanlıdan təsirli sözlər: “Əlvida, əziz qardaş!”
18:08 07 May 2021
Nizami Gəncəvi və Yunus Əmrəyə həsr edilən səhnə əsəri nümayiş olunub
17:46 07 May 2021
“Buynuzdan yazanda kəndi işğal olunan şairlərdən utanırdım” - Musa Yaqubun son müsahibəsi
17:15 07 May 2021
Musa Yaqubun dəfn olunacağı yer bəlli oldu
16:39 07 May 2021
Azərbaycanlı şairin ingiliscə kitabı çıxdı
16:12 07 May 2021