writer1

İlqar Fəhmi

Məqalə sayı

25
clock11:53 calendar-gray 23 May 2014 view-gray1967 dəfə oxunub
view-gray1967 dəfə oxunub

Azərbaycanın fəlsəfi problemləri “FƏLSƏFƏ KONSTİTUSIYASI”

Kulis.Az yazıçı İlqar Fəhminin məqaləsini təqdim edir.

Fəlsəfə o vaxt yarandı ki, insanlar cavabsız suallar verməyi öyrəndilər. Və qısa zamanda fəlsəfə populyarlaşdı, aktuallaşdı. Cavabı mümkün olan suallar içində çarpışmaq, nədənsə insanlara maraqlı gəlmədi, onları «cavabsız suallar»ın cazibəsi daha çox çəkdi. Beləcə Fəlsəfə böyüdü, genişləndi, daha çox insanları öz cazibə dairəsinə çəkdi. Bütün düşüncələrə hakim kəsilən yalnız bir elm mövcud oldu - Fəlsəfə.

Yüzilliklər keçdikcə, insanların intellekti də yavaş-yavaş inkişaf elədi, əvvəl cavabsız görünən sualların bəzilərinə cavablar tapıldı, bəzi qaranlıq məqamlar işıqlandı. Və o saat da həmin işıqlanan məqamlar fəlsəfədən qovuldu, ayrıca elmlərə çevrildi. Fizika, coğrafiya, kimya və sair və ilaxır. Məlumdur ki, bütün bu fəlsəfədən doğulan elmlərdir. Lakin fəlsəfə bu elmləri öz içində saxlamadı, çünki onların suallarına yavaş-yavaş cavablar tapılırdı. Fəlsəfə isə bunu sevmir.

Məntiqlə götürəndə, cavabı tapılan kitab-kitab suallar öz cavabını tapıb fəlsəfədən «qırıldıqca», Fəlsəfə də kitab-kitab kiçilməliydi və nəhayət yox olmalıydı. Çünki istənilən bir şeyin üstündən götürdükcə azalmalıdı.

Lakin bu, insan məntiqidi. Görünür fəlsəfənin öz məntiqi var. Bu məqamda böyük Füzulinin məşhur beyti yada düşür.

Əskik olmaz qəmimiz, bunca ki bizdən qəm alıb,

Hər gələn qəmli gedər, şad gəlib yanımıza.

(Yanımıza şad gələnlərin hamısı bizim qəmimizin üstündən bir qədər aparıb qəmli getsə də, buna rəğmən, qəmimiz heç əskilmir.)

Bir vaxt cavabsız görünən suallar öz cavabını tapıb fəlsəfədən aralandıqca, fəlsəfənin içində daha çox cavabsız suallar doğulmağa başladı. Fəlsəfə, hər kəsilən başın əvəzinə beş baş doğura biləcək qorxunc bir əjdahanı xatırladırdı. İl ildən böyüyürdü, genişlənirdi.

Müasir dövrümüzə gəlib çıxan Fəlsəfə isə başları saya gəlməyən bir bədheybəti xatırladır ki, ortaya qoyduğu cavabsız suallar barədə nəinki düşünmək, hətta sadəcə onları saymaq istəsək, buna bir ömür vaxt da kifayət etməz.

Belə görünür ki, cavabsız suallar içində dayanmadan vurnuxmaq, ağlasığmaz fərziyələr irəli sürmək, amansız mübahisələr içində çarpışmaq ehtirası insanın xislətində olan ən böyük qüsurlardan biridi. Həm də elə bir qüsur ki, bunu düzəltməyə çalışsaq, vəziyyəti bir az da ağırlaşdırmış olarıq. Deməli bu qüsuru düzəltmək yox, onunla barışmaq, ram eləmək və onun xeyirli tərəflərini öyrənib istismar eləmək lazımdır...

Bəlkə fəlsəfə ümumiyyətlə lazım deyil? Yox, lazımdır. Çünki insanın xəlq olunmasında da bir fəlsəfə var. Bəzən adama elə gəlir ki, insanı yaratmaqla, Xaliq özü də öz cavabsız suallarına cavab tapmaq istəyirdi. Çünki cavabsız suallar olmasaydı, bəşəriyyət də olmazdı.

Fəlsəfəsizlik vahiməsi

Fəlsəfədən nə qədər qorxsaq da, onun olmaması daha qorxuncdu. Çünki bu yoxluq, ümumiyyətlə bəşərin yoxluğuna bərabər olacaq. Buna inanmaq üçün isə çox da uzağa getməyə ehtiyac yoxdu. Elə öz ətrafımıza baxsaq, müasir dövrdə fəlsəfə qıtlığının cəmiyyətdə necə boşluqlar yaratmasını müşahidə edə bilərik. Həm dünyada, həm də elə öz cəmiyətimizdə.

Xarici ölkələrdə cəmiyyətdə hansı ab-havanın hökm sürməyi, etiraf edim ki mənimçün o qədər də maraqlı deyil. Çünki onların özlərində də bunun dərdini çəkə bilən adamlar az deyil. Mənsə diqqəti öz cəmiyyətimizə yönəltmək istəyirəm. Bu gün Azərbaycanda humanitar sahədə bir fəlsəfi xaos hökm sürür. Düşüncələrə hakim kəsilən bu xaos əməli fəaliyyətdə də külli miqdarda problemlər yaradır. Çünki cavabsız suallar üzərində düşünənlərin sayı xeyli dərəcədə azalıb, bu xüsusda mübahisələr demək olar ki, səngiyib, cavabsızlıqla barışmaq tendensiyası yaranıb. Bu isə ən təhlükəli haldır. Sualların cavabsızlığıyla barışmaq insan cəmiyyətini fəlakətə aparan bir yolun başlanğıcıdır.

Kimik və hara gedirik…

Azərbaycan xalqının ziyalıları yüz illərdi «biz kimik» sualının cavabını verə biləcək kitablar yazıblar, hərə bu sualın cavabını bacardığı qədər açmağa çalışıb. Lakin zənnimcə bu sual bu gün olduğu qədər heç vaxt aktual və əhəmiyyətli olmayıb. Çünki onilliklər boyu biz bu sualların cavabını axtarmağa başlayan kimi, başımızın üstündən hazır cavablar gəlib və biz də öz həqiqətlərimizi bu cavablarla uyğunlaşdırmalı olmuşuq. Lakin məhz indi, Azərbaycanın müstəqil dövlətçiliyinin formalaşdığı dövrdə heç kimin təsir və təzyiqi olmadan öz suallarımıza cavablar axtara bilərik və axtarmalıyıq.

İnsan və yaradılış fəlsəfəsiylə işim yoxdu. Çünki müasir dövrümüzdə hər bir insan bu məsələdə azaddı. Zənnimcə bu saat ən çox aktuallaşdırılası məsələ Azərbaycan xalqının fərdi sosial-siyasi fəlsəfəsinin formalaşmasıdır. Əgər bu fəlsəfə meydana çıxmasa, bu xüsusda gərgin mubahisələr, müzakirələr aparılmasa, biz nə mədəniyyətdən, nə incəsənətdən, nə ədəbiyyatdan, nə başqa humanitar sahələrdən heç bir inkişaf gözləyə bilmərik. Humanitar sahələr inkişaf etməyincə, başqa sahələr də yerində sayacaq.

Nə istəyirəm?- Bilmirəm.

Sırf ədəbiyyat və incəsənət sahəsində fəaliyyət göstərdiyimə görə, burdakı fəlsəfə qıtlığının hansı mənəvi-ruhi boşluqlar yaratdığını daha çox müşahidə edirəm. Ən kiçik bir hekayədə, ssenaridə, pyesdə, məqalədə, romanda da, hansı fəlsəfənin yatdığını, hansı ideyanın ortaya qoyulduğunu anlamaq olmur. Hətta müəlliflərlə canlı ünsiyyət zamanı verilən suallar da çox vaxt cavabsız qalır. Son illərdə gündəlik həyatımdakı dialoqların çoxu təxminən bu formada olur.

«-Bu əsərin ideyası nədir? Ümumiyyətlə, bu hekayədə, bu filmdə nə demək istəmisən?

-Bilmirəm… Məgər bunsuz olmaz?»

Yox, olmaz. Hətta istənilən fəlsəfənin inkarı da, fəlsəfənin olmaması da, öz-özlüyündə fəlsəfədir. Mənasızlığın, xaosun, absurdun özü də bir mənadır. Yaradıcı insan özündən əvvəlki fəlsəfələri, mənaları, əxlaqı, mənəviyyatı boş və çürük elan edirsə, bunun özünü də fəlsəfi konsepsiyaya və aparici ideyaya çevirib eləmək lazımdı. Əks halda, ortaya qoyulan iş lazımsız ləğviyyatdan başqa bir şey deyil.

Hardan başlamalı?

Zənnimcə öz fəlsəfəmizi yaratmaqçün ədəbiyyatı və incəsənəti qabağa vermək düzgün olmaz. Hərçənd, dünya tarixində belə nümunələr çoxdu ki, filosofların qıtlığı nəticəsində bu yükü ədəbiyyat və incəsənət xadimləri götürməli olublar. Lakin zənnimcə bizdə ağıllı və açıq düşüncəli insanların qıtlığı yoxdu. Əksinə bu saat fəlsəfəni aktuallaşdırmaq lazımdı ki, bu da öz növbəsində lokomotiv rolunu oynayaraq, bütün mədəniyyəti və ədəbiyyatı, elmi və incəsənəti ardıyca çəksin, müxtəlif sahələrdəki yaradıcı insanlar öz əsərlərində sevib-seçdikləri fəlsəfi istiqaməti təbliğ etsinlər.

Məhz bu zaman ilkin sual ortaya çıxır - hardan başlamaq? Bu sualın müxtəlif cavabları ola bilər. Lakin ilk olaraq bizim müasir cəmiyyətdəki fikir ayrılıqlarına və mübahisə doğuran əsas məsələlərə diqqət eləmək lazımdır.

Dünyanın fərdi anlamı barədə o qədər də çox mübahisələr yoxdu. Nadir hallarda görərik ki, kimlərsə, dünyanın Aristotel, yaxud Platon sxeminə uyğun yarandığı üzərində mübahisə eləsin. Deməli dünyanın yaranması, insanın daxili dünyası və sair bu tip mövzular gərgin mübahisələr yaratmır, çünki hərə öz dünyagörüşünü formalaşdırır və başqasını öz düşüncəsinə uyğunlaşdırmağa çox da çalışmır. Fərdin hansı əqidədə olmağı ətrafdakılara zərər vermədiyinə görə, bu məsələdə bir müvazinət, belə demək olarsa, fəlsəfi tolerantlıq yaranıb. Əslində bunun özü də bir nailiyyətdir.

Lakin ictimai sferada vəziyyət koordinal şəkildə fərqlənir. Ölkəmiz geosiyası cəhətdən çox mürəkkəb bir nöqtədə yerləşir, bizim ərazilərdə dünyanın siyasi güclərinin demək olar ki hamısının maraqları kəsişir. Şimal-cənub, Şərq-qərb xətləri, milli-dini fərqlər, əxlaqi-estetik görüşlərin müxtəlifliyi və sair amillər ona gətirib çıxardıb ki, bu saat cəmiyyətimiz fəlsəfi baxımdan suyu bulanmış bir gölə bənzəyir. Bulanıq suda isə balıq tutmaq istəyənlər çox olur.

Kimlərsə, yenə də hər şeyi dövlətin boynuna yıxa bilər. Amma məncə fəlsəfənin yaradılması aşağılardan başlana biləcək bir hərəkatdı. Dövlət isə fəlsəfi asılılıqdan məhrum olmalıdı. Fəlsəfəyə və ideologiyaya söykənən dövlət qatı diktaturaya çevrilir. Bizsə nə sovet dövrünün, nə də faşist rejiminin fəlsəfi diktaturasını istəmirik. Artıq bu cür eksprimentlərin vaxtı keçib.

Ötən onilliklərdə, Azərbaycançılıq fəlsəfəsi mövzusunda ağsaqqal yazarlarımız xeyli əsərlər yaradıblar. Lakin bu elə sahədir ki, burada bir neçə kitabla məhdudlaşmaq olmaz.

Öz suallarımız-öz cavablarımız

Əsas məsələyə qayıdaq. Hardan başlamaq? Bununçün bizim cəmiyyəti narahat edən və ən çox mübahisələr doğuran sualları müşahidə edək.

-Azərbaycan hansı formada müasirləşməlidir? Milli-dini əxlaqi çərçivələri tam sındırıb avropalaşmaqlamı, yoxsa dəyərlərimizi qoruyub fərdi spesefik inkişaf yolunu tapmaqlamı?

-İnkişaf deyəndə nəyi nəzərdə tuturuq? Sırf texniki inkişaf, yoxsa düşüncələrin bütün çərçivələrdən azad olması?

-Özümüzə qapanmalıyıq yoxsa tam olaraq bütün fikir və düşüncələrçün açıq olmalıyıq?

- Azərbaycan deyəndə nəyi nəzərdə tuturuq? Azərbaycan adı altında birləşərkən hansı amil əsas götürülməlidir? Yalnız Azərbaycan Respublikasının siyasi ərazisimi, yoxsa xalqımızın nümayəndələrinin yaşadığı bütün ərazilərimi?

-Azərbaycan tarixi hardan başlayır? Azərbaycan mədəniyyət və ədəbiyyat tarixi deyəndə nəyi nəzərdə tutmalıyıq? Sırf indiki Azərbaycan respublikasının ərazisində yaşayan sənətkarları, yoxsa harda olmasından asılı olmayaraq Azərbaycan dilində yazanları?

-Demokratik düşüncə tərzi, demokratiya nədir və hansı həddə qədər bizim xalq tərəfindən qəbul olunmalıdır? Bizim xalq demokratiyanın hansı dozasını öz içində əridə bilər?

-Mədəni və ictimai əlaqələri, düşüncə birliklərini yaradarkən hansı istiqamətə üstünlük verməliyik? Turan ideyasına söykənib mili zəmində birləşərək böyük türk dünyasının vəhdətini təbliğ etmək? Milli mənsubiyyəti kənara, qoyub sırf dini-əqidə birliyinə söykənmək? Ümumilikdə, milli və dini düşüncələrdən qurtulub Avropasentrizmi yaymaq, Avropa dəyərəlirini bərqərar etmək? Avrasiyaçılığı təbliğ edib türk-slavyan birliyi ideyasının ardıyca getmək?

Gələcəyimizi hansı mədəni-estetik dəyərlərin üstündə qurmaq?

Və sair və ilaxır.

Bunlar mövcud sualların yüzdə biridir və burda təxmini yazdığım hər məsələnin ardında böyük mübahisələr və analizlər durur. Hər fikrin təsdiqinə kimlərsə yüzlərlə sübut gətirə bilərsə, kimlərsə də, inkarına minlərlə dəlil irəli sürə bilər ki bu da təbii haldır. Həqiqət mübahisələrdən durur. Zənnimcə, bu saat mətbuatda hansısa «şou ulduzu»nun seksual həyatını müzakirə etməkdənsə, məhz bu suallar ətrafında mübahisələr və müzakirələr aktuallaşdırılsa, daha yaxşı olar.

Əslində, bu fikirləri yazmaqla heç də Amerika kəşf etmirəm, bu məsələlər son iyirmi ildə həmişə aktual olub və mübahisələr də həm mətbuatda, həm efirdə-ekranda həmişə aparılıb. Lakin dağınıq və xaotik şəkildə…

Zənnimcə bu mübahisə və müzakirələri də fəlsəfi cəhətdən sistemli aparmaq lazımdır. Bunu etməkçünsə, bu işin başında fəlsəfədən, fəlsəfi sistemdən anlayışı olan ziyalılar dayanmalıdır. Əks halda mübahisələr və müzakirələr heç bir konstruktiv nəticə verə bilməz. Sistemli analizlər, debatlar və müzakirələr aparmaqçünsə, bizim formalaşdırmaq istədiyimiz «Öz fəlsəfəmiz»in istiqamətləri qabaqcadan müəyyənləşdirilməli, hər istiqamətdə konkret suallar qoyulub, müzakirə obyektinə çevrilməlidir. Ortaya çıxan həqiqət və yaxud həqiqətlərsə fiksasiya olunmalıdır.

Vacib deyil ki, hər istiqamətdə bir cavabı mütləq həqiqət kimi götürüb, qalanlarını «küfr» elan edək. Yox, bu, dediyim kimi fəlsəfi diktaturaya gətirib çıxardacaq. Konkret istiqamətlər müəyyən edilib geniş müzakirələr aparılandan sonra, hər suala verilən bir neçə konkret cavab müəyyən edilməli və bu cavabların hamısı əsaslandırılmış şəkildə ictimaiyyata təqdim edilməlidir. Hansı cavabların qaneedici oluğunu isə ictimaiyyat özü müəyyən eləməlidi. Hansı fəlsəfi istiqamətin özünə daha çox ardıcıl toplayacağını, hansı fəlsəfənin xalq tərəfindən «həzm» ediləcəyini isə zaman göstərəcək…

Kimlərsə deyə bilər ki, bunun əhəmiyyəti nədir? Əgər ölkəmizin , xalqımızın inkişafıyla bağlı vahid bir fikrə gəlmək mümkün deyilsə, bu mübahisələrin nə mənası?

Mənası odur ki, müxtəlif fəlsəfi istiqamətlərə yönələn qarışıq fikirlər sistemləşdirilib xalqın mühakiməsinə vverilsə, daha yaxşı olar. Bəli, məhz konkret ad altında işlənmiş sistemli fəlsəfi konsepsiya şəklində.

Yaradıcı gənclərin də, hansısa qeyri-müəyyən düşüncələrin daşıyıcısı olan ədəbi qurumlarda, QHT-lərdə birləşməkdənsə, konkret fəlsəfi düşüncənin daşıyıcısı olan fəlsəfi məktəblər ətrafında birləşməsi, ədəbi qurumların, qeyri-hökümət təşkilatlarının isə, həmin fəlsəfi məktəbin bir nümayəndəsi kimi çıxış etməsi daha məqsədəuyğun görünür.

Mətbuatdakı, efirdəki fikir mübahisələri də ayrı-ayrı fərdlərin yox, fəlsəfi konsepsiyaların mübahisəsi olmalıdır. Mübahisə edən fərdin hər biri konkret fəlsəfi istiqamətin daşıyıcısı kimi çıxış etməlidir.

Belə olan halda həm gələcəyimizi formalaşdıran ziyalı gənclərin, həm ümumilikdə xalqın seçim imkanları daha şəffaf olacaq. Hansı fəlsəfə ardıyca gedəcəyini xalq özü müəyyən edəcək. Belə demək olarsa, cəmiyyətimiz üçün «Fəlsəfi konstitusiya» layihələri tərtib edib, ictimaiyyətin ixtiyarına verməliyik.

Primitiv görünsə də, deməliyəm ki, gələcək bu gün yaranır. Bu gün gələcəyin əsası qoyulur. Azərbaycanın gələcəyini bizim saytlarda, qəzet-jurnallarda yazdıqlarımızı, efirdə-ekranda dediklərimizi oxuyub eşidərək böyüyən, bizim danışdıqlarımızdan, yazdıqlarımızdan bəhrələnən yeniyetmələr yaradacaq. Və onilliklər sonra bu «gələcək» ziyanlı bir tərəfə getsə, bunun günahını yalnız özümüzdə axtarmalıyıq. Deməli biz bu xalqın gələcəyini kifayət qədər düşünməmişik, biz bu xalqın gələcəyinin formalaşdırılması üçün çalışmamışıq. Əks halda, heç kimi günahlandırmağa, ittiham etməyə haqqımız olmayacaq.

Redaksiyadan: Yazıçı İlqar Fəhminin qaldırdığı məsələlərlə bağlıpolemikaya girmək istəyənlərin yazılarını çap etməyə hazırıq.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020