Arvadının sevgilisindən şikayət edən kişi

Arvadının sevgilisindən şikayət edən kişi
12 may 2014
# 14:44

Budur, artıq hekayəni yazmağa başlamışam, amma hələ bilmirəm hansı janrda olacaq – yumoristikmi, tragikmi, yoxsa tragikomikmi.

Bildiyim bircə budur ki, bu bir həyat hekayəsidir – başqalarının yaşadığı, mənim (eləcə də həmkarlarımın) şahidi olduğum həyat hekayəsi...

Ölkəmizdə, yaşadığımız şəhərdə, beş addımlığımızda bu cür adamların olduğunu başqa birisi desəydi, heç vaxt inanmazdım. Deyərdim, burada bir şişirtmə, yaxud şəxsi qərəz, aşağılama, iftira, nə bilim, daha nələr var. Amma adam özü öz ayağıyla gəlmişdi.

O, redaksiyamıza hər gün gələn, foyedəki stullardan birində oturub şikayətini söyləmək üçün müxbirlərdən hansınısa gözləyən şikayətçilərdən görünüşcə çox da fərqlənmirdi.

Redaksiyamıza adətən əli hər yerdən üzülən, üzündən möhnət, iztirab tökülən, qəzetçiləri dərdlərinə məlhəm edə biləcək sonuncu və yeganə instansiya sayan adamlar gəlir. Onların çoxu bir-birinə oxşayır. Əlbəttə, bəzən içində havalı olanlar da olur, ancaq bunlar həm nadir rast gəlinir, həm də hiss edirsən ki, yeni-yeni əzilməyə başlayıblar, görəcək günləri qabaqdadır.

Həmin kişi isə artıq əzilib əzgili çıxmış tiplərdən idi. 43-45 yaşlarında, arıq, bəstəboy biriydi. Belə adamlar kök olanda yenə bir az əzəmətli görünə, yaxud özlərini qürurlu apara bilirlər, amma əlliyə dirənmiş yaşlarına baxmayaraq, sifətlərinin almacıq sümüyü çıxmış şəkildə arıq olanda birtəhər görünürlər, görünüşlərindən yazıqlıq, əziklik, əfəllik yağır.

Onun fizionomiyası hansısa xəstəliyindən, yaxud yetərli qidalanmamağından, fiziki əməklə sərasər məşğulluğuna dəlalət edən zəhmətkeşliyindən xəbər verirdisə, üst-başının kir-pasağı da baxımsızlığının əlamətiydi.

O, şikayəti olduğunu dedi. Biz, redaktorlar bu cür hallarda işlətdiyimiz trafaret cavablardan birini səsləndirdik:

- Nə məsələdir? Şikayətin kimdəndir, hansı dövlət strukturundandır?

Şikayətçilər çox vaxt polisə, prokurorluğa, məhkəməyə, hətta MTN-ə müraciət etməli olduqları halda problemlərini bizə danışırlar, naəlac qalırıq, ona görə ilk başda bəzi dəqiqləşdirmələr aparırıq ki, adam həm özünün, həm də bizim vaxtımızı almasın.

Yazıq adam o tərəf-bu tərəfə baxaraq yavaş səslə pıçıldadı:

- Şəxsi məsələdir... Heç kim buna baxmaq istəmir...

Biz sualedici nəzərlərlə baxırdıq. Kişi bu baxışların təzyiqinə davam gətirmədi və birbaşa sözünün canını, probleminin özəyini dilə gətirdi:

- Arvadım evdə kişi saxlayır, mənim də başıma oyun açır.

Yaxınlıqdakı əməkdaşlar eşitdikləri sözdən şoka düşdülər. Bu, artıq foye-dəhliz söhbət deyildi. Kişini otağımıza dəvət edəsi olduq. Dedik, bu divanda əyləş, problem nədir, nə deyil, hamısını danış, biz qulaq asaq, yazılmalı olsa, müxbirlərdən birinə deyərik, yazar.

Evində özüylə paralel başqa bir kişi də saxlanılan adam divanda elə oturdu ki, adətən, heç kəs divanda və ya kresloda o cür oturmur. Onun oturuşunda da bir yazıqlıq vardı. Biz iş otağında dörd nəfər idik: mən, kriminal xəbərlər yazarı Rüstəm, analitik yazar Fərid, redaktor Cəlal.

Kişi də özünü təqdim etdi:

- Adım Əbülfətdir, santexnikəm.

Sonra o, yerli-yataqlı şəkildə on dörd il əvvəl özündə səkkiz yaş balaca bir qızla ailə qurduğunu, beş il hər cür müalicəyə baxmayaraq, uşaqları olmadığını, amma doqquz il əvvəl bir qızları, sonra bir oğulları olduğunu, hazırda oğlanın birinci sinifə getdiyini danışdı.

Otaqdakılar Əbülfətin mətləbə keçməsini gözləyirdilər. Yoxsa o çox danışaqcaqdı.

- Bəy, - redaktor Cəlal hövsələsizlik etdi, - o evdəki yad kişinin məsələsinə gəl.

- Gəlirəm, - deyə Əbülfət bəy hamımıza bir-bir baxaraq dilləndi və kim bilir, hekayətinin nə qədər hissəsini ixtisar etdi. – Yoldaşım mağazada işləyir. Satıcıdır. Təxminən on il öncədən şübhələnmişdim ki, mağazanın müdiri ilə arasında nəsə var. Bir gün güddüm və onları birlikdə tutdum. Danmadılar. Müdirə yalvardım ki, arvadımdan əl çəksin. Arvadımı da anda verdim ki, nə olub, olub, indən belə elə şey eləməsin. Amma bu köpəkqızı sözümə baxmadı.

Əməkdaşlar baxışdılar, heç biri indiyəcən belə bir kişiyə rast olmamışdılar ki, o, öz arvadının xəyanətindən bunca sakit və utanmadan danışsın. Onlar özlərini pıqqıldamaqdan saxlayaraq, gözlərindəki təbəssümü birtəhər boğurdular. Hiss olunurdu ki, çətindir.

- Sonra necə oldu? – mən aralığa söz qatmaq üçün soruşdum.

Əbülfət davam etdi:

- Sonra çox şeylər oldu. Hamısını danışmayım. Əsas məsələ odur ki, artıq iki ildir məni saymır. Yəni nə kişi kimi də sayır, nə də ailə başçısı kimi, ər kimi. Heç yaxınıma da gəlmir. Deyir, səndən iyrənirəm. Bilirdim ki, kimnənsə gəzir. Əvvəlcə boynuna almırdı, sonra dedi, lap yaxşı eləyirəm. Başladı o gədəni evə gətirməyə. Özündən də balacadır yaşda. O da uyub buna, əl çəkmir.

Əməkdaşlar yenə baxışdılar. Bu dəfə baxışlarda hiddət də vardı, amma uşaqlar onu da boğurdular.

- Bəs sən o gədə birinci dəfə evinə gələndə onunla, arvadınla dalaşmadın? Üstlərinə bıçaq çəkmədin? – Bu sualı səsləndirən və adətən kriminal xəbərlər xronikası hazırlayan Rüstəm hesab edirdi ki, bu kimi hadisələr mütləq qanla bitməlidir. O, hər gün hər gün qısqanclıq zəminində baş verən bıçaqlanmalardan, qətllərdən ibarət xəbərlər çələngi hazırlayırdı. Onun üçün xəyanətlərin, evə kişi gətirməyin yekununun morqda bitməsi adi hal idi.

Əbülfət təəccübləndi:

- Axı o gədə məndən cantaraq idi. Həm də arvadımla o bir idilər. Mən onun üstünə bıçaq çəksəydim də...

Əbülfət sözünün mabədini, “... ona bir şey edə bilməzdim”i dilinin ucunda saxayıb başqa sözlə əvəzlədi:

- Axı məni tutardılar, uşaqlarım ortalıqda qalardı. Məndə türmədə yatmağa can var?

Əbülfət düz deyirdi. Onda əlinə bıçaq götürməyə cəsarət olmadığı kimi, məhbəsdə yatmağa da nə can vardı, nə göz, nə diz, nə hünər.

Cəlal yeni tezis irəli sürdü:

- Heç olmasa boşanıb ayrılmaq variantı ağlına gəlmədi?

- O da olmaz, - Əbülfət izahat verdi. Güc-bəlayla bir ikiotaqlı ev almışıq, nə onun gedəcək yeri var, nə də mənim. Həm də mən uşaqlarından ayrılmaq istəmirəm. Hərçənd o qancıq deyir ki...

Əbülfət yenə sözünün dalını gətirmədi. Analitik yazar Fərid iki saniyənin içində analiz edərək “qancığ”ın öz ərinə nə deyə biləcəyini təxmin etdi:

- Deyir ki, uşaqlar səndən deyil, eləmi?

Əbülfət yarıtəəccüblənmiş-yarısevinmiş halda təsdiqlədi.

- Hardan bildin? İmenni elə deyir. Deyir, guya qızım mağaza müdirindədir... Amma oğlumun kimdən olduğunu demir.

- Səncə, düz deyir? – Rüstəm soruşdu.

Əbülfət səmimi cavab verdi:

- Bilmirəm. Ondan nə desən çıxar. Dinc qadın deyil. Bir az da qəşəngdir deyə, istifadə edir, hara getsə, özünə bir adam tapır. İndi də bu əclaf gədəni tapıb.

Əbülfətin öz nikahlı arvadının sevgilisini təhqir etməkdən çəkinməməsi göstərirdi ki, o, hiddətlənə də bilir.

- Yaxşı, bəs indi vəziyyət necədir? Bayaq deyirdin ki, arvadın oğlanı evə gətirib? – Cəlal soruşdu.

- Elə problem də ondadır, - qısqanc ər cavab verdi. – Gəldiyi gündən məni arvadımın otağında yatmağa qoymurdu. Bizdə iki otaqdır. Birində uşaqlar yatır, birində də indi onlar yatır.

- Bəs sən harda gecələyirsən? – soruşdum.

- Məni basıblar mətbəxə. İndi burunlayırlar ki, ordan da çıxarsınlar. Dünən gecə nəinki mətbəxə, heç evə də buraxmadılar. Səhərə qədər qapının dalında qaldım. Nə qədər yalvardım, qapını açmadılar. İstəyirlər ki, bezəm, başımı götürüb gedəm.

Aydın oldu. Əgər sevgili cütlük dünən gecə Əbülfəti evə, mətbəxə buraxsaymışlar, o, bu gün şikayətə gəlməyəcəkmiş. Yaramazlar insanı gör nəyə vadar ediblər.

Əbülfət davam etdi:

- Mənim yoldaşım əslində ürəyiyumşaq qadındır, o, mənimlə belə davranmazdı. Bilirəm, hamısını edən o oğraş gədədir. O istəyir ki, məni evdən qaçaq salsın, arvadımı əlimdən alsın.

Əməkdaşlar yenə baxışdılar, amma bu dəfə özlərini pıqqıldamaqdan saxlaya bilmədilər, sadəcə, şaqqanaq çəkmədilər və tez özlərini yığışdırdılar. Rüstəm dilləndi:

- Rəhmətliyin nəvəsi, ta nə qalıb ki. Arvadı əldən gedib də. Gecə böyründə o yatır, səni də heç mətbəxə buraxmırlar.

Əbülfət razılaşmadı:

- Yox, o istəyir ki, mən evdən gedim. Bilirəm. O, müvəqqətidir, yoldaşım onun da dalından dəyəcək. O isə istəyir ki, mən gedim, özünə birdəfəlik yer eləsin bizdə.

- Yaxşı, bəy, indi şikayətin nədir? – Fərid soruşdu. – Biz nə edə bilərik?

- Bura gəlməzdən qabaq sahə müvəkkilinin yanına getmişdim. Problemi dedim. Qovdu məni. Dedi, mən ailə işlərinə qarışa bilmərəm, özünüz bilərsiniz. İstəyirəm, sizi bunu yazasınız, ictimailəşsin, hökumət bu işə baxsın.

Cəlal konkretləşdirdi:

- Yəni sən istəyirsən ki, hökumət o oğlanı sənin evindən uzaqlaşdırsın, arvadınla səni barışdırsın, eləmi?

- Hə, mənim istədiyim budur. İstəmirəm ki, ailəm dağılsın.

Söhbət çox uzanacaqdı. Ancaq qərara aldıq ki, hər halda bu problemə dair bir məqalə yazaq. Kriminal xəbərlər yazarı diktofonunu, bloknotunu götürdü, Əbülfəti də götürüb qonşu otağa keçdi.

Onlar otaqdan çıxan kimi bayaqdan bəri əməkdaşların öz içlərində boğduğu gülüş dalğası vulkan kimi partlayıb püskürdü. Ancaq bu, çox çəkmədi və aramızda bu cür insanların olduğu faktı ümumi bir pərtlik, dilxorluq yaratdı.

Həmkarlarım ağıllarına yerləşdirə bilmirdilər: yəni bir insan bunca fağır, əfəl, qürursuz ola bilərmi.

Onların qənaətinə görə, əgər Əbülfət arvadının xəyanətindən xəbər tutduğu vaxt onu öldürməyə hünəri çatmayıbsa, ən azı ondan ayrılmalıydı. Ancaq bu neyləyib? Arvadını anda verib və onun oynaşına yalvarıb.

- Bu cür adamlar yüz mində bir nüsxədir, - analitik dedi. – Görün necə yazıq adamdır ki, gədənin biri gəlib bunun yatağında yatır, özünü isə nəinki mətbəxə, heç evə də buraxmır.

Cəlal məsələyə başqa müstəvidən yanaşdı:

- Problemin mayası o həşəri qadındır. Mən onu təsəvvür edirəm. 35-36 yaş civarında, hündürboy, saçını sarıya boyamış, dar şalvar geyinən, dolubədənli, at maralı bir qadındır. Bəlkə də onda nimfomaniya var, cinsi doymazlıq-filan. Bunda da bir kişilik görmür. Başını, qeyrətini də yoxlayıb, görüb ki, əlindən bir şey gələn deyil, kefini sürür.

Fərid qeyd etdi ki, pah, İran, Pakistan, Əfqanıstan kimi ölkə olsaydı, Əbülfətin bu şikayəti ilə o zinakar qadını küçənin ortasında daş-qalaq edərdilər. Amma bu o qədər qudurub ki, kişini evə buraxmır, qapının dalında yalvardır.

Biz təbii ki, bir at maralı, həşəri qadına görə ölkədə şəriət üsuli-idarəsinin yaranmasına razı olmadıq. Bu qərara gəldik ki, yazı yazmaqla bərabər adamın başına ağıl qoyaq, bir vəkillə tanış edək, ya deyək, gedib qohum-əqrəbasının cantaraq oğlanlarına desin, onlar da gəlib bunun arvadına şərik çıxan alfons gədəni eşşəkcə döyüb qovsunlar.

Cəlal dedi ki, uşaqlar sizi inandırıram, bu Əbülfət uşaq vaxtı məhəlləsində də başıqapazlı olub, əsgərlikdə də çurban olub, elə bu cür də ölüb gedəcək.

Üçümüzün də bu əzik insana yazığımız gəlirdi, ancaq ona necə kömək edəcəyimizi də bilmirdik. Adam elə bir durumdaydı ki, öz problemini özü həll etməliydi, amma bundan ötrü də onda lazımi iradə, cəsarət yox idi.

Nəhayət, Rüstəm öndə başını bulaya-bulaya, Əbülfət arxada məhzun-məhzun otağa qayıtdılar. Biz Əbülfətə söz verdik ki, onun probleminin həll olunması üçün əlimizdən gələn yeganə işi edəcəyik, bu haqq-hesabı qəzetdə yazacağıq.

O, bizə dönə-dönə minnətdarlıq edərək qapıdan çıxdı. Bizim otaqda acı gülüşlə müşayiət olunan müzakirə yenidən vüsət aldı. Söhbət əsnasında Rüstəm dedi:

- Ümid var ki, biz bu məsələni yazandan sonra Əbülfətin qonşuları, məhəllə uşaqları yığışıb o lotu gədənin ağzının payını verəcəklər. Başqa yol görmürəm.

- Lap tutaq ki, cayıllar o gədəni döyüb qovacaqlar, bu qadın özünə başqa birini tapacaq. Hələ qorxasan ki, bir gün Əbülfətin yeməyinə zəhər qatıb öldürsün, canını birdəfəlik qurtarsın.

Cəlal əlavə etdi:

- Bayaqdan ha fikirləşirəm, Əbülfət üçün intihardan başqa yol görmürəm. Adam əfəl doğulub və ataman bir arvada rast olub, həyatı alınmayıb. Bu biabırçılığa kəndir son qoya bilər.

Bu söhbət burada tamama yetdi. Ertəsi gün qəzetdə bu mövzuya dair məqalə verdik, amma Əbülfətdən heç bir xəbər çıxmadı – nə ağ, nə qara. O, bir də bizim yadımıza yaşadığı qəsəbədə baş verən intihar hadisəsi zamanı xəbər gələndə düşdü. İntihar edən kişinin yaşı 45 olsa da, adı Əbülfət deyildi.

İntihar edən adamın başqa bir talesiz insan olduğunu eşidəndə Əbülfətin ailə dramını bilən əməkdaşlarımız arasında pərt olanlar oldu. Belə bir addımı Əbülfət atmış olsaydı, bu, onları məmnun edərdi. Xəbəri oxuyan Rüstəm kompüterin monitoruna baxa-baxa və acı-acı gülümsəyə-gülümsəyə dedi:

- Dərd eləməyin, uşaqlar, Əbülfətin problemi həll olunub. Yəqin mətbəxdə yatmağına icazə verirlər.

# 4104 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
# # #