news-inner
clock09:00 calendar-gray 02 May 2014 view-gray4374 dəfə oxunub
view-gray4374 dəfə oxunub

Sabir: Zalım ata, ümidsiz ustad, kitaba zəhrimar deyən Badam ARAŞDIRMA

Kulis.Az Qan Turalının böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir haqqında yazdığı məqaləni təqdim edir.

“Molla Nəsrəddin” jurnalı nadir təşəkkür, tez-tez təkfir və hədə-qorxu məktubları alırdı.

Bir gün bir uşaq qaça-qaça “Molla Nəsrəddin” redaksiyasına girib Ömər Faiqə bir zərf verdi, bir saniyə də dayanmadı, qaça-qaça getdi.

Ömər Faiq təhqir məktubu kimi açdı zərfi.

O vaxt zəhərli kimyəvi maddələrlə hopdurulmuş məktublar, ya da bomba yerləşdirilən bağlamalar yox idi.

Məktubdan şeir çıxdı:

“Ol gün ki, sənə xaliq edər lütf bir övlad

Olsun ürəyin şad”.

Cəlil Məmmədquluzadə mahir yazıçı, Ömər Faiq isə təcrübəli jurnalist idi.

Jurnalın məqalə, felyeton sarıdan elə bir problemi olmurdu, üstəlik kənardan da bu cür çoxlu yazılar gəlirdi.

Amma şair tapılmırdı.

Doğrudur, o dövrdə Dərbənddə Mirzə Səməndər adlı şair vardı.

Bakı milyonçularına ilk növbədə də Hacı Zeynalabdin Tağıyevə yarınmaq məqsədi ilə Mirzə Cəlilə təhqiramiz həcv yazmışdı.

Milyonçunun sözünü deyən şair çox idi, xalqın sözü ürəyində qalırdı.

Xalqımız isə o dövrdə şair xalq idi, şeirlə deyilən daha yaxşı yadda qalırdı.

Mirzə Cəlil jurnalın ilk nömrəsində Məşədi Sicimqulunun “Lisan bəlası” şeirini çap etmişdi.

Məşədi Sicimqulu Əli Nəzmi idi.

Şeiri çap edən redaktor Mirzə Cəlil 1927-ci ildə yazırdı ki, bu şeir şeir deyil.

“Molla Nəsrəddin”in şairi yox idi.

Nəsri təzə yaranan şair xalq jurnala bir şair bəxş edə bilmirdi.

“Millət necə tarac olur olsun” şeiri də yazıçı redaktorun qələmindən çıxmışdı...

Jurnalın redaktorları sevincək olub şeiri çap etdilər.

Amma məktubda imza yox idi, qaça-qaça gələn uşağa görə şeirə Hop-hop imzası qoydular.

Hop-hop tullana-tullana gəzən bir quşun adı idi.

Həmin şeir jurnalın yeddinci nömrəsində çap edildi.

Çox keçməmiş həmin uşaq yenə də qaça-qaça gəldi və təzə bir zərf verdi.

Yenə də ləngiməyib qaçdı, ondan bir şey xəbər almaq mümkün olmadı.

Zərfdən isə “Bilməm nə görübdür bizim oğlan oxumaqdan” şeiri çıxdı.

Üçüncü dəfə zərf gələndə 34 yaşlı Ömər Faiq uşağın arxasınca düşüb erməni bazarında şamaxılıların dükanına gəldi.

Ömər Faiq Şamaxıda müəllim işləmişdi, taciri yaxşı tanıyırdı.

“Bu şeirləri yazan adam Mirzə Ələkbər Sabirdir. Qorxduğundan məktubları jurnalın idarəsinə yaza bilir, qorxur ki, postaxanada Hacı Məcid Əfəndinin müridlərindən olar, məktubları oxuyub Hacıya xəbər verərlər. Ona görə şeirləri bizə göndərir, bizə gələn məktublar diqqət cəlb etmir”.

Molla Nəsrəddin bir şair qazanmışdı.

Təkcə Molla Nəsrəddinmi?

Füzulinin taxtı sarsılacaqdı!

Sabir, Molla Nəsrəddinlə ölənə qədər əməkdaşlıq edəcək, həm jurnalı şöhrətləndirəcək, həm də özü şöhrətin zirvəsinə çıxacaqdı.

Bəs illərin yazıçısını, jurnalistini ikicə misrası ilə heyrətləndirmiş o şair kim idi?

Atalar... Oğullar... Ata olan oğullar

Şeir yazmağını gizləyən Sabirin atası həlim adam deyildi.

Gəncliyində Şamaxıda inqilabi bir iş bacarmışdı.

Sabirin etdiklərindən az cəsarət göstərməmişdi.

Yazıq Sabir şeir yazdığını gizlədirdi, amma o hamının gözü qarşısında şiəliyi atmışdı.

Gəlin, Seyid Hüseynin dediklərinə qulaq asaq.

XIX əsrin birinci yarısında Şamaxı böyük şəhər sayılırdı, quberniyanın mərkəzi idi.

Şəhərdə həm sünnilər, həm də şiələr yaşayırdı.

Onlar arasında daim nifaq və düşmənçilik olurdu.

Hacı Tahir sünni idi.

Peşəsi qaratikan kötüyündən çubuq və qəlyanbaşı düzəltmək idi, çöpçülük də edirdi.

Sünnilər arasında hörmətli adam sayılırdı, iki oğlu vardı, Zeynalabdin kiçiyi idi.

Böyük oğlu atanın meyarlarına görə üzüyola idi, amma kiçiyi yola gəlmirdi.

Bir işin ucundan yapışmırdı, şiələrin məşhur musiqiçisi Mahmud ağanın məclislərinə gedirdi.

Bunun üstündə üzü danlanırdı, amma Zeynalabdin atasını daha çox əsəbiləşdirəcək şeylər tapırdı.

Bütün bu avaraçılığa dözmək olardı, oğullar o zaman da beləydilər, sözə qulaq asmazdılar.

Amma Zeynalabdini ətrafında olan gənclərdən fərqləndirən bir şey eşitdi ata.

Zeynalabdin şiələrin məhərrəmlik təziyələrində iştirak etmişdi.

Oğlun evə gecəyarı qayıtdığı gecələrdən biriydi.

Ata yatmamışdı, oğlunu gözləyirdi.

Elə o gecə oğlunu evdən qovdu.

Zeynalabdin atasından da tərs idi, evə qayıtmaq üçün heç bir cəhd göstərmirdi.

Şəxsi təşəbbüs göstərən, atadan xahiş edənlərə onun eyni cavabı verirdi: “Mən onu ölmüş bilirəm”.

Allah bir qapını bağlayıb, digərini açırdı.

Şiələrin ən hörmətli axundu Ağa Seyidəli Ağa məclislərin birində Zeynalabdini yanına çağırdı, ona böyük iltifat göstərdi.

Zeynalabdinin atasına vurduğu zərbə isə amansız oldu.

Şiəliyi qəbul etdi və bu barədə atasına xəbər göndərdi.

Atası bu qədərini gözləmirdi.

Amma özünə gəldi, sünnilərin hörmətli adamlarını evinə yığdı və hamının hüzurunda Zeynalabdini oğulluqdan çıxartdığını elan etdi.

Sünnilər qəmli, şiələr şad idilər.

Zeynalabdinin ağır günləri bundan sonra başladı.

Qohumları da onu görəndə üzlərini yana çevirdilər.

Təmtək qalmışdı quberniya paytaxtında.

Bu zaman bir sünni dükanı soyuldu, Zeynalabdinin hadisədən xəbəri də yox idi.

İntiqam alovuyla alışıb-yanan sünnilər soyğunun şiələr tərəfindən edildiyinə adları kimi əmin idilər, amma oğru tapılmırdı.

Əllərinə düşən bu imkandan Zeynalabdini cəzalandırmaq üçün istifadə etdilər, onun əleyhinə ifadə verib həbs etdirdilər.

Şəhər qalabəyisi Zeynalabdinin boynuna “günah”ını qoymaq üçün ona həbsxanada ağır işgəncələr verdirdi.

Yaş çubuqlarla, sünnilərin “vurun, əllərinizə qurban olum” nidalarıyla şəhərin meydanında döydürdü.

Amma Zeynalabdin cəzaya mətanətlə dözdü, “etiraf” etmədi.

Onu həbsdən azad etdilər.

Ancaq yaş çubuqlar sünnilərin qisas alovunu söndürə bilməmişdi, imza topladılar və Zeynalabdini Bakıya sürgün elətdirdilər.

Şiələrin heysiyyatı zədələnmişdi, Zeynalabdinin başına gələnləri özlərinə qarşı təhqir bilirdilər.

Ağa Seyidəli Ağanın yanında Zeynalabdin haqda söhbət açılmış və Ağa “O bizdəndir!” demişdi.

Əllərində olan bütün imkanlardan istifadə etdilər, imza topladılar, Tiflisə teleqram vurdular nəhayət üç aylıq sürgündən sonra Zeynalabdinin sürgününə son qoydular.

Şamaxı şiələri Zeynalabdini təmtəraqla qarşıladılar.

Məsciddə böyük məclis quruldu, Ağa Zeynalabdini əvvəlki günahlarından tövbə etdirib ziyarət üçün Xorasana göndərdi.

Onun Xorasandan qayıdışını da bayram etdilər.

Zeynalabdin üçün pul topladılar, ona baqqal dükanı açdılar və evləndirdilər.

Bir müddət sonra Zeynalabdinin böyük qardaşı da şiəliyi qəbul etdi.

Sabir Zeynalabdinin sonbeşiyi idi.

Son bir qeyd: Sabir babasının adını özünə soyad götürmüşdü.

Şiə Sabirin soyadı sünni babasının adından götürülmüşdü.

Sabir Ələkbər ikən

Məzhəbini dəyişən Zeynalabdin öz atasından fərqli bir ata ola bilmədi.

Oğlu Ələkbəri dərviş kimi görmək istəyirdi.

Ona uzunətək dərviş paltarı tikdirmişdi.

Ələkbər, dükanın qabağında Həzrəti Əli sevdasını tərənnüm edən şeirlər oxuyurdu.

Məktəb yaşına çatanda Zeynalabdin Ələkbəri mollaxanaya apardı.

Mollaya o dövrün məşhur cümləsini dedi: “Əti sənin, sümüyü mənim”.

Ruhu da istəyəcəkdi molla.

Ələkbəri isə məktəbdə “qamış qələmin kağızın üstündə cırıltı salıb xətt salması maraqlandırırdı”.

Amma “Quran”ı xətm etməyən şagirdlərə yazmaq qadağan idi.

Yazmaq cinayət sayılırdı.

Gələcəyin Sabiri bir şeylər qaralamışdı.

Mollaya xəbər çatdı, heybəsini axtardılar, karandaş tapdılar.

Cəza üçün maddi dəlil də vardı, əllərini falaqqaya saldılar.

Üç çubuq yedi Ələkbər.

Bu yazı üçün yediyi ilk kötək idi.

“Mollam da döyür yazı yazanda” misrası da bu hadisənin təsviriydi.

Böyük şairin hüzurunda

Seyid Əzim o dövrdə Şamaxının ən savadlı adamı sayılırdı.

Bağdadda, Şamda oxumuşdu.

Mədinədən tutmuş İstanbula qədər gəzib dolanmışdı.

Sünni-şiə ixtilafının əleyhinə çıxırdı.

Rusca təhsilin şəriət tərəfindən qadağan edilmədiyini deyirdi.

Şamaxı mollaları onu da sevmirdilər, maarifçi fikirlərindən qorxurdular.

Lakin Seyid çox savadlı idi, dini elmlərdə mollaları cibindən çıxardardı.

Üstəlik, klassik poeziyanın son mogikanıydı, iynəli qələmi vardı, istədiyi adamı yazdığı iki beytlik həcvlə dillərə salar, biabır edərdi.

Şamaxıda cəmi bir sinif otağı olan məktəb açmışdı.

O bir otağın işığı əsrlərə çatacaqdı.

Modern məktəb idi, falaqqası yox idi, uşaqlar skamyalarda otururdular.

Ələkbərin uşaqlığının ən gözəl günləri bu məktəbdə keçdi.

Amma bütün gözəl şeylər kimi məktəbdəki bu günlər də bitdi.

Dükandakı şair

Atası istəyirdi ki, Ələkbər də böyük qardaşı kimi dükanda ona kömək eləsin.

Ələkbər məktəbə davam edirdi, amma bir gün Zeynalabdin gəlib məktəbdən uşağı götürdü.

Gələcəyin böyük şairi məktəbdən çıxarılıb dükana aparılırdı.

Yer-göy susurdu...

Ata və oğul arasında gizli müharibə başlandı.

Ələkbər, məktəbdən çıxarılsa da oxumağından qalmırdı.

Dükanda da əlində fars və türk divanları vardı.

Şeirlərini yazdığı və Seyidin öz əli ilə redaktə etdiyi dəftərçəni də yerə qoymurdu.

Oğlunun həvəsi atanı qəzəbləndirirdi.

Üstəlik dükanda da işlər yaxşı getmirdi.

Ələkbərin nəsibi söyüş və qapaz idi.

Bir gün atanın qəzəbli vaxtında gözünə dəftərinə şeir yazan Ələkbər sataşdı.

Ata şairin üstünə cumdu, dəftəri əlindən aldı, Ələkbər qaçıb döyülməkdən xilas oldu.

Şeir dəftərini cırıq-cırıq etdi atası.

Üstəlik, axşam şam zamanı yenə Ələkbəri acıladı.

Ələkbər yatağında xilas haqda düşünürdü.

Yəqin ağlına gəlmirdi amma o təkcə özünü yox Azərbaycanı xilas etməli idi.

Missiya böyükdü.

İrana qaçıb ordakı dərvişlərə qoşulmaq istəyirdi.

Azadlığını bu cür təsəvvür edirdi.

Bakı yoluyla hərəkət edən bir karvana qoşulub Şamaxıdan getdi.

Atası bu xəbəri eşidəndə belə dedi: “Can onun, cəhənnəm tanrının”.

Amma gecə bir at kirayələdi, Şamaxıdan bir mənzil uzaqda olan oğlunu tapıb geri qaytardı.

Bu hadisədən sonra atası bir az yumşaldı.

Oğlunun şeir yazmasına, şairlərlə oturub durmasına bir söz demədi.

Ələkbər ustadı ilə tez-tez görüşməyə başladı.

Bir gün Seyid “Ey məh, bilirəm fitnəyi dövran olacaqsan; Ey qaşi hilalım, məhi təban olacaqsan” beytini yazıb Sabirə verdi və xahiş etdi ki, bu beytə cavab yazsın.

Sabir bir qəzəl yazıb ustadına verdi.

Qəzəl “Amma bilirəm səbr evi viran olacaqsan” misrası ilə bitirdi.

Seyid bu qəzələ kövrəldi, evə çatan kimi Ələkbərə bir məktub hədiyyə göndərdi.

Məktubda yazırdı:

“Nuri didəm, Sabir!

Qəzəlimə yazdığın məlih və şirin cavab çox xoşuma gəldi. Hazırda başqa bir şeyə gümanım olmadığından haman kitabı sənə silə göndərirəm. Yadigari-ustad olmaq təriqiylə qəbul edəsiniz. Şairlikdə tərəqqi etməyinizi arzu edirəm”.

Kitab Nizaminin “Xəmsə”si idi.

Seyid 1888-ci ildə Sabirin böyük şair olduğunu görmədən öldü.

Söz yox ki, o bir müəllim və ustad kimi tələbəsinin böyük zirvələri fəth edəcəyini duyurdu.

Ustadın vəfatından illər sonra Sabir Bakıda Seyid Hüseynə ustadı ilə bağlı bir əhvalat danışacaqdı:

“Mən, bir dəfə-Hacı Seyid Əzimin görüşünə getdikdə gördüm ki, bütün yazdığı kitablarını, şeirlərini qarşısına töküb onlarla məşğuldur. Hər zaman zarafat edib, əylənən Ağa o gün çox bikef və kədərli idi. Səbəbini soruşdum. “Bir şair üçün, dedi-bundan böyük bədbəxtlik olmaz ki, gözünü həyata yumarkən bütün ömrünün məhsulu olan əsərlərinin müqəddaratını bilməsin. Məni kim xatircam edər ki, öldükdən sonra bu əsərlərim təb və nəşr edilib adımı tarixdə yaşadacaqdır. Mən bunların künc və bucaqlarda itib tələf olmayacağından arxayın deyiləm”.

Sabir özü də eyni qorxunu yaşayacaqdı.

Amma Seyidin də Sabirin də qorxusu boşa çıxacaqdı, tarix onların adını qızıl dəftərinə həkk edəcəkdi.

Xorasan yolunda

Ələkbər Şamaxıda çox darıxırdı.

Şairliyini təkmilləşdirmək, dünyagörüşünü artırmaq istəyirdi.

Atası ona Xorasana göndərməyə söz vermişdi.

Bu sözü xatırladanda ata razı olmadı.

Ələkbər israr etdi.

Atası iki səbəbə görə razı oldu.

Şiələr üçün Xorasan müqəddəs yer idi, İmam Rza orda dəfn edilmişdi, ata ağanın qəzəbindən qorxurdu.

600 il bundan qabaq başqa bir Şamaxı dühası Xaqani də Xorasana can atırdı.

“Nə səbəb var ki, məni Xorasana qoymurlar,

Bülbüləm, baği gülüstana məni qoymurlar”.

Xaqaninin şeiridir.

Ata öz gəncliyini xatırlayırdı, Xorasan ziyarətindən sonra ağlı başına gəlmişdi.

Ələkbərə icazə və yol xərci verdi.

İranı, Türkmənistanı bir neçə il gəzən şair iki dəfə qısa müddətə Şamaxıya qayıtdı.

Aşqabadda sabun bişirib satdığını da o zaman orda onunla tanış olan Salman Mümtaz yazmışdı.

Məhərrəmlik günlərində Sabir şamaxılıların məscidində öz mərsiyələrini oxuyurdu.

Elə Aşqabadda olanda məktub aldı.

Atası ölmüşdü, qardaşı onu Şamaxıya çağırırdı.

Anasının qardaşına diktə etdiyi məktubdakı yanıqlı sözlərə Sabir dözmədi, Şamaxıya qayıtdı.

Hərçənd gözəl bilirdi ki, bir daha Şamaxıdan ayrıla bilməyəcək.

Ələkbərin qıza dəyən əli

Sabir necə evlənməsini Seyid Hüseynə danışıb, o da yazıb.

Biz də ondan oxuyuruq.

Anası uzaq qohumlarından olan Badamxanımı evlərinə gətirmişdi, fikrini onu Ələkbərə almaq idi.

Qızı Ələkbər uşaq vaxtlarından tanıyırdı, ona qarşı bir şey hiss etmirdi.

Lakin Badam Ələkbəri görəndə qaçırdı, onu görəndə yaşmanırdı.

Bir gün evə qayıdan Ələkbər qapını açdı, qabağında Badamı gördü.

Daha doğrusu Badamın gözlərini...

“Gözlərində sanki mənə qarşı bir məzəmmət vardı” demişdi şair.

Qapıdan içəri girib qapını bağlamaq istədi şair.

Badam da qapını bağlamaq istəyirdi, dəmirin üstündə əlləri qovuşdu.

O gündən qızın bəzəkli paltarlarla Ələkbərin qarşısında dolanması şairin ona meylini artırırdı.

İstəyini anasına açdı, anasının oyunu baş tutmuşdu.

Evləndilər, on bir uşaqları oldu.

Sabirin Həmidə xanıma dediyi kimi hər Ramazanda bir qızı olurdu, Sabirin anası tez-tez Kərbəlaya gedib oğlan arzulayırdı, nəhayət oğulları doğuldu, adını Məmmədsəlim qoydular.

On bir uşağı vardı Sabirin.

Uşaqların olması Ələkbərin zamanını alır, güzəranını ağırlaşdırır, onu daha artıq dərəcədə məyus edirdi.

Badam savadsız idi, Ələkbərin şeir yazması ona çatmırdı.

“Evimizdə var idi hər nə desən

Qatıq, ayran ilə qaymaq, nə yesən,

Nə bilirdik nə zəhrimardı kitab,

Biz olan evdə haçan vardı kitab”.

Bu şeir elə Badam haqdaydı, onun dilindən deyilmişdi.

Seyid Hüseyn yazırdı: “Badamı aşiqanə bir qəzəldən, yanıqlı bir mərsiyə və sənətkaranə bir qəsidədən çox Sabirin evə gətirdiyi bir girvənkə yağ, bir batman un daha artıq maraqlandırır, ona daha artıq “bədii” zövq verirdi”.

Ələkbər qəzəldə Seyid Əzimdən, mərsiyədə isə məruz mərsiyə şairlərindən aşağı olduğunu əzab içində hiss edir, nə qədər ağrılı olsa da poeziyanın inkişaf etdiyi Şamaxıda şöhrəti maraqlı söhbətlər və şirin zarafatlardan ibarət idi.

Zəmanə yeni bir şairi udmağa hazırlaşırdı...

Udacaqdı da...

Səhhət olmasaydı udacaqdı.

Ardı var...

news-inner-user
Qan Turalı

228 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Xalça şərqisi – Rafiq Tağının hekayəsi
21:01 05 Avqust 2021
Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021