“100 min adam tanıyıram” MÜSAHİBƏ

“100 min adam tanıyıram”  <span style="color:red;">MÜSAHİBƏ
26 aprel 2014
# 08:00

Müsahibimi “Dolu” filmindən və “Ünvansız qız” serialından tanıyırsız. “Dolu”da kifayət qədər aqressiv, heç kimlə razılaşmayan Drakon obrazını canlandırır. O, həm də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində məsləhətçi işləyir. Rza Rzayevlə müsahibə eləmək istədiyimizi deyəndə "Yeməli söhbət" onun mövzusu olmadığını bildirsə də sözümüzü yerə salmayıb razılıq verdi.

Rza sifariş verməyi bizim öhdəmizə buraxdı. Mən də ənənəyə sadiq qalaraq iki pors lülə, iki pors tikə kabab sifariş verib müsahibəyə başladıq.

Diqqətli oxucu xatırlayır ki, keçən dəfə-ATV-nin aparıcısı Mətanət Əliverdiyeva ilə müsahibəmin girişində kababın ziyanlı olduğunu yazmışdım. Ancaq məni ittiham etməyə tələsməyin, bu müsahibə o müsahibədən əvvəl alınıb.

- Rza müəllim, yemək sizin üçün nədir?

- Yemək düşüncə tərzidir. Amma demək olmaz ki, yediyin yemək insanın düşüncə tərzinə təsir göstərir. Mənim üçün yemək yalnız təbii ehtiyacımı ödəmək üçün 15 dəqiqəlik vaxtımı alan bir şeydir.

- Hansı yeməkləri sevirsiz?

- Nə olsa yeyirəm. Amma kartof qızartması ilə dolma o biri yeməklərdən bir az çox cəlb edir. Ümumiyyətlə isə yemək məni heç vaxt özünə cəlb etməyib.

- Naxçıvan mətbəxinin özəlliyi nədir?

- Naxçıvan mətbəxinin bir o qədər də özəlliyi yoxdur. Məsələn, Lənkəranda yaxşı ləvəngi bişirirlər, Ordubadda isə qayğanaq, yaxud maş. Nə bişirilməyindən asılı olmayaraq, əsas bişiriləcək şeyin keyfiyyətidir. Naxçıvanda ətin, qozun tərkibi daha keyfiyyətlidir. Bunda Kiçik Qafqaz dağlarının rolu böyükdür.

- Ümumiyyətlə hansı regionun mətbəxini sevirsiz?

- Mən heç vaxt yemək haqqında, harada yaxşı xörək yemək haqda düşünməmişəm. Yemək haqda düşünmək mənim üçün yad bir şeydir. Yemək haqqında düşünən insanları başa düşmürəm. Bizim həyatımız ancaq yeməkdən ibarətdir? Məncə, insan hansısa regionun mətbəxini düşünməkdənsə, əlinə nə düşdüsə onu yeməlidir. Həmişə yemək haqda fikirləşən insanların məncə, düşüncə problemi var.

- Özünüz nə bişirirsiniz?

- Heç nə. Nəinki yemək bişirmək, heç özümə çay da gətirməmişəm. Bəlkə də bu ailəmdə mənə olan hörmətdir. Mənim qulluğumda dururlar. Bir kişinin yemək bişirməyində pis şey yoxdu. Sadəcə mən bacarmıram.

- Çayla aranız necədi?

- Naxçıvanda belə bir söz var: ”İki çay bir obeddir”. Naxçıvanda çay əsasən “milli yemək” statusunu alıb. Əvvəllər lap çox çay içirdim. Amma son iki ildə sağlamlığa görə çayı da az içirəm.

- Tələbəlik illərinizin yeməkləri necə...

- Tələbəlik illərində Bakıxanov (Razin) qəsəbəsində yataqxanada qalırdım. Anam mənə qovurma göndərirdi. O qovurma təxminən bir həftə gedirdi. Bütün yataqxana həmin qovurmadan yeyirdi. Kim istəyirdisə, bizim otaqdan rahat qovurma götürüb yeyirdi. Tələbə olanda da yemək bişirmirdim, otaq yoldaşlarım da bilirdi ki, mən bu işi bacarmıram.

- Tələbə olanda mütəmadi getdiyiniz hansısa restoran var idi?

- Tələbə vaxtı çox yerdə yemək yeyirdik. Daha çox “20 Yanvar” metro-stansiyasının yanında balaca bir yeməkxanaya, “Abşeron” mehmanxanasının restoranına gedirdik. Əsasən sosiska yeyirdik. Bir də dəmiryolu vağzalının yanında balaca bir kafedə çox gözəl kolbasa-çörək verirdilər. Sırf həmin kolbasa-çörəyə görə ora gedirdik. Bizim dövrlə indiki dövr arasında müqayisədə əxlaq və düşüncə tərzində çox böyük fərq var. Bizimlə çox böyük vəzifəli adamın oğlu oxuyurdu. Həmin tələbə evdə yemək yeməyinə baxmayaraq, qrup uşaqları ilə də yeyirdi. Fikirləşirdi ki, rayondan gələni var, yemək almağa imkanı olmayanlar var. Özü tox olmasına baxmayaraq, uşaqlara deyirdi ki, gedək bir restoranda oturub yemək yeyək. Demək olar ki, həmin dövrün bütün restoranlarında oturmuşam.

- Sizcə, insanın yediyi yeməyə görə öyünməyi doğrudur?

- Həmişə deyirlər ki, Koroğlu, ya digər qəhrəmanlar çox yeyir. O dastanlarda belə bir fikir formalaşır ki, qəhrəman yemək üçün çapıb talayır. Amma mən belə fikirləşmirəm. Mənim fikrimcə, azad insan o insandır ki, başqalarının azadlığını tanıyır, azadlığı üçün çalışır. Kimsə başqası üçün yaşayırsa, bir insana kömək etməyi fikirləşirsə, məncə əsl qəhrəman elə odur. Amma bizim dastanlarda qəhrəmanları elə şişirdirlər ki, guya qəhrəman ancaq çox yeyəndir, güclü əzələsi olandır. Tarixə fikir versək görərik ki, qəhrəmanların böyük bir hissəsi o qədər də böyük olmayıb. Döyüşmək, qəhrəmanlıq etmək heç vaxt boyla, əzələ ilə, yeməklə ölçülə bilməz. Qəhrəmanlıq, döyüşdür, ideyadır, məqsəddir, ürəkdir.

- Xarici ölkələrin mətbəxi ilə aranız necədi?

- Mən xarici ölkələrdə olanda yeməyə yox, əsasən insanların düşüncəsinə fikir verirəm. Moskvada çox az sayda böyük maşın gördüm. Bu gün bizdə böyüklük xəstəliyi var. Evin, maşının böyüyünə qaçırıq.

- Hərbi xidmət zamanı yeməklərlə aranız necə olub?

- Hərbi xidmətə gedəndə mən “Ünvansız qız” serialına çəkilmişdim. Ona görə hərbi hissədə hamı məni tanıyırdı, harada istəsəydim yemək yeyə bilərdim. Pulum da vardı. Bəzən əsgərlərlə də bir yerdə yeyirdim ki, onlar sıxılmasın.

- Ovla aranız necədi?

- Ov mənim həyat tərzim deyil. Amma silah atmağa xüsusi marağım var. Silahı sevirəm. Mən istirahətimi idman zalında edirəm. İdmanın bir neçə növü ilə məşğul olmuşam. Amma məqsəd kimisə döymək olmayıb. İdmanın fəlsəfəsi ilə də maraqlanmışam. İdmanın fəlsəfəsinə baxanda görürük ki, əsas məqsəd döyüşdən qaçmaq, daha çox kimlərisə qorumaq, ədalətli olmaqdır. O idmançı daha çox idmançıdır ki, ədalətlidir.

- Siz həm də aktyorluqdan əlavə dövlət işində çalışırsınız. Bir-birinə mane olmur?

- Dövlət işi sırf mənim ixtisasımdır. Bu, müəyyən mənada sənətə mane olur, çünki sənət birbaşa həyat tərzidir. Bizim aktyorların demək olar ki, hamısının qarnı var, bütün günü içirlər. Buna görə də, aktyorlarımız heç bir ölçü vahidinə uyğun gəlmirlər. Bizim aktyorlar sənətçi həyat tərzi yaşamadıqlarına görə sənət yarada bilmirlər.

  • "Dolu" filmindən sonrakı populyarlıq necə oldu?

- Mən şəxsi olaraq 100 minə qədər insan tanıyıram. “Dolu” dan qabaq 2000-ci ildə “Ünvansız qız” serialına çəkilmişəm. O vaxt küçədə gəzə bilmirdim. Populyarlıq evdə bədbəxt olanların çöldəki xoşbəxt görüntüsüdü. Onlar efirdə göründükləri qədər xoşbəxt deyillər. Yəni qibtə ediləcək qədər nümunəvi insan deyillər.

“Dolu” filmi çəkiləndə qarşıma məqsəd qoymuşdum: elə görkəmdə çəkiləcəm ki, məni küçədə tanımasınlar. Drakon tam başqa adamdır. Mən Drakondan çox Rzayam. Həmişə deyirəm ki, mənim üçün Rza Drakondan qat-qat maraqlı obrazdı. Drakon bitmiş obrazdır. Amma Rza yaşanılacaq obrazdır.

Mən genetik olaraq utancaq insanam. Məsələn, mən bir toya girəndə yanımda adam olmasa zala girmirəm. Ona görə populyarlıqdan həmişə qaçmışam.

- Toylara münasibətiniz necədi?

- Mənfi. Biz toya niyə gedirik? Təbii ki, yeyib-içməyə. Toy yeyib-içmək yeri olmamalıdı. İnsanların düşüncəsindən yeyib-içən oğlan yaxşı oğlandı söhbətini çıxartmaq lazımdı. Bunların hamısı bizə keçmişdən qalan çox mənfi bir mirasdır. Toyda süfrəyə bu qədər yemək qoymaq və onunla fəxr etmək cahillikdir. Bu gün toya atılan pula, salınan pula bəylə-gəlin özlərinə ev alsalar nə olar? Toyda şirniyyat stulu arxasında otursaq nə olar? Gərək bütün pulu şadlıq evində qoyub çıxalar?

- Ədəbiyyatla aranız necədi?

- Mən hər gün mütaliəyə 3-4 saat vaxt sərf edirəm. Bədii ədəbiyyat məni qane eləmir. Kantdan, Hegeldən, Mövlanədən, “Qurani-Kərim”dən sonra bədii ədəbiyyat oxumaq mənə zövq vermir. Amma istənilən halda oxuyuram. Gənc yazarların hamısının kitabını alıb oxuyuram. Bu həm də dəstək xarakteri daşıyır. Yazı yazmaq üçün gərək daxili tələbat ola. İstedadlı adam cəmiyyətdə özünü təsdiq edə bilmirsə, o cəmiyyət qısır cəmiyyətdir.

- “Dolu” nun çəkilişlərindən bir az danışaq...

- "Dolu"nun çəkilişləri İsmayıllı, Ağcabədi və Şəmkirdə çəkilib. Axırıncı, yəni işğal altında olan torpaqlara filmin heyəti ilə qayıtmaq səhnəsi Ağcabədidə çəkilib. Orda düşmən mövqeləri ilə aramızda 500 metr məsafə var idi. Həmin səhnəni çəkəndə bizim hərbçilər filmin heyətini qorudu.

Mən həmin filmə görə xeyli məktub alıram. Çoxları deyir ki, “Dolu” da problemlər var. Məsələn, mən Pələngə silahı öpəndə deyirəm ki, ay uşaq o qız deyil, yapışacaq dodağına. O da ölümqabağı deyir ki, mən qız görmədim. Amma bunu çoxları səhv başa düşür. Burda tamaşaçıya müharibə illərində gənc insanların, sevmədən, ailə qurmadan, övlad sahibi olmadan şəhid olması çatdırılır.

- Spirtli içkilərə münasibətiniz necədi?

- Pis. Ümumiyyətlə sənət adamı içkidən uzaq olmalıdır. Sənət adamları içkini təbliğ etməməlidir.

# 3103 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #