news-inner
clock15:10 calendar-gray 23 Aprel 2014 view-gray7168 dəfə oxunub
view-gray7168 dəfə oxunub

Mircəfər Bağırovun bayquş adlandırdığı məşhur xanəndə

17 yaşlı oğlunu itirəndən sonra soyuq, tənha evin divarları arasında bədbəxt bir qadın yaşayırdı: Yavər Kələntərli.

Yaşamağa ümidini itirmişdi, bu gün-sabah ölərəm, canım qurtarar, deyib, durmuşdu. Hələ bu qadında qürura bax: Üzeyir bəy onun teatrda olan aylıq maaşını evinə göndərsə də, elə həmin gün o pulu geri – teatra qaytararmış. Ki, mən səhnə ilə qurtardım, aylarla işə çıxmayan adam havayı yerə niyə maaş almalıdır?

Günlərin birində o qadının qapısı döyülür. Gözünə inanmır: gələn Üzeyir bəylə Səməd Vurğun idi. Ordan-burdan danışırlar, dərdləşirlər və Üzeyir bəy qəti səslə:

- Sən səhnəyə qayıtmalısan, oxumalısan, - deyir, - hamı səni soruşur, səsini eşitmək istəyir, başa düşürsən?

Üzeyir bəyin sözünü yerə salmaq onun üçün ölümdən betər idi. O qadını səhnəyə çıxaran, Şamaxının mühafizəkar mühitində ailəsinin cəngindən alıb illərlə arzuladığı tamaşaçı alqışına qovuşduran məhz bu insan idi – qardaşının tələbə yoldaşı, hamının başına and içdiyi Üzeyir bəy! Qayıtdı və yanğılı səslə oxuyanda tamaşaçılar ona qoşulub ağladılar.

***

Yavər Kələntərli sevmədiyi adama ərə getməyin əzabını bütün ömrü boyu yaşadı. Dedilər, neynək, uşağı olanda ərinə də isinişəcək, ev-eşiyə də! İllər keçdi, onu bu ocağa nə ər sevgisi bağlaya bildi, nə övlad məhəbbəti, nə də qohum-qonşu tənəsi. Səbəbə nə gəlib: hər şey ərinə döyülmək üçün səbəb olardı.

İllər sonra – yaşa dolanda deyərdi ki, günahın hamısı məndədir. Yazıq kişinin üzünə bir dəfə xoş üzlə baxmadım, neynəyim, bir ürəyim vardı, onu da 16 yaşımda başqasına vermişdim. Bir tərəfdən də, bu oxumaq sevdası gecəmi-gündüzümü əlimdən almışdı.

***

Cavadı sevirdi. Dayısı oğlu Əlicabbarın yanında işləyən Cavadı. Oğlan da onun dərdindən dəli-divanəydi: Əlicabbarın hər buyruğuna qaça-qaça gedirdi, ağzı nədir bir sözünü iki eləsin. Təki sevdiyini ona versinlər.

Vermədilər!

O qızı lənkəranlı müəllim Xudaverdiyə nişanladılar. Gücü bir kənara çəkilib oxumağa çatdı. Bu səs də başına bəla olmuşdu.

- Qız uşağı oxumaz, ay bala!

- Oxuyar.

- Bizi biabır eləmə.

Azmı olmuşdu belə söz-söhbət, tənə, danlaq, öyüd-nəsihət?! Gözdən yayınıb qaçardı kömür damına, o ki var oxuyar, ürəyini boşaldardı. Ömrünün şöhrətli çağında həkimi nə desə yaxşıdır: “Səsinizdə qəribə ahəng var, elə bil, kömür şaxtasında işləmisiniz”.

***

Lənkəranlı müəllim Xudaverdiyə ərə gedəndə səhnənin ləzzətini görüb getmişdi. Və bir həqiqət gün kimi aydınıydı: ər evinə köçəndən sonra oxumağın daşını atmağa məcbur olacaq, ləzzətini gördüyü səhnəyə bir də heç vaxt ayaq basa bilməyəcək. Və elə bir gün gəldi ki...

1924-cü ilin sentyabrı. Dayısı oğlu Əlicabbar dostu Cəmo Cabrayılbəylinin ağır xəstəlikdən yaxa qurtarması münasibəti ilə qonaqlıq verirdi. Masabəyiliyi Müslüm Maqomayevə həvalə etmişdilər. Qonaqlardan biri gənc Yavərdən söz saldı, onun tərifini göylərə qaldırdı.

- Görünür, gözləmədiyimiz yerdən xəzinə tapmışıq. Ümidvaram ki, Mirzə Xudaverdi bizim Yavər xanımı dinləməyimizə müsaidə edəcək.

Bunu Müslüm Maqomayev deyir. Və zaldan alqış qopur. Həmişə belə olardı: dost-tanış, qohum məclislərində oxumasaydı, ondan əl çəkməzdilər. Ərinin – Xudaverdinin razılığı gözlərindən oxunur. Həmin məclisdə “Segah” üstə “Leyli və Məcnun”dan bir qəzəl oxuyur. Elə həmin məclisdə hamı bir ağızdan deyir ki, noyabrın 5-də Maarif evində sovet hakimiyyətinin 5-ci ildönümü münasibətilə keçiriləcək tədbirdə Yavər mütləq oxumalıdır. Ərinin razılıq verməkdən başqa çarəsi qalmır. Tədbirdən sonra Üzeyir Hacıbəyli bu gənc, səhnə həvəsiylə alışıb-yanan qıza məsləhət görür ki, muğam dərnəyinə getsin. Evdəkiləri güc-billah razı salıb, dərnəyə yollanır, sonra Cabbar Qaryağdıoğludan, Seyid Şuşinskidən dərs alır. 37-ci ildə onu Opera və Balet Teatrına dəvət edirlər, “Leyli”ni, “Əsli”ni, “Ərəbzəngi”ni oynayır, filarmoniyada keçirilən konsert proqramlarının afişalarına Yavər Kələntərlinin də adını salırlar.

***

Əri onun məşhurluğunu həzm edə bilmirdi. Böyük səhnəyə qədəm basandan sonra Xudaverdi ilə münasibətləri bir az da kəskinləşdi. Dava-dalaş, hər gün söz-söhbət... Həyat yoldaşı onu hətta konsertə getməyə hazırlaşanda da döyürdü, Yavər səhnəyə bədənindəki qançır yerlərinin ağrısıyla çıxıb oxuyardı. Bu dava-dalaş evin kandarını çoxdan aşmışdı. Hətta o vaxtın qəzetləri də ər-arvad davasından yazırdılar. On səkkiz illik ailə həyatı onları doğmalaşdıra bilmədi. Və ayrılmaq qərarı...

On səkkiz illik ailəsindən ona qalan bircə oğluydu: Şahbaz. Xudaverdidən ayrılandan sonra özünü rahat hiss edirdi. Oğlu ilə qürur duyur, sənəti ilə fəxr edirdi. Amma tale ona bu xoşbəxtliyi çox gördü. Oğlunu torpağa tapşıranda gələn xoş günlərini, arzularını da dəfn etdi. Xudaverdidən ayrılanda oğlu Kələntərli soyadından imtina etməsinə razı olmamışdı:

- Sən Zamanova, mən Kələntərli olsam, tay-tuşlarım bunun səbəbini soruşacaqlar. Onda mən nə deyəcəyəm?

Oğlunun sözünü yerə salmamışdı. Və qara torpağa əmanət dediyi oğlundan yadigar qalan soyadını ömrünün axırına qədər dəyişmədi.

***

Xudaverdinin ata yurdu Lənkərana tez-tez qonaq gedərdilər. Növbəti səfərlərin birində Haşım adlı bir gəncin oxumasını eşidir. Dayanıb, xeyli dinləyir. Gənc Haşımın avazına valeh olur. Yanındakılardan oğlanın kimliyini soruşanda deyirlər ki, Xudaverdinin əmisi oğlu Haşımdır.

- O, Bakıya getməli, Opera və Balet teatrında oxumalıdır.

Dediyini edir. Bakıya qayıdan kimi teatrın rəhbərliyi ilə danışır, Haşımı teatra cəlb edir. Sonra sənətə üçüncü Kələntərli gəldi: Haşımın bacısı Münəvvər. Azərbaycan kinosunun və musiqisinin Münəvvər Kələntərlisi. Müslüm Maqomayevlə danışıb onun Opera teatrına gəlməsinə yardımçı olur.

Xudaverdi onu incitsə də qohumlarından narazı deyildi, əlindən gələn hər köməkliyi onlar üçün edirdi.

***

Böyük Vətən müharibəsi başlananda Yavər Kələntərli döyüş bölgələrinə gedər, hospitallarda yaralı döyüşçülərin qarşısında çıxış edərdi. Şahbazdan sonra səsi bir az da yanğılı olmuşdu, yaralı cavanların qarşısında çıxış edəndə onunku oxumaq yox, nalə çəkmək olardı.

Günlərin birində Mircəfər Bağırov Yavər Kələntərlinin səsini radioda eşidib qəzəblənir:

- Müharibədir. Onsuz da hər gün respublikaya cəbhədən qara xəbərlər gəlir. Bu cür ifalar xalqın dərdini daha da artırır. Kəsin bu bayquşun ulartısını, kəsin!!!

Məhz bundan sonra Yavər Kələntərlinin radioda çıxışına bir müddət icazə vermirlər.

***

1948-ci il. Yavər Kələntərli ustadı, arxası-dayağı ilə - Üzeyir bəylə vidalaşırdı. Elə bil, qulağına qeybdən səs gəldi: tabutu qucaqlayıb “Segah” oxu! Özünü qəfildən tabutun üstünə atır, onun qucaqlayıb “Segah”ın ən yanıqlı yerindən “ağı” deyir. Gözünü yummuşdu, öz aləmindəydi, aradan nə qədər vaxt keçmişdi, heç kim bilmirdi. Qəflətən gözləri yanında dayanmış... Bağırova sataşdı. Ona bayquş deyib, səsini radiodan kəsən Mircəfərə. Vaxtilə dediyi “kəsin bu bayquşun ulartısını” sözləri qulaqlarında yenidən səsləndi və katibin qorxusundan, zəhmindən bütün bədəni üşəndi. Səsini içinə qısıb susdu, dinmədi. Və gözlənilməz hadisə: birinci katib göz yaşlarını silib əvvəl işarə etdi, sonra xırıltılı səslə dedi ki:

- Oxu, oxu, dayanma!

***

Qabaqcadan demişdi: "Yayda ölsəm, məni Şamaxıya aparıb qardaşlarımın yanında dəfn eləyərsiniz. Əcəlim qışda gəlsə,

Şahbazımın məzarı yanında torpağa tapşırarsınız".

Əcəl Yavər Kələntərlini qışda haqladı – fevralın 5-də.

Oxşar xəbərlər

Xəbər lenti

Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı
21:01 28 Sentyabr 2020
Yazıçılar Birliyi bəyanat yaydı
18:16 28 Sentyabr 2020
Gənc şair hərbi xidmətə yola düşür
17:40 28 Sentyabr 2020
Özfəaliyyətimiz elə bu qədərmiş - Akif Əli yazır...
17:00 28 Sentyabr 2020
Svetlana Aleksiyeviç ölkəsini tərk etdi
16:30 28 Sentyabr 2020
Qarabağa həsr olunan klip çəkildi - Video
15:50 28 Sentyabr 2020
Ceylanın yeni filmi nədən bəhs edir? – Detallar
14:57 28 Sentyabr 2020
"Vəziyyət həqiqətən ciddidir" - Yazıçılar hərbi əməliyyatlardan danışdı
14:04 28 Sentyabr 2020
Cəbrayıla gedən yol
13:03 28 Sentyabr 2020
Fred Asifin Ala Yaquba hirslənməsi, bomba səsindən ürəyi partlayan 3 yaşlı İlkin... - Ağdamda bir gün
12:06 28 Sentyabr 2020
Mir Cəlal Paşayevin məqaləsi Milli Kitabxanaya gətirilib
11:21 28 Sentyabr 2020
Görürəm ki, qəhrəmansan – Günün şeiri
10:40 28 Sentyabr 2020
Xalq yazıçısı: “Yazıçılar Birliyindən çıxmaq lazımdır” – Müsahibə
08:58 28 Sentyabr 2020
Məcnunun “aşiqi-sadiqliyi” şübhə altındadır? - Elçin yazır
16:30 26 Sentyabr 2020
Karantin – kütlənin tənhalığı – Aqşin Yeniseydən yeni şeirlər
15:18 26 Sentyabr 2020
Bəyin atası, nisyə kitab istəyən oxucu, həbsxanadan çıxmış gənc yazar – İmza günündən reportaj
14:57 26 Sentyabr 2020
Məşhur rejissor festivaldan qovuldu
13:21 26 Sentyabr 2020
Ağlını itirib, dəlidi payız - Qazaxda bir ömür...
11:14 26 Sentyabr 2020
Vaşinqtonda Üzeyir Hacıbəyovun anadan olması münasibətilə tədbir keçirildi
10:02 26 Sentyabr 2020
Həmidə Ömərova gürcü aktyorun nəyinə gülürdü? – Məşhur filmin gizlinləri
09:00 26 Sentyabr 2020