news-inner
clock08:30 calendar-gray 21 Aprel 2014 view-gray3443 dəfə oxunub
view-gray3443 dəfə oxunub

Maneken

Syuzan Zontaq (1933 - 2004) – məşhur ABŞ yazarı, kulturoloqu, rejissoru, teatr və kino tənqidçisidir. Bir sıra milli və beynəlxalq ödüllərə layiq görülüb. Kulis.az Syuzan Zontaqın “Maneken” hekayəsini təqdim edir.

Durumum dözülməz həddə çatmışdı, təcili bir tədbir görməm lazım idi.

Vəziyyət kritik həddə çatanda mən gərəkli çeşiddə yapon plastiki, saç, dırnaq və sair götürüb, canlı insana bənzər maneken düzəltdim. Elektronika mütəxəssisi olan bir tanışım isə yaxşı qonorar qarşılığı ona daxili mexanizmlər quraşdırdı: artıq manekenim danışa, yeyə, işləyə, yeriyə və intim ilişkiyə girə bilirdi. Köhnədəbli realizm məktəbini təmsil edən tanınmış bir rəssamla bu manekenin sir-sifətini işləmək barədə razılıq əldə elədim: düz on iki seans ona poza verdim ki, maneken mənim birə-bir bənzərimə çevrilsin. Artıq mənimki kimi onun da burnu kartof boydaydı, saçları tünd rəngdəydi və dodaqlarının kənarları qırışırdı. Hətta özüm də onunla aramdakı fərqi seçə bilmirdim, ancaq ara­mız­da hələlik ciddi bir fərq qalmaqdaydı: hansımızın o, hansımızın isə mən olduğunu təkcə mən ayırd edə bilirdim.

İndi isə yoxlamalıydım görüm, çevrədəkilər onu mənim kimi qəbul edirlər, ya yox. Maneken mənim yerimə işə getməli, müdirdən tərif və ya töhmət dinləməliydi. Lazım gələndə təzim eləməli, yazı yazmalı, canla-başla çalışmalıydı. İki həftədən bir maaşı­mı ovcuma qoysaydı, yetərliydi - ondan başqa heç nə istə­məz­dim. Bu məbləğdən ona şəhərdə gediş haqqı və qəhvəaltı pulu ödəyəcəkdim, vəssəlam. Mənzilin kirayə və kommunal haqları üzrə çekləri ödəyəndən sonra yerdə qalan məbləğin hamısını özümə götürəcək­dim.

Maneken həm də arvadıma ərlik edəcəkdi. Çərşənbə axşamı və şənbə günləri onunla yatağa girəcək, hər axşam onunla televizor seyr edəcək, onun hazırladığı cana faydalı axşam yeməklərini dadacaq, uşaqların tərbiyəsi ilə bağlı onunla mübahisələr aparacaqdı. (Arvadım da işləyir və bütün maaşı ərzaq almağa ancaq çatır). Ofisimizin kriket komanda­sıyla hər bazar ertəsi oyuna qatılmağı da, cümə günləri anama baş çəkməyi də, hər səhər qəzet oxumağı da, üstəlik, bir cüt eyni kostyum (birini özünə, birini isə mənə) almağı da manekenə həvalə edəcəkdim. Qalan işləri isə ya vəziyyətə görə, ya da onların icrasından bezəndə ona tapşıracaqdım. Mənə yalnız həzz bağışlayan işlərlə isə özüm uğraşacağam. Yəqin deyəcəksiniz ki, nə çox şey keçir könlümdən? Niyə də olmasın?! Həyatımızdakı müşkül məsələlərin köklü şəkildə həlli onsuz da iki yolla – ya qeybə çəkilməklə, ya da ikiləşmə ilə mümkündür. Keçmiş əyyamlarda bu cür durumlarda birinci üsul keçərliydi. Şəxsi azadlığa qovuşmaqdan ötrü biz görəsən niyə texnologiyanın ən son nailiy­yət­lərindən faydalanmayaq ki?! İndi qarşımda seçim var və mən öz canına qəsd edənlərdən olmadığım üçün məhz ikiləşməni seçirəm.

Manekenin necə (başqa sözlə, istənilən məlum durumda eynilə mənim kimi) davranacağından arxa­yın olduğum üçün bir bazar ertəsi günü, səhər çağı manekenimə hərəkət sərbəstliyi tanıdım. Zəngli saat çaldı. Maneken o biri böyrü üstə çevrilib, arvadımı dümsüklədi, qadın yorğun-arğın halda bizim ikinəfərlik çarpayımızdan qalxdı və saatın zəng düyməsinə basdı. Çəkələklərini ayaqlarına, xələtini isə əyninə geyindi, yuxudan tam ayılmadığı üçün keyləşən ayaqları bir-birinə dolaşaraq, vanna otağına üz tutdu. Qadın oradan çıxıb, mətbəxə yollananda əri (maneken) yataqdan qalxıb, vanna otağına yönəlir. Siyiyib, ağzını qarqara edir, təraş olur, yataq otağına dönür, komoddan və paltar şkafından geyəcəyi pal-paltarı götürüb, təkrar vanna otağına yollanır, geyinib-keçinəndən sonra arvadı­mın yanına, mətbəxə üz tutur. Artıq uşaqlarım da süfrə başındadırlar. Kiçik qızım dünənki ev tapşırı­ğını tam yerinə yetirmədiyindən arvadım müəlli­məyə uşağı bu səfər bağışlaması barədə qısa bir mək­tub yazır. Böyük qızımın isə üzündən özündənrazılıq ifadəsi dolaşır və o, qızardılmış çörəyin artıq soyumağa başlayan tikəsini gəvələyir. Manekeni görən qızlar bir ağızdan:

- Sabahın xeyir, ata, - deyirlər.

Maneken əvvəlcə bir, sonra digər qızın yanağın­dan maç edir. Səhər yeməyində hər şey yolunda get­diyindən içim sakitləşir. Uşaqlar məktəbə yolla­nırlar. Deyəsən, atalarında hər hansı fərq sezmədilər. Kələyim baş tutduğundan qəlbimi fərəh hissi bürüyür, halbuki mən bu işləyin uğursuzluğun­dan yamanca qorxurdum: birdən mexanizm özünü doğrultmaz, birdən maneken nələrisə çaş-baş salar deyə. Yox, canım, hər şey yolunda-yolağında gedir, hətta maneken “New-York Times” qəzetini də gərəkli templə vərəqləyir: məsələn, xarici xəbərlər bölümü­nü oxumağa eynilə mənim qədər vaxt sərf eləyir, idman şərhlərinə də eyni şəkildə.

Arvadımı öpən maneken mənzildən çıxıb, liftə minir. (Maraqlıdır, liftimiz bu sərnişinin özü kimi, yəni cansız mexa­nizm olduğunu anlayacaqmı?) Sonra o vestibülə, oradan isə küçəyə çıxır. Evdən vaxtında çıxdığı üçün tələsməyə hacət yoxdur və o, arxayın addımlarla metroya enir. Görkəmindən təmkin və alicənablıq yağır, tərtəmiz görünür (bazar günü axşamı özüm onu başdan-ayağa təmizləmişdim çünki). Tapşırılan hər tapşırığı o, nöqtə-vergülünə qədər, tam dəqiqliklə yerinə yetirir. Mən davranışından razı qaldığım müddətcə, onun da keyfi-damağı çağ olacaq. Başqaları ondan razılıq etdiyi müddətcə isə mən həmişə ondan razı qalacağam.

Ofisdə də ondakı dəyişikliyi bir kimsə sezmir. Katibə ona gülümsəyir, o da eyni şəkildə, mənim gülümsədiyim kimi, xanıma cavab verir, mənim bölümümə keçir, paltosunu asır və yazı masamın arxasında əyləşir. Adıma gələn sənədləri katibə onun önünə qoyur. O, məktubları oxuyur, sonra onlardan bəzilərinə veriləcək cavabları katibəyə diqtə edir. Sonra o, cümə günündən bəri yığılıb qalan bəzi məsələlərlə məşğul olur. Əyalətdə yaşayan bir müştərimizə zəng edir, qəhvəaltı süfrəsində bir araya gəlmək barədə onu razı salır. Hələlik yalnız bir uyğunsuzluq diqqətimdən yayınmır: səhərdən bəri maneken cəmi yeddi siqaret çəkib, halbuki mən o müddətə on, bəzən isə on beş siqaret çəkirəm. Bunu onunla izah edirəm ki, maneken hələ işə təzə-təzə girişir və əsəbləri mənimkilər qədər, yəni bu ofisdə altı il işləyən birininki qədər gərilməyib. Ona görə də təxmin edirəm ki, o, nahar süfrəsində mənim kimi iki yox, bir martini qədəhiylə kifayətlənəcək və bu xüsusda zərrəcə yanılmıram. Ancaq bütün bu xırda təfərrüatlar boş şeylərdir, çətin ki kimsə bunların fərqinə varar, hətta varsa belə, bu, ancaq təqdirəlayiq olar.

Əyalətli müştəriylə o, özünü çox səviyyəli aparır, hətta nəza­kət həddini bir az aşır da və mən bunu manekenin təcrübəsizliyi ilə izah edirəm. Yaradana şükürlər olsun ki, məişət məsələlərində zərrəcə axsayıb, büdrəmir. Süfrə arxasında özünü hədsiz ədəbli aparır. Boş­qab­dakı yeməyi çox qurdalamır və iştaha ilə yeyir. Hesabı da pulla ödəmir, ödəmə sənədinə imza atır: görünür, unutmayıb ki, şirkətimizin bu restoranla kredit anlaşması var.

Nahardan sonra satış məsələləriylə bağlı toplantı keçirildi. Şirkətin vitse-prezidenti Mərkəzi Avropa ölkələrindəki satış şəbəkəsinin genişləndirilməsi proqramını açıqladı. Maneken bununla bağlı ağıllı təkliflər verdi. Prezident razılıqla başını tərpətdi. Qırmızı taxtadan hazırlanmış uzun masanı əlindəki qələmlə taqqıldatdığı zaman manekenin üzü düşün­cə­lidir. Onun siqareti-siqaretə caladığının fərqində­yəm. Yəni əsəb sarsıntısı keçirməyə belə tezmi başladı o? Gör bir, mən indiyəcən necə ağır həyat tərzi sürür­mü­şəm! Bircə günün içində hətta maneken də həyat tərzimdən yoruldu və tamamilə bezdi. Günün axşama qədərki qismi problemsiz ötüşür. Maneken evə - arva­dımın və uşaqlarımın yanına dönür, ağız dadıy­la şam yeməyi yeyir, qızlarla “monopoliya” oyunu (1934-cü ildə ABŞ-ın Pensilvaniya ştatında yaradılan və XX yüzilin birinci yarısında dünyada geniş yayılan əyləncəli masa oyunudur. İqtisadi strategiyalara əsaslanan bu oyunda başlıca məqsəd – oyunçuların əllərindəki ilkin kapitalı (sərmayəni) hər vəchlə artırmaqla, öz rəqiblərini bankrot (müflis) etməsidir – A.Y.) oynamaqla bir az vaxt keçirir, arvadımla yanaşı otu­rub, kovboy filminə tamaşa edir, vanna qəbul eləyir, vetçina ilə bir dilim çörək yeyəndən sonra yatmağa yollanır. Onun nə cür yuxular gördü­yü­nü deyə bil­mə­rəm, hər halda dinc və şirin yuxu­lar­dır. Əgər yuxu­su da məndən asılı bir şeydirsə, onda rahat yat­dı­ğına şübhə yeri qalmır. Odur ki, mən öz yetirməmdən xeyli razıyam.

Maneken artıq bir neçə aydır ki, iş başındadır. Barəsində nə deyə bilərəm? Təcrübə toplayıbmı? Təcrübəsinə söz ola bilməz, çünki öz əvəzedilməzli­yini o, hələ ilk gündən isbatlamışdı. Lap başlanğıcda özünü mənə bənzətməkdə qazandığı uğuru onun bir az da irəlilətməsi hər halda imkansızdır. Karyera pillə­ləriylə irəliləməsinə onsuz da hər hansı gərək yoxdur, gündəlik işini həvəslə, səhvsiz və üzüyola görsün, yetər. Ar­va­dım da onunla bəxtəvərdir və ya mənimlə bəra­bər olduğuna nisbətən heç də bəd­bəxt sayılmaz. Balalarım ona “atacan” deyə müra­ciət edir və ondan cib xərcliyi istəyirlər. İşdəki rəisim və əməkdaşlar isə əvvəllər mənim gördüyüm işləri artıq ona tapşırırlar.

Bütün bunlarla yanaşı, son vaxtlar, xüsusilə də son həftədə bir şey rahatlığıma haram qatıbdır. Ma­nekenin mənim təzə katibəmə, miss Sevimə son vaxtlar xeyli nəvazişkar davrandığı gözümdən ya­yın­mayıb. (Əlbəttə, bu qadı­nın soyadının manekenin içindəki qəliz mexanizmi hansısa şəkildə ehtizaza gətirdiyini düşünməkdən xeyli uzağam mən, çünki maşınların bizdən fərqli düşündüyündən tam əminəm). Səhərlər işə gələn­də o, bu xanımla salamlaşarkən onun masası­nın böyründə çox yox, cəmi bircə saniyəliyinə ləngiyir, halbuki o da – eynilə mənim kimi – son günlərə qədər bunu özünə əsla rəva görməz, yeyin addımlarla masanın yanından ötərdi. Həm də deyəsən, son günlər diqtə etdiyi məktubların sayı da artıb. Yəni doğrudanmı bu, onun şirkət xeyrinə cani-dildən çalışmasıyla bağlıdır? Onun ilk iş günündə, satışla bağlı toplantıdakı çıxışını xatırlayıram istər-istəməz. Bəlkə o, missis Sevimin daha çox öz yanında bulunmasını arzulayır? Yoxsa o məktubla­rın diqtəsi bu qədərmi vacib olub? And içərəm ki, bu xüsusda o da elə mənim kimi düşünür. Ancaq onun heç nə ifadə etməyən, donuq simasından bunu necə ayırd edəsən? Soruşmağa isə çəkinirəm. Bəlkə də ummadığım cavabdan qaçıram beləcə? Ya da şəxsi işlərinə qarışmaqla, onu cin atına mindirməkdən qaçınıram? Hər necə olsa da, özünün mənə sirr gələcəyi anı gözləməyi uyğun sayıram.

Axır ki, qorxduğum başıma gəldi – bir gün bu sevgi mənə əyan oldu. Səhər saat səkkizdə maneken məni vanna otağında yaxaladı: həmin vaxt mən onun üzünü necə qırxdığına göz qoyur və bundan əsl heyranlıq duyurdum: bir özünüz düşünün, eynilə mənim kimi, o da təraş zamanı ara-sıra üzünü kəsirdi.

Sonra isə ürəyini mənə açdı. Onun bu dərəcədə hissi davrana biləcəyi yatsam, yuxuma da girməzdi, düzü. Həm heyrətlənir, həm də ona qibtə edirəm. Cansız bir manekenin bu cür dərin hissiyyata malik olacağı ağlıma gəlməzdi, çünki etiraf zamanı onun gözləri yaşarır. Ona təsəlli verməyə çalışıram. Əvvəlcə dilə çəkir, sonra başına ağıl qoyuram. Bütün cəhdlərim mənasızdır. Artıq o, sadəcə göz yaşı axıtmır, hönkür-hönkür ağlayır. İçimdə ona qarşı, daha doğrusu, onun ehtiraslı duyğusuna qarşı çiyrinmə hissi baş qaldırır, çünki bu hissin mexanizmini anlamaqda acizəm. Həm də dəhşət hissinə qapılıram: birdən arvadım və uşaqlarım bu hönkürtüləri eşidib vanna otağına soxulsalar, qarşılarında özünü normal insanlar kimi apara bilməyən bu başdanxarab varlığı görsələr, nə düşünəcəklər görən? (Bəs vanna otağında ikimizi bir arada yaxalasalar, nə olacaq? Axı, bu da mümkündür!). Mən duşu və əlüzyuyandakı hər iki kranı açıram, unitaza su buraxıram, axı, maneke­nin acı hönkürtülərini ört-basdır eləməkdən ötrü bir tədbir görmək lazımdır. Bir sevgi ucbatından, gör, nə qədər hay-küy qopur! Miss Sevimə olan sevgi ucbatından! Halbuki maneken o qızla sadəcə işlə bağlı kəlmə kəsirmiş. Həm də onunla yatıb-durdu­ğu­na da inanmıram. Bütün bunlara rəğmən, mane­ken onu dəlicəsinə sevir. Mənim arvadımla isə boşanmaq niyyətindədir. Ona başa salmağa çalışı­ram ki, bu sövdadan bir şey çıxmaz. Əvvəla, onun çiyinləri­nə bəlli vəzifələr və məşğuliy­yətlər qoyulub. Xanı­mım və övladlarım üçün o - ər və atadır, onların ar­xa­sı-dayağıdır. Öz mənliyinə düşkün olarsa, onların da həyatını qaraldar. Digər tərəfdən o, bu Sevim xanım barədə nə bilir, axı? Ən azından qadın ondan on yaş ca­van­dır və ondan xoşlandığını isbatlayacaq hər hansı hərəkətə də yol verməyib, üstəlik, heç şübhəsiz, bu qız artıq özünə həmyaşıdı olan və çox yara­şıqlı bir oğlan tapıb, ona ərə getməyə hazırlaşır.

Maneken bütün bunları heç dinləmək də istəmir. Heç nə ilə təskinlik tapmır. Ya miss Sevim onun olacaq, ya da - əlini havada yelləyir – canına qəsd edəcəkdir. Ya başını divara döyə-döyə dağıdacaq, ya da özünü pəncərədən aşağı atacaq, nəticədə onun incədən-incəyə işlənmiş qəliz mexanizmi cərcənək olub, gedəcək.

Canımı əməlli-başlı qorxu hissi alır. Son aylar mənə bunca rahatlıq və könülxoş­lu­ğu bəxş edən dahiyanə kəşfimin gözgörəsi qurban verməkdən yamanca sarsılıram. Özümü təkrar işdə və arvadımla eyni yataqda, metroda, pik saat­da hər tərəfdən sıxışdırılan sərnişin kimi təsəvvür edirəm. Televizorun qarşısında necə oturduğumu, qızlarıma necə çəkələk geyindirdiyimi görürəm. Əgər əvvəllər bu yaşam tərzi məndən ötrü dözül­məz idisə, indi o, yəqin ki, anlayarsınız, tamamilə ağlasığmaz görünür. Həyatdakı bütün müşkül işlərimi bu manekenə yükləyəndən sonrakı ayları necə rahat keçirməm sizə zarafat gəlməsin. Hər cür qayğıdan azad idim və ara-sıra manekenin durumu necə idarə etməsiylə maraqlanmaqla işimi bitmiş hesab eləyirdim. İndi isə həyatın lap dibinə enmişəm. Harada gəldi – gecə sığınacaqlarında, metroda (oraya mən ancaq gecələr enirəm), qaranlıq dalanlarda, bina girişlərində - gecələyirəm. Artıq manekendən aylıq maaşımı istəməyə də ərinirəm, çünki özümə nə isə almağa həvəsim qalmayıbdır. Üzümü, demək olar ki, qırxmıram. Əynimdəki pal-paltar da kirli və yırtıq-mırtıqdır.

Sizcə, bu, dəhşətlidir, eləmi? Məncə, yox, həm də əsla yox. Əvvəl-əvvəl, yəni maneken mənim ca­nı­mı iş və məişət qayğılarından qurtaranda gözəl xəyallar qurmuş və düşünmüşdüm ki, artıq başqa­la­rı kimi yaşamaq imkanı tapmışam. Arktikanı araşdırmaq, məşhur pianoçu olmaq, bütün qadınları özümə heyran qoymaq, görkəmli dövlət xadiminə çevrilmək keçirdi könlümdən. Gah Makedoniyalı İsgəndər, gah Motsart, gah Bismark, gah Qreta Qarbo, gah da Elvis Presli olmağa - əlbəttə, xəya­lən olmağa - niyyətliydim. Həm də qısa müddətə bütün bu məşhurlara çevrilməklə mən onların qat­laş­dıqları əzab-əziyyətləri deyil, məhz aldıqları həzzi dada­cağımı umurdum, çünki istənilən an bir cild­dən, şəkildən digərinə girmək, düşmək fürsətim olacaqdı, yetər ki bunu arzulayım. Ancaq bu ideyam ya səhlənkarlıqdan, ya da dözümsüzlük­dən baş tutmadı. Səbəbi isə özünüz seçin. Məlum olmuşdu ki, mən şəxsiyyət olmaqdan yorulubmuşam. Əvvəllər oldu­ğum şəxsi nəzərdə tutmuram, ümumilikdə şəxsiyyət olmaqdan usanıbmışam. İnsanlara bir kənardan göz qoymaqdan xoşlansam da, onlarla kəlmə kəs­məyi, təmas qurmağı, onlara “bəli, bəli” deməyi və ya xətirlərinə dəyməyi heç sevmirəm. Hətta manekenimlə də danışmağa həvəs duymu­ram. Yorulmuşam. Dağ, ağac və ya daş olmaq ar­zu­sundayam mən. Yox, əgər illah insan kimi qalma­ğa məcburamsa, onda mənim üçün yeganə və dö­zü­lən həyat tərzi səfil-sərgərda­nın­kıdır. Bu səbəb­dən, yəqin anladınız, mən mane­kenimin özünəqəs­dinə heç bir vəchlə yol verə bilməzdim, təzədən onun yerini tuta və əvvəlki həyat tərzimə qayıda bil­məzdim.

Onu hər cür dilə tutmağa çalışdım. Gözlərinin yaşını silib, ailəmlə qəhvəaltı süfrəsinə oturmağa razı saldım, söz verdim ki, göndəriləcək məktubların ilk bölümünü o, miss Sevimə diqtə edəndən sonra bu söhbəti ofisdə davam etdirəcəyik. O, bunu da sınamağı vəd elədi və həmişəkindən gec də olsa, həm də gözləri qızarmış halda süfrə arxasına keçdi.

Arvadım soruşur:

- Əzizim, soyuqlamamısan ki?

Maneken pörtür və dodaqaltı nələrsə mızıldanır. Tanrıya yalvarıram ki, maneken süfrədən tez qalx­sın. Onun səbrinin təkrar daşacağından ehtiyatlanı­ram. Manekenin yeməyi candərdi daddığını, qəhvə fincanına isə heç toxunmadığını təlaşla izləyirəm.

Evdən dilxor halda çıxan manekenin görkəmi arvadımı qara-qara düşünməyə vadar edir. Metroya üz tutmaq əvəzinə, o, taksi çağırır. Ofisdə isə o, məktub mətnlərini diqtə edərkən dəqiqəbaşı içini çəkir. Deyəsən, miss Sevim də bunu sezib. Qadın şux tərzdə soruşur:

- Bu gün sizə nə olub belə?

Sükut uzun sürür. Divar şkafındakı boşluqdan baxarkən nə görsəm yaxşıdır – maneken və miss Sevim çılğın şəkildə sarmaş-dolaşdırlar. O, qadının sinəsini oxşayır, kirpikləri qapanıb, dodaqları isə bir-birinə kilidlənib. Mənim şkafdakı aradan onlara ta­ma­şa etdiyimi maneken də görür. Əl-qol ölçməklə ona başa salmağa çalışıram ki, onunla danışmalı­yıq, düşdüyü durumu anlayıram və hər barədə ona kömək edəcəyəm.

Şəhvətdən halsızlaşan miss Sevimi yavaş-yavaş ağuşundan buraxan maneken pıçıltıyla məndən soruşur:

- Günü bu gün?

Qadın ehtirasla pıçıldayır:

- Sənə vurulmuşam.

Maneken artıq pıçıltıyla deyil, uca səslə deyir:

- Mən də sənə vurulmuşam. Biz günü bu gün görüşməliyik.

Qadın pıçıldayır:

- Hə, günü bu gün. Mənim mənzilimdə. Bu da ünvanım.

Növbəti öpüşdən sonra miss Sevim ondan aralanır. Gizləndiyim şkafdan çıxıb, onun qapısını örtürəm. Maneken şərt kəsir:

- Bax, belə! Ya miss Sevim, ya da ölüm!

Çarəsiz halda mızıldayıram:

- Yaxşı, daha səni dilə tutmayacağam. Məncə də, o - misilsiz dilbərdir. Həm də çox cazibədardır. Əgər o, burada, mənimlə yanaşı çoxdan işləsəydi, yəqin mən də onunla...

Manekenin sir-sifətini bozartdığını görüb, söhbəti dəyişirəm:

- Ancaq sən mənə... bir az möhlət verməlisən.

Maneken təəccüblənir:

- Sən başqa neyləmək fikrinə düşübsən? Məncə, bu məsələdə daha başqa bir variant qalmayıb. Öz eşqimi və miss Sevimi tapandan sonra təkrar mənim evinə, sənin arvadının və uşaqlarının yanına dönəcəyimi düşünürsənsə, onda...

Mənə möhlət tanıması barədə təkrar ona yalvarıram. Hansı qərara gəlmişəm? Bu, çox sadədir. Vaxtilə mənim düşdüyüm cəncəl duruma indi də maneke­nim düşüb. İndiki həyatın yükü ona dözülməz görü­nür. Həm də o, məndən fərqli olaraq, özəl həyatını gerçək və dolğun etməyə çalışır, mənim kimi hara­ya­sa qeyb olmaq fikrindən uzaqdır. O, sadəcə mə­nim – həqiqəti deyəcəyəm – çox yıpranmış arvadı­mı və səs-küylü bir cüt qızımı hələlik uşaq sahibi olmayan, canalıcı miss Sevimə dəyişmək fikrinə ­düşüb. Bəlkə onu da öz üsulumla, yəni ikiləş­mə ilə bu çətin vəziyyətdən qurtarım, hə? İstənilən üsul intihardan daha yaxşıdır.

Mənim sadəcə bir az zamana ehtiyacım var ki, ikinci manekeni hazırla­yım və o, bundan belə arvad-uşağımın yanında qal­sın, əvəzimə işə çıxsın, bu sayədə digər maneken, artıq onu “Birinci Maneken” adlandıracağam, miss Sevimə qoşulub, qaçsın.

Həmin səhər, bir qədər sonra ondan borc pul alıb, türk hamamına yollandım, yuyunub, təmizlən­dim, təraş oldum, bərbərdə saçımı kəsdirdim, özü­mə ilk manekenimin əynindəkinə bənzər kostyum aldım. O, görüşməyi və Qrinviç-villecdəki kiçik bir restoranda qəhvəaltı eləməyi təklif edir: yəqin əmindir ki, orada tanışlardan heç kəslə rastlaşmaz. Düzünə qalsa, onun təkbaşına qəhvəaltı edərkən və öz-özüylə danışdığını görsələr, nolacaq ki? Bəs mənimlə birgə görsələr, necə? Ancaq mən artıq özümü xeyli abıra mindirmişəm. Əgər bizi baş-başa oturan görsələr, bunda çaşdırıcı heç nə olmaz: biz bir-birinə eynən bənzəyən, eyni cür geyinən əkiz qardaşlarıq, oturub qəhvəaltı edirık və ciddi bir söhbətə köklənmişik.

Hər ikimiz al burro spagettisi və sobada bişmiş mollyusk sifarış veririk. Üçüncü kokteyli bitirəndən sonra o, mənim vəziyyətimi başa düşməyə başlayır. Dönə-dönə və sərt şəkildə vurğulayır ki, mənim yox, sırf arvadımın duyğularına hörmət bəslədiyi üçün bir qədər də səbr etməyə hazırdır. Ancaq cəmi bir neçə ay. Ondan çox olmaz.

Bu zaman onu da bildirirəm ki, səbir edəcəyi müddətdə onun miss Sevim ilə yatıb-durmasına hər hansı yasaq qoyulmayacaq, sadəcə manekenim yetərincə tədbirli davranmalıdır ki, xanımına xəyanəti aşkar xarakter daşımasın.

İkinci manekeni hazırlamaq birincidən daha çətin oldu. Yığdığım bütün pulları bu işə xərclədim. Son bir ildə humanoid plastikin və digər materialların qiymətləri xeyli yüksəlmişdi, elektronika mühəndisi və rəssam da məndən əvvəlkindən çox qonorar istədi. Onu da deyim ki, rəis birinci manekenin işindən yerdən-göyəcən razılıq eləsə də, ötən müddətdə onun maaşını heç artırmamışdı. Sifət cizgilərimin təkrar yaradılması məqsədiylə mənim yerimə poza verən birinci maneken çox narazılıq edir. Ancaq ona başa salıram ki, ötən müddətdə mən xeyli düşmüşəm, sınıxmışam, buna görə də yenə mənə baxıb, ikinci manekeni hazırlasalar, onun sir-sifəti çox əzvay və soluxmuş alınar. Özüm yaxalaya bilməsəm də, indi mənimlə birinci maneken arasında hər halda bəlli uyğunsuzluqlar meydana çıxıbdır. Bundan dolayı istəyirəm ki, ikinci manekenlə birinci arasındakı fərqlər azalsın deyə, mən rəssama poza verməyim. Hər şeyə rəğmən, riskə getməyə üşənmirəm və əminəm ki, bu ikinci maneken də, elə birinci kimi, özünü heç gözləmədiyim qədər və canlı insana xas bir ehtiras sahibi kimi göstərəcək və bir müddət sonra o da gözümdə öz dəyərini itirəcək.

Nəhayət, ikinci maneken də hazır oldu. Mənim israrlı təkidlərimə əsasən (çünki o, asudə vaxtını əsasən miss Sevim ilə baş-başa keçirməyə daha çox can atır) birinci maneken ikinciyə ən vacib təfərrüatları öyrədir, onu öz yerinə hazırlaması bir neçə həftəni alır.

Budur, çoxdan gözlənilən gün gəlib, yetişdi. Şən­bə günü, axşamüstü hamı beysbol matçına tamaşa edəndə ikinci maneken birinciylə əvəzləşir. Razılaş­ma­ya əsasən, birinci maneken arvadıma və qızları­ma sıcaq sosis və koka-kola almaq bəhanəsiylə evdən çıxacaqdı. Bayıra çıxan birinci maneken olsa da, əlində qida və içkiylə evə ikinci maneken dönəcəkdi. Bu vaxt birin­ci maneken taksiyə oturub, oradan fitilləyəcək və bir an əvvəl özünü miss Sevimin ağuşuna atmağa yollanacaqdı.

Bayaqdan bəri danışdığım əhvalatlar doqquz il qabaq baş verib. İkinci maneken hələ də arvadımla yaşayır və həyatından sən deyən məmnun sayıl­maz, ancaq mənimlə müqayisədə o, bunu özünə çox da dərd eləmir. Böyük qızım kollecdə, kiçik isə orta məktəbdə oxuyur, sonradan doğulan oğlan uşağı isə artıq altı yaşın içindədir. Ailəm “Meşəli Təpələr” adlanan səmtdəki kooperativ mənzilə köçübdür. Arvadım işdən çıxıb, ikinci manekenim isə şirkətdə vitse-prezidentin köməkçisidir artıq. Birinci manekenim axşamlar kollecdə təhsil alır, gündüzlər isə ofisiant işləyir. Kollec təhsilini davam etdirən miss Sevim isə pedaqoq diplomuna yiyələnib. İndi onun əri geniş praktik təcrübəyə malik memardır, özü isə Culiya Riçmenin orta məktəbində dil və ədəbiyyatdan dərs deyir. Biri oğlan, digəri qız olmaqla, iki övladları var, bu cütlük bir-biriylə çox bəxtəvər ömür sürür. Düşəndən-düşənə mən hər iki manekenimə baş çəkirəm. Bundan əvvəl isə, sizin də bildiyiniz kimi, özümə başdan-ayağa əl gəzdirməli oluram. Özümü onlara doğma adam sayıram, onların balalarının ya xaç atası, ya da əmisi sayılıram həm də. Bəlkə də hər məni görəndə onlar bir o qədər də məsud olmurlar, çünki görkəmim hər şeyə rəğmən, ürəkaçan sayılmaz, ancaq yenə də qapını üzümə bağlamağa cürətləri çatmır. Evlərində heç vaxt uzun-uzadı oturmuram, onlara hər cür rifah arzulayandan sonra şükür edi­rəm ki, sürdüyüm qısa və bəlalı həyatım boyu bəxtimə düşən müşkül məsələləri bu cür ləyaqətlə və ədalətlə həll edə bilmişəm.

https://www.facebook.com/azadyasharofficial

news-inner-user
Azad Yaşar

83 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Xurşudbanu Natəvana layihə həsr olundu - Video
12:20 15 Avqust 2020
Tanınmış bəstəkar koronavirus peyvəndinin sınaqlarında könüllü oldu
11:01 15 Avqust 2020
Məşhur gitara ifaçısı vəfat etdi
10:28 15 Avqust 2020
Bu filmə görə 400 nəfər işdən çıxarılacaqdı – Rejissorların boyun qaçırdığı Azərbyacan filmi
08:57 15 Avqust 2020
Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020