news-inner
clock09:00 calendar-gray 04 Aprel 2014 view-gray2236 dəfə oxunub
view-gray2236 dəfə oxunub

Afaq Məsudun tərcüməsində İsa Məsih

Kulis.az tanınmış yazıçı Afaq Məsudun tərcüməsində İsa Məsihin fikir və kəlamlarını təqdim edir.

B.e.ə. I əsr.

Həqiqət bu dünyaya çılpaq vəziyyətdə yox, simvollar və obrazlar şəklində gəlib. O, bu dünyaya ayrı şəkildə qismət olmayacaq.

İisus – İeşua (yəhudi adının yunan variantı).

Davud peyğəmbərin nəslindən olan dülgər Yusifin ailəsində dünyaya göz açıb.

Anadan olduğu tarix dəqiq məlum deyil. Təqribi hesablamalara görə, bizim eranın başlanğıcına dörd il qalmış, Avqustun çarlığı dövrünə təsadüf edir.

Dünyaya gəldiyi yer – Vifleym şəhəri.

Valideynlərinin yaşadığı yer – Qalileyanın Nazaret şəhəri.

Rəvayətlərə görə, İsanın anası Məryəm, boylu olub doğsa da, bakirəliyini itirmədiyi təsdiqlənib.

İsanın dünyaya gəlişi bir sıra kosmik hadisələrlə əlamətlənib və bu səbəbdən uşaq Məsih hesab edilib.

İsa ilk dəfə, 12 yaşının tamamında Yerusəlim kilsəsində özünü, atasının evində hiss edib.

İsa Məsihin həyatı ilə bağlı deyilənlərə və rəvayətlərə "möcüzə" adı vermək olar. Bu, ölülərin dirildilməsi, xəstələrin şəfa tapması, öldürülənlərin qeybə çəkilməsi və sair bu kimi qeyri-adi hadisələrdir.

31 yaşının tamamında o, şagirdləri arasından 12 nəfəri seçir və onları yeni təhsilin davamçıları təyin edir. Simon (İsa Məsih onu "Pyotor" çağırardı), İakov və İohann, Andrey, Filip, Varfolomey, Matvey, Foma, İakov (Alfeyin oğlu) Fadey, Zilot və İyuda Iskariot.

Çox keçmir ki, İsa Məsihin, qəlbləri ovudan, sehrli sözləri dildən-dilə gəzməyə başlayır.

"Siz, Yerin duzusunuz. Əgər duz tamını itirərsə, torpaq duzu hardan alar? Sizsiz o, heç nəyə gərək deyil.

Siz, dünyanın işığısınız. Dağ başına salınan şəhəri gizləməkmi olar?

Yanar çırağı gizləməzlər, əksinə, hər şeydən ucada tutarlar ki, evin dörd bir yanına işıq saçsın. Qoy sizin də, işığınız bütün insanlığa nur saçsın, insanlar sizin saleh əməllərinizdən məmnun olub, səma Atanızı vəsf etsinlər".

“Ruhu məzlum olanlar xoşbəxtdirlər. Göylər səltənəti onlarındı”.

“Ağlar gözlülər xoşbəxtdirlər. Onları ovudacaqlar”.

“Həlim təbiətlilər xoşbəxtdirlər. Dünya onlarındı”.

“Möminlik diləyənlər xoşbəxtdirlər. Onlar məmnun qalacaq”.

“Qəlbi rəhmlilər xoşbəxtdirlər. Onlarla rəhmlə davranılacaq”.

“Saf qəlblilər xoşbəxtdirlər. Onlar Allahı görəcəklər”.

“Sülhsevərlər xoşbəxtdilər. Onlara "Allahın oğlu" adı veriləcək”.

“Zahidlik yolunun yolçuları xoşbəxtdilər. Göylər səltənəti onlarındı”.

Kəlamları

- Ötəri olun.

- Müqəddəslərinizi itlərə verməyin, mirvarilərinizi donuzların qabağına tökməyin ki, onlar onu ayaqlar altına alıb tapdamasınlar, sonra da, çönüb sizləri parçalamasınlar.

- İnsanlar, dedikləri hər cəfəng sözə görə Qiyamət Günündə cavab verəcəklər.

- Bütün dünyanı qazanıb, əvəzində ruhunu itirəcəksənsə, qazandığın nə olacaq?

- Kamil insan olmaq istəyirsənsə, malikanəni satıb dilənçilərə payla, xəzinən Göylərdə veriləcək.

- Varlı adamın Allah dərgahına düşməsi, dəvənin iynə deşiyindən keçməsindən çətindi.

Pyotr:

- İlahi! Mənə qarşı günah edən qardaşımı neçə dəfə bağışlayım? Yeddi dəfəmi? - deyəndə, İsa Məsih:

- ”Yeddi dəfə" demədim, "yetmiş yeddi dəfə" dedim sənə. - cavab verir.

- İnsanı, kənardan olan nə isə çirkləndirməz. İnsan, yalnız öz içindən çirklənər.

- İnsanı tək bir çörək doyurmaz. İnsan sözlə doyar.

- Əməlsiz inam - ölüdür.

- Qoy axtaran, axtarmağına davam eləsin. Axtardığını tapanda, o sarsılacaq. Sarsılanda, heyrətə gələcək və zirvələrə ucalacaq...

- Sizə: ''Baxın, Səltənət göylərdədi! " - desələr, quşlar sizi qabaqlayacaq. Səltənətin dənizdə olduğunu desələr, sizi balıqlar qabaqlayacaq. Amma, əslində, Səltənət sizin öz içinizdədi.

- Mən müqəddəs Alovu dünyaya atdım. Onu, dünya od tutub yananacan qoruyacağam.

- Əgər siz, qadın doğmayan bir kəsi görsəniz, diz çökün. O, sizin Atanızdı.

- Mən sizlərə, gözlərin görmədiyi, qulaqların eşitmədiyi, əllərin toxunmadığı, insan qəlblərinə yol tapa bilməyən bir şey verəcəyəm...

- Tələbə müəllimindən uca ola bilməz. Nökər sahibindən uca olmadığı kimi.

- Birincilər axırıncı, axırıncılar birinci olacaq.

- Bu dünyada özündən deyən çoxdu, seçilmişlər azdı.

- Allahı bütün qəlbinlə, ruhunla, şüurunla sev. Sizlərə vəsiyyətimin canı budu. İkinci vəsiyyətim də, buna bənzər: yaxınını, özün tək, sev.

- Tələbələri İsa Məsihdən: "De, bizim axırımız necə olacaq?" - soruşanda, o:

- Əvvəlinizi bildinizmi ki, axırınızı da, bilmək istəyirsiniz? - deyir. - Əvvəl haradısa, axır da, oradı. Xoşbəxt o kəsdi ki, əvvəldə qalmağına davam edəcək. Axirətin nə olduğunu da, o biləcək. Ölümü dadmadan biləcək."

- Kasıblar xoşbəxtdirlər. Göylər Səltənəti onlarındı.

- Zəhmətə qatlaşan insan xoşbəxtdi. O, həyatını tapıb.

- Mən, mal bölüşdürənlərdən olmayacağam.

- Özünüzə bənzərləri görəndə, sevinirsiz. Bəs sizə qədər olanları görsəniz necə?.. Onlar ölmürlər və yaranmırlar. Bu böyük məqamı necə yaşayacaqsız?

- Sözlərimdən içib doyan, mənə bənzər olacaq. Mən də, o olacağam... və sirlər ona açılacaq...

- Pontiy Pilat İsa Məsihdən: "Həqiqət nədi? " - soruşanda o:

- Həqiqət də, yol da, həyat da Mənəm. - cavab verib.

Fikirləri

- Mühakimə etməyin ki, mühakimə olunmayasız.

- Hansı qanunlarla mühakimə edəcəksiniz, o qanunlarla da, mühakimə olunacaqsız. Hansı ölçülərlə ölçəcəksiz, o ölçülər sizə də, şamil ediləcək.

- Diləyin, mətləbiniz veriləcək. Axtarın, tapacaqsınız. Döyün, qapılar üzünüzə açılacaq.

- Diləyən, mətləbinə çatacaq, axtaran, tapacaq, tapınanın üzünə bütün qapılar açılar.

- Gözündəki tiri çıxar ki, qardaşının gözünə düşən çöpü çıxara biləsən.

- Elə bir sirr yoxdu ki, açılmasın. Elə bir gizlin yoxdu ki, aşkarlanmasın.

- Ağac öz bəhrəsiylə tanınar. Əncir meynədən dərilməz, üzüm koldan yığılmaz.

- Özünü ucaldan, alçalacaq. Özünü alçaldan, ucalacaq.

- Qarğa-quzğun cəsədə yığılar.

- Qılınca əl atanlar, qılıncdan da, məhv olar.

- Sizə qarşı olan - sizinlədi.

- Kor kora yol göstərə bilərmi? Hər ikisi quyuya yıxılmazmı?

- Hansı biriniz çalışıb, boyunuzu bircə qarış artıra bilərsiz?

- Ruhunuzu səbirlə xilas edin.

- İnanın mənə, torpağa düşən buğda dəni məhv olmazsa, tək qalar. Məhv olarsa, bar verər.

- Özünüzü dərk etməsəniz, kasıblıq içində qalacaqsınız, kasıblığın özü olacaqsınız.

- Əgər bədən ruhdan ötrü yaranıbsa, bu, möcüzədi. Əgər ruh bədəndən ötrü yaranıbsa, bu, möcüzələr möcüzəsidi!.. Lakin Mən... Məni təəccübləndirib heyrətə gətirən - bu sərvətin (ruhun) bu miskinliyə (bədənə) sığışdırılmasıdı.

- Əgər bir evdə iki nəfər bir-biriylə yola gedərsə, onlar dərdə: "Çəkil!"- deyərsə, dərd çəkilib gedər.

- Bulağın ətrafında çox şey var, lakin içində kimsə yoxdu...

- Dəyirmanın başına dolanan eşşək uzun-uzadı yol gedər. İpdən açanda, onu əvvəlki yerində taparlar.

news-inner-user
Afaq Məsud

15 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:30 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020