Xəsis və əliaçıq kişilər

Xəsis və əliaçıq kişilər
27 mart 2014
# 13:18

Seymur Baycan yazır...

Yəhudiləri bir xalq kimi tanımaq, həmçinin ötən əsrdə Avropada, dünyada baş verən hadisələrlə tanış olmaq üçün Stefan Sveyqin “Dünənin dünyası” əsəri yaxşı mənbədi. Bu əsəri tövsiyə etməkdən yorulmuram. Sevinirəm ki, ölkədə kifayət qədər adam “Dünənin dünyası” ilə tanış oldu. Bununla belə, bu əsərlə tanış olanların sayı yenə də azdı. Belə deyək “Dünənin dünyası” elə bir əsərdi ki, o əsəri oxumayan adam özünü tanımır. Son günlər Krımda baş verən hadisələrlə əlaqədar olaraq Sveyqin “Dünənin dünyası” əsərin tez - tez xatırlayıram.

Yəhudiləri tanımaq, ötən əsrdə İsraildə baş verən hadisələrdən xəbər tutmaq üçün Əli Amirinin “Günah keçisi” əsəri də pis mənbə deyil. Yəqin ki, daha yaxşı, tutarlı mənbələr də var. Sadəcə oxuduqlarım, tanış olduqlarım arasından bu iki əsəri qeyd etməyi lazım bildim. Birinci müəllif Avropa yəhudisidi, ikinci müəllif-Əli Amiri isə Şərq yəhudisidi. Elə “Günah keçisi” əsərində də İsrailə yığışmış Avropa yəhudiləri Şərqdən gəlmiş yəhudilərə mədəniyyət öyrədirlər, daha doğrusu Avropadan gəlmiş yəhudilər Şərqdən gəlmiş yəhudiləri dünyəvi mədəniyyətlə, dünyəvi və akademik sənətlə tanış edirlər.

Yəhudi xalqına mənsub yazıçıların, fikir adamlarının, şairlərin, tənqidçilərin, tərcüməçilərin, rəssamların, rejissorların, aktyorların, bir sözlə istedadla və sənət vasitəsi ilə şöhrət, əbədiyyət qazananların adların sadalasam burda böyük bir siyahı əmələ gələr. Təxminən 150 Nobel mükafatçısı var. Hardasa elə bu qədərinin də Nobel almağa haqqı çatıb və çatır. Sadəcə qurunun oduna yaş yandığı kimi bu adamlar da yəhudi olduqlarına görə Nobel ala bilməyiblər. Onsuz da Nobelin belə bir adı çıxıb ki, guya bu mükafatı ancaq yəhudilərə və yəhudilərə xidmət edənlərə verirlər. Tamamilə əsassız və boş bir söhbətdi. Yəhudilərin etdiyi kəşfləri və ixtiraları, yəhudi sənət adamlarını, onların yaradıcılığın bir anlıq kənara qoysaq xeyli arxaya düşmüş olarıq. Elm, mədəniyyət dünyası xeyli kasıb və yoxsul görünər. Bunlar bir az savadı və realist düşünən adamlara aydındı.

Bununla belə, Balzakdan tutmuş ta Qoqola qədər bir çox klassik yazıçılar imkan düşdükdə yəhudilərə sataşmaq, yəhudiləri sancmaq imkanını əldən buraxmayıblar. Klassik ədəbiyyatda xeyli mənfi yəhudi obrazlar var. Məsələn, klassik ədəbiyyatda sələmçilərin, xırda alver edənlərin çoxu yəhudilər olur. Bu adamları isə heç də yaxşı təsvir etməyiblər. Xüsusən fransız ədəbiyyatında, hətta Qoqolun “Taras Bulba” əsərində yəhudilər fürsətcil, istənilən vəziyyətdən istifadə edib pul qazanan adamlar kimi xarakterizə olunur. Bir çox klassik yazıçıların yəhudilərə mənfi münasibəti konkret göz önündədi. Bunun səbəbi haqqında çox düşünmüşəm. Müsəlmanların yəhudilərə qarşı münasibəti aydındı. Detallara varmağa gərək yoxdu. Bu cür mənfi münasibət yolverilməzdir. Yaxşı, müsəlmanları başa düşdük, məsələ aydındı. Ancaq Balzakın yeri gəldi-gəlmədi yəhudiləri sancmasına səbəb nə olub?

Bu haqda çox düşünmüşəm. Çalışqan, zəhmətkeş, bəşəriyyətin rifahı üçün bir çox yeniliklərə imza atan yəhudilərə mənfi münasibətin səbəbi nədi? Axırda bu qənaətə gəlmişəm ki, yəhudiləri bir xalq kimi ən çox gözdən salan cəhət onların xəsisliyidi. Əlbəttə, bir xalq haqqında ümumilikdə fikir bildirmək çox məsuliyyətli məsələdi. Amma nə etməli, hər bir xalqın öz xüsusiyyətləri olur. Hətta hər rayonun öz cəhətləri var. Azərbaycanda bir rayon var, o rayonda doğulan və böyüyən adamlar ifrat xəsis olurlar. Hətta rayondan çıxıb getsələr də bu xəsisliyi bir cəhət kimi öz övladlarına da ötürürlər. Rayonun adın yazmıram. Ona görə ki, rayon məsələsi bir az həssas məsələdi. Xalqın adına nəsə yazanda bizim adamlar udurlar, amma hansısa rayondan mənfi nəsə yazanda həmin rayonun sakinləri reaksiya verirlər. Səbəb də odur ki, hər bir rayonun çəkişdiyi, yola getmədiyi başqa bir rayon var. Bir rayondan nəsə yazanda qonşu rayonun adamları onlara deyirlər ki, filankəs sizdən filan sözləri yazmışdı. Niyə ölmürsünüz? Niyə yaşayırsınız? Beləcə bütöv bir rayonu qızışdırıb salırlar adamın üstünə. Başına gələn başmaqçı olar. Başıma gəlib. Hərçənd bəzən bir rayondan adamın qarşısına ucdantutma ya yaxşı, ya da pis adamlar çıxır. Yuxarıda nəzərdə tutduğum rayon haqqında təkbaşına bu qənaətə gəlməmişəm. Xeyli müşahidələr və söhbətlər nəticəsində filan rayondan olan adamların xəsis olması qərarına gəlmişəm. Qərəz, hər bir kəndin, rayonun, ölkənin, xalqın öz cəhətləri var. Bu cəhətlərin formalaşmasına tarix, coğrafiya və digər səbəblər öz təsirini göstərir. Gürcülər qonaqpərvərdir. Bunu heç kim inkar edə bilməz. Qonaqpərvərdilər, vəssalam.

Türklər din baxımından fanatik deyillər. Tutaq ki, əfqan, fars, ərəb və digər müsəlman xalqlar din adına partladır, baş kəsir, terror edir. Türklərin isə din adına sağdan, soldan, arxadan vurmaq kimi bir xasiyyətləri yoxdu. Hətta türklərin şiəliyi də öz pozitivliyi ilə farsların, digər xalqların şiəliyindən seçilir. Bizdə bəzi yerlərdə adamların zəncir vurması, baş yarması sizləri aldatmasın. Bu sırf farsların təsiridi. Həqiqi və təsir altına düşməyən türklər belə hərəkətlərdən uzaq dayanıblar. Təsadüfi deyil ki, iyirminci əsrin ən böyük reformatorlarından biri olan Mustafa Kamal Atatürk türklərin arasından çıxdı. Atatürk kimi bir sərt reformatorun türklərin arasından çıxması qanunauyğun idi. Türklər terrorçu təşkilatlarının olmamağı ilə fəxr edə bilərlər. Düzdü, indi bəziləri mübahisə və cığallıq etmək naminə hansısa təşkilatın adın çəkə bilərlər, amma nəzərə alaq ki, həmin təşkilatın özü belə terrora karikaturadı. Öz problemlərini terror yolu ilə həll etmək istəyən xalqlar bədbəxt xalqlardı. Terror çıxış yolu deyil, terror bataqlıqdı. Terroru çıxış yolu kimi görən xalqlar tarixin bataqlığında batmaqdadırlar. Üstəlik, Volterin təbirincə desəm fanatiklər çox vaxt fırıldaqçıların əlində alətə çevrilirlər.

Ermənilərin də bir xalq kimi öz cəhətləri var. Məsələn, ermənilər dünyada bəlkə də yeganə xalqdır ki, qadınları kişilərindən daha ağıllıdırlar. Qərəz, gürcülər qonaqpərvər olduqları kimi yəhudilər də xəsisdirlər. Bu xəsislik onları gözdən salır. Adamlarda yəhudilərə qarşı mənfi münasibət yaradır. Bu sənət adamlarının da xüsusən yazıçıların xəsis, xırdacıl, qəpeşnik adamlardan zəndeyi-zəhləsi gedir. Yazıçı tayfasının xəsis adamı görməyə gözü yoxdu. Yazıçıların özləri xəsis yazıçıya qarşı çox qəddar münasibət sərgiləyirlər. Xəsis yazıçıya heç bir ədəbi mühitdə yer vermirlər.

Bilsələr ki, cibində pul var və sən o pulu xərcləmirsən, vəssalam, evin yıxıldı. Nə edirsənsə et, heç cürə müsbət reputasiya yarada bilməyəcəksən. Hərlədib, fırladıb mütləq gözdən salacaqlar. Variant yoxdu. Bu mənada Əkrəm Əylisli digər yaşıdlarından kəskin seçilir. Yazarlardan söhbət açılmışkən, bir az bərilərə gəlsək obyektivlik naminə Aqil Abbasın, Aqşinin də adın çəkməyi özümə borc bilirəm. Bizim ölkədə bir neçə yazı adamının mənfi reputasiyaya sahib olmasının ən başlıca səbəblərindən biri onların xəsis olmasıdır. Hətta vəzifələri, tirajları, statusları belə onları xilas edə bilmir. Xəsis adam olmaq assosial adam olmaqdı. Assosial adam olmaq isə nəfəs ala - ala ölü adam olmağa bərabərdi. Yaxud ölü adam olmaq elə assosial adam, xəsis adam olmağın ta özüdü. Bu yazdıqlarım əlbəttə ki, daha çox kişilərə aiddir. Məhz bu səbəbdən yazıçı və sənətkar tayfası çox vaxt pis ailə başçısı olurlar. Onlar maaşların, qonorarların alıb evə gətirməyi sadəcə bacarmırlar.

Xəsislik kişini dəhşətli dərəcədə gözdən salan bir cəhətdir. Xəsis kişini aparıb zibil qabına atmaq lazımdı, qoy ordan götürüb Balaxanı zibilliyində yandırsınlar. Kişi ki, xəsis oldu apar qaytar, qoy başqası second handdan (ikinci əl) götürüb özünə məcburən əldəqayırma ərdən-zaddan düzəltsin. Əgər qadın əliaçıqdırsa, kişi isə xəsisdirsə bu faciədir. Xəsis kişinin əliaçıq qadının yanında heç bir hörməti ola bilməz. Xəsis kişini biz böyük ləzzətlə “kitayski kişi” də adlandıra bilərik. Əlbəttə ki, qənaətlə xəsisliyin, səxavətlə israfçılığın da sərhədlərini dəqiq müəyyən etmək də lazımdır. Bir çox insanlar günəşi küləş başa düşdükləri kimi qənaətlə xəsisliyin, səxavətlə israfçılığın da sərhədini müəyyən edə bilmirlər.

Ümumiyyətlə, daxilən kişi ola bilməsən də, hətta zahirən kişi kimi görünməyi bacarmaq yaradıcılığın bir növüdü. Uşağa nəsə almaq üçün mağazaya göndərən və qayıdanda uşağın əlindən xırdanı alan kişilər görəndə öz cinsimə görə xəcalət hissi keçirirəm. Kişi xırdaçı olmamalı, qəpik söhbəti etməməlidi. Hətta bəzən arvad uşağa cibindən müəyyən miqdarda pul oğurlamasına şərait yaratmalıdı. Əfsus olsun ki, bizim aramızda elə kişilər var ki, ciblərinə siqnal çəkirlər, ciblərinin ağzında tələ qururlar. Nə olub? Dünyanın axırıdı? Bu dünyadan hərəmiz iki metr kəfən aparacayıq.

O da heç hər adama qismət olmur. Süleymana qalmayan dünya heç kimə qalmayacaq. Cahangirlər vardı əllərində imkan olsaydı dünyanı qızılla ləl – cəvahirlə satın alardılar. Amma ala bilmədilər. Çürüyüb torpağa qarışıblar. Elə isə beş - üç manat puldan ötrü kişinin özünü axırıncı yola qoyması nə dərəcədə düzgündü. Qadınlar əliaçıq kişini sevirlər. Söhbət kiminsə kimisə sponsor adlandırıb qaz kimi yolmasından getmir, kişi əliaçıq olmalıdı, vəssalam. Qadınlar əliaçıq kişinin səhvlərini bağışlamağı bacarırlar. Həyatda gördüklərim bunları qətiyyətlə yazmağa əsas verir. Elə kişilər var ki, onları qadınlar tərəfindən baxanda nümunəvi kişi saymaq olar.

İşə gedib evə gəlirlər. Belə baxanda qadın üçün ideal ər sayılmalıdı. Amma baxırsan ki, arvadın yanında küçə iti qədər də hörməti yoxdu. Səbəb nədi? Səbəb xəsislikdi. Kişidə var ki, özün buraxıb, min hoqqadan çıxır, amma hörməti var. Səbəb nədi? Səbəb həmin kişinin əliaçıq olmasıdır. Kişinin pulu şirin olur. Bu sözü bir dəfə eşitməklə qulağımda sırğa etdim. Fərqi yoxdu, qadın işləyir, yaxud yaxşı maaş alır. Kişi qadına hər zaman pul verməlidi. Ola bilsin ki, lap qadın kişidən çox maaş alır. Bu vəziyyəti dəyişmir. Kişi münasib bir məqamda qadının ovcuna pul basıb deməlidir ki, get özünə bu gün filan şey al. Bu pulu necə verməyin özü də bir sənətdi. Bacarıq tələb edir. Ümumiyyətlə, hər şey istedad tələb edir. Hətta yaltaqlığı da istedadla etmək lazımdı.

Əgər qadın deyirsə ki, iyirmi manat otuz manat pul lazımdı bunu verməlisən. Ta ucundan tutub ucuzluğa getməyin, “nə alacaqsan, nəyə xərcləyəcəksən” kimi suallarla zəhlə tökməyin heç yeri yoxdu. Sənə nə var, nə alacaq. İstəyirsə ver. Kişi deyilən bir məxluqat əlin qorxa - qorxa cibinə atmamalıdı. Kişi əlin cəsarətlə cibinə salmalıdı. Əgər onda belə bir cəsarət yerli - dibli yoxdursa çalışmalıdı ki, özünü tərbiyə etsin. Özü – özündən qəhrəman yaratsın. Hər bir müsbət cəhət əxz oluna bilər. İnsanın özünü yetişdirməsi, özünü tərbiyələndirməsi, müsbət cəhətləri əxz etməsi hər zaman mümkündür və heç vaxt gec deyil. Xəsislik haqqında bu boyda dastan açmağımda, fərqli mətləblərə toxunmağımda əlbəttə ki, bir hikmət vardır. Anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər...

Seymur Baycan - yazıçı, publisist, maarifçi, ictimai-siyasi xadim, mütəfəkkir, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü.

# 8866 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #