Tanınmış tənqidçi: “Görücü Məlahət düz danışır”

Tanınmış tənqidçi: “Görücü Məlahət düz danışır”
4 mart 2014
# 09:00

Kulis.Az tanınmış tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli ilə müsahibəni təqdim edir.

- Kulis.Az-ın “Ən yaxşı Azərbaycan romanı” sorğusunun nəticələri etirazla qarşılandı. “Qətl günü”nün birinci yerə çıxması bəzi yazıçıların ürəyindən olmadı.

- Doğrusu mən özüm üçün müəyyənləşdirə bilmədim ki, “Ən yaxşı Azərbaycan romanı” sorğusu hansı prinsip və meyarlarla keçirilir.

Buna baxmayaq özüm də bu sorğuda iştirak etmişəm. Ümumiyyətlə, Fransa, Rusiya kimi ölkələrlə müqayisədə Azərbaycan romançılığının yaşı o qədər də çox deyil, hətta deyə bilərik ki, çox gəncdir. Bu da poeziyanın hər zaman öndə olması ilə bağlıdır. Təbii ki, ictimai-siyasi şərait də bu məsələyə təsirsiz ötüşməyib.

Mənim də seçdiyim üç əsərdən biri “Qətl günü”dür. Fikrimcə, Azərbaycanın romanının dünya romançılığında bir yeri, çaları varsa “Qətl günü” buna daha çox layiqdir. Şərq romanına məxsus xüsusiyyətlə Qərb romanına məxsus xüsusiyyətlər bir vəhdət halındadır, birləşib.

Başqa tərəfdən, Yusif Səmədoğlunun romanı kiminsə romanına bənzəyirsə, burda nəsə axtarmaq doğru deyil. Mirzə Cəlil də Qoqoldan təsirlənib, amma Mirzə Cəlilin yazdıqları tamam başqa şeydir. Yusif Səmədoğlunun qoyduğu problemlər bu gün üçün də aktualdır, dili əsl roman dilidir. “Qətl günü”nü tənqid edən adamlarla üzbəüz oturub bu əsəri incələməyə isə hər zaman hazıram. Seçdiyim əsərlərdən biri də Elçinin “Mahmud və Məryəm” romanıdır. Bu romanı ona görə seçmişdim ki, əsərdə keçmişdən bu günə, bu gündən keçmişə uğurlu bir boylanma var. “Dünyanın arşını”nı isə ona görə seçmişdim ki, Sabir Əhmədli bu əsərdə 20-ci əsr reallıqlarını çox gözəl göstərib. “Dünyanın arşını” 1969-cu ildə kitab halında çıxıb və Sabir Əhmədli sanki gəmidə oturub gəmiçi ilə dava eləyir. Elə bu səbəbdən əsərin çapı xeyli gecikmişdi. Sovet həqiqətləri dəqiqliklə əks olunduğuna görə, bu əsər Yazıçılar Birliyinin qurultayında kəskin şəkildə tənqid olundu. Ümumiyyətlə, Sabir Əhmədlini bir romançını kimi çox bəyənirəm.

- Vaqif müəllim, özünüzü hansı tənqidçinin davamçısı sayırsınız?

- Nəriman Həsənzadə mənə Belinski deyir. Belinski elə bir yazıçı, şair yoxdu ki, ondan yazmasın. Mənim yazılarımda da bu var. Üç-dörd nəsil haqqında yazmışam.

- Demək olar ki, bütün yazıçı, şairlərdən yazmısınız. Belə bir rubrikanız da vardı: “Bu adı yadda saxlayın”. Amma arada bu yazılarınızda bir fasilə oldu elə bil...

- İki il bundan əvvəl ölümlə pəncələşdim. Böyrəyimdən və mədəmdən əməliyyat olundum, indi məndə demək olar ki, mədə yoxdu. Bunlardan ölmədim, amma bir iynə vurdular, düşdü oturaq sinirimə. İndi yeriyə bilmirəm. Deyirlər düzələcək. Ola bilsin ki, xəstəlik dövrü hardasa öz təsirini göstərib. Amma məhz xəstəlikdən sonra bütün gücümü yazmağa, işləməyə vermişəm. Hər həftə “Kaspi”, “Ədalət”, “525-ci qəzet”də ədəbi tənqidi məqalələrim çıxır. Amma etiraf edim ki, əvvəl daha çox oxuyurdum, indi yaşlanmışam deyə az oxuyuram.

- Sizin kəskin tənqidi yazılarınıza, demək olar ki, rast gəlməmişik. Müəlliflərə böyük hörmətlə yanaşırsınız. Və sizin bu cür mövqeyiniz bir sualı aktuallaşdırır: tənqidçi ədəbi mətnlə necə davranmalıdır?

- Bir çox insanlar deyir ki, tənqidçi yazıçının külünü göyə sovurmalıdır. Amma mən belə düşünmürəm. Fransız yazıçısı Jül Renar deyirdi ki, tənqidçi öz rotasına atəş açan əsgərdir.

Stendal isə deyirdi ki, ədəbiyyat həyat haqqında, tənqid isə ədəbiyyat haqqında sözdür.

Tənqidçi ədəbi prosesə küllən nəzarət edən, qiymətləndirən insanlar olub. Bizdə belə insanlar olub: Məmməd Arif, Məmməd Cəfər, Aydın Məmmədov, Asif Əfəndiyev.

Deyirlər ki, bizdə tənqid olmayıb heç vaxt. Ancaq belə deyil, bizdə tənqid olub, indi də var.

Mən mətnlə hərəkət edən tənqidçiyəm. Düşünürəm ki, şairlə tənqidçi arasında münasibət öz axarını oxucuya yönəltməlidir. Şairlə tənqidçi arasında müəyyən münasibət olmalıdır. Mən Puşkini oxumamışdan qabaq Belinskinin Puşkin haqqında, xüsusilə “Yevgeni Onegin” haqqında yazdıqlarını oxumuşdum. Puşkini oxumasaydım belə, Belinskinin yazdıqları mənim üçün yetəcəkdi.

Bizdə elə gözəl əsərlər olub ki, ədəbi tənqid onlar haqqında heç nə deməyib. Məsələn “Dəli Kür” çox gözəl əsərdir, ancaq ədəbi tənqidi zəif olub. Asif Əfəndiyevdən başqa heç kim o əsər haqqında yazmayıb. “Qətl günü”nü də tənqiddə yüksək səviyyədə təhlil edən mətn yoxdur. Halbuki, “Qətl günü” kamil bir mətndir.

- Bəzi tənqidçilərdə, elə sizdə də, AYB-dən kənarda olan yazıçı, şairlərin adını çəkməmək, ya da pisliyə çəkmək meyli var. “Azərbaycan” jurnalındakı roman müzakirəsi də bunu göstərdi.

- Səhv fikirdir. Mənim üçün AYB-nin içi, AYB-dən kənar söhbətlər yoxdur. Bu qarşıdurmanın tərəfdarı deyiləm. İndiyədək Yazıçılar Birliyi mənə heç bir şey diktə etməyib. Mənim öz meyarlarım var. Mən Aqşinin, Zahir Əzəmətin, Azad Yaşarın, Qismətin şeirlərini bəyənirəm. Rasim Qaracanın bəzi şeriləri də xoşuma gəlir. Bu adamlardan yazı da yazmışam. Amma vallah, Aqşinin romanı, romana parodiyadır. Leş Əli maraqlı obrazdır, amma iyrəncdir. Sevinc Pərvanənin yazdıqları roman deyil.

- Pərvizin “Yad dildə” əsəri də romana parodiyadır?

- Parodiya deyil, ancaq çox qarışıq bir şeydir.

Əslində mənim bəyənmədiyim romanlar istedadlı adamların qələmindən çıxıb. Amma bədii həll məsələsi zəifdir. Onların əsərlərində qoyduğu problemlər tanış problemlərdir, bədii həll məsələsində isə ciddi uğursuzluqla üzləşiblər.

- “Azərbaycan” jurnalındakı müzakirədə adı çəkilməyən Şərif Ağayarın fəaliyyətini necə qiymətləndirirsiniz?

- Çox təəssüf ki, “Haramı”nı oxumamışam. Amma Şərifin keçdiyi ədəbi mərhələ mənə çox maraqlıdır. Əvvəlcə qoşma, gəraylı yazdı, burda çox uğurlu idi. Sərbəst şeirə, postmodernizmə keçdi, burda da özünü pis göstərmədi. Ondan sonra nəsrə keçdi. Şərifdə nəsr duyumu, nəsr sintaksisi var, ancaq o birilərdə yoxdur, təhkiyə xaotikdir. Obraz yaratmaqda səriştəsizdirlər.

Yenə də deyirəm, tez-tez bir janrdan o birinə keçid mənim üçün maraqlıdır. Vaqif Nəsibin “Durna günü” şeiri poeziyada ən gözəl nümunələrdəndir, nəsrdə isə “Omaroğlunun qayıtması”, “Bilalın bir günü”. Amma elələri var ki, bir janrdan o biri janra keçid uğurlu alınmır. Onlar arasında yaşlı nəslin nümayəndələri də var, amma ad çəkmək istəmirəm.

- Seymur Baycan necə yazır?

- Bir daha vurğulamaq istəyirəm ki, bu gənclərin hamısı istedadlıdır. Bu sözü ürəkdən işlədirəm, amma yazdıqları romanlar məni qane eləmir, Seymurun yazdıqları da. Bunlar hamısı şair kimi ədəbiyyata gəliblər. Hamısının uğursuzluğu bundadır ki, nəsr praktikası əldə etməmiş roman yazmağa başlayırlar. Başa düşmürlər ki, bu, çox çətindir. Klassik qanundur ki, əvvəl hekayə yazmalısan, sonra povest, sonra da roman. Mən bunun tərəfdarıyam, nəsr praktikası olmadan roman yazmağın yox. Çexovun hekayələri çox uğurludur, bütün dünyada məşhurdur. Çexov öz gücünü bilib. Bilib ki, hara qədər gedə bilər, gücü nəyə çatar. Roman da yazmaq istəyirmiş, ancaq cəmi 40 səhifə yazıb, dayandırıb. Bizdə Sabir Əhmədli, Əkrəm Əylisli, Elçin, Anar da klassik qanunla hərəkət ediblər. Mən ideallaşdırmıram, amma adətən belə gəlirlər. 20-ci əsrin əvvəllərində yazılan romanlarla 21-ci əsrin əvvəllərindəki romanlar arasında oxşarlıq görürəm. İbrahim bəy Musabəyovun, Abdulla Şaiqin yazdıqları roman deyildi, hekayə, povest idi. Amma o zaman belə bir təəssürat vardı ki, bizdə roman yaranır. Oxucu bu müəlliflərin yazdıqlarını oxumalıdır ki, roman janrına öyrəşsin, roman olmayan romana.

Cavanların roman yazmağı əslində roman boşluğundan irəli gəldi.

- Bəs biz müasir roman deyəndə kimləri nəzərdə tutmalıyıq?

- Ədəbi hadisə ola biləcək roman yoxdur. Amma maraqlı romanlar var. Məsələn, Azad Qaradərəlinin romanları maraqlıdır. Mübariz Cəfərlinin “Bənna”, “Bağban”, “Bərpaçı” romanlarını da qeyd etmək olar. Elçin Hüseynbəylinin tarixi romanları yox, “Metro vadisi”, “Tut ağacı” maraqlı romanlardır. Kamil Əfsəroğlunun Qarabağ hadisələrindən bəhs edən “Çadır” romanının da adını çəkmək olar. Görürsünüz ki, sadalamaqda çətinlik çəkirəm. Yaxşı roman hələ ki yoxdur, sadəcə gözlənilir. Və təəssüf ki, pis bir tendensiyanın şahidi oluruq: vaxtilə yazılmış romanların üzərindən qara xətt çəkmək! Bu, lazım deyil.

- Postmodernzmlə aranız necədir?

- Doktorluq dissertasiyamda modernizm və postmodernizmdən bəhs edən bir hissə var. Bizdə çox şişirdirlər, amma postmodernizm hazırda Qərbdə dəbdə olan cərəyan deyil. Mən postmodernizm haqqında Cavanşir Yusiflinin bir tərcüməsini, Əsəd Cahangirin, Qorxmaz Quliyevin, Zahir Əzəmətin, Nərgiz Cabbarlının yazılarını oxumuşam. Və görürəm ki, gənclərin yazdıqları sadəcə və sadəcə formal əlamətləri özündə əks etdirir.

Kamal Abdulla dünya ədəbiyyatından xəbəri olan, məsələləri ağıllı şəkildə bilən adamdır. “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” romanları postmodernist mətn hesab edilə bilər. Bəziləri deyir ki, İsa Hüseynovun “İdeal”ı və bəzi başqa əsərlərini postmodernist əsərlər kimi qiymətləndirirlər.

Postmodernizmə münasibətim belədir: Ək, bar verəcəksə, lap yaxşı. Sərbəst şeir alındı. Qoy yaşasın. Bunun nəyi pisdir ki? Azərbaycan dili, təfəkkürü postmodernizmi ehtiva edirsə, qoy yaşasın. Bəlkə, elə bir gözəl əsər yaranacaq ki, səs salacaq dünyaya?!

- Sifarişlə yazmısız?

- Hə, redaksiyadan deyirlər ki, Qılman İlkinin yubileyidir, yaz, mən də yazaram. Onun “Bakı və bakılılar” kitabı Bakı haqqında ən gözəl kitabdır.

- Onu demirik, kimsə sizə hörmət edib, deyib ki, zəhmət olmasa bu yazını yazın?

- Mənim həyatımda elə bir hadisə baş verməyib. Yazı çıxandan sonra yazıçı öz sevincini büruzə vermək istəyirsə, buyursun, gedək bir çay içək. Burda nə var ki? Müəllifin sevincinə şərik oluram da. Sizin dediyiniz kimi olsaydı, dövləti idim indi. Gör nə qədər adamdan yazmışam. Ancaq ən kasıb yaşayan tənqidçilərdənəm. İki dəfə əməliyyat olundum, maddi baxımdan çox çətinlik çəkdim.

- Sizin kimi ciddi bir adamın görücü Məlahətdən kitab yazması təəccüblü qarşılanmışdı. Niyə yazdınız o kitabı?

- Bu kitabı 1999-cu ildə yazmışam. Ona görə yazmışam ki, məni inandıra bilib. Seanslarında iştirak etmişəm. Adamların taleyi ilə bağlı dəqiq proqnozlar verirdi. Deyirdi ki, dünyada tufanlar, başqa hadisələr olacaq, düz çıxırdı. Ancaq siyasi proqnozları səhv çıxdı.

- Sizə hörmət etdi bu kitaba görə?

- Qonorarın olması təbii şeydir, burda pis bir şey yoxdur. Biri özü haqqında kitab yazdırır, şübhəsiz xərcləri öz üzərinə götürür.

# 6979 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #