Anasının dəfnində ağlamayan adam

Anasının dəfnində ağlamayan adam
11 fevral 2014
# 12:07

İbrahim Nəbioğlu yazır...

"Absurd nə insandadır, nə də dünyada. Absurd onların bərabər mövcud olmasındadır" - A.Kamyu

“Arxamdan gəlmə – birdən yolu göstərə bilmərəm sənə, önümdə yerimə – birdən sənə çata bilmərəm. Yanımda yeri və arkadaşım ol”. Alber Kamyunundur bu sözlər. 100 yaşı tamam oldu noyabrda. Ədəbiyyat turizmi dünyada getdikcə populyarlaşan trendlərdəndir. Yekta Kopan adlı bir türk yazıçı Parisə səyahət təşkil etdi. Məqsəd A.Kamyunu yaxından tanımaq, dolaşdığı küçələri, yaşadığı məkanları gəzmək, sevdiyi kafelərdə oturmaq və beləcə onun dünyasına yaxınlaşmaqdı.

Əlcəzairdə doğulan Kamyu 27 yaşında Parisə köçür. Və ilk gündən bu şəhər onun həyatının bir parçası olur. 1960-da avtomobil qəzasında öldüyündə “New York Times”-ın ona həsr etdiyi məqalə “Kamyusuz Paris” adlanırdı. Mən bu tura qatıla bilmədim, amma əvəzində Kamyuya dünya şöhrəti qazandıran “Yad” povestini bir də oxudum.

***

Artur Merso adam öldürür. Məhkəmə ona ölüm cəzası kəsir. İnsan qətlə yetirdiyinə görə yox, daha çox anasının dəfnində ağlamadığı üçün. A.Merso “Yad”ın qəhrəmanıdır. Ekzistensializmin ədəbi manifesti adlandırırlar povesti. Mütləq azadlığın axtarışı haqda manifest deyənlər də var. Kitabı ilk dəfə oxuduğumda “Bu adam elə bizim dediyimizi deyir ki” düşünmüşdüm. Zaman-zaman biz də Kamyu kimi “Dünya boş, hər şey mənasız, həyat isə yaşamağa dəyməz” demirikmi? Zatən fəlsəfəsini də ən yaxşı elə öz sözləri izah edir – “Həyat heç bir şey deyil, məna axtarmayın, yaxşı yaşayın”.

Həyatın mənasızlığı və insanın yalnızlığı Kamyunu ən çox düşündürən məsələdir. “Sizif haqda mif” adlı fəlsəfi essesində insan həyatını Sizifin əməyi ilə müqayisə edir. Kamyu Tanrılar tərəfindən cəzalandırılmış Sizifi absurd qəhrəman sayır, onun fasiləsiz əməyini lüzumsuz əmək olaraq görür. Bu faydasız əmək elə müasir həyatın metaforu deyilmi? “Həyatı boyunca gördüyü monoton işin bir absurd olduğunu anlayan insan üçün əsl faciə də elə budur”, – belə deyir Absurdun Nəğməkarı.

Kamyu diktatura, totalitarizm və kommunizmi, xüsusilə də Stalinin sosialist diktaturasını sərt şəkildə tənqid edirdi. 1956-cı ildə Sovetlər Macarıstandakı xalq üsyanını yatırmaq üçün bu ölkəyə qoşun yeridəndə etiraz səsini ilk çıxardan yenə “Qərbin vicdanı” adlandırılan Kamyu idi. Elə 1957-ci ildə Nobel mükafatına da “İnsan vicdanının əhəmiyyətini tərənnüm etdiyinə görə” layiq görüldü. Nobel nitqində Boris Pasternakın namizədliyini irəli sürdü. 1958-ci ildə isə Pasternak Moskvanın bütün maneə, təhdid və hədə-qorxularına rəğmən Nobelə layiq görüldü. “Doktor Jivaqo”-nun müəllifinin namizədliyi 1946-dan irəli sürülürdü, ancaq Pasternak Stalinin ölümündən və Kamyunun ciddi dəstəyindən sonra laureat ola bildi. Və Moskva “Ədalətsizliklə ya əməkdaşlıq etməlisən, ya da mübarizə aparmalı” deyən Kamyunu “qara siyahı”ya aldı.

***

“Corriere della Sera” (İtaliya) qəzeti 2011-ci ildə dərc etdiyi bir məqalədə A. Kamyunun Sovet xüsusi xidmət orqanları tərəfindən öldürüldüyünü iddia etmişdi. Yaxın dostu Mişel Qallimarın idarə etdiyi avtomobil 1960-cı ilin yanvarında buzlu yoldan çıxaraq ağaca çarpılmışdı. Kamyu yerindəcə ölmüş, cibindən Paris qatarına bilet çıxmışdı. Onun son anda fikrini dəyişərək qatarla getməməyi müəmma olaraq qalmaqdadır.

Çexiyalı şair Yan Zabrana “Bütün həyatım” adlı kitabında Kamyunun Moskva tərəfindən öldürüldüyünü yazır. İddiaya görə, sovet agentləri hərəkət halındakı avtomobilin təkərlərini deşərək sui-qəsdə qəza görüntüsü veriblər. Zabrana əmrin birbaşa SSRİ-nin o vaxtkı xarici işlər naziri D.Şepelev tərəfindən verildiyini deyir.

Kamyunun tərcümeyi-halını yazan Oliver Todd adlı jurnalist sovet arxivlərini incələdiyini və sui-qəsdlə bağlı heç bir izə rast gəlmədiyini yazır. O. Toddun sadəlövhlüyünə gülməmək mümkün deyil – rus da elə gözləyirdi ki, Todd gəlsin, o da hər şeyi açıb qoysun onun önünə. Bir də ki, heç Toddun ömrü çatmazdı o arxivlərlə tanış olmağa – hansı birinə baxsın, on minlərlə alim, həkim, mühəndis, yazarı məhv etmədimi o mənfur sistem…

***

“Yad”ı təkrar oxuyandan sonra Luçino Viskontinin 1967-də çəkdiyi eyni adlı filminə də baxdım yenidən. Jan Lük Qodar klassik əsərlərin ekranlaşdırılmasının doğru olmadığını deyir. O, uğursuz əsərlərdən uğurlu film çəkməyin tərəfdarıdır. Və bütün ömrü boyu da 2-ci dərəcəli kitabları ekranlaşdırdı, həm də çox müvəffəqiyyətlə.

Luçino Viskonti əksini düşünürdü. O bir çox önəmli əsəri elə səviyyədə ekranlaşdırıb ki, kitabınmı, filminmi daha yaxşı olduğunu söyləmək çətindir. Amma bunu “Yad” filmi haqda demək olmaz. Ən yaxşı filmi olmasa da, Kamyunun ən yaxşı ekranlaşdırılmış əsəridir. Marçello Mastroyaninin oynadığı Mersonu Kamyunun özünə bənzətdim – Anasının dəfnində ağlamayan adama.

Bir də düşündüm ki, Viskonti Kamyunun kimlər tərəfindən öldürüldüyünü bilsəydi, Moskvaya xidmət edərdimi… Və ya Kamyu sağ olsaydı, ən önəmli əsərlərindən birini ruslara quyruq bulayan birinin ekranlaşdırmasına razı olardımı…

Kamyu ölümünə yaxın belə yazmışdı – “Dünyadan düşmənlərim olduğu üçün deyil, dostlarım olduğuna görə uzaqlaşıram. Mənə zərər verdikləri üçün deyil, mənə olduğumdan daha yüksək qiymət verdikləri üçün. Bu yalana dözə bilməzdim”.

Məncə, dostları Kamyuya doğru qiymət vermişdilər…..

[email protected]

(“Ayna” qəzeti)

# 4622 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #