Atatürkün, Hitlerin, Stalinin sevdiyi yeməklər

Atatürkün, Hitlerin, Stalinin sevdiyi yeməklər
1 yanvar 2014
# 12:49

Tutanhamon – Qədim Misir fironu

Tutanhamonun orijinal aludəliyi vardı: hələ də adı olmayan yeməyə çox böyük həvəs göstərirdi, o yemək əridilmiş balla yumurta və təzə üzüm şirəsindən hazırlanırdı.


Məşhur ingilis arxeoloqu Hovard Karter Tutanhamonun qəbrini tədqiq edərkən yüksək keyfiyyətli borularda şərablar, papirusda yazılmış dünyanın ən qədim kulinar reseptini aşkara çıxarmışdır. Fironun sevimli xörəklərdən birini belə hazırlayırdılar: bir neçə yumurta ilə əridilmiş bal və tər üzüm şirəsini qarışdırır, sonra bu qarışığı qaynadılmış şərabın içinə tökür və köpük yarananadək çalırdılar. Sonda nar dənələri əlavə edirdilər. Qədim misirlilər xörək-içkiyə bənzər bu qarışığın fironu cavan saxlayacağına inanırdılar.


O dövrün Misirində şərab qeyri-adi içki sayılırdı. Tutanhamonun qəbrindəki şərab dolu bardaqda belə yazılıb: “5-ci il. Tutanhamonun evindən şərab. Əsas şərabsatan Haa”
Tutanhamon qırmızı şərabı sevirmiş.

***

Kleopatra – Misir kraliçası

Kleopatranın qida rasionu sağlamlıq üçün nəzərdə tutulmuşdu. Misirli hökmdar yüksək keyfiyyətli tərəvəz və meyvələr yeyərdi. Balıq və dəniz məhsullarından çox istifadə edər, çörək və yağlı yeməkləri yeməməyə çalışardı. Çariça Kleopatra bilirdi ki, insanın ətri, hormonal balansı və orqanizmin enerji səviyyəsi bilavasitə qidalanmaqla əlaqədardır. Buna görə necə qidalanma onun üçün vacib şərt idi.


Kleopatranın dietası:


Sübh yeməyi: bir stəkan qaynadılmış, isti limon şirəsi də əlavə edilmiş su.

Səhər yeməyi: yağsız südlə vələmir yarması və təzə meyvələr və ya 2 bişirilmiş yumurta (yumurta hər gün olmazdı).


İkinci səhər yeməyi: yoqurt (istənilən), təzə tərəvəzlərdən salat və ya bir stəkan pomidor şirəsi.


Nahar: təzə tərəvəzlərdən salat, yüngül şorba və yağsız ət (və ya balıq, quş əti, dəniz məhsulları).


Günorta yeməyi: təzə meyvələr, qoz-fındıq, günəbaxan tumu.

Şam yeməyi: təzə tərəvəzlərdən salat, yağsız quş və ya balıq əti.

Yatmazdan qabaq: 1-2 istənilən meyvə.


Bundan başqa müntəzəm oruc-pəhriz tutduğu günlərdə Kleopatra yalnız meyvə yeyirdi.

...

Məhəmməd peyğəmbər

Məhəmməd peyğəmbər yeməkdə qənaətcil olub. Deyilənə görə o, var olandan imtina etməz, olmayanı axtarmazdı. Qabağına nə qoysalar, yeyərmiş. Amma çimçəşdiyi bir şey olanda onu yeməzmiş. Yeməklərdə heç vaxt qüsur axtarmayıb. Evdə yeməyə bir şey olmasa, niyyət orucu tutarmış. Evdə günlərlə yeməyin olmamağı peyğəmbəri narahat etməyib. Bu vaxt bir neçə xurmayla dolanırmış.


Peyğəmbər bal və narı xüsusi olaraq məsləhət bilib.

O, ağzını və əllərini yumadan süfrə arxasına əyləşməzdi. Hökmən, yeməyə Allahın adı ilə başlayar, dua edər, su içərdi.
Peyğəmbərin ən çox xoşladığı yeməklərdən birinin “tirit” olduğu hədislərdə bildirilir. Tirit doğranmış bayat çörək dilimlərinin üzərinə ət, ət suyu, bəzən də sumaq və soğan əlavə edilərək, hazırlanan yeməkdir.


Həzrəti Məhəmməd gündə iki dəfə - səhər və axşam yemək yeyərdi.


Şam yeməyini vacib sayan peyğəmbər belə buyurur: “Şam yeməyini tərk etmək (axşam yemək yeməmək) qocalığın səbəbidir”.


Allahın rəsulu insanlara mədəsini üç hissəyə ayırmağı buyurur. Belə ki, mədənin üçdə biri su, üçdə biri qida üçün ayrılmalıdır. Üçdə biri isə boş buraxılmalı, insan süfrədən yarıac durmalıdır. O, təklikdə yeməyi xoşlamazdı. Yediyi yeməklər bədənin hərarətinə yaxın istilikdə olardı, yəni, nə çox soyuq, nə də çox qaynar.
Yeməyə hamıdan qabaq başlayar və hamıdan sonra əlini süfrədən çəkərmiş. Məqsəd başqalarını tələsdirməmək idi. Xurma ən çox qidalandığı təam olub.

***

I Pyotr-Rus çarı (imperatoru)

Müasirlərinin yazdıqlarından bəlli olur ki, I Pyotr hər şeydən çox qara çörəyi və I Yekaterinanın badam südü də əlavə etməklə bişirdiyi sevimli arpa yarması aşını (sıyığı) xoşlayırdı. Aşpaz çox vaxt ona xiyarla qaynadılmış mal əti, duzlu kələm şorbası hazırlayırdı. İmperator xaricdən gətirilmiş yarıyumşaq limburq pendirinin dadına da baxırdı. Meyvə və tərəvəzləri sevirdi, balığa qarşı allergiyası olduğundan oruc vaxtı pirojna yeyirdi. Yeməkdə mötədilliyi müasirlərinin təəccübünə səbəb olurdu. Hərdən süfrəni hazırlamaq və yeməyi süfrəyə gətirməyi arvadı həyata keçirirdi və bu daha çox holland şkiperlərini evinə dəvət edəndə olurdu. Bu da Pyotr siyasətinin tərkib hissəsi idi. Əgər yeməyi I Yekaterina hazırlayırdısa, demək, Pyotrun iş qurduğu şəxslərə tələsi vardı.
İmperatorun kərəviz və qaymaqdan hazırlanmış püre-şorbaya böyük həvəs göstərdiyi qeyd edilir.

***

II Yekaterina – Rus çariçası

II Yekaterina yemək məsələsində o qədər də tələbkar deyildi. O, səhər tezdən qaymaqlı tünd qəhvə, naharda turş kələm şorbası, xiyarla qaynadılmış mal əti, qarabaşaq sıyığı, quşüzümündən hazırlanmış şərbət yeyərdi. Desertdə alma və gilas verilirdi. Axşam imperatriçə yalnız buzlu soyuq su və giləmeyvədən hazırlanmış şirə içərdi. Həftədə iki dəfə oruc tutardı, qaynadılmış balıq və sıyıq, tərəvəz və meyvə yeyərdi.

II Yekaterina bütün delikateslərdən soğanlı, sarımsaqlı və pomidorlu qayğanağı üstün tuturdu. İmperatriçənin dövründə ən böyük qonaqlıq “Dünya uşaqları - xoşbəxt gələcək üçün” adlı xeyriyyə festivallarında təşkil olunurdu. Burada qonaqlara pörtlədilmiş diri durnabalığı, ağ qızılbalığının beli, şirələnmiş qızılbalıq, vetçinalı xan balığı, ətli ordevr, püstəli qırqovul, xərçəngli göyərçin əti, göbələkli kəklik, dana iliyindən pudinq, qoyun ətindən qatlama, Quryev sıyığı, qırmızı balıqdan hazırlanmış kulebyaka (içində ət, balıq, kələm və s. olan qutab), quşüzümündən hazırlanmış şərbət, limonlu kvas və s. verilərdi. Və təbii ki, qonaqlığın menyusu Yekaterinanın zövqünə bənzəyirdi.

***

Napoleon Bonapart

Napoleon sürətli və ehtiyatsız yeyirdi. Şirniyyatdan sonra şorbaya keçirdi. Onun üçün müəyyənləşdirilmiş yemək vaxtı yox idi, mədəsinə hakim idi, tezliklə ac olduğunu belə unudurdu. Nə zaman qabağına yemək qoyurdular, o zaman da dalğın halda yeyər, yarımçıq qalmış işlərini düşünər və işinin başına qayıtmağa tələsərdi. Napoleonun saysız-hesabsız çeşidli təamlar olan təntənəli mərasimlərdə belə həmişə əməl etdiyi qayda var idi: harda olursa-olsun, elə birinci xörəkdən sonra dondurma tələb edər və tez də süfrədən durardı. Dondurmanı sevirdi. Sürətli yediyi üçün tikələri pis çeynəyirdi. Alkoqola münasibətdə son dərəcə çəkingən idi, ancaq şamberteni sevirdi, bununla belə onu da qədərində içərdi.


Yürüşləri zamanı saraydakı nəfis xörəklər elə ordaca da qalırdı. Fransa imperatoru əl altında olan ərzaqlarla kifayətlənərdi. Belə rəvayət var ki, Napoleon ecazkar xörək kəşf edib.


Bir dəfə növbəti səfərlərin birində toyuqdan hazırlanmış xörək Napoleonu o qədər bezdirir ki, o, aşpaza: “ Sən bir də mənə naharda toyuq versən, səni hökmən edam etdirəcəm” - deməklə təhdid edir. Çıxılmaz vəziyyətdə qalan aşpaz toyuğu elə hazırlayır ki, Napoleon yeməyi bəyənir. Bu zaman aşpaz etiraf edəndə ki, imperatorun qadağasını pozub, Napoleon onun istedadına heyran qalaraq onu mükafatlandırır və özü bu xörəyə ad da qoyur. Bu zaman fransız ordusu Marenqo kəndi yaxınlığında düşərgə saldığından nəfis xörəyin bəxtinə bu ad düşdü: “Marenqo”. “Marenqo toyuğu” indi fransız mətbəxini bəzəyir.

***

Mustafa Kamal Atatürk

Atatürk haqqında yazılanlardan belə məlum olur ki, o, az yeməyin tərəfdarı olub. Hətta çıxışlarının birində ziyafətlərdə çox yeməyin qənaətə zidd və sağlamlığa zərərli olduğunu da söyləyib. Onun yeməklə bağlı əməl etdiyi xüsusi qaydalar da olub.

Səhər yeməyi: Səhərlər çay, qəhvə içər, çox yeməz, soyuq ayranla bir dilim çörək yeyərdi . Bəzən bir kasa qatıqla kifayətlənər, sonra südlü qəhvə içərdi.


Nahar yeməyi: Naharda bir-iki dilim çörək yeyirmiş. Ətsiz quru paxla, plov çox sevdiyi yeməklərdən olub. İçkilərdən ayran və limonadı sevib. Ayranı isə çörək batıraraq yeyirmiş.
Süfrədən yarıtox dururmuş.


Axşam yeməyi: Atatürk üçün axşam yeməyi xüsusi əhəmiyyət daşıyıb. Omleti sevən siyasətçi, xüsusi ilə gecə saatlarında acanda pendirli omlet yeyirmiş. Yumurta, ətli təzə bamya, qarnıyarıq sevdiyi və tez-tez yediyi təamlardan olub. Xüsusi ilə qarnıyarığı plovla qarışdıraraq yeməyi sevib.


Enginarı heç vaxt yeməyən Atatürk, xəstəykən enginar yemək istəmişdir. Xataydan sifariş olunan enginar gələnəcən komaya düşən Mustafa Kamal bu dəfə də enginar yeyə bilməyib. Şirniyyatlarla arası olmayıb. Amma gül mürəbbəsini sevirmiş. Gün ərzində 10-15 fincan qəhvə içən siyasətçi daha çox orta şəkərli qəhvə içirmiş. Spirtli içkilərdən pivə və rakı içsə də, sərxoş olmağı heç xoşlamayıb. Atatürkün sevdiyi yeməklərlə bağlı yazılarda qeyd olunur ki, onun Türkiyənin müxtəlif yerlərində hər bölgəyə uyğun sevdiyi yeməklər olub. Hər dəfə bölgələrə səfər edəndə yerli yeməklərdən yeyirmiş.

****

Adolf Hitler

Saat 11-ə qədər yatan Hitler hər gün eyni vaxtda durar, səhər yeməyi üçün zəngi basardı. Onun səhər yeməyi ilk vaxtlar adətən bir stəkan süddən və bir qədər qurudulmuş çovdar çörəyindən, sonralar isə şirin bulkadan, alma, nanə və ya çobanyastığı çayından (soyuqdəymələr zamanı konyak əlavə edilməklə) və almadan ibarət olurdu. Bəzən pendir də istəyirdi (adətən “Jerve”). 1944-1945-ci illərdə səhər yeməyində çoxlu şokoladlı pirojna, süddə isladılmış yulaf yarmasından hazırlanmış sıyıq, sürtgəcdən keçirilmiş alma, qoz, limon və cücərdilmiş taxıl yeyərmiş.


Hitler saat 14-:00-la 17:00 arasında meyvə, şorba (ət suyunda olmamaq şərtilə), paxla, kök və başqa tərəvəzlər, kartof və mütləq şəkildə salatdan (həmişə limonla) ibarət nahar edərdi. Paxla, noxud və mərci şorbasını məmnuniyyətlə içən fürer qabıqlı bişirilmiş kartofu təmizləyərək yağa batırıb yeməyi də çox sevib.

Hitler vegetarian olduğundan nahar zamanı bifşteks veriləndə qonaqlardan fərqlənməmək üçün adətən tərəvəzlərdən hazırlanmış “yalançı bifşteks” yeyirdi. Yediyi yemək zahirən qonaqların yeməyini xatırladırdı. Ət istisna olmaqla, yediyi yeməklər qonaqlarınkı ilə eyni olurdu. 1941-ci ildən etibarən yağda qızardılmış sardina yesə də, əvvəlki kimi ətdən hazırlanan bütün yeməklərdən (qaraciyərdən hazırlanan frikadel istisna olmaqla) imtina edirdi. Bəzən məmnuniyyətlə yumurta ilə kürü yesə də, kürünün qiymətini öyrəndikdən sonra onu süfrəyə gətirməyi qadağan etmişdi.


Hitler nazik doğranmış şirin çörəklə yumurtanı həvəslə yeyirdi. O, müxtəlif üsullarla bişirilmə (qızardılmış, suda bişirilmiş) şərti ilə bir neçə gün dalbadal buğda unundan hazırlanmış klyotsk (duru xörəyə tökülən xəmir parçası) yeməyə etiraz etməzdi.

Şam yeməyində çox vaxt Hitlerə soyutma yumurta, qabıqlı bişirilmiş kartof və kəsmik verilirdi. Fürer şam yeməyindən sonra bir saat yatırdı (müharibə zamanı bu, heç də həmişə mümkün olmurdu). Stalinqrad döyüşündən sonra tez yuxuya getmək üçün bir-iki stəkan pivə içirdi. Lakin kökəldiyini hiss edən kimi o, pivədən imtina etmişdi.

***

Uinston Çörçill

Yemək onun həyatında çox vacib bir yeri tuturdu. Ən çətin və təhlükəli dövrlərdə belə Çörçil yemək barədə fikirləşməyə vaxt tapırdı. Birinci Dünya müharibəsi zamanı səngərdə olan Çörçil arvadına yazırdı: “Biz bekonla (hisə verilmiş, duzlanmış donuz əti) qayğanağı, çörəyi və marmeladı tez yeyib kənara çəkilirdik”.

1945-ci ildə Yalta konfransında ingilis baş nazir rus qara kürüsü ilə çox maraqlanmışdı. Düzdür, sonralar o, yemək barədə daha diqqətli olmağa başladı. Xüsusilə yaşlandığı vaxtlarda az yağlı və yüksək keyfiyyətli tərəvəzli yeməklərə üstünlük verirdi. Və əlbəttə ki, nahar bir qədəh şərab və ya kokteylsiz ötüşmürdü. Bu barədə Çörçil həmişə deyirdi: “Əgər siz hökmən içmək istəyirsinizsə, o zaman qədərində için”. Ən sevimli içkisi “Pol Roger” şampanı olub. Bu gün Çörçilin sevimli şampanı onun adını daşıyır.

Çörçill təyyarədə olanda belə yemək zövqünə xəyanət etmirdi. Xüsusi ilə səhər yeməyinə ciddi yanaşırdı. Onun üçün hazırlanmış səhər yeməyi iki müxtəlif sinidə növbə ilə süfrəyə gətirilməli idi. Birinci sinidəki təamlara qaynadılmış yumurta, giləmeyvə cemi və kərə yağı, bir fincan südlü qəhvə, bir stəkan soyuq süd, soyutma cücə və ya ət daxil idi. İkinci sinidə isə baş nazir üçün təzə qreypfurt, təzə sıxılmış portağal şirəsi, sodalı viski və siqar gəlirdi. Sonralar isə Çörçil bunları rəsmi menyuya əlavə etdirir.

İosif Stalin

İnqilabdan sonrakı illərdə Stalini ölkənin ərzaq mağazasının vəziyyətinə uyğun olaraq qidalandırırdılar. Ancaq 20-ci illərin ortalarından sonra birinci simalar və onların yaxınlarının qidası müxtəlif çeşiddə və keyfiyyətli idi. Stalin üçün istənilən məqamda təbii ki, kürünü yaddan çıxartmırdılar.

Stalinin 1927-1931-ci illərdə baş mühafizəçisi olduğu İvan Yusisin qızı Ada İvanovna uşaq vaxtı özünün də iştirak etdiyi “xalqlar atası”nın Soçidəki gəzintisini belə xatırlayır:

“Stalin gəzintiyə çıxmağı sevirdi. Adətən, biz dağ tərəfə istiqamətlənirdik və maraqlı yer axtarırdıq ki, orada düşərgə salaq. Özümüzlə həmişə ağ süfrə götürürdük. Yeməkdə hökmən kabab və müxtəlif buterbrodlar – xüsusi ilə kürü, uzunburun balıq və qızılbalıqdan. Həmçinin atam litva üsulu ilə ayı ətindən kolbasa hazırlamağı bilirdi, bu, Stalinin çox xoşuna gəlirdi”.

Kommunist tarixçiləri yazırdılar ki, Stalin çox sadə qidalanırdı. Turş kələm şorbasını, kartofu sevirdi. Naharda bişmiş kartof yeməyi sevirdi, ancaq onun nə zaman nahar edəcəyini ona qulluq edənlər bilmirdi. Buna görə də saat 12-də Stalinin mümkün gəlişi vaxtı sobaya birinci porsiya qoyulurdu. Yarım saatdan sonra onu çıxardıb, ikincini qoyurdular. Və bu, Stalin qulluqçulara nahar etməyə icazə verənə qədər davam edərdi. Deyirlər, hərdən nahara Orlov, Tambov və Lipes vilayətlərindən gətirilmiş 2 kisə kartof istifadə olunardı.

Stalin üçün nə qədər çox təamlar hazırlansa da, o, təzə balığa üstünlük verərdi: buna görə onun bağındakı zirzəmidə balıqla dolu iki hovuz vardı, o, hisə verilmiş və duzlu balıq da yeyirdi.

20-ci illərdə SSRİ yeməkxanalarında özünəxidmət dəbə düşdü. Stalin də bu prinsipə əməl edirdi.

Stalinin bağında tez-tez nahar edən baş qərargahın əməliyyat idarəsinin rəisi general S.M.Ştemenko “Müharibə illərində baş qərargah” kitabında rəhbərin zövqü və səliqəsindən yazmışdı: “Stalinin evində hətta böyük naharda belə qulluqçular olmurdu. Onlar lazımı şeyləri süfrəyə lal-dinməz gətirir və yox olurdular. Stola əvvəlcədən ləvazimatlar, çörək, konyak, araq, quru şərab, ədviyyat, tərəvəz və göbələklər qoyulurdu. Kolbasa, vetçina və digər qəlyanaltılar bir qayda olaraq olmurdu. Gürcü əsilli bolşevik konservləri sevmirdi.

Yaşlaşdığı vaxtda çox yeyərdi. Hətta elə acgözlüklə yeyərdi ki, sanki sevdiyi yeməkdən buna qalmayacağından qorxurdu, ancaq içki sahəsində əksinə, hər damlasını ölçüb-biçib içərdi, elə bil ona zərər vuracağından qorxurdu.

Təsərrüfat və xüsusi mətbəx bölməsində çalışmış, Stalin və onun qonaqları üçün yemək hazırlamış Pavel Rusişvili deyirdi ki, Stalin göyərtini, ev şisini, həkimlərin ona məsləhət gördüyü hind toyuğunun qaraciyərini sevirdi. Onun üçün xüsusi olaraq hind toyuqları bəslənirdi. Şəkər tozu ilə qarışdırılmış qarğıdalı unu yeyən hind toyuqlarının qaraciyəri 10-12 gün ərzində 400-500 qram böyüyürdü. Stalin kababı da sevirdi. Onun kabab istəyi də xüsusi yanaşma tələb edirdi. Əvvəlcə iki həftəlik və ana südündən başqa heç nə ilə qidalanmayan quzu kəsilirdi. Heyvan hökmən Yaroslav və Tul vilayətlərindən, Gürcüstandan və Krımdan olmalı idi. Quzunun hazırlanması həkimin iştirakı ilə baş tuturdu. Çünki, qaraciyərdə adicə zədə ətin tullantı olması demək idi . İçalat - qaraciyər, ürək – bütün bunlar güzgü kimi olmalı idi. Sonra cəmdək bir sutka soyuducuya yerləşdirilir, bundan sonra kababın hazırlanmasına icazə verilirdi.

Bu illüstrasiya 1952-ci ildə nəşr edilmiş “Dadlı və sağlam qida haqqına kitab”dandır. Kitabın müqəddiməsində Stalindən bu sitat verilmişdi: “İnqilab xalqa bolluq və mədəni həyat bəxş etdi”.

Ancaq belə təamları Kremlin süfrəsində görmək mümkün idi.

***

II Yelizaveta

Yelizaveta yulaf sıyığını çox sevir. Səhər yeməyində yoqurtla meyvə, cem və qarğıdalı lopası vacib elementdir. Sevdiyi salat Rokket salatıdır. Sevimli deserti romlu pirojnadır. Rəsmi banketlərdə sanballı xörəklər tələb etsə də, evdə çox sadə yeməklərə üstünlük verir.


Britaniya kraliçası hər gün yüngül səhər yeməyi yeyir, nahardan sonra çay, şam yeməyi ilə birlikdə yatmazdan qabaq “Dubonnet” kokteyli tələb edir. Çayı buterbrod və şokoladlı tortla içməyi sevir.

Kral ailəsinin bir günlük resepti:


Səhər yeməyi: dənli və quru meyvə, makadamiya fındığı.


Nahar: ispanaqlı və qabaqlı qızardılmış Duvr balığı

Nahar sonrası çay: seçimə uyğun olaraq tortlar, bulkalar və buterbrodlar.

Şam yeməyi: maral əti, ağ şaftalı, cin (ingilis arağı) və ya “Dubonnet” içkisi.

# 12501 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #