"Ateist" Nurəddin Mehdixanlı, "dindar" Həmidə Ömərova

"Ateist" Nurəddin Mehdixanlı, "dindar" Həmidə Ömərova
27 dekabr 2013
# 13:18


“ - Həqqə gəl!

  • Həqq məndədir!”

Dramaturq Əli Əmirlinin “Hasarın o üzü” pyesini rejissor Bəhram Osmanov Gənc Tamaşaçılar Teatrında tamaşaya hazırlayıb. “Hasarın o üzü” ailə dramıdır. Kiçik bir ailədən - ər, arvad, 21 yaşlı qız və ailənin himayəsinə aldığı 17 yaşlı qızdan bəhs edir. Ər-Qərib cərrahdır, arvad - Humay özünü büsbütün dinə həsr edib, qızları Zərifsə kiminləsə, necəsə, hardasa bir sevgi romanı yaşayır.

Tamaşa qaranlıq içində başlayır. Bu qaranlıq nəyə eyham edir, tanrını tanımadıqca “korsunuzmu?” deyir, ya bəlkə dinə kor-koranə atılmağamı eyham vurur? Bunu axırda biləcəyik.

Hər halda bütün dinlərin əlində ən güclü silah bu tamaşanın əvvəli kimi qaranlıq olan “Ölümdən sonra nə olur?” məsələsidir. Yəni, tamaşanın adından və orada səslənən hekayətdən çıxış etsək “Hasarın o üzü”dür. Dinin iddia etdiyinə görə, günahların cəzasının veriləcəyi, yaxşılıqların mükafatlandırılacağı o biri dünyadır.

Tamaşa dindar arvadın namazı ilə başlayıb, ateist ərin namazı ilə bitir və artıq bu, onun ideya istiqamətini, kimin alqışlarını qazanmaq istədiyini məlum edir.

Cərrah ər (Nurəddin Mehdixanlı) allahın ədalətinə şəkk gətirir, dindar arvadı (Həmidə Ömərova) ilə bu istiqamətdə uzun-uzadı mübahisələr edirlər. Sosial şəbəkələrdə din keşikçiləri ilə belə mübahisələrin şahidi çox olmusunuz. İnsafən, çox həssas məqamdır. Tamaşadayıqsa bunun hadisə həllini görməliyik. Giriş üçün bu dialoqlar uzandıqca, obrazların yarımçıq olduğunu görürsən. Həmidə Ömərovanın Humayı öz din təəssübkeşliyi ilə, pafoslu didaktikası ilə elə dözülməzdir ki, hətta atalar demişkən, Qurandan don geyinsə belə, çəkiləcək halı yoxdur. Evdə bu qədər pafos olarmı? Onun hər kəlməsi bu pafosun üzündən saxta görünür.

Ümumiyyətlə, tamaşada söz, fikir avtoritarlığı var. Hadisənin dramatizmini görünməz edəcək qədər çox fikir var. Qəhrəmanlar hər yerdə pafosla söz güləşdirirlər. Nurəddin Mehdixanlının Qəribi yumorla bu “güləşməyə” dinamika gətirir, amma aktyorun roldan rola dəyişməyən, akademik teatr aktyorlarının təbərrük kimi ata bilmədiyi nümayişkaranə, pafoslu və zala xitab edən danışıq tərzi onun qəhrəmanını Humaya tay edir.

Abort həm də xilasdır- analardan xilas...

Qərib uşaq evində böyümüş, sağalmaz xəstəliyin ən son mərhələsində olan xəstəsini - 16 yaşlı Çiçəyi evinə gətirir. Çiçək ailənin Humayın təşviqinə açıq olan yeganə üzvünə çevrilir. Daha sonra ananın nəsihətlərinə əməl etməyən Zərifin görüşdüyü adamdan hamilə olduğu, uşağın atasınınsa ortalarda olmadığı aşkarlanır. Qız uşağı, mühafizəkar cəmiyyət... Zərif belə hallarda ən çox rast gəlinən xilas yoluna aborta əl atmaq istəyir. Anası Humaysa aborta qarşı çıxır. Amma nə üçün bilirsiniz? Abort günahdır, dində cəzası böyükdür, ona görə. Ona görə yox ki, o körpənin artıq saçlarının, gözlərinin rənginədək hər cəhəti məlumdur. Ona görə yox ki, insana sevgi ilə yanaşmaq, ona, onun həyatına hörmət etmək, bu haqqı tanımaq lazımdır, ona görə ki, o müqəddəs kitabda yazıldığına görə, bu, günahdır.

Ona görə ki, bu Humay xanım vaxtilə çox abort edib və ona görə Tanrı onu cəzalandırıb daha uşaq verməyib, əri demişkən, bir qızın ümidinə qalıblar. Bu yerdə nə demək olar? Tanrıya üz tutmaq yalnız:

“İlahi! Bizə rəhmin gəlsin! Bizi belə analardan elə o qatil deyilən ginekoloq-həkimlərin əli ilə qoru! Sən hər şeyi bilənsən! İlahi, amin!”

“Bu nə deməkdir?” deyə soranlara elə bir sualla cavab vermək istəyirəm: “Əgər körpəni xilas etmək dində günah sayılsaydı , bunu edərdinizmi?”

...Tamaşa sual vermir. Tamaşa cavab verir (və deyəsən bu onun ən gücsüz tərəfidir). Və tamaşa boyu dindən uzaq olan cərrah Qəribin dizlərini yerə gətirir - axır ki, o da “Fatihə” surəsini oxuyur - amma insafən yaradana həmd oxuyan bu səs, bu dua səmimi və içdən təsir bağışlayır. Ölüm insanın ən səmimi halı olmalıdır, Qəribin obrazının belə dəyişməsini az –çox bu dua tamamlayır.

Qadınlardan daha çox Zərif obrazı (Şəbnəm Hüseynova) tamamlanmış görünür, yəqin ona görə ki, o, mühakimə-filan yürütmür, onun həyat yükü bu mühakimələr qədər ağırdır. Evdə gözükölgəlilik, cəmiyyətin tənəsindən qorxmaq. Yeni həyatın (ana bətnindəki körpənin) bir addımındaykən özünü uçurumun (cəmiyyətin tənəsi ilə tapdanan gələcək) kənarında görmək... Əsl faciə bunda deyilmi sizcə?

Qorxu, günah, cəza... və sevgi!

Tamaşa içində günah və cəza məsələsi çox önə çəkilir. Humay ərini Tanrının onu cəzalandıracağı ilə “hədələyir” - yalnız ona görə ki, onun ədalətinə şəkk gətirir. Hətta deyir ki, belə rüsvayçılıq ona görə baş verdi ki, Qərib dinə istehza edirdi. Arqumentlər də sadə, fanatik dindar tamaşaçının əl çaldıracaq, qəlbini riqqətə gətirəcək fikirlərdir. Əlbəttə ki, bu dünyada baş verənlər bir-biri ilə əlaqədardır. Amma çox maraqlı bir fabula ilə başlayan tamaşanı “Sirr qapısı” telelayihəsinin teatr versiyasına çevirmək nəyə lazım idi? Bəlkə tamaşaçıların- fanatiklərin reytinqinə görə?

“Dinə yuxarıdan aşağı baxan və yalnız öz gücünə, karyerasına güvənən həkim ər, dindar müəllimə qadın, onların pis mənada müasirlikdə və azadlıqda ifrata varan, milli əxlaqımıza, mentalitetimizə ikrahla yanaşan qızı və uşaq evində böyümüş, mərhəmətə, insan məhəbbətinə möhtac yeniyetmə qız...”

Tamaşanın relizində yazılan bu təyin tamaşanın, obrazların özü ilə səsləşir. Tamaşanın necə birqatlı, tərəfkeş və DAMĞAÇI bir mövqedə dayandığını bəyan edir. Milli teatrın-cəmiyyətə toxuna bilməyən hermetik bir sahənin-din və cəmiyyət kimi həssas bir mövzuya belə klişeli yanaşması əsl nəfəs çatışmazlığı yaradır. Nəfəs də, nəfəs alma haqqı da zalın sürəkli alqışları ilə boğulur...

Bəhram Osmanov “Müharibə” tamaşasındakı kimi finalı bir ailə rəsmi ilə təqdim edir. Ər-arvad və uşaqlar. Yaxşı rəsmdir, hər evdə olması gərəkir. Amma bu tamaşada din onları birləşdirən, daha doğrusu birləşdirməli olan sevginin ekvivalenti kimi çıxış edə bildimi? Yoxsa sadəcə “cəza və mükafat”, “günah və savab” qütbləri ilə məhdudlanan ehkamlar sistemini gördük? Məncə ikincini.

Yazını bir xatirə ilə bitirirəm: bir dəfə rəfiqəmlə söhbət edəndə Tanrı haqqında nə isə zarafatyana, yumoristik bir şey dedim. Sonra soyuqlamış körpəmi xatırlayıb yenə zarafatla dedim: “Tövbə deyim, evdə uşaq da xəstədir”. Onda rəfiqəm dedi: “Narahat olma, o varsa və biz də çox ümid edirik ki, o var - bu qədər cılız və qisasçı olmamalıdır...”

# 5906 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #