Əlvida yuxular şahzadəsi...

Əlvida yuxular şahzadəsi...
11 dekabr 2013
# 12:37

Öyrənmişik hər zaman xəyallarımızı xoşbəxtliklə dolu qurmağı... Bilmirəm bəlkə mənə belə gəlir, qurduğum xəyallar və duyğular sanki məni bir romanın baş qəhrəmanı edir. Sanki yuxular şahzadəsi oluram... Bəyaz geyimli, ağ atlı bir şahzadə... Amma nədənsə bu xoşbəxtlik, bu duyğular uzun çəkmir... Bunları düşünərkən içində qorxu və inamsızlıqları da yaşayırsan... Sanki kimsə və nə isə sənin o bəmbəyaz ağ libasına, arzularına, xəyallarına ləkə salacaq... Ancaq sən yenə də usanmırsan... Sən onunla mübarizə aparırsan...

Mən belələrindənəm... Yağış yağarkən çılğınlar kimi onun altında dayanıb göylərə baxaraq dua etməklə xoşbəxt ola bilirəm... Yəni, kiçik bir şeydə də xoşbəxtlik axtarıram... Hərdən öz-özümə düşünürəm ki, bəlkə də mən ifrat dərəcədə xəyallar aləminin şahzadəsi olmuşam... Əslində boşluqlarla dolu həyatımda bilmirəm xoşbəxtlik nədi, nə cür olur? Deyirlər tam xoşbəxt insan yoxdu, xoşbəxt anları sadəcə yaşayır insan. Bəs mən? O anları yaşadımmı? Çoxları bunu sevgidə görür. Bəlkə mən də belələrindən idim və belələrindənəm, bəlkə də yox. Ehh, bilmirəm. Bu aralar həyat, mühit, yaşananlar qəlbimi sıxır. Hərdən elə hiss edirəm ki, zərif ürəyim sanki kobud dünyanın bir oyuncağına çevrilib. Ancaq istəmirəm bunu bilsinlər. Özümü ən xoşbəxt, sevincli göstərirəm. Amma niyə? Bunu da bilmirəm. Mən nəyə üzülürəm, kimdən nigaranam? Sanki qəlbimdə bir gizli mən var və o mən ki, hələ də realda biz onunla rastlaşmamışıq... Bəs nə vaxtsa rastlaşacağıqmı?

Kinli deyiləm bir kimsəyə. Çünki Tanrı bu qəlbi mənə sevgi üçün bəxş edibsə onu niyə kinlə doldurum ki? Dediyim kimi, içimdə bir mən var və daha çox üzülürəm bu daha çox fərdi deyil həyatsal bir inciklikdir məncə...

Yeni əsərlər, yeni kitablar alıram. Zaman axsın deyə oxuyur, yazır, dinləyir, izləyirəm. Zaman keçmir, çünki bu qismini “O”na da oxumalıyam, bu qismini “O” da izləməli, bunu “O”na da yazmalıyam...

Yollardan keçirəm, getməyi seçirəm məsafələr uzansın deyə. Hər addımda adın var, mən yolumu içimdəki gizli “sən”lə itirirəm. Bəli, sənlə... içimdə olan təkdi, bu həm sənsən həm də mən.

Maraqlıdır ki, xoşbəxt olan zaman sığmadığın cismin, qəlbin niyə nisgil yaşayarkən səni tək qoyur və bir kiçik qəlibə çevrilir? Bəlkə də, elə vəfasızlıq, etibarsızlıq insanın ilk olaraq öz cismindən başlayır. Elə bir tənhalığa, boşluğa qərq olursan ki, bir anlıq yox, sonsuzadək qaranlıq və tək bir otağın küncünə sığınıb ağlamaq istəyirsən və o künc divarı özünə tək dayaq bilirsən. Düşünürsən ki, axı niyə? Bunlara layiqəmmi? Hərçənd ki, ilk baxışdan hər şey gözəl, insanlar isə dost görünür. Bəs nə oldu? Birdən-birə nə dəyişdi? Hər şey bir anda son olmaq üçünmü idi? Bax belə, sənə qalan qırılmış ümidlər və puç olmuş xəyallar olar ki, onlar da səni həyata olan sevgini daha da azaldar.

Deyirlər hər gecənin bir işıqlı sabahı var, hər sonun isə bir başlanğıcı. Düzdü. Bəlkə də mənim də ümidlərimin başlanğıcı, xəyallarımın isə günəşli bir sabahı olacaq... Gün doğmadan nələr doğar demişlər. Ancaq gələcək sonumu düşünürəm ki, o, saf xəyallarla dolu dünyam qədər gözəl olmayacaq. Mən yenidən yuxular şahzadəsi olmayacağam... Bu dəfə reallıqlar şahzadəsi olacağam. Bilmirəm bəlkə də belə daha fərqli olacağam, ancaq bir gün yenidən şahzadə olacağam. Və qəlbimə sadəcə bir fəsli yox, dörd fəsli sığışdıracağam. Necə ki, deyiblər ümid heç bitməyən yaz fəslidir, orda bahar da olur qış da. Mənimsə qəlbimdə nisgil olduğu qədər, xoşbəxtlik də yuva salacaq. Elə isə əlvida yuxular şahzadəsi.

# 2426 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #