“Leylini aktrisa etmək üçün onunla evləndim”

“Leylini aktrisa etmək üçün onunla evləndim”
2 dekabr 2013
# 08:30

Qonaqlar:

Nofəl Vəliyev. Gənc Tamaşaçılar teatrının aktyoru. Sadiq və sabiq tamaşaçılar onu keçmiş Kamera teatrındakı “Hekayəti-xırs quldurbasan”, “Qedda Qabler”, “Otello”, “Kabuslar”, “Şeyx Sənan”, “Aydın”, “Albalı bağı”, “Bəyaz gecələr” kimi tamaşalarda əsas qəhrəmanları ilə tanıyırlar. Janr ampluası yoxdur. Faciə də, komediya da oynaya bilər.Təmkinli və analitik təfəkkürlü adam təsiri bağışlayır. Gənc Tamaşaçılar Teatrında Namaz (Hekayəti-xırs quldurbasan”) rolu xüsusən uğurludur, əgər tərəf müqabili Leyli Vəliyeva olarsa.

Leyli Vəliyeva: Gənc Tamaşaçılar teatrında əri Nofəllə birgə çalışır. Demək olar ki, eyni tamaşalarda oynayıblar. Çox zaman tərəf müqabili olublar. Janr olaraq amplualı aktrisa deyil. Hərçənd hər ikisi komik aktyor kimi daha açılmamış sayılır. Emosional və çılğın adam təsiri bağışlayır.

15 ildir ki, evlidirlər. Qönçə adlı bir qızları var.

- Necə bir ailədə doğulmusunuz?

Leyli: Zəngilanda sadə bir ailədə doğulmuşam, elə Nofəlgilin ailəsi kimi. Atam dülgər idi. Dindar adamdır. Böyük bacım Gəncə Dram Teatrının aktrisasıdır. Nə deyim, sadə bir ailə...

Nofəl: Mən deyim də, onların ailəsi çox özünəməxsus, sərt qanunları olan bir ailədir. Amma bir fikir sərbəstlikləri var. Leylinin atası oxumuş adam olmasa da, dünyagörüşlü bir adamdır. Həm də çox qürurludur. Onlar qaçqınlıq dönəmini yaşayanda, müşahidə etdim ki, vəziyyəti çətin də olsa, heç kimə əyilmədi. Nəinki əyilmədi, kimsənin sözünü də götürmədi. Sabah nə yeyəcəkləri bəlli olmayan vaxtlarda qürurlarını sındırmadılar. Yəni, onların ailəsində belə bir qanun olub: ac ol, kişi ol. Nəfsi tox adamlardır. Sevirəm belə adamları.

- Bəs sizin ailə, Nofəl bəy?

Nofəl: Göyçayda fizika-riyaziyyat müəlliminin ailəsində doğulmuşam. Anam da müəllimədir. Atam mütaliəni çox sevirdi. Evimizdə çoxlu kitablar vardı. Atam kəndli olsa da kənd işlərini qətiyyən sevmirdi. İşi-gücü kitab oxumaq idi. O kitaba maraq mənə keçmişdi. Evin kiçik oğlu idim. İstəyirdilər tibb təhsili alım, heç olmasa rejissor olum. Amma mən aktyorluğu istədim. Atam demokratik adamdır. Sərtliyi vardı, amma həlledici məqamlarda hüquq pozan adam deyildi.

- İlk tanışlığınız necə oldu?

Leyli: Bir kursda, paralel qruplarda oxuyurduq. Əvvəl xoşum gəlmirdi Nofəldən, sonra dostlaşdıq, daha sonra da bu dostluq sevgiyə çevrildi. Amma konkret bu nə zaman baş verdi, indi də bilmirəm. Gördüm ki, mənə diqqət yetirir. Yavaş-yavaş münasibətlərimiz sevgiyə keçdi.

Nofəl: Leyli bir az dəqiq demədi. Onun mühafizəkar ailəsi vardı, qardaşı aktrisa olmağa imkan vermədi, mən də istedadlıdır, batıb getməsin deyə...

Leyli: Vay-vay, mənə yazığı gəlib sən demə... (gülür)

Nofəl: Yaxşı, zarafat edirəm.

- Amma Leyli xanım, dediniz ki, böyük bacınız aktrisadır...

Leyli: Elə ona görə qoymurdular ki, sən də onun dalınca gedəcəksən.

- Deməli Nofəl bəy sizi himayəsinə alıb ki, sənətdən getməyəsiniz?

Leyli: Hə, yazıqlıqdan sevgiyə keçib sonra (gülür).

Nofəl: Zarafat bir yana. Mən teatrı çox sevirəm, bəlkə də bu, axmaqlıqdı, amma sevirəm. Amma yəqin hardasa bu da olub ki, istedadlı qızdı, uzaqlaşmasın bu sahədən.

Leyli: Yalan deyir. Sənəd verəndən gözü məni tutmuşdu, elə hey söz atırdı...

- İkinizin də adı “Leyli və Məcnun” əsərində var...

Leyli: Elə ilk növbədə adım cəlb etmişdi Nofəli...

Nofəl: Bilirsiniz, Məncə kişinin borcudur ki, qadının arxasında dayansın. Bunun üçün nə fiziki güc lazımdı, nə də çoxlu pul. Mənim heç vaxt çoxlu pulum olmayıb. Nə də gücümlə də öyünə bilmərəm. Sadəcə inanıram ki, Leyli Azərbaycanın istedadlı aktrisalarından biridir. Yəni, ümumiyyətlə Azərbaycanda aktrisa azdır. Ya icazə vermirlər aktrisa olmağa, teatrı oxuyanlardan çox azı bu sənətdə qalıb işləyir. Görürsən ki aktyorluq kursunda 20 qızdan 10-u istedadlıdır, onun da ikisi qalar bu işdə, ya qalmaz. Biri ailə qurur, birini valideyni qoymur, biri özü uzaqlaşır və s.

Biz Leyli ilə paralel qruplarda oxuyurduq. Biz ikinci kursda oxuyanda Kamera teatrı yaranmışdı, biz orada işləyirdik və bizim o teatrda cəmi bir aktrisamız var idi. Bizə daha bir neçə aktrisa lazım idi. Biz də paralel qruplardan qızları dəvət etdik. Leylini, Güləri (Gülər Nəbiyevanı nəzərdə tutur – A.D.). Teatrda birgə çoxlu tamaşalar oynadıq. Beşinci kursda oxuyanda nişanlandıq. Mən əsgərliyə getdim və üç il xidmətdə oldum. Daha sonra qayıtdım və evləndik.

- Hər ikinizin teatr kimi bir sahədə çalışmağınız nə kimi problemlər yaradır?

Leyli: Əlbəttə çətinlikləri var. Amma teatr maddi məsələlər ikinci plana keçirə bilir. Təmin olunmuş ailədə böyümüşəm. Ən azı geyim və qida baxımından. Bir dəfə bir qaraçı mənə dedi ki, heç vaxt zəngin olmayacaqsan. Düzü, mən heç vaxt birincilik, zənginlik dalınca olmamışam. Rahat olum, bir uyumum olsun, bəsdi. Tamaşaçının rəğbəti mənim üçün böyük şeydir, nəinki bahalı gözəl geyim, dəbdəbəli həyat. Zənginliyə meylli, şıqlıq həvəsində olan adamlardan da acığım gəlir. Hamımız bilirik ki, bunlar fani şeylərdir. Əgər mənim əlimə var-dövlət düşsə, xeyriyyəçiliklə məşğul olaram. Dünyada o qədər aclıq çəkən insanlar var...

Bəlkə bu sadəlik Cənnət xanımdan keçib. Bizə ata-anamızdan çox, Cənnət xanım təsir edir. Mən hətta bir çətin duruma düşəndə düşünürəm ki, Cənnət xanım bu vəziyyətdə nə edərdi?

Nofəl: Bu ilk növbədə valideynlərdən gəlir. Mənim atama rayonda vəzifə təklif etmişdilər, adam imtina etdi ki, mənə görə deyil. Bu, ailədən asılıdır. İmkanım çatan qədər çalışıram ki, ehtiyac çəkməyək.

Leyli: Ümumiyyətlə normal yaşayırıq, şükür allaha.

Nofəl: Çətinliklərimiz əlbəttə oldu. Amma bir-birimizi satmadıq. Ümumiyyətlə, mən satqınlığı sevmirəm. Mənə elə gəlir ki, məni sevməyənlər belə bu xüsusiyyətimə görə, mənə hörmət edir, etibar edirlər. Teatrda aktyorlarda bir xasiyyət olur: təzə gələn rejissora köhnə rejissoru pisləyirlər, onu tərifləyirlər. Yəqin rol almaq üçün edirlər, amma məncə rejissor əgər uyğun görməsə ona nə etsən də o sənə o rolu verməyəcək. Məncə, yaltaqlığın axırı yoxdur.

- Heç teatrdan getmək istəmisiniz?

Nofəl: Bir dəfə məndə olub. Çətinlik çəkirdk, kirayədə yaşayırdıq, teatrdan getmək istədim. İstəmirdim ki, qızım kirayələrdə böyüsün. Cənnət xanıma dedim ki, mən gedirəm teatrdan. Amma o səbəbləri öyrəndi və qoymadı. Ev problemini həll etməyə kömək etdi.

- Evliliyə necə qərar verdiniz?

Nofəl: Aktrisadan başqa kiminlə evlənə bilərdim ki? O adamla nədən danışardım? Ədəbiyyatdan və teatrdan başqa hər şey məni darıxdırır.

Leyli: Bir də din. Dini verilişləri sevir Nofəl.

- Dindarsız ki?

Nofəl: Hə, ikimiz də namaz qılırıq. Bu haqda danışmaq istəmirəm. İndi bunu çox reklam edirlər.

- “Qadın səhnədə” deyəndə, ilk növbədə qısqanclıq yada düşür...

Leyli (gülür): Hə, deyirlər ki, arvadın səhnədə kişilərlə qucaqlaşır...

Nofəl: Qınayanlara bunu deyirəm: Leyli elə bir ailədə böyüyüb ki, ona başqa niyyətlə yanaşmaq istəyənin gərək iki başı olsun.

- Heç evə iş gətirdiyiniz olurmu? Yəni, baxırsınız ki, Leyli evdə özünü Qedda Qabler kimi aparır.

Nofəl: Olur. Ona qışqırırıq ki, bəsdir. Yetər. O tamaşada hansısa problem olursa, bunu gəlib danışır, əsəbiləşir və s. Qızımla ona deyirik, tamam, sakitləş, sonra gələrsən. Amma bu obrazdan çıxa bilməmək deyil. Bilirsiniz, bu böyük mövzudur, aktyor şəxsiyyəti haqqında danışmalıyıq. Ştamp başqadır, şəxsiyyətini görükdürmək bir başqadır. Stanislavski səhnədə düşünə bilən aktyor yaratmağa çalışırdı, mexaniki marionetka deyil.

Bu aktyor şəxsiyyəti böyük mövzudu. Mən görməmişəm ki, həyatda şərəfsiz bir adam olan aktyor, səhnədə şərəfli bir insanı gözəl oynasın.

- Bir-biriniz tənqid edirsinizmi? Məsələn ştamplaşmaqda.

Leyli: Ştampsız aktyor yoxdur. Əlbəttə, tənqid edirik. saatlarla danışırıq, görəndə ki davaya doğru gedir, bir-birimiz tərifləyirik ki, bir-birimizdən əl çəkək... (gülür)

Nofəl: Bizim bir müəllimimiz var idi- İrina Perlova. Allah rəhmət eləsin! O, çox kaprizli rejissor idi. Həmişə narazı idi, ştamp məsələsini də həmişə gündəmdə saxlayırdı. İndi də daima bu haqda düşünürük. Ştamp olmamaq üçün aktyor obraza fərdi yanaşmalıdır.

- “Hekayəti-xırs-quldurbasan” tamaşasında Namaz və Zalxa sizin ən şah rolunuzdu məncə. Hətta gülməli də olsa, az qalıram deyim ki, siz ona görə rastlaşıb evlənmisiniz ki, bir-birinizi anidən duyasınız və səhnədə o ər-arvadı elə oynaya biləsiniz. Bu uğurun səbəbləri, tarixçəsi varmı?

Nofəl: Yəqin ona görə ki, Namaz da, Zalxa da mili xarakterlərdir, hansısa Ksanfı oynayıb anlamaqdan Namazı anlamaq, duymaq daha asandır. Namaz, Zalxa bizim əmimiz, dayımız, xalamız bibimizdir. Həyatdangəlmə obrazlardır, ona görə. Müşahidələrin böyük təsiri var.

Leyli: Konkret insanı yaxşı mənada yamsılamaq lazımdır. Elə edəsən ki, tamaşaçı desin: necə anam kimidi, necə bibim kimi edir ee.

Nofəl: Bəxtiyar Xanızadə bizə dərs deyirdi. Deyirdi ki, plastika hərəkət daxili bir dəyişikliyin, hadisənin istəyin zahiri təzahürüdür. Heç bir hərəkəti əsassız etmək olmaz.

- Olurmu ki, evdə bir-birinizi zarafatla obrazların adı ilə çağırasız?

Leyli: Bunu yazıçılar, jurnalistlər, dramaturqlar uydurur, guya biz evdə Dezdemonanın, Yaqonun sözləri ilə danışırıq! Xeyr! Elə olmur! Uydururlar, inanın...

- Bir-birinizi xarakterizə edə bilərsiniz? Sevdiyiniz və sevmədiyiniz cəhətlər...

Leyli: Bizim xarakterlərimiz fərqli olsa da, daxili aləmimiz bir-birinə çox oxşayır. Nofəlin güzəştə getməyi, özünü sözün yaxşı mənasında görməzliyə vurmağı xoşuma gəlir, onun kimi səbirli olmaq istəyirəm. Amma teatrdan başqa heç nədən yapışmaq istəməməsi, məişət işlərində nəyisə həll edə bilməməsi məni qıcıqlandırır. Amma sonra ona da haqq qazandırıram. “Axı o teatrdan başqa nə edə bilər?” deyirəm.

Nofəl (gülür): Mənim obrazlarımdan biri- Ksanf belə deyir: “Mən filosofam. Mənim həyatın işlərindən başım çıxmır”. Çox çalışıram ki, Leyli xanımın xoşuna gəlim. Amma mən də tərs adamam...

Düzü, deyə bilmərəm Leylinin pis cəhəti nədir. Onu olduğu kimi qəbul edirəm. Məncə, bir çox ailələrdə problem ona görə yaranır ki, bir-birini dəyişməyə çalışırlar. Tutalım, Leyli mən susduğum şeyə o dəqiqə cavab verərdi. Amma mən onu belə sevirəm. Onu niyə dəyişib özümə oxşatmalıyam ki? İkinci mən mənim nəyimə lazımdır?

- Qızınız haqqında danışın. Qönçə sizin işinizə necə yanaşır?

Nofəl: Qönçənin bu sahəyə marağı var, amma məncə, aktrisa olmaq istəyənin arxasında mütləq biri olmalıdır. Mən nə zamanadək onun yanında olacam? Əvvəl-axır onun öz həyatı olacaq. İstəyirəm xoşbəxt olsun.

Leyli: Teatr onun ətinə, qanına, ruhuna işləyib. Teatrı sevir və çox istedadlıdır. Mən çox istəyirəm, Qönçə aktrisa olsun, amma Nofəl istəmir.

Nofəl: İndi uşaq hüquqlarından çox danışırlar. Amma uşaqların vəzifələrindən də danışmalıdırlar. Axı, valideynlərin də uşaqlar üzərində müəyyən haqqı var. Qönçə ilə elə münasibətlərim var ki, o fikirlərini mənimlə bölüşür və mənim qərarıma hörmətlə yanaşır. Qönçə doqquzuncuda oxuyur və humanitar sahəyə meyllənib. O, yaxşı məktəbə gedir, yaxşı da oxuyur. Amma onun haqda karyera barədə düşünmürəm. İstəyirəm sakit, normal həyatı olsun. Aktrisa olmaq bizim cəmiyyətdə çox çətindir. Mən Leylinin yanındayam. Amma Qönçənin yanında həmişə olmayacağam. Biz bir zaman valideynlərimizə qarşı çıxırdıq, indi gəlib bu yerə çıxanda onlara haqq qazandırırıq.

- Ailədə kim hakimiyyətdədir?

Leyli: Ümumiyyətlə demokratik ailəyik. O qədər demokratik ki, qızımız “başımıza çıxır” (gülür). Amma baxmayaraq ki, yaşca mən Nofəldən böyüyəm, və kənardan çox hökmlü, emosional görünürəm, evin başçısı əlbəttə ki, Nofəldir.

Nofəl: Məncə, namusdan başqa hər şeyi güzəştə getmək olar. Nəyisə böyüdüb problem etmək lazım deyil.

- Leyli xanım, Nofələ hansı obrazı yaraşdırırsınız, kimi oynasın istərdiniz?

Leyli: Dostoyevskini çox sevirəm. İstəyirəm ki, Nofəl “İdiot”da knyaz Mışkini oynasın, mənsə Nastasiya Filippovnanı. Aqlayanı oynamaq üçün elə də gənc deyiləm.

-Nofəl bəy, bəs siz Leylini hansı rolda görmək istərdiniz?

Nofəl: Kamera teatrında işləyəndə rol barədə “harınladıq”. Çexov, Dostoyevski, Axundov, Steynbek, Bekket... bir çox müxtəlif müəlliflərin əsərlərində oynadıq. Yaşlandıqca “daha çox hansı obraza uyğun gələrəm” deyə düşünürəm.

Teatr Xadimləri İttifaqının rejissor emalatxanasında Dümanın “Oğul” və Molinarinin “Kameliyalı qadın” əsərlərini tamaşaya hazırlayıram. Orada Leyli üçün nəzərdə tutduğum rollar var...

# 6772 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #