news-inner
clock14:43 calendar-gray 06 Noyabr 2013 view-gray5102 dəfə oxunub
view-gray5102 dəfə oxunub

69 yaşında intihar edən Azərbaycan şairi - ARAŞDIRMA

Qocalıq nə yaman tez yıxdı məni,
Bəlkə də bir xain göz yıxdı məni.
Deyə bilmədiyim bir dünya söz var,
Bu yükün altında söz yıxdı məni.

Yuxarıdakı misraların müəllifi Hüseyn Kürdoğlu mübtəla olduğu xərçəng xəstəliyinin ağrılarına dözməyib özünü yaşadığı evin eyvanından atanda 69 yaşı var idi...

Çoxlarının indi xatırlamadığı istedadlı şair Hüseyn Kürdoğlu 1934-cü il iyunun 15-də Laçın rayonunun Əhmədli (Mollaməhmədi) kəndində kolxozçu ailəsində doğulub. Ailəsi yarımköçəri həyat sürdüyünə görə onun uşaqlığını qışda qışlaqda, yayda isə Laçınının əfsunkar yaylaqlarında keçirib. Ailəsinə kömək etmək məqsədi ilə kiçik yaşlarında çobanlıq da edib. Ailəsinin yaşadığı yarımköçəri həyat tərzi onun taleyindən yan ötməyib. Bəlkə də yayda yaylaqda, qışda qışlaqda yaşadıqları üçün, orta təhsilini Əhmədli kənd yeddiillik, Ağdam şəhər 1 saylı orta, Laçın şəhər orta və Qubadlı rayonu Xanlıq kənd məktəblərində alıb.

Uşaqlıqda təhsilə kifayət qədər diqqət ayıra bilməsə də, 1953-cü ildə ADU-nun filologiya fakültəsinə qəbul olunmağı bacarır. 1958-ci ildə universiteti bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində ədəbi dram şöbəsinin redaktoru kimi başlayır. Daha sonra, 1960-cı ildə isə Azərbaycan EA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində fəaliyyətini davam etdirir. 1966-cı ildə “Müasir kürd şairi A.Qoranın poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edir.

1968-ci ildən, 1993-cü ilə qədər Şərqşünaslıq İnstitutunun “İran ədəbiyyatı” şöbəsində böyük elmi işçi vəzifəsində çalışıb.

1993-cü ildən, ömrünün sonunadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda işləyib.

İlk şeirlərini orta məktəbin beşinci sinfində oxuyarkən qələmə alan Hüseyn Kürdoğlunun ilk şeirləri Laçın rayonunda çap olunan “Sovet Kürdüstanı” qəzetində çap edilib. 1950-ci ildə isə “Gözəldir” adlı bir qoşması “Azərbaycan gəncləri” qəzetində dərc olunduqdan sonra Hüseyn Kürdoğlu dövri mətbuatda müntəzəm çıxış etməyə başlayır. Azərbaycan ədəbiyyatında özünəməxsus şair kimi qəbul olunan, gözəl təbiət şeirlərinin müəllifi Hüseyn Kürdoğlu eyni zamanda tərcüməçi kimi də özünü sınayıb, Rəhim Qazinin “Peşmərçə” povestini kürd dilindən tərcümə edib.

“Hüseyn Kürdoğlu kimsəyə bənzəmirdi”

Tənqidçi Vaqif Yusifli Hüseyn Kürdoğluna həsr etdiyi məqalədə yazır: “Hüseyn Kürdoğlunun Laçınlı duyğuları poeziyada özünəməxsus LAÇIN obrazını yaradır. Bu obrazı zaman etibarilə üç məqamdan izləmək olar: Laçının azad və xoşbəxt günləri... Şair Laçına anam deyir, dizinə baş qoyur. Deyirdi ki:

“Coşum Dəli dağın boranı kimi,

Şeh səpim Qırxqızın dumanı kimi.

Məcnun bulağının mərcanı kimi,

Şeirimi yaxana düzüm, ay Laçın.”

İkincisi: Laçının işğalı... H.Kürdoğlunun “Yaralı torpağım, yaralı sevgim” kitabında Laçın həsrət simvoluna çevrilir. Yara hələ təzədi, qaysaq bağlamayıb. Şair inanır ki, Azərbaycan oğulları Laçını işğaldan azad edəcəklər. Odur ki, üzünü laçınlılara tutub deyir:

“Alay tutun, vaxtdır daha, laçınlılar,

Bir yol açın xoş sabaha, laçınlılar!”

Yaxud:

“Qoca Kürdoğlunu bir əsgər sayın,

Çağırır Qarabağ, çağırır Laçın...”

Üçüncü məqam: Laçın artıq xatirəyə dönür. O, şairin yuxularına girir. Kəlbəcərli, Laçınlı, Həkərili günlər, o bölgədə olan meşələr, dağlar, dərələr, çaylar, göllər də tez-tez yada düşür... Bu tipli şeirlər Laçın obrazının ayrı-ayrı dolğun cizgilərini təşkil edir.

Hüseyn Kürdoğlu müasir poeziyamızın aparıcı şəxslərindən biri idi. O, çox təvazökar insan idi. Heç vaxt “mənim şeirim”, “mənim poeziyam” ifadələri səslənməzdi dilində. Azərbaycan poeziyasının natur fəlsəfəsinin yaranmasında H.Kürdoğlunun da müstəsna rolu var.

... Mən Hüseyn Kürdoğlunun əlli illik yaradıcılıq yolunu izlədim və tam yəqinliklə əmin oldum ki, onun müasir poeziyamızda özünəməxsus yeri var. Heç də o fikirdə deyiləm ki, onun poeziyasına sağlığında obyektiv qiymət verməyiblər və dünyasını dəyişəndən sonra buna daha çox ehtiyac var. Həm də qətiyyən düşünmürəm ki, sağlığında onun şeirlərinin bədii məziyyətləri, poetik özəllikləri barədə söz deməyiblər. Axı, Hüseyn Kürdoğlu doğrudan da bir kimsəyə bənzəmirdi. Əsasən xalq şeiri üslubunda qələm çalan və sözün həqiqi mənasında müasir qoşmanın, gəraylının, bayatının özünü yaradan Hüseyn Kürdoğlu ədəbi tənqidin diqqət mərkəzində idi. Amma bunu da qeyd etməliyəm ki, klassik poeziyamız və aşıq şeiri ilə müasir poeziya arasında yaranan daimi təmas və körpülərin etibarlı sakinlərindən biri də Hüseyn Kürdoğlu olmuşdur.”

“...bu yara sağalan yaraya oxşamır...”

Hüseyn Kürdoğlu təkcə şeirləri ilə yox, həm də şəxsiyyəti ilə, dostluğu ilə yaddaşlarda özünəməxsus iz qoymağı bacarıb. Mərhum şairimiz Ağa Laçınlının “Yaddaşa yazılanlar” silsiləsindən Hüseyn Kürdoğluya həsr etdiyi çox maraqlı xatirə yazısını oxudum. Çağdaşlarımızın bir-birilərinə göstərdiyi münasibəti xatırladım... Yazıdakı xatirələr o qədər canlıdır ki, istər-istəməz oxucu özünü hadisələrin iştirakçısı kimi hiss edir. Xatirələr bir-birindən maraqlı, oxunaqlı olsa da, nədənsə Hüseyn Kürdoğlunun vasvasılığı, kiçik bir yaraya görə keçirdiyi narahatlıq, qandan qorxmağı diqqətimi çəkdi... İlahi, kiçicik bir yaradan qorxan insan, öz canına necə qıymışdı? Ağa Laçınlı yazır:

“...1971-ci ilin yayında da biz Qubadlı-Zəngilan tərəflərə Laçından yol götürmüş üzüaşağı Həkəri boyunca üçlükdə gəlmişdik: Hüseyn Kürdoğlu, Sabir Rüstəmxanlı, bir də mən.

...Laçından üzüarana getdikcə isti bizi tıncıxdırır, canımıza gicişmə salırdı. Sağ əldə axan Həkəri dalğa əlini azacıq yuxarı qaldırıb-yellədib çimişməyə çağırırdı bizi. Çimib-sərinləşib, sərələndik qaynarlığı özündən hündür qonşusunun kölgəsində azalan, çayın bir döngə daldasında yastılanan hamar qayaların üstünə. Toxtaqlıq sərinliyində kefimiz çırtıq çalırdı. Deyib-gülürdük. Birdən Hüseyn Kürdoğlu üzü avazımış halda dedi: “Bir buna baxın ey, çayın gurrahında çimib çabalarkən çarpanaqlı daş ayağımı çapıb-doğrayıb”. Hüseyn yarasını göstərəndə ah-ufu oraları götürdü. Öncə qorxuşduq. Baxanda gördük ki, qorxulu heç nə yoxdu, dostumuzun ayaq barmağının birində bapbalaca, nəppənəzik bir cızıq var. Ancaq suyun qanı çox yayıb çox göstərməsi onu xoflandırıb. Di gəl ki, Hüseyn ilan sancmasını da dilə gətirdi. Bir də göz qoyduq, heç bir ilan-çayan dişinin-mişinin izi yoxuydu orda. Bu qorxunun qorxusuz olduğundan arxayınlaşan mən o biri yoldaşlara (yolumuzu yüngülləşdirmək amacıyla Laçın məsullarından birini bizə qoşub qonaqlardan göz-qulaq olmağı ona tapşırmışdılar) him eləyib başladım iki əlimlə başıma döyməyə. Nəriltisi kefiköklükdən gələn olmazın bir şaxsey-vaxsey salıb dedim ki, yıxıldı evim, qaraldı ocağım, bu yara sağalan yaraya oxşamır heç. Bu “deyingənlik”, bu “başadöyməklik” vur-tut üç-dörd dəqiqə çəkdi. Gördüm yox ey, Hüseyn urva kimi ağarıb, özündə deyil. Onda açıldı gül ağzım, nə açıldı: vasvasılığına görə bəs deyincə qınayıb doğmalıq topuna tutdum onu. Beləcə qardaş kimi istədiyim istəklim yavaş-yavaş özünə gəldi. Gülümsündü.”

“Unikal adam idi...”

Gənc nəslin tanımadığı şair Hüseyn Kürdoğlunu gəncliyə onun yaxından tanıyan insanların onun haqqında yazdığı yazılardan seçdiyim fikirlərlə tanıtmağa çalışdım. Yazını tamamladığım ərəfədə Hüseyn Kürdoğlunun həmyerlisi Şərif Ağayarla söhbətləşdim. Şərif Hüseyn Kürdoğlu haqqında yazmaq istəyimi təəccüblə qarşıladı: “Hardan ağlına gəldi? Heca vəznində yazan ən istedadlı şairlərdən biri idi. Unikal adam idi, Hüseyn Kürdoğlu. Cinas rübailəri, təbiət şeirləri, təcnisləri çox əla idi. Zəlimxan Yaqub onun yaradıcılığını əzbər bilir, dost olublar. “Kürd” sözündən qorxulan vaxtlarda Kürdoğlu təxəllüsü götürmək böyük cəsarət tələb edirdi. Şəxsən mən bacarmazdım. Mən onun evində olmuşam, müsahibə almışam. Xərçəng idi. Ağrılara dözməyib özünü eyvandan atdı...

Həmkəndlim Aşıq Cabbar ən azı həftədə bir dəfə zəng edir, Hüseyn Kürdoğludan şeir deyir və ağlayır.”

Yazımı Hüseyn Kürdoğlunun yaxın dostu akademik Budaq Budaqovun şairə həsr etdiyi bir məqalənin son cümlələri ilə tamamlayıram. Bəlkə doğurdan da nə vaxtsa onun nigaran, narahat ruhu rahatlıq tapdı...

“...Sənin narahat ruhun, göydə uçaraq qonmağa bir yuva tapa bilməyən quş kimi bizimlədir. Sənin səmada cövlan edən ruhun vaxt gələcək ki, Laçın elinə enəcək, qoruya bilmədiyin atanın məzarı üzərinə qonacaq. Deyirlər tarix təzələnir, deyirlər insan yenidən köçdüyü yerə qayıdır. Allah aman versə sənin ruhun bir də bu dünyaya qayıdacaq və vətənin mamırlı daşını yumşaq yastıq hesab edib, ora baş qoyacaq, oradan göy qübbəsinə, onun ulduzlu, aylı səmasına tamaşa edəcək. Mən sənin narahat ruhuna səbir diləyirəm.”

Oxşar xəbərlər

Xəbər lenti

Türklər Nəsimi və Füzulinin həyatından film çəkir
18:12 06 Avqust 2020
Bizimki kimi özgələrin kefinə əsir olan heç bir dil yoxdur - Çağdaş türkcəmizə görə borclu olduğumuz esse
17:08 06 Avqust 2020
Qremmi mükafatçısı həbs olundu
16:41 06 Avqust 2020
Azərbaycanlı gənclərin Gürcüstanda yaratdığı teatrın açılışı oldu
15:57 06 Avqust 2020
Həsrətin gizli öpüşlərində güzgüləndi - Şeir
15:02 06 Avqust 2020
Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020