Mavi Jasmin

Mavi Jasmin
31 oktyabr 2013
# 11:01

O həm yazır, həm çəkir, həm də çalır. Onu ilk cümləsindən, ilk kadrından, ilk akkordundan tanımaq olur. Yaradıcılığı geniş auditoriya üçün deyil. İntellektualdır, amma eyni zamanda lağlağı və qulpqoyan, süpürgəbağlayan və itoynadandır. Hər şeyi möhtəşəmdir – yumoru, klassik musiqi bilgisi, klarnetdə çaldığı caz improvizasiyaları, yarım əsrə yaxındır çəkdiyi onlarla filmi, hekayə və ssenariləri. “Mənə gözlüklərimə görə intellektual, filmlərim gəlir gətirmədiyinə görə də sənətkar deyirlər. Heç biri də doğru deyil” – bir dahi olduğu halda belə deyir özü haqda Vudi Allen…

48 ildir film çəkir, ssenari yazır, Oskar və Qızıl Qlobus mükafatları var, sinema tarixinə intellektual komediya janrının yaradıcısı kimi düşüb. Filmlərinin mövzusu əsasən psixoanaliz, seks, yəhudilikdir. Sadalayanda bəlkə kasad kimi görünür mövzular, amma V. Allen işin içinə eşq-məşq münasibətlərini, yalan və xəyanətləri, lüksə və zənginliyə can atanları, orta təbəqəni və onun bir üst sinfə keçmə yolundakı deqradasiyalarını qatınca ortaya böyük sənət çıxır.

Çoxları kimi mən də onu filmləri ilə tanımışdım. Amma vaxtilə böyük qızımda gördüyüm “Vaxtında yazmağı buraxmış balaca gözlüklü şəhərli nevrotik yəhudinin qeydləri” kitabı ilə onu yazar kimi də kəşf etdim. “Tanrının zarafatları” kitabından sonra isə Alleni izləməyə başladım.

Hekayələrində nə desəniz var – satira, parodiya, ironiya, sarkazm və qrotesk. Onun tikanlı fikirlərinin, sataşmalarının, həyat və insanlarla alay etməsinin yanında bəzən yüngül atmacalara da rast gəlinir. Amma burada da fərqlidir, absurddur çünki nəsri. Elə buna görə də çətin oxunur bir az, alışqanlıq istəyir. Alışınca da mübtəlası olursan. “Film çəkə bilməsəm, kədərlənmərəm, amma yazı masam olmasa, bir həftə belə yaşaya bilmərəm” – ən sevdiyi şeyin yazmaq olduğunu belə dilə gətirir Ustad.

Allenin yaradıcılığında doğulduğu Nyu-York, Bruklin səmti önəmli yer tutur. 4 Oskar almış “Enni Holl”, “Manhetten” və bir çox başqa filmlərində bu şəhərə olan sevgisi aşıb-daşır.

2005-ci ildə gözlənilmədən Nyu-Yorku tərk etdi. Onun bu “xəyanəti” uzun sürdü. “Match Point”, “Vicky Cristina Barselona”, “Parisdə gecəyarısı” və “Romadan sevgilərlə” adlı 4 film çəkdi Avropada. Hər filminin içinə də 4 şəhəri “yerləşdirdi”. London, Barselona, Paris və Romanı zatən sevməmək mümkün deyil. Vudi Allen var olan bütün kanonları yıxaraq burada da ilklərə imzasını atdı. Amma yaşlanırdı “gözlüklü dahi”, evə dönməli idi. “Mən ölməkdən deyil, sadəcə, o anda orada olmaqdan qorxuram” – belə ifadə edir ölüm qorxusunu Ustad.

Keçən il Avropa turnesini bitirdi. Özünün şah əsərini çəkmək üçün aid olduğu yerə geri döndü. “Mavi Jasmin” filmi bir qadının hekayəsidir. Maliyyə fırıldaqçısı əri həbs olunur və həbsdə intihar edir. Qadın hər şeyini itirir – evlərini, varidatını, kübar cəmiyyəti, Nyu-Yorkun gözqamaşdıran dəbdəbəli həyatını. Müflisləşir, gedəcəyi tək ünvan San-Fransiskodakı ögey bacısıdır. Yenidən həyata dönmək, təzə bir başlanğıc üçün Vudi Allen hekayəyə yeni intriqa qatır. Jasmin bacısına sığınır…

Film Tenessi Uilyamsın “Arzu tramvayı” pyesinin ekranlaşdırılmasıdır. Blanş Dyubuanı (filmdə Jasmin) dünya sinemasının Divası Keyt Blanşet oynayır. Tənqidçilər builki ən yaxşı qadın oyunçu Oskarını Blanşetin alacağına əmindirlər. “İntellekt yeni seksuallıqdır”, – deyir böyük Ustad.

V.Allen qıymır bənzərsiz Divaya, onu trankvilizator və vodka-martiniyə “otuzdurur”, Blanşet gözəllikdəki bir qadını min bir şəklə salır. Rejissor qədər Blanşetin triumfudur bu rol. Sinema tarixində bədbəxt qadın obrazından bol heç nə yoxdur. Amma Divanın Jasmini fərqlidir. Aşırtdığı hər qədəhlə, içdiyi hər “ksanaks”la Jasmini ayıblayırsınız, Blanşeti isə deyil. Bir qadının Benefisidir bu film.

Vizual olaraq günəşi, San-Fransisko və Nyu-Yorkun panoramaları ilə rəngarəng bir filmdir, müxtəlif fləşbeklər Jasminin itirdiyi “cənnəti” çox canlı təsvir edir. Amma film “Qəmgin komediya” janrındadır. Zarafatdırmı, “American Dream” artıq “Ksanakslı Amerikan röyası” olur. Allen bütün filmlərində olduğu kimi bu filmdə də heç kimin və heç nəyin mükəmməl olmadığını göstərir. Bəlkə də rejissor ən çox amerikan röyasının artıq antidepressansız, fırıdaqlarsız olmayacağını söyləmək istəyir? “İnsan başdan və bədəndən ibarətdir, amma bədənin əyləncəsi daha çoxdur”,- deyir Böyük Usta. Lakin yazdıqları, çəkdikləri hər şey insan beyninin ən dərinlərinə işləyərək düşündürür, güldürür və həyatın ciddiyə alınmayacaq qədər bəsit olduğunu deyir.

“Blue Jasmin”i vizyona girdiyi gün seyr etdim. Bizimkilərlə İstanbulun hər tərəfində qarşılaşa bilərsiniz. Sinemada isə nadirən. Arxamda ər-arvad həmyerlilərim oturmuşdular. Film ingiliscə, amma türkcə subtitrli idi. Qadın da dialoqları oxumağı çatdırmır, yoldaşına “Nə dedi”, “Bəs o biri nə bağırdı”,- deyə bezdirir, onun sinema kefini pozurdu. Ekranda Jasminin fırıldaqçı ərini görüncə onun kim olduğunu soruşdu. Cavab qısa oldu – “Aferistin yekəsi”…(ayna.az)

# 4003 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #