Bu gün italyan şair və tənqidçi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Salvatore Kvazimodonun doğum günüdür.
Kulis.az onun şeirlərini Əyyub Qiyasın tərcüməsində təqdim edir.
NARINGİ BAĞÇASINDA DOLAŞAR OXUYUR
Bəlkə həyat dediyin, elə buymuş, elə bu:
yenə də ətrafımda məlakələr oynayır,
yenə başlar səcdəyə enir hər çağırışda,
kilsənin ətrafında insan seli qaynayır.
Lal, sakit gecələrdə, yaşıl kölgələr susur,
qaranlıqlar baş vurur, yaşıllıqlara sarı, -
Aylı gecə qoynunda nazlanır bu gözəllik,
mürgülü xatirələr oyadır xəyalları.
Oyanın! Baxın ora, hardasa bir lal quyu-
ilk qabarma vaxtını gözləyir onun suyu.
Zaman gəlib yetişir:
sizin o yarıçürük xəyallar da naz satır.
Cənub küləyi əsir - narıncı rənglər coşur,
Ay işığı altında donun soyunub yatır.
Məlakələr, atlanın, tez çapın gəlin gedək,
buludlardan nəm alaq, səpələnək səmaya,
dəniz, durma, tez şığı, ağacların üstündən
qov bozarmış dumanı, işıq çilə dünyaya.
Vağlar geniş səmada qanadın çırpıb uçur,
astaca bataqlığa yaxınlaşır quş seli,
naringi bağçasında dolaşar oxuyur;
üfüqlərdən boylanır bu səhərin sahili.
O ƏZABDAN XƏBƏRSİZƏM
Minlərlə karıxmış rişələr orda
dolaşıb, oynayır soxulcan kimi
ürəyim torpaq tək cadar-cadardı,
qanım da qaynayır lap ümman kimi.
Əzablar yenə də çökür sinəmə, -
elə əzablar ki, ölümdən betər,
mənim dərdlə dolu bu ürəyimə
ancaq qayaların sükutu yetər.
HEÇ KƏS
Yəqin mən səninçün fərsiz övladam,
ölülər kabus tək qorxudur məni,
ölüm xilas yolu olsa da, ancaq
ölümə güvənim qalmayıb neynim,
məni bu dünyanın əzablarından,
ağacdan, övladdan, həşəratlardan,
ruhumda dolaşan qəmdən, kədərdən
canımı qurtarmaq çətin olacaq.
Çünki mən yolumu beləcə azdım,
yollarım nə vaxtdır zülmət içində,
amma bu dünyada heç kəs, heç zaman
mənim gözlərimi yaşlı görmədi,
səcdənə gələndə böyük Yaradan!
YUXUDA SƏRİN ÇAYLAR
Bəxtəvər limanların yanına sığınmısan,
indiki gecələr də - sənə həmdəmdir daha,
zaman da məzarından çıxıb sənə qovuşub,
sanki bu məhəbbətdən sevinc batıb günaha,
bir acı həqiqət var - dənizə qərq olmamaq.
Ayaq izi dəyməyən cığırlar da dəyişib,
yuxuda sərin çaylar… bir də dumandan duvaq.
Mənsə fərsiz oğul tək dayanmışam yanında,
dörd tərəfim sakitlik: Adımı çığırır, bax,
ölülər məzarında.
Sanki mənim ürəyim qaranlıq bir dörd divar,
di gəl ki, ürəyimdə ölümün də yeri var.