news-inner
clock09:00 calendar-gray 24 Sentyabr 2013 view-gray6829 dəfə oxunub
view-gray6829 dəfə oxunub

12 il qabaq intihar etmiş Azərbaycan yazıçısı ARAŞDIRMA

Bayram idi. Ölkədə milli müstəqillik günü qeyd olunurdu. Dirəklərdən asılmış üç rəngli, ay-ulduzlu bayraqların sayı-hesabı yoxdu. Gənclərdən bəziləri ən müqəddəs oğurluq-bayraqlardan heç olmasa birini necə əkişdirmək haqqında düşünürdülər. Bir azdan hərbi-vətənpərvərlik mahnıları ilə bol konsert başlayacaqdı.

Və şəhərin mərkəzində güllə səsləri eşidildi. Şəhərdəki ümumi ovqat pozulmadı, ammamüəyyən səs-küy yaratdı.

Yazıçı, jurnalist, partiya sədri intihar etmişdi.

Azərbaycan oxucusu onu həbsxana romanlarıyla tanıyırdı.

Ağır həbsxanalardan keçən yazıçıya bu gün dünya dar gəlmişdi.

“Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopediyası”nın 536-cı səhifəsindən oxuyuruq:

“İsayev Qənimət Əlisa oğlu (Qənimət Əlisaoğlu) - publisist, 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

1950-ci il noyabrın 15-də Azərbaycanda Kürdəmir rayonunun Axta kəndində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun mexanika fakültəsinin axşam şöbəsində təhsilini davam etdirmişdir.

Əmək fəaliyyətinə Bakı Avtomobil Hissələri Zavodunda fəhlə kimi başlamışdır (1968-1969). Sonra tədris kombinatında baş usta, metalbazada rəis əvəzi, texniki idman məktəbində rəis işləmişdir (1969-1984), ali məktəbi bitirdikdən sonra institutda baş elmi işçi (1984-1990), “Həqiqət” qəzetində baş redaktor, “Körpü” qəzetində baş redaktor (1991-1994) vəzifələrində çalışmışdır.

Bakı şəhər sovetinə deputat seçilmişdir (1990-1995). Bakı şəhər sovetində elm, xalq təhsili, dil və mədəniyyət daimi deputat komissiyasının sədr müavini, toponomiya komissiyasının üzvü seçilmişdir (1990-1995). “Lənət qapısı” (1993) və “Bayıldan başlanan yol” (1998) kitablarının müəllifidir”.

Maraqlıdır ki, ensiklopediya da onun ölüm tarixi haqqında hər hansı bir məlumat yoxdur. Bu kitab 2011-ci ildə, 2004-cü il nəşrinin təkrarı kimi işıq üzü görüb.

Halbuki Qənimət Əlisaoğlu 2001-ci ilin 18 oktyabrında özünü güllələyib.

Qənimət Əlisaoğlu həm də Bakının keçmiş prokuroru Məmməd Quliyevin dəstəyi ilə yaradılmış Radikallar Partiyasının Təşkilat Komitəsinin sədri idi.

Onun intihar səbəbləri haqqında yazacağıq. Buna qədər isə Qənimət Əlisaoğlunu dostlarının köməyi ilə tanımağa çalışaq.

Murad Köhnəqala: “Yaxın dostum idi, məni onunla Vaqif Nəsib tanış eləmişdi. Vaqif Nəsiblə çox yaxın dostluqları vardı. Çox ciddi və mənalı adam idi. Söz verdiyi işi mütləq yerinə yetirirdi. Oğru aləmində avtoritet sayılırdı. Hərdən Moskvaya gedirdi. Özünün dediyinə görə onu orada hava limanında qarşılayırdılar. Üç kitabı vardı, üçünü də türmədən yazılmışdı. "Lənət qapısı", "Bayıldan başlanan yol", bir də "Qırmızı türmə". Hər üç kitab dustaqlıq həyatından bəhs edirdi. Çox maraqlı yazırdı. Həddən artıq mütaliəli adam idi.

Uzun müddət dostluq eləsək də mənə "Siz" deyə müraciət eləyirdi. Xeyirxah idi. Bilirdi ki, mənim maddi durumum yaxşı deyil, əlinə pul düşən kimi zəng eləyib mənə pul verirdi. Bir dəfə körpə oğlum xəstələnmişdi. Gəlib öz maşını ilə bizi xəstəxanaya apardı, həkimə pul verdi, resepti götürüb dərmanların hamısını aldı, sonra da hər ehtimala qarşı mənə yenə pul verdi.

Həmişə mənə ürək-dirək verirdi, deyirdi ki, mənim maddi durumumun düzəlməyinə çox az qalıb, onda səninki də düzələcək, darıxma.

İçki içməzdi, ancaq bizə qonaqlıq verəndə araq da sifariş verirdi, özü də ən bahalısından. Vaqif Nəsiblə mənə çox qonaqlıqlar verib. Həmişə də bizi səliqəli restoranlara aparardı. Ancaq Vaqif müəllimin çox içməyindən narazılıq eləyərdi. Mənə də deyirdi, bacarsan içkini at...

Ovçular birliyinin üzvü olduğuna görə ov tüfəngi vardı, hərdən gedib silahı mövsümə uyğun dəyişirdi. Ölümü isə çox müəmmalı oldu. Dedilər, guya özünü güllələyib, ancaq mən inanmıram, o intihar eləməzdi...”

Vaqif Nəsib: “İmkanlı adam idi, tanıdığı şair və yazıçılara hər zaman əl tutmağa çalışırdı. Xırdalanda özünün istirahət mərkəzi vardı, bizi tez-tez ona aparırdı.

Bir dəfə mənə dedi ki, içkini atsan, sənə nəşriyyat hədiyyə edəcəm. Mən də dedim ki, insafın olsun, sən içki məsələsində peyğəmbərdən də sərt mövqe göstərdin. Buna görə məndən incidi, çay içirdik, çaynikin altına beş “şirvan” “çaypulu” qoyub getdi.

Türmədə yatmışdı, orada yaxşı ad-san qazanmışdı, avtoritetlərlə münasibətləri vardı, tez-tez Moskvaya gedib-gəlirdi.

O dəhşətli hadisədən sonra məni də istintaqa çağırmışdılar. Mən dedim ki, onun intihar etməsinə inanmıram, burada qəsd var. Dedilər ki, yaxşı, ağsaqqal, get. Bundan sonra məni bir daha istintaqa çağırmadılar”.

Xanəmir: “Onunla tanışlığımız həftəlik “Faktor” qəzetini buraxdığımız vaxtlara təsadüf edir. Şah İsmayıl haqqında yazı gətirmişdi, bu məqaləni hara aparmışdısa çap etməmişdilər. Xətainin şeirlərindən seçmələr verərək onun uşaqbaz olduğunu sübut etməyə cəhd göstərmişdi. Fərqli idi, ona görə çap etdim bu yazını. Böyük hay-küy yarandı. Hacı Əbdül bizim redaksiyaya gəlmişdi. Bəxtimdən onunla koridorda qarşılaşdıq, mənə dedi ki, Xanəmiri axtarıram, məhv edəcəm onu. Mən də redaksiyanın yerini göstərdim və dedim ki, ordadır. Özüm isə aşağı düşüb aradan çıxdım. Başqa reaksiyalar da oldu, buna görə qəzetin çapını bir həftə təxirə salmalı olduq. Qənimət özü də məəttəl qalmışdı ki, mən bu yazını necə vermişəm.

Qənimət çox yaxşı insan idi. Kasıb-kusuba əl tuturdu həmişə. Hətta tanımadığı insanlar belə onun qapısını döyürdü və Qənimət onları əliboş geri qaytarmırdı. Yazıçılara, şairlərə həmişə həm maddi, həm də mənəvi baxımdan dayaq dururdu.

Namaz qılırdı, ancaq qatı dindar deyildi, bəzən din haqqında da tənqidi yazılar yazırdı.

Gerçəkləşdirmək istədiyi bir maraqlı layihələr vardı. Yazıçıların Şüvəlandakı Yaradıcılıq Evini özəlləşdirmək istəyirdi. Buna görə başı çox ağrıdı. Hətta bir dəfə ona Şüvəlanda sui-qəsd də olmuşdu.

Mən onun intihar etməyinə inanmıram. Məncə o, Xətai haqqında yazdıqlarının güdazına getdi”.

Əlisəmid Kür: “Qənimət ədəbiyyata qəfildən gəldi. Türmədə yatmışdı, avtoritet idi. Mənimlə tanış olmağa özü cəhd göstərmişdi. Ölümünə bir il, altı ay qalmışa qədər onunla mütəmadi görüşürdük. Ürəyiaçıq, cibi dolu insan idi. Yazıçıların qayğısına qalırdı. Hər zaman dəstək olurdu onlara. Türmə həyatının “mətbəx”ini verə bilən nadir yazıçılardandır. Qənimət istisna olmaqla türmədə yatmış yazıçılarımız o “mətbəx”i işıqlandıra bilməyiblər.

Müəmmalı, qəribə, sözübütöv adam üçün yanmaq istəyən, nurlu, bir sözlə möhtəşəm insan idi. Qalmaqallı işlərə meyli vardı.

Ölümü də müəmmalı oldu, guya özünü tüfənglə vurub, amma mən buna inanmıram. Mən onun ölüm xəbərini türmədə eşitdim. İnanmaq istərdim. Türmədən çıxandan sonra görüşmək istədiyim on beş-iyirmi insandan biri də o idi”.

İndi isə “Azadlıq” qəzetinin 20 oktyabr 2001-ci ildəki “Radikallar Partiyasının sədri özünü güllələdi” manşet yazısına diqqət yetirək.

Qəzet yazır: “Lənət qapısı” əsərinin müəllifi Qənimət Əlisaoğlu srağagün özü-özünü güllələyib. Qeyd edək ki, bu əsər onun “Bayıldan başlanan yol” romanının davamıdır. O, ümumilikdə yeddi əsərin müəllifidir. Bu günlərdə onun son kitabı olan “Şah İsmayıl Xətai”nin siqnal nüsxəsi çap olunub. Qənimət Əlisaoğlu və qardaşı vaxtilə ayrı-ayrı illərdə dələduzluqda ittiham olunaraq həbsxanaya düşmüşdülər.

Qənimət Əlisaoğlu eyni zamanda bu ilin martında yaradılmış Radikallar Partiyası təşkilat komitəsinə sədrlik edirdi. Bu ilin noyabrında partiyanın təsis qurultayının keçirilməsi planlaşdırılıbmış. Xatırlayırsınızsa, bir müddət əvvəl o, “Space” telekanalında efirə getmiş “Bu bizik” tok-şousunda “maraqlı” açıqlama vemişdi-guya Şah İsmayıl Xətai milliyyətcə kürd olub.

Onun ölüm xəbəri srağagün təxminən 17:30-da hüquq-mühafizə orqanlarına çatıb. Ancaq hadisənin konkret nə vaxt baş verdiyi məlum deyil. Qeyd edək ki, yazıçı özünü rəhbərlik etdiyi partiyanın Nizami küçəsi 78-də yerləşən qərargahında öldürüb. Hələlik Səbayel Rayon Polis İdarəsinin 39-cu polis bölməsində ilkin araşdırma aparılır. Hadisə yerindəki vəziyyətin görüntüsü belə qənaətə gəlməyə əsas verib ki, Qənimət Əlisaoğlu intihar edib. O, özünü ov tüfəngi ilə öldürüb. Ortada hələlik ekspertizanın rəyi yoxdur. Ona görə də atəşin hansı istiqamətdən və məsafədən açıldığı bəlli deyil.

Bütün bunlara baxmayaraq onun qətlə yetirilməsi versiyası istisna olunmur və hüquq-mühafizə orqanları bu istiqamətdə araşdırma aparmaqdadırlar. Maraqlıdır ki, bu arada hüquq-mühafizə orqanları araşdırmaların gedişi ilə bağlı Qənimət Əlisaoğlunun yazdıqlarını nəzərdən keçirməkdədirlər. Eyni zamanda onun siyasi, yəni partiya sədri kimi fəaliyyəti ilə də maraqlanırlar. Bunu Daxili İşlər Nazirliyindəki (DİN) mənbənin dedikləri də təsdiq edir: “Dərhal Ədliyyə Nazirliyi ilə əlaqə saxlanılıb. Nazirlikdən bildiriblər ki, Radikallar Partiyası dövlət qeydiyyatından keçməyib”.

Maraqlı versiyalardan biri də Qənimət Əlisaoğlunun kriminal aləmlə bağlılığıdır. Eyni zamanda onun bizneslə məşğul olduğu barədə deyilənləri də diqqətdən qaçırmaq olmaz.

Hüquq-mühafizə orqanlarındakı mənbə intiharın səbəblərinin hələlik qaranlıq olduğunu deyir. Çətinlik yaradan məqamlardan biri hadisənin şahidlərinin olmamağıdır. Qeyd edək ki, ofisin qapısı açıq vəziyyətdə qalıb. Faktla bağlı ofisin qonşuluğundakı sakinlərdən bəziləri dindirilib”.

Qənimət Əlisaoğlunun oğulları mətbuata verdikləri açıqlamalarda atalarının çoxlu borcu olduqlarını söyləyib və buna görə intihar edə biləcəyini deyiblər.

Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, Qənimət Əlisaoğlunun doğrudan da bir neçə nəfərə külli miqdarda borcu varmış. O, hətta bir nəfərdən 20 min dollar pul alaraq onlara ev alacağına söz verib, ancaq vədinə əməl etməyib. Qənimət Əlisaoğlunun borcları onun vəfatından sonra oğulları tərəfindən hissə-hissə ödənilib.

Maraqlı məqamlardan biri budur ki, Qənimət Əlisaoğlu oğlunun toyundan ay yarım sonra intihar edib.

Faktla bağlı vaxtilə Səbayel rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq hadisənin intihar olmağı qənaətinə gəlib və işi bağlayıb.

Bayıldan başlanıb Qırmızı türməyə gedən bu lənətli həyatın intihar sonluğu da hardasa qanunauyğundur...

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020
Kinematoqrafiya şöbəsinə yeni müdir təyin olundu
13:53 12 Avqust 2020
Manaf Ağayevin döydüyü model sevgili – “Ay canı yanmış” rəzaləti
13:49 12 Avqust 2020
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
13:12 12 Avqust 2020
Özündən 45 yaş kiçik şagirdini hamilə qoyan müəllim
12:53 12 Avqust 2020
Azərbaycanlı yazarın kitabı Türkiyədə nəşr olundu
12:09 12 Avqust 2020
Mədəniyyət Nazirliyinin mətbuat katibi işindən ayrıldığını açıqladı
11:23 12 Avqust 2020
Əfsanəvi müğənninin gitarası rekord qiymətə satıldı
11:10 12 Avqust 2020
Namazı ana dilimizdə qılsaq, daha səmimi olarıq
10:31 12 Avqust 2020
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir
09:57 12 Avqust 2020
Yollar bağışlamır gecikənləri - Könül Arifin şeirləri
09:00 12 Avqust 2020
Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020