"Müsəlmanlar arasında on min nəfərdən biri..." - Axundzadə akademik Dorna məktubunda nədən şikayətlənirdi?

"Müsəlmanlar arasında on min nəfərdən biri..." - Axundzadə akademik Dorna məktubunda nədən şikayətlənirdi?
10 mart 2026
# 14:15

Bu gün dramaturq, maarifçi, şair, materialist filosof və ictimai xadim Mirzə Fətəli Axundzadənin anım günüdür.

Kulis.az onun "Akademik Dorna məktub"unu təqdim edir.

Cənab Boris Andreyeviç!

Müsəlman əlifbasının natamamlığı şərqşünasların çoxuna məlumdur; müsəlman yazısını öyrənmək, demək olar ki, Çin heroqlifi kimi, zehnə deyil, yaddaşa möhtacdır. Əvvəla, sözlərdə tamamlanmış səslərin əmələ gəlməsi üçün lazım olan hərflərin bir neçəsi əlifbada yoxdur.

İkincisi, saitlərin böyük hissəsi onların yardımı ilə tələffüz olunmalı samitlərin yanında yazılmır, bunu oxucu özü nəzərə almalıdır. Bu da oxucu üçün o vaxt müyəssər olacaq ki, yazılmayan saitləri oxumağa qədər kamilləşə bilsin. Bununla da illər keçir, qiymətli vaxt boş yerə hədərə gedir.

Üçüncüsü, hərflərin çoxunun yazılış şəkli eynidir və yalnız -nöqtələrlə fərqlənirlər. Bu nöqtələr də çox vaxt katiblər tərəfindən yazılmır, onları ayırd etmək oxucunun öz öhdəsinə buraxılır.

Yazının belə vəziyyəti onunla nəticələnir ki, müsəlman əhalisi arasında on min nəfərdən bir nəfər savadlı ancaq tapılır. Bu, onların savadlanmaq istəmədiklərindən deyil, həmin işin çətin başa gəlməsindən irəli gəlir. Qadınlar isə büsbütün savadsız qalırlar. Avropalılara gəldikdə, izah etdiyimiz çətinliklər üzündən onlar müsəlman dillərinin yazısını öyrənməkdə asiyalılardan daha çox əziyyət çəkirlər.

Sivilizasiyanın indiki sürətli nailiyyətləri dövründə yazının belə qeyri-təbiiliyi mədəni dünyanın Şərq ədəbiyyatına sarı gedən yolunu həmişəlik bağlaya bilməzdi, onun əlifbasında mütləq dəyişiklik əmələ gəlməli idi. Ancaq mən bu sadalanan çatışmazlıqlara hamıdan qabaq diqqət yetirdim və müsəlman əlifbasını dəyişmək qərarına gəldim: bütün nöqtələri atdım, yazılmayan saitləri əlifbaya daxil etdim, onlar üçün münasib fiqurlar ixtira etdim, əlifbanı çatışmayan hərflərlə təkmilləşdirdim.

Hər hərf üçün xüsusi, nöqtəsiz fiqur tapdım, bir sıra lazımi durğu işarələri, düzgün yazmaq qaydaları və ən asan əlifba tədrisi metodikası təsis etdim. Xaraktercə köhnədən fərqlənməyən bu əlifba ərəb, fars, tatar (Azərbaycan –red.) dillərinin öyrənilməsi məqsədinə tam xidmət edə bilər. Həmin layihənin kitabını mən baxılmaq üçün artıq İran və türk
saraylarına göndərmişəm. İndi isə bu layihəni sizin maarifpərvər diqqətinizə çatdırıram.

Əgər mənim fikirlərim sizin təsdiqinizə layiq görülsə, xahiş edirəm onları müzakirə üçün elm sahəsində hər cür xeyirxah niyyətləri maarifpərvərcəsinə himayə edən imperator Elmlər Akademiyasına təqdim edəsiniz.

Ümidvaram ki, ictimai fayda üçün Akademiya bu məsələyə diqqət yetirəcək və layihə barədə öz rəyini və qərarını bildirməklə məni şərəfləndirəcəkdir.

Mənə elə gəlir ki, bəşəriyyət üçün faydalı olan bu iş müsəlman xurafatı mülahizələri ilə rədd edilməyəcəkdir. Ona görə ki, hicrətdən 300 il sonra müqəddəs kitabların yazıldığı kufi adlanan islam əlifbasının dəyişilməsinə yol verilmişdir.

Dərin hörmət və hüdudsuz sədaqətlə,
Kapitan Mirzə Fətəli Axundzadə. Qafqaz Canişini nəzdində Şərq dilləri dəftərxanasının mütərcimi.

Tiflis şəhəri, 12 mart 1859-cu il

# 1290 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər